Dünyanın bu günü - 11.11.2020
FYODOR DOSTOYEVSKİ
(1881-1881)
Böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevski 11 noyabr 1821-ci ildə Moskvada anadan olub. Peterburq Mühəndis Məktəbində təhsil alıb. Kiçik leytenant rütbəsi ilə Peterburqdakı İstehkam Müdirliyində işləyib. 1846-cı ildə yazdığı “Yoxsul insanlar” adlı ilk romanında Qoqol ədəbi məktəbinin davamçısı kimi tanınıb. “Bəyaz gecələr”, “Oxşar”, “Netoçka Nezvanova”, “Cinayət və cəza”, “Alçaldılmış və təhqir edilmiş insanlar”, “İdiot”, “Karamazov qardaşları”, “Yeniyetmə” və başqa məşhur əsərlərin müəllifidir. Fyodor Dostoyevski 1881-ci il yanvarın 28-də Peterburqda vəfat edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
RƏŞİD XAN QAPLANOV
(1883-1937)
Azərbaycanın dövlət xadimi Rəşid xan Zabit oğlu Qaplanov 1883-cü il noyabrın 11-də Şimali Qafqazda kumık əsilzadə ailəsində doğulub. Vladiqafqaz realnı məktəbində, və Parisdəki Sorbonna Universitetinin Hüquq fakültəsində təhsil alıb. İstanbul Universitetində dərs deyib, Vladiqafqazda şəhər dairə məhkəməsində andlı müvəkkil müavini işləyib. Rusiyada Fevral inqilabından sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak edib. Müxtəlif illərdə Dağlılar Respublikasının daxili işlər naziri, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinəsində maarif və dini etiqad naziri, 5-ci hökumət kabinəsində maliyyə naziri vəzifələrində çalışıb. Bakı Dövlət Universitetinin açılmasında yaxından iştirak edib, burada "Osmanlı ədəbiyyatı tarixi"ndən, daha sonra Moskvadakı Şərq Xalqları Universitetində "Osmanlı imperiyası tarixi"ndən dərs deyib. 8 oktyabr 1937-ci ildə həbs olunan Rəşid xan Qaplanov repressiyaya məruz qalıb və dekabrın 10-da güllələnib.
MİRMEHDİ SEYİDZADƏ
(1907-1976)
Tanınmış Azərbaycan şairi, əməkdar incəsənət xadimi Mirmehdi Həsən oğlu Seyidzadə 1907-ci ilin bu günü Aşqabadda anadan olub. 1920-ci ildə ailəsi ilə Bakıya köçüb, burada pedaqoji texnikumda təhsil alıb. Ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd qızı" adlı ilk şeirlə başlayıb. Onun “Nərgiz”, “Ayaz”, “Qızıl quş”, “Elsevər” və başqa mənzum pyesləri tamaşaya qoyulub, şeirlərinə musiqi bəstələnib. Ömər Xəyyam, Puşkin, Jukovski, Krılov və başqa şairlərdən tərcümələri indi də oxucular tərəfindən sevilə-sevilə oxunur. “Azərnəşr”də, “Uşaqgəncnəşr”də, Azərbaycan Radio Verilişləri Komitəsində və müxtəlif qəzetlərdə redaktor, şöbə müdiri vəzifələrində çalışıb. Müxtəlif orden və medallarla təltif edilən Mirmehdi Seyidzadə 1976-cı il avqustun 30-da vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
BALAŞ AZƏROĞLU
(1921-2011)
Azərbaycanın xalq şairi, ədəbiyyatşünas, filologiya elmləri namizədi Balaş Allahbaxış oğlu Abizadən (Balaş Azəroğlu) 11 noyabr 1921-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini də burada alıb. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzinin təsiri ilə hələ 16 yaşında ikən bədii yaradıcılığa başlayıb, “Dnepr” adlı ilk şeiri 1937-ci ildə Bakıda çapdan çıxıb. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən, burada fars ibtidai məktəbində təhsil alıb. Orada milli azadlıq hərəkatına qoşulub, İran Xalq Partiyasına daxil olub. Ərdəbil və Təbrizdə ilk şeir kitabları dərc olunub. Pişəvəri hərəkatının qan içində boğulmasından sonra yenidən Bakıya qayıdıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi və Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifələrində çalışıb. Şairə Mədinə Gülgün ilə evli olan Balaş Azəroğlu 2011-ci il aprelin 24-də Bakıda vəfat edib.
İSLAM RZAYEV
(1934-2008)
Azərbaycanın xalq artisti, xanəndə İslam Tapdıq oğlu Rzayev 1934-cü il noyabrın 11-də Füzuli rayonunun Sərdarlı kəndində doğulub. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra solist kimi fəaliyyət göstərib. 1988-ci ildən ömrünün sonuna kimi “Muğam” teatrının bədii rəhbəri olub. Milli Konservatoriyada və İncəsənət Universitetində dərs deyib. Nadir səs tembrinə və geniş diapazona malik sənətkarın ifasında səslənən mahnılar Azərbaycan teleradiosunun qızıl fondunda saxlanılır. 2003-cü ildə “Şöhrət” ordeninə layiq görülən İslam Rzayev 26 yanvar 2008-ci ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
YAŞAR ƏHMƏDOV
(1970-2013)
Şəhid pilot Yaşar Mail oğlu Əhmədov 1970-ci ilin bu günü Qazax rayonunun Aslanbəyli kəndində ziyalı ailəsində anadan olub. Ukraynanın Kremençuq Uçuş məktəbində və Milli Aviasiya Akademiyasında təhsil alıb. Həm Ukraynada, həm də Azərbaycanda praktiki uçuşlar yerinə yetirib. 1998-ci ildə Hərbi Hava Qüvvələrində pilot çatışmazlığı olduğuna görə könüllü olaraq hərbi təyyarəçi kimi xidmətə başlayıb. Müxtəlif illərdə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubileyi”, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin 1-ci dərəcəli təlimatçı pilotu olub. Yaşar Əhmədov 11 fevral 2013-cü ildə Mi-17 helikopteri ilə döyüş tapşırığını yerinə yetirərkən Şıxov çimərliyi ətrafında qəzaya uğrayıb və 3 ekipaj üzvi ilə birlikdə şəhid olub.
İSMAYIL HİDAYƏTZADƏ
(1901-1951)
Azərbaycanın xalq artisti, aktyor və rejissor İsmayıl Hüseyn oğlu Hidayətzadənin anım günüdür. O, 1901-ci il sentyabrın 1-də Bakıda dənizçi ailəsində anadan olub. Şəhərdəki “İttihad” məktəbində təhsil alıb, burada görkəmli teatr xadimi Hüseyn Ərəblinski ilə tanış olub. 1920-ci ildən dövlət teatrında işə götürülüb. Teatr studiyasında bir müddət çalışdıqdan sonra rejissorluq sənətinə də maraq göstərib, Opera və Balet Teatrında “Koroğlu” və “Karmen” operalarına, eləcə də “1905-ci ildə” və “Vaqif” pyeslərinə quruluş verib. Eyni zamanda ilk milli baletimiz olan “Qız qalası”nın librettosunu yazıb. Aktyor kimi “Qız qalası”, “Almaz” və “Altıncı duyğu” filmlərində çəkilib. “Şərəf nişanı” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif edilən İsmayıl Hidayətzadə 1951-ci il noyabrın 11-də Bakıda vəfat edib.
YASİR ƏRƏFAT
(1929-2005)
Fələstin dövlət xadimi Yasir Ərəfatın xatirə günüdür. Məhəmməd Əbdürəhman Əbdürauf Ərəfat əl-Qüdvə əl-Hüseyni 1929-cu il avqustun 24-də Qahirədə anadan olub. Qahirə Universitetində və Texas Universitetində təhsil alıb. 1958-ci ildə FƏTH partiyasının banilərindən biri olub. 1964-cü ildə Fələstin Azadlıq Təşkilatını yaradıb, 1969-cu ildə isə onun İcraiyyə Komitəsinin sədri seçilib. Bir ildən sonra ona Fələstin inqilabı qüvvələrinin baş komandanı hərbi rütbəsi alıb. 1989-cu ildə FAT-ın İcraiyyə Komitəsi onu Fələstin dövlətinin prezidenti seçib. 1994-cü ilin mayında Fələstin milli administrasiyasına - rəsmi özünüidarə orqanına başçılıq edib, 1996-cı il yanvarın 20-də isə Fələstində keçirilən ilk demokratik seçkilərdə təşkilatın sədri təyin edilib. 1994-cü ildə “Yaxın Şərqdə sülhə nail olmağa yönəldilmiş səylərə görə” İshaq Rabin və Şimon Pereslə birlikdə Nobel sülh mükafatına layiq görülüb. Yasir Ərəfat 2004-cü il noyabrın 11-də Fransanın Klamart şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib və İordan çayının Qərb sahilində, Ramalla şəhərində mavzoleydə dəfn olunub.