Dünyanın bu günü - 11.10.2020

SƏLVƏR ASLANOV 

(1930-2001)

 

Azərbaycanın Milli Elmlər Akademiya­sı­nın müxbir üzvü, əməkdar elm xadimi, professor Səlvər Rza oğlu Asla­nov 11 oktyabr 1930-cu ildə Bakıda anadan olub. 1954-cü ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Müxtəlif illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitu­tunun rektoru, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun professoru, kafedra müdiri və rektoru vəzifələrində çalışıb. AMEA-nın Milli Müna­si­bət­lər İnstitutunun baş elmi işçisi, Azərbaycan Dövlət Pe­da­qo­ji İnstitutunda və Azərbaycan Dövlət Universite­tində tarix üzrə İxtisaslaşmış Müdafiə şuralarının sədri olub. Azərbaycanda sənayenin inkişa­fı­na həsr olunmuş çox­saylı və sanballı elmi təd­qiqat işləri nəşr olun­ub. 1963-1967-ci illərdə Azərbay­can SSR Ali Sovetinin, 1991-1995-ci illər­də Milli Məclisin deputatı olub. Yusif Məmmədəliyev adına mükafat, eləcə də bir sıra orden və medallarla təltif olunan Səlvər Asla­nov 2001-ci ilin avqustun 3-də Bakı şəhərində vəfat edib. 

 

 

SƏMƏD ABDULLAYEV

(1961-1993)

 

Şəhid Səməd Kamal oğlu Abdullayev 1961-ci il oktyabr 11-də Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olub. 1978-ci ildə kənd orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Hazırlıq fakültəsinə daxil olub. 1981-1983-cü illərdə Tallin Baltik dəniz donanmasında hərbi xidmət keçib. 1983-cü ildən Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin post-patrul xidməti rotasında əmək fəaliyyətinə başlayıb. 1992-ci ildə Xüsusi Milis Məktəbini bitirib. 16 sərhəd kəndinin müdafiəsində iştirak edib. Səməd Kamal oğlu  Abdullayev 12  avqust 1993-cü  ildə həlak olub və Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

TOFİQ MƏHƏRRƏMOV

(1973-1993)

 

Şəhid Tofiq Sabir oğlu Məhərrəmov 1973-cü ilin bu günü Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1990-cı ildə orta məktəbi bitirdikdən sonra hərbi komissarlığın xətti ilə sürücülük təhsili alıb. 1992-ci ilin aprelin 1-də Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağırılıb. Ağdam rayonunun Fərrux, Əliağalı, Kolanlı, Cınli, Xaçınstroy, Mərzili kəndlərində və Ağdərə bölgəsində gedən döyüşlərdə fəal iştirak edib. Tofiq Məhərrəmov 9 fevral 1993-cü ildə Mərzilidə gedən döyüş zamanı həlak olub.

 

 

ZİYA HƏSƏNOV

(1989-2016)

 

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant Ziya Niyazi oğlu Həsənov 11 oktyabr 1989-cu ildə Ağdam şəhərində anadan olub. Uşaqlığı və gəncliyi Bərdədə keçib. Ali Hərbi Məktəbi bitirdikdən sonra könüllü olaraq birbaşa təmas xəttində xidmətə başlayıb. Əvvəlcə Ağdam, sonra isə cəbhənin Füzuli istiqamətində zabit kimi xidmət keçib. Ziya Həsənov 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olub. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib. Şəhid olduqdan sonra Yağmur adlı qızı dünyaya gəlib.

 

 

SÜLEYMAN RƏHİMOV

(1900-1983)

 

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimovun xatirə günüdür. O, 22 mart 1900-cü ildə Qubadlıda anadan olub. Azərbaycan nəsrinin gözəl nümunələri olan “Şamo”, “Saçlı”, “Mehman” əsərlərinin müəllifi olub. Müxtəlif illərdə Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, birinci katibi vəzifələrdə çalışıb. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı, üç dəfə “Lenin” ordeni, "Qırmızı Əmək Bayrağı”, "Şərəf nişanı" ordenləri və medallarla təltif edilib. Onun “Şamo” romanı 5 cilddən ibarət bütöv bir epopeyadır. Yazıçının “Mehman” povesti əsasında bədii film çəkilib. Süleyman Rəhimov 11 oktyabr 1983-cü ildə vəfat edib və Fəxri Xiyabanda dəfn olunub

 

 

ALEKSEY ARXİPOVİÇ LEONOV

(1934-2019)

 

Sovet kosmonavtı, açıq kosmosa çıxmış ilk insan, iki dəfə “Sovet İttifaqı Qəhrəmanı Aleksey Arxipoviç Leonov da bu gün xatırlanır. O, 1934-cü il mayın 30-da Rusiyanın Qərbi Sibir diyarının Listvyanka kəndində anadan olub. Bədii ədəbiyyata həvəsi olmasına  baxmayaraq, döyüş pilotu kimi məzun olub. 18-19 mart 1965-ci ildə Pavel Belyayevlə birlikdə Vosxod-2 kosmik gəmisinin ikinci pilotu kimi ilk uçuşunu edib. Bu zaman açıq kosmosda 12 dəqiqə 9 saniyə qalıb. Sonradan kosmonavtların hazırlanması işi ilə məşğul olub. İki dəfə “Lenin”, “Dostluq”, “Qızıl Ulduz” ordenləri və medallarla təltif olunub. Aleksey Leonov 2019-cu il oktyabrın 11-də Moskvada vəfat edib.

 

 

RAFİQ XƏLƏFOV 

(1939-1998)

 

Azərbaycanın əməkdar mühəndisi, dövlət xadimi Rafiq Rəsul oglu Xələfovun anım günüdür. O, 1939-cu il iyulun 5-də Şuşada anadan olub. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib. "Azərtəsərrüfat" Dövlət Layihə İnstitutunda iqtisadçı, iş icraçısı, baş mühəndis, "Azərdəniznefttikinti" trestinin baş mühəndisi, “Xəzərdənizneft” İstehsalat Birliyi direktorunun müavini, “Xəzərdənizneftqazsənaye” Ümumittifaq Sənaye Birliyi rəisinin müavini, avtomobil yollarının tikintisi və istismarı naziri, Azərbaycan SSR Nazirlər Sovetində inzibati orqanlar şöbəsinin müdiri, Nazirlər Soveti sədrinin müavini vəzifələrində çalışıb. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Müxtəlif orden və medallarla təltif olunub. Rafiq Xələfov 1998-ci il oktyabrın 11-də Bakıda vəfat edib. O, akademik Rəfiqə Əliyevanın həyat yoldaşı, modelyer Fəxriyyə Xələfovanın atasıdır.

 

 

ZAKİR YUSİFOV 

(1956-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Zakir Tofiq oğlu Yusifovun xatirə günüdür. O, 29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulub. 194 saylı orta məktəbdə, Sasovski adına Mülki Təyyarəçilik Məktəbində və Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Yevlax aviadəstəsində başlayıb. AN-2 təyyarəsinin komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, uçuşu təşkil və təminetmə müfəttişliyinin təyyarəçi-müfəttişi olub. Respublikada ilk hərbi vertolyot eskadrilyasının yaradılması nə qədər ağır və çətin iş olsa da, Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə birlikdə bu işi öz öhdəsinə götürüb. Yüzdən artıq hərbi uçuş keçirərək Əsgəran, Füzuli, Xocavənd, Tərtər, Ağdərə və Şuşakənd uğrunda gedən döyüşlərdə iştirak edib. 11 oktyabr 1992-ci ildə Səfiyan kəndində növbəti əməliyyat zamanı onun vertolyotu vurulub və bütün heyət həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 194 saylı orta məktəb və Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.

 

 

TAHİR BAĞIROV 

(1957-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Tahir Əminağa oğlu Bağırov da bu gün xatırlanır. O, 14 iyul 1957-ci ildə Türkmənistanın Türkmənbaşı şəhərində anadan olub. 1974-cü ildə Şirvan şəhərində 8-ci sinfi bitirdikdən sonra sürücülük peşəsinə yiyələnib. 1977-1979-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra Azneft-1 İstehsalat Birliyinin nəqliyyat sexində işləyib. Azərbaycan Milli Ordusunun ilk könüllülərindən olub. Hərbi hissə komandirinin müavini, daha sonra Hərbi Hava Qüvvələrinin Mi-24 helikopterində bort atıcısı vəzifəsinə təyin olunub. Qarabağda keçirilən bir sıra hərbi əməliyyatlarda iştirak edib. Tahir Bağırov 1992-ci il oktyabrın 11-də Mi-24 vertolyotunun vurulması nəticəsində həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 9 fevral 1993-cü il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şirvan şəhərində yaşadığı küçəyə və təhsil aldığı orta məktəbə adı verilib.

 

 

ƏDALƏT MƏMMƏDOV

(1961-1992)

 

Şəhid Ədalət Həsən oğlu Məmmədovun anım günüdür. O, 1961-ci il oktyabrın 29-da Laçın rayonunun Zabux kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1979-1981-ci illərdə əsgəri xidmətdə olub. Mərdəkandakı milis (polis) məktəbində təhsil alıb. 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə qalxıb. Laçın rayonu, Seyidlər, Birinci Tığik, İkinci Tığik, Bülüldüz, Narışlar, Pircahan, Kürdhacı, Oğuldərə və başqa kəndlər uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Baş serjant Ədalət Məmmədov 1992-ci il oktyabrın 11-də Hoçaz yüksəkliyinin alınması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub və Göyçay rayonunda dəfn olunub. İki övladı yadigar qalıb.

 

 

OQTAY GÜLƏLİYEV

(1962-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləli oğlu Güləliyevin anım günüdür. O, 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına qəbul olub. Polis işçisi kimi Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində iştirak edib. Uğursuzluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olub. Komandiri olduğu dəstə Laçın kəndlərinin müdafiəsi zamanı ermənilərin xeyli döyüşçüsünü məhv edib, yüksək rütbəli zabitlərini əsir götürüb. Pircahan kəndi yaxınlığında ağır yaralansa da, müalicə olunaraq cəbhəyə qayıdıb. Laçın dəhlizini geri almaq üçün hazırladığı əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatıb və beləliklə, Gorus-Şuşa yolu nəzarətə alınıb. Lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və dəstəsi mühasirəyə düşüb. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də, Oqtay Güləliyev qəhrəmancasına həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Müəllif | Apa.Tv
Apa.tv