Dünyanın bu günü - 12.02.2020
ƏNVƏR QASIMZADƏ (1912-1969)
Azərbaycanın əməkdar inşaatçısı, memar, Elmlər Akademiyasının müxbir üzvü, professor Ənvər Əli oğlu Qasımzadə 1912-ci il fevralın 12-də Salyan şəhərində tanınmış maarifçi Əli bəy Qasımovun ailəsində anadan olub. İlk təhsilini Bakı Müəllimlər Seminariyasında alıb. 1930-cu ildə Azərbaycan Sənaye Texnikumunun İnşaat şöbəsini bitirib. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunda ali təhsilini başa vuraraq, mühəndis-memar ixtisasına yiyələnib. 1934-cü ildən “Azərdövlətlayihə” təşkilatında çalışıb, həmçinin Bakı İnşaat Texnikumunda dərs deyib. 1941-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Xalq Komissarlığı yanında Mənzil Kommunal Baş İdarəsinin rəisi və Bakı İnşaat Texnikumunun direktoru vəzifələrinə təyin edilib. İkinci Dünya müharibəsində iştirak edib. 1959-cu ildən Azərbaycan Memarlar İttifaqına rəhbərlik edib. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutuna rektor təyin olunub. Bir sıra orden və medallarla təltif edilən Ənvər Qasımzadə 1969-cu il martın 12-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
BƏHRAM MANSUROV (1911-1985)
Azərbaycan xalq artisti, tarzən Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov 1911-ci il fevralın bu günü Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olub. İlk təhsilini mədrəsədə, sonra rus-tatar məktəbində alıb, oxuduğu son təhsil ocağı isə Pedaqoji Texnikum olub. Tar çalmaq sənətini atasından və əmisi Mansur Mansurovdan öyrənib. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrində, sonralar Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərib və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1932-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri kimi uzun illər muğam operalarını tarda müşayiət edib. Onun ifasında “Çahargah” və “Rast” muğamları nota salınıb. 1941-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərib, bir çox tarzənlərin ustadı olub. Bəhram Mansurov 1985-ci il mayın 14-də Bakıda dünyasını dəyişib.
İSLAM SƏFƏRLİ (1923-1974)
Tanınmış şair, dramaturq, əməkdar incəsənət xadimi İslam Əhməd oğlu Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MR-in Babək rayonunun Şəkərabad kəndində anadan olub. Ədəbi yaradıcılığa müharibədən əvvəl başlayıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub. Müharibədən sonra Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. “Şərq qapısı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat qəzeti”ndə və Azərbaycan Yazıçılar İttifaqında çalışıb. İyirmiyə yaxın şeir və poemalar kitabı çap olunub. “Göz həkimi”, “Ana ürəyi”, “Xeyir və Şər” pyesləri tamaşaya qoyulub. İslam Səfərli 1974-cü il noyabrın 6-da dünyasını dəyişib.
ELMİRA HÜSEYNOVA (1933-1995)
Əməkdar rəssamı, heykəltəraş Elmira Mehralı qızı Hüseynova 1933-cü il fevralın bu günü Bakıda dünyaya gəlib. Erkən yaşlarından rəsm çəkməyə maraq göstərib. Rəssamlıq təhsili almaq üçün 1954-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1960-cı ildə isə Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. 1957-ci ildən Azərbaycanda və ittifaq respublikalarında təşkil olunan sərgilərdə iştirak edib. Onun “Kolxozçu qız”, “Fəhlə”, “Ailə” kompozisiyası, “Rəsul Rza”, “Cəfər Cabbarlı”, “Qızımın portreti”, “Neftçilər”, “Əsmərin portreti”, “Rejissor Tofiq Kazımovun xatirəsinə” və s. əsərləri Azərbaycan heykəltəraşlığına verdiyi töhfələrdir. Elmira Hüseynova 1995-ci il yanvarın 23-də Bakı şəhərində vəfat edib.
TƏBRİZ XƏLİLBƏYLİ (1964-1992)
Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlil Rza oğlu Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində doğulub. 1981-ci ildə Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib və 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olub. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında işıqçı işləyib. 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib. Döyüş şücaətinə görə DİN-in "Boz qurd" mükafatına layiq görülüb. Təbriz Xəlilbəyli 1992-ci il yanvarın 31-i Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak olub.
MAİS SALMANOV (1933-2008)
Azərbaycanın əməkdar artisti, xanəndə, Prezident təqaüdçüsü, Azərbaycan Opera və Balet Teatrının solisti Mais Qurban oğlu Salmanov 1933-cü il fevralın bu günü Şəmkir rayonunun Morul kəndində anadan olub. Azərbaycan Dövlət Universitetini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Milli opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, uzun müddət Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun rolunun ifaçısı olub. Tanınmış neftçi-alim Fərman Salmanovun qardaşı olan Mais Salmanov 25 iyul 2008-ci ildə Bakıda vəfat edib.
AJDA PEKKAN (1946)
Türk pop musiqisinin "Superstar"'ı olaraq tanınan müğənni və aktrisa Ajda Pekkan 12 fevral 1946-cı ildə İstanbulda anadan olub. Əsl adı Ayşədir. İstanbulda qızlar üçün elit Fransız Liseyini bitirib. 1965-ci ildə Türkiyədə musiqi dünyasına daxil olub, 1970-ci illərdə artıq Avropada tanınmağa başlayıb. 20-dən çox musiqi albomu buraxıb və 30 milyon ədəddən çox albom satıb. 19 aprel 1980-ci ildə Hollandiyada keçirilən Avroviziya musiqi müsabiqəsində "Petrol" mahnısı ilə Türkiyəni təmsil edib və 15-ci yeri tutub. Yaradıcılığı dövründə bir çox filmlərdə mahnı səsləndirən Ajda Pekan hələ də peşəkar musiqi karyerasını davam etdirir.