Dünyanın bu günü - 12.01.2021
FEVZİ ÇAKMAK
(1876-1950)
Türkiyənin Mustafa Kamal Atatürkdən sonrakı ikinci və son marşalı, ölkəsinin ilk Milli Müdafiə naziri Fevzi Çakmak 12 yanvar 1876-cı ildə İstanbulda dünyaya gəlib. Kuleli Hərbi Liseyində və "Məktəbi-Ərkani-Hərbiyə"də təhsil alıb, qərargah kapitanı rütbəsi ilə hərbi xidmətə başlayıb. Birinci Dünya müharibəsində Çanaqqala, Qafqaz və Suriya cəbhələrində döyüşüb. Türkiyədə Cümhuriyyət qurulduqdan sonra ölkəsinin ilk Milli müdafiə naziri və ilk Baş Qərargah rəisi olub 1946-cı il seçkilərində Demokrat Partiyasının siyahısı ilə müstəqil namizəd olaraq İstanbuldan TBMM-ə deputat seçilib. Fevzi Çakmak 10 aprel 1950-ci ildə vəfat edib və Ankarada Dövlət Qəbiristanlığında dəfn edilib.
CEK LONDON
(1876-1916)
Məşhur amerikalı yazıçı Cek London 1876-cı il yanvarın 12-də ABŞ-ın San-Fransisko şəhərində anadan olub. Çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olub. Məktəbli illərində qəzet satıb, 14 yaşında konserv fabrikinə işə düzəlsə də, işi çox ağır olduğundan, buranı tərk etməli olub. San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olub. 1893-cü ildə dəniz pişiyi ovlamaq məqsədilə Yaponiya sahillərinə və Berinq dənizinə çıxan gəmiyə matros düzəlib. İlk dəniz səfəri olduqca böyük təəssüratlar oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərib. Ədəbi yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlib və San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırıb. Bir az sonra qələmə aldığı "Canavar oğlu", "Ataların tanrısı", "Şaxtanın övladları", "İnsana inam", "Ayüzlü", "İtirilmiş sima" hekayələrindən ibarət toplu, "Qarlar qızı", "Dəniz canavarı" və "Martin İden" romanları ona böyük şöhrət gətirib. Cek London 1916-cı il noyabrın 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edib.
XUDADAT BƏY RƏFİBƏYLİ
(1877-1920)
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1877-ci ilin bu günü Gəncə şəhərində əsilzadə ailəsində doğulub. Gəncə gimnaziyasını bitirdikdən sonra təhsilini Xarkov İmperator Universitetinin Tibb fakültəsində davam etdirib və 1904-cü ildə oranı bitirib. Yaratdığı "Yelizavetpol Tibb Cəmiyyəti"nin üzvləri Gəncə yoxsullarına pulsuz tibbi yardım göstərib. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sırasında yer alaraq, ikinci hökumət kabinetində səhiyyə naziri, 1919-cu ildən Gəncənin general-qubernatoru vəzifəsinə təyin edilib. Aprel işğalından sonra - 1920-ci il mayın 12-də həbs edilərək Bakıya aparılıb və Gəncə üsyanının təşkilində ittiham olunub. Gəncənin ilk və son müsəlman qubernatoru Xudadat bəy Rəfibəyli iyunun 1-də gizlicə Xəzərin kiçik bir adasına aparılaraq güllələnib.
HÜSEYN NİHAL ATSIZ
(1905-1975)
Türk yazıçısı, şair, tarixçi və ideoloq Hüseyn Nihal Atsızı 12 yanvar 1905-ci ildə İstanbulda anadan olub. İlk təhsilini başa vurduqdan sonra Hərbi Tibbiyyəyə, daha sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsinə daxil olub. 1930-cu ildən Türkologiya İnstitutunda müəllimi Fuad Köprülüzadənin köməkçisi olub. Daha sonra Ədirnə Liseyinə ədəbiyyat müəllimi təyin edilib. Bir çox kitabça, eyni zamanda “Türk tarixi haqqında toplular” və “Türk ədəbiyyatı tarixi” adlı elmi kitablar nəşr etdirib. Siyasi baxışlarına görə bir neçə dəfə həbsdə olub. 17 il Süleymaniyyə Kitabxanasında işlədikdən sonra 1969-cu ildə təqaüdə çıxıb. Hüseyn Nihal Atsız 11 dekabr 1975-ci ildə İstanbulda vəfat edib.
GÜLRUX ƏLİBƏYLİ
(1928-2016)
Filologiya elmləri doktoru, professor, yazıçı-publisist Gülrux Sabir qızı Əlibəyli 1928-ci il yanvarın 12-də Bakıda anadan olub. Leninqrad Universitetini və Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib. Dissertasiya müdafiə etdikdən sonra Bakıya qayıdaraq Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda işləyib. 1964-1965-ci illərdə mədəniyyət nazirinin müavini olub. 1971-1984-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, daha sonra isə fəlsəfə kafedrasının professoru olub. Ədəbiyyat nəzəriyyəsi, eləcə də kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində yüzlərlə məqalənin, 20-dək kitabın müəllifidir. Gülrux Əlibəyli 2016-cı il fevralın 15-də Bakıda dünyasını dəyişib.
VƏLİ QƏDİMOV
(1940-2009)
Azərbaycanın xalq artisti, mahir klarnet ifaçısı Vəli Qədimov 1940-cı ilin bu günü Bakıda dünyaya gəlib. Təhsilini 69 nömrəli məktəbdə alıb. Uzun illər respublikanın müxtəlif xalq çalğı alətləri ansambllarında çalışıb. 1970-ci ildən Baba Salahovun, 1983-cü ildən xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutub. Onun ifa etdiyi oyun havaları və xalq musiqisi nümunələrinin lent yazıları hazırda Azərbaycan Radiosunun “qızıl fond”unda qorunur. Vəli Qədimov 2009-cu il aprelin 15-də Bakıda dünyasını dəyişib.
YAŞAR RƏHİMOV
(1947-1991)
Şəhid Yaşar Ağalar oğlu Rəhimov 12 yanvar 1947-ci ildə Goranboy rayonunun Faxralı kəndində anadan olub. Gəncədə texniki peşə məktəbini bitirdikdən sonra burada enerji təchizatı şöbəsində işləyib. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar 1 dekabr 1991-ci ildə Goranboy könüllülər batalyonuna yazılıb və rayon ətrafında gedən döyüşlərdə iştirak edib. Yaşar Rəhimov 28 dekabr 1991-ci ildə Todan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub və yaşadığı Dəliməmmədli şəhərində dəfn edilib.
NİZAMİ MƏMMƏDOV
(1958-1992)
Azərbaycanın Milli Qəhrəmanı Nizami Murad oğlu Məmmədov 1958-ci il yanvarın 12-də Xankəndi şəhərində dünyaya göz açıb. Nizami Gəncəvi adına 4 saylı məktəbi bitirdikdən sonra 1975-1977-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olub. Daha sonra polis zabiti olaraq Şuşaya köçüb. Özünümüdafiə batalyonlarına silah-sursat çatdırılmasında iştirak edib, Daşaltı, Malıbəyli və Qaladərəsi kimi mühüm əməliyyatlara qatılıb. Nizami Məmmədov 1992-ci il martın 29-da düşmənin snayper gülləsindən həlak olub və Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
QAYTARAN ABBASOV
(1964-1993)
Şəhid Qaytaran İbrahim oğlu Abbasov 1964-cü ilin bu günü Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1981-ci ildə orta təhsilini başa vurduqdan sonra rayondakı 144 saylı texniki peşə məktəbində təhsil alıb. Sovet ordusu sıralarından serjant rütbəsində tərxis olunub. Mingəçevirdəki Qafqaz Enerjiquraşdırma Trestində çilingər işləyib. 1991-ci ilin avqustunda səfərbərliyə alınaraq Ağdam cəbhəsinə göndərilib. 1991-ci ildən Ağdam, Tərtər, Qubadlı və Zəngilan bölgələrində gedən döyüşlərdə iştirak edib. 1992-ci ilin may-avqust aylarında Laçın və Qubadlı rayonlarının Güləbird, Şəfiyan və Başarat kəndlərində göstərdiyi şücaətlərə görə leytenant rütbəsinə layiq görülüb. Qaytaran Abbasov 1993-cü il mayın 16-da qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib.
TƏBRİZ ƏSGƏROV
(1993-2016)
Şəhid Təbriz Hamlet oğlu Əsgərov 12 yanvar 1993-cü ildə Şəmkir şəhərində anadan olub. 2010-cu ildə burada Nizami Gəncəvi adına tam orta məktəbi bitirib. Çavuş Təbriz Əsgərov 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və Şəmkir rayonunun Morul kəndində dəfn olunub. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
ZİYADXAN ƏLİYEV
(1997-2020)
Şəhid Ziyadxan İbrahim oğlu Əliyev 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Azərbaycan Texniki Universitetini “Kompüter mühəndisliyi” ixtisası üzrə bitirib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayarkən hərbi hospitalda müalicədə olsa da, könüllü olaraq yaralı əsgərləri təxliyə etmək üçün döyüş meydanına yollanıb. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Ziyadxan Əliyev 30 sentyabr 2020-ci ildə snayper atəşi nəticəsində şəhid olub və Kürdəmirin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
AQATA KRİSTİ
(1890-1976)
Detektiv janrının kraliçası, Aqata Kristi kimi tanınan İngiltərə yazıçısı Aqata Meri Klarissa Mellounun anım günüdür. O, 1890-cı il sentyabrın 15-də İngiltərənin Denvor qraflığında anadan olub. Mükəmməl ibtidai və musiqi təhsili alıb. Birinci Dünya müharibəsi zamanı hərbi hospitalda tibb bacısı və əczaçı işləyib. 60 detektiv, 6 psixoloji roman, 19 hekayə toplusu nəşr etdirib, 16 pyesi tamaşaya qoyulub. 1952-ci ildə Londonun Ambassador Teatrında səhnəyə qoyulmuş "Tələ" pyesi teatr tarixində ən çox oynanılmış pyesdir. Əsərləri 103 dildə 2 milyarddan artıq tirajla çap olunub. Aqata Kristi 1976-cı il yanvarın 12-də Oksfordşirdə vəfat edib.
ALQAYIT
(1939-2013)
Tanınmış aşıq, el şairi Alqayıt Bayram oğlu Xəlilovun xatirə günüdür. O, 28 noyabr 1939-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə daxil olub, 1967-ci ildə isə həmin institutun Dil və ədəbiyyat şöbəsini bitirib. 1967-1972-ci illərdə Daşkənd kənd orta məktəbində müəllimlik edib. 1972-1974-cü illərdə "Mingəçevir işıqları" qəzetində fəaliyyət göstərib. 1974-cü ildə yenidən Göyçə mahalına qayıdıb, Basarkeçər rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışıb. 1979-cu ildən Göygöl rayonunda məskunlaşıb, Göygöl rayon Mədəniyyət Evində aşıqlar ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərib. 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşayıb. Alqayıt 2013-cü ilin yanvarında Xırdalan şəhərində vəfat edib.
HÜSEYNAĞA HADIYEV
(1946-1994)
Tanınmış Azərbaycan müğənnisi Hüseynağa Məmməd oğlu Hadıyev də bu gün xatırlanır. O, 19 noyabr 1946-cı ildə Bakıda anadan olub. Musiqi ilə "Pionerlər Evi"nin qarmon dərnəyində məşğul olmağa başlayıb. "Dan ulduzu" ansamblının solisti olub. "Gecələr bulaq başı", "Bu gecə", "Mənim dünyam" mahnıları dinləyicilər tərəfindən daha çox sevilib. Hüseynağa Hadıyev 12 yanvar 1994-cü ildə Bakıda vəfat edib.
ƏLİQARA HÜSEYNOV
(1949-1990)
Şəhid Əliqara Əliaslan oğlu Hüseynovun anım günüdür. O, 10 noyabr 1949-cu ildə Goranboy rayonunun Todan kəndində anadan olub. Todan kənd məktəbində müəllim, daha sonra Xanlar adına kolxozun sədri işləyib. 1990-cı il yanvarın 12-də erməni terrorçularının Todan kəndinə birinci basqınının qarşısını alarkən həlak olan dörd nəfərdən biri olub. Əliqara Hüseynov Todan kənd qəbiristanlığında dəfn edilib. Ailəli idi, 4 dörd övladı yadigar qalıb.
BƏXTİYAR ƏLİYEV
(1965-1990)
Şəhid Bəxtiyar Nadir oğlu Əliyevin xatirə günüdür. O, 1965-ci ildə Qərbi Azərbaycanın Masis rayonunun Nizami kəndində anadan olub. 3 nömrəli dəmir-beton məmulatları zavodunda fəhlə işləyib. Bəxtiyar Əliyev 12 yanvar 1990-cı ildə Çaykənd-Todan zonasını erməni quldurlarından təmizləmək üçün keçirilən əməliyyatda həlak olub və Gəncənin Səbiskar qəbiristanlığında dəfn edilib.