00:01 12 mart 2021 165
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 12.03.2021

MİRZƏ ABBAS ABBASZADƏ

(1870-1920)

 

Maarif xadimi, pedaqoq, folklorşünas Mirzə Abbas Kərbəlayı Ələkbər oğlu Abbaszadə 1870-ci il mart ayının 12-də Gəncədə Ozan məhəlləsində mütərəqqi fikirli ruhani ailəsində anadan olub. İlk təhsilini atasının xüsusi məktəbində alıb, sonra Şah Abbas məscidi yanındakı məktəbdə davam etdirib. 1885-ci ildə ibtidai təhsilini başa vurub, 1892-ci ilədək Gəncə mədrəsəsində oxuyub. Burada məşhur müdərris Mirzə Xəlil Şeyxzamanov və Molla Hüseyn Pişnamazzadədən dərs alıb, ərəb, fars və türk dillərinə dərindən yiyələnib. Bir il atasının açdığı məktəbdə müəllimlik etdikdən sonra 1893-cü ildə səyahətə çıxaraq İranı, İraqı və Türkiyəni gəzib. 1894-cü ildə Gəncə şəhər məktəbində işə düzələrək ana dili və şəriət fənlərini tədris etməyə başlayıb. 1898-ci il aprelin 23-də Gəncənin Bağmanlar yaşayış sahəsində əhalinin topladığı vəsait hesabına açılmış ilk rus-tatar (Azərbaycan) məktəbində Azərbaycan dili və şəriət müəllimi təyin edilib. Rus-Azərbaycan məktəbində işləməyə başlayarkən əlifbada apardığı islahatlar əsasında "Birinci il Əlifba" dərsliyini tərtib edib və əlyazma şəklində 1900-cü ildə Gəncədə çap etdirib. 1907-1908-ci illərdə rus-Azərbaycan məktəbinin müəllimi kimi 7 kitab nəşr etdirib. Mirzə Abbas Abbaszadə 1920-ci ildə dünyasını dəyişib.

 

 

HƏMİD BƏY ŞAHTAXTİNSKİ

(1880-1944)

 

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü Həmid bəy Xəlil ağa oğlu Şahtaxtinski 12 mart 1880-ci ildə Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olub, ilk təhsilini mollaxanada alıb və üçüncü dərəcəli şəhər məktəbində oxuyub. 1899-cu il iyunun 5-də İrəvan Müəllimlər Seminariyasının tam kursunu bitirib və sentyabrın 1-də İrəvan rus-tatar məktəbinə müəllim təyin edilib. 1902-1907-ci illərdə İrəvan Müəllimlər Seminariyasında türk dili dərslərini tədris edib. 1907-ci ildə Odessa Universitetinin Hüquq fakültəsinə daxil olub, 1912-ci ildə ali təhsilini başa vurduqdan sonra Bakıya qayıdıb. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin Təhsil işləri üzrə səlahiyyətli nümayəndəsi kimi bir müddət orada qalıb. 1918-ci ildə F.X.Xoyskinin formalaşdırdığı ikinci və üçüncü hökumət kabinetlərində Xalq Maarifi və Dini Etiqad nazirinin müavini olub. 1919-cu ildə Nəsib bəy Yusifbəylinin yaratdığı ikinci hökumət kabinetində Maarif və Dini Etiqad naziri təyin olunub və 1920-ci il martın 5-dək bu vəzifədə çalışıb. Bakı Xalq Maarifi şöbəsi nəzdindəki ikiillik Müəllimlər İnstitutunda və Azərbaycan Dövlət Tibb İnstitutunda da işləyən Həmid bəy Şahtaxtinski 1941-ci ildə həbs olunaraq sürgün edilib, 1944-cü il fevralın 3-də isə Arxangelsk vilayətində sürgündə həlak olub.

 

 

SÜLEYMAN RÜSTƏM

(1906-1989)

 

Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, dramaturq, tərcüməçi, və Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Əliabbas oğlu Rüstəmzadə 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülüb. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilib. Birinci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçildikdən sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub. Xidmətlərinə görə üç dəfə “Lenin” ordeni, iki “Qırmızı Əmək Bayrağı” ordeni, II dərəcəli “Stalin” mükafatı və bir sıra medallarla təltif olunub. 1971-1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri seçilən Süleyman Rüstəm 1989-cu il iyunun 10-da Bakıda vəfat edib.

 

 

CABİR NOVRUZ

(1933-2002)

 

Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 1933-cü ilin bu günü Xızı rayonunun Upa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumunda təhsil alıb və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və 1957-ci ildə oranı bitirib. 1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub. Əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. 1995-ci ildə isə I çağırış Milli Məclisin deputatı olan Cabir Novruz 2002-ci il dekabrın 12-də vəfat edib.

 

 

MƏHƏMMƏD BAHARLI

(1948-2019)

 

Bu gün həm də nasir, publisist Məhəmməd Əhməd oğlu Baharlının doğum günüdür. O, 1948-ci il martın 12-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1965-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb. 1970-1971-ci illərdə ordu sıralarında xidmət edib. "Azərbaycan məktəbi", "Kənd həyatı", "Gənclik" və "Molodost" jurnalları redaksiyasında şöbə müdiri, məsul katib, "Təhsil" qəzetinin baş redaktoru olub. 1993-cü ildən “Azərbaycan müəllimi” qəzetinin fəaliyyətini bərpa edib və 2002-ci ilədək onun baş redaktoru olub. Dünyasını dəyişənə qədər Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin baş redaktoru vəzifəsində çalışıb. "Dan ulduzu", "Qızıl qələm", "Ustad" və "Araz" mükafatları laureatıdır. "SSRİ Maarif Əlaçısı", "Azərbaycan SSR Qabaqcıl Maarif Xadimi" döş nişanlarına layiq görülüb. Satira yaradıcılığı üzrə bir sıra müsabiqələrin qalibidir. Məhəmməd Baharlı 2019-cu il iyunun 14-də Bakı şəhərində vəfat edib.

 

 

ƏFRAND DAŞDƏMİROV 

(1942-2015)

 

AMEA-nın həqiqi üzvü, fəlsəfə elmləri doktoru, professor Əfrand Firudin oğlu Daş­də­mi­rov 12 mart 1942-ci ildə Bakıda ana­dan ol­ub. Azər­baycan Döv­lət Uni­versitetini bitirib. Ba­kı Ali Partiya Məktəbinin Fəlsəfə kafed­­­ra­sı­nın, AMEA Fəlsəfə İnstitutunda Milli mü­na­sibətlərin nə­zəri prob­lemləri şöbəsinin, Rusiya Xalqları İns­titutunun Milli nəzəri prob­lemləri şöbə­si­nin müdiri, Mosk­vada yaranan Ümu­m­ru­siya Azər­bay­can Konqresinin vitse-pre­zi­den­ti, “Azərbaycan Konq­resi” qəzetinin (rus dilin­də) baş re­dak­to­ru vəzifələrində çalışıb. 10 il­dən çox Azərbaycan SSR Ali Sovetinin de­pu­ta­tı olub. 250-dən artıq elmi əsə­rin müəllifidir. İki dəfə “Qırmızı Əmək Bay­rağı” ordeni ilə təltif edilib. Əfrand Daşdəmirov 2015-ci il aprelin 7-də Bakıda vəfat edib.

 

 

MƏBUD MƏHƏRRƏMOV

(1957)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Məbud Əliəsgər oğlu Məhərrəmov 1957-ci ilin bu günü Bakı şəhərində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Səməd Vurğun adına Rus Dram Teatrında aktyor vəzifəsində işləyir. Teatrın səhnəsində 50-dən çox rol oynayıb, bir çox filmlərdə çəkilib. 2000-ci ildə əməkdar artist, 2006-cı ildə isə xalq artisti fəxri adlarına, eləcə də Prezident Mükafatına və Prezidentin fərdi təqaüdünə layiq görülüb.

 

 

ASƏF ƏSGƏROV 

(1989-2020)

 

Şəhid Asəf İlqar oğlu Əsgərov 1989-cu il martın 12-də Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Asəf Əsgərov oktyabrın 12-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı və "Qarabağ" ordeni ilə təltif edilib.

 

 

RÜFƏT MUSTAFAYEV

(1996-2020)

 

Şəhid Rüfət Zöhrab oğlu Mustafayev 12 mart 1996-cı ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Azərbaycan Texniki Universitetində təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı idarə etdiyi minik avtomobili ilə minaya düşüb və komandiri, polkovnik-leytenant Zaur Cəfərovla birlikdə şəhid olub. Əsgər Rüfət Mustafayev Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ELXAN HÜSEYNOV

(2000-2020)

 

Şəhid Elxan Maarif oğlu Hüseynov 2000-ci ilin bu günü Qaradağ rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib. Xudafərin körpüsünə üçrəngli bayrağımızı sancan qrupun üzvlərindən biri olub. Əsgər Elxan Hüseynov noyabrın 6-da düşmən gülləsinə tuş gələrək yaralanıb, uzun müddət komada qaldıqdan sonra dekabrın 13-də şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ABDULLA ƏHMƏDOV

(2002-2020)

 

Şəhid Abdulla Əhməd oğlu Əhmədov 2002-ci il martın 12-də Sumqayıt şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Abdulla Əhmədov sentyabrın 29-da Talış istiqamətində şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

AYDIN ƏHMƏDLİ

(2002-2020)

 

Şəhid Aydın Mustafa oğlu Əhmədli 12 mart 2002-ci ildə Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Aydın Əhmədli oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub və Zaqatala rayonunun Qandax kəndində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

QAÇAQ NƏBİ

(1854-1896)

 

12 mart Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda qaçaq hərəkatının fəal iştirakçısı Qaçaq Nəbinin anım günüdür. O, 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində Alı kişinin ailəsində dünyaya gəlib. Kəndliləri zülmkarlardan qorumaq üçün müxtəlif kəndlərdən gəlmiş narazı şəxslərdən ibarət dəstə yaradıb, Naxçıvan və Zəngəzur qəzalarında qaçaqlıq edib. Həyat yoldaşı Həcər də onun silahdaşı olub. Çar hökuməti düz 20 il Qaçaq Nəbinin dəstəsini məhv etməyə çalışsa da, məqsədinə nail olmayıb. Sonda 1896-cı ildə martın 12-də xəyanət nəticəsində Qaçaq Nəbi öldürülüb. Şəninə dastanlar qoşulub, nəğmələr və şeirlər yazılıb.

 

 

LƏTİF İMANOV

(1922-1980)

 

Azərbaycanın əməkdar elm xadimi, akademik Lətif Muxtar oğlu İmanov da bu gün xatırlanır. O, 1922-ci il sentyabrın 15-də Şuşa şəhərində ana­dan ol­ub. Azərbaycan Dövlət Uni­versitetinin Fizika fakültə­sində təhsil alıb. Azərbaycan SSR EA-nın Fizika İnstitutunda elmi işçi, böyük elmi işçi və laboratoriya rəhbəri vəzifələrində işləyib. 150-dən çox elmi məqa­lə­nin müəllifidir. Lətif İmanov 1980-ci il martın 12-də Bakıda vəfat edib.

 

 

BƏHRAM ƏSGƏROV

(1933-2014)

 

Azərbaycanın əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Prezident təqaüdçüsü, akademik Bəhram Mehrəli oğlu Əsgərovun xatirə günüdür. O, 1933-cü il oktyabrın 5-də Tovuz rayonunun Əhmədabad kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək AMEA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub. 1962-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 1960-1966-cı illərdə Azərbaycan SSR EA-nın Fizika İnstitutunda elmi işçi olub, 1966-cı ildən Azərbaycan Dövlət Universitetində çalışıb. 1966-1971-ci illərdə universitetin "Molekulyar fizika" kafedrasının dosenti işləyib. 1971-ci ildən ömrünün son gününədək öz təşəbbüsü ilə yaradılmış “Bərk cisimlər fizikası” kafedrasının müdiri, 1994-2004-cü illərdə BDU-nun elmi işlər üzrə prorektoru olub. "Şöhrət" ordeni ilə təltif olunan Bəhram Əsgərov 12 mart 2014-cü ildə Bakıda dünyasını dəyişib.

 

 

ELGİZ KƏRİMOV

(1971-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Elgiz Kərimovun anım günüdür. O, 5 yanvar 1971-ci ildə Bərdə rayonunda anadan olub. 1987-ci ildə orta təhsilini başa vurub, elə həmin il hərbi xidmətə çağırılıb. Erməni işğalçılarının torpaqlarımıza təcavüzü ilə barışa bilməyərək, 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılıb. 1992-ci il martın 12-də mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəlib və burada gedən döyüşdə qəhrəmancasına həlak olub. Ölümündən üç ay sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın