Dünyanın bu günü - 12.04.2020
ÜMUMDÜNYA KOSMONAVTİKA GÜNÜ
(1961)
1. 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq SSRİ vətəndaşı Yuri Qaqarin "Vostok" kosmik gəmisi ilə orbitə çıxıb. Kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib. SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda da bir çox ölkələr tərəfindən bu gün qeyd olunur.
MİRZƏ ƏBÜLQASIM SULTANOV
(1866-1916)
2. Görkəmli Azərbaycan ziyalısı, maarif və teatr xadimi Mirzə Əbülqasım Sultanov 12 aprel 1866-cı ildə Naxçıvanda dünyaya gəlib. Cəlil Məmmədquluzadə ilə eyni vaxtda Naxçıvan şəhərindəki üçsinifli ibtidai məktəbində təhsil alıb. 1882-ci ildə hər ikisi Qori Müəllimlər Seminariyasına daxil olub və üç il eyni sinifdə oxuyub. Lakin xəstəliyi ilə əlaqədar 1885-ci ildə bir il sinifdə qalan Əbülqasım Sultanov seminariyanı 1888-ci ildə bitirərək, Şahtaxtı məktəbinə təyinat alıb və 1896-cı ilədək bu məktəbdə əvvəlcə müəllim, sonra isə müdir vəzifəsində çalışıb. 1896-1908-ci illərdə indiki Cəlilkənddə zemstvo məktəbində müdirlik edib. Naxçıvanda Cəlil Məmmədquluzadənin başçılıq etdiyi maarifçilik hərəkatının fəal iştirakçılarından və Naxçıvan teatrının tamaşalarında əsas rolların, xüsusən qadın rollarının mahir ifaçılarından olub. Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnunun atası, Z. Hacıbəyovun "Əlli yaşında cavan" musiqili komediyasında Qulu rollarını da məharətlə yaradıb. Tələbəlik illərində yazdığı "Ədəbiyyatşünaslıq dəftəri" icmal formalı kiçik dərs vəsaitidir. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirib. Tərtib etdiyi "Ədəbi nümunələr müntəxəbatı"nda XIX-XX əsr şairlərinin əsərləri toplanıb. Ciddi elmi-siyasi əhəmiyyətə malik "İranda qayda-qanun yoxdur" adlı fəlsəfi-publisistik traktatı var. Mirzə Əbülqasım Sultanov 1916-cı ildə İranın Qəzvin şəhərində dünyasını dəyişib.
SEYİD ŞUŞİNSKİ
(1889-1965)
3. Azərbaycanın xalq artisti, görkəmli xanəndə və pedaqoq Seyid Şuşinski 1889-cu ilin bu günü Füzuli rayonunun Horadiz kəndində dünyaya gəlib. Şuşada Mirmöhsün Nəvvabın musiqi məktəbində təhsil alıb. Xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük rolu olub. 1911-ci ildə Tiflisdə verdiyi konsertlərdən sonra bütün Qafqazda məşhurlaşıb. Tiflisdə tamaşaya qoyulan «Leyli və Məcnun» operasında İbn Salam, «O olmasın, bu olsun» komediyasında Sərvər, «Arşın mal alan»da Əsgər rollarını ifa edib. Onun ifasında bir sıra muğamlar Kiyevdə vala yazılıb. Seyid Şuşinski 1919-cu ildən Bakıda yaşayıb, konsertlər verib, teatr tamaşalarında çıxış edib. 1939-1960-cı illərdə Filarmoniyanın və Azərbaycan radiosunun solisti olub. Üzeyir Hacıbəyovun tövsiyəsi ilə pedaqoji fəaliyyətlə məşğul olub, Asəf Zeynallı adına musiqi məktəbində dərs deyib. Müğənnilərdən Həqiqət Rzayeva, Yavər Kələntərli, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, İslam Rzayev və başqaları onun yetirmələridir. 1965-ci il noyabrın 1-də vəfat edən Seyid Şuşinski Fəxri Xiyabanda dəfn olunub.
MƏMMƏDHÜSEYN TƏHMASİB
(1907-1982)
4. 12 aprel eyni zamanda Azərbaycan yazıçısı, ədəbiyyatşünas, folklorşünas, dramaturq, ssenari müəllifi və tərcüməçi Məmmədhüseyn Abbasqulu oğlu Təhmasibin doğum günüdür. O, 1907-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı pedaqoji texnikumunu bitirdikdən sonra 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik edib. Təhsilini Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində davam edib. 1933-1936-cı illərdə Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində metodist, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim, dosent, Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda xalq yaradıcılığı şöbəsinin əməkdaşı, şöbə müdiri işləyib. Ədəbi yaradıcılığa 1934-cü ildən başlayıb. "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" ssenariləri əsasında eyni adlı filmlər çəkilib. "Bahar", "Aslan yatağı", və s. pyes-nağılları respublikanın teatr səhnələrində tamaşaya qoyulub. 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, 1977-ci ildə "Əmək veteranı" və digər medallarla təltif olunub. Məhəmmədhüseyn Təhmasib 1982-ci il oktyabrın 5-də Bakıda vəfat edib.
MƏMMƏDAĞA DADAŞOV
(1912-1996)
5. Azərbaycanın əməkdar artisti, Gənc Tamaşaçılar Teatrının yaradıcılarından olan aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov 12 aprel 1912-ci ildə Bakıda doğulub. Səhnəyə ilk dəfə 14 yaşında, oxuduğu məktəbdə çıxıb. 40 saylı pioner dəstəsinin dram dərnəyinə üzv olub. Gənc Tamaşaçılar Teatrı məhz həmin dərnəyin bazası əsasında yaranıb və truppanın ilk aktyorları sırasında Məmmədağa Dadaşov da olub. Ömrünün sonuna qədər səhnədən və bu kollektivdən ayrılmayıb. Komediya, faciə, dram əsərlərində və nağıl-tamaşalarda müxtəlif səciyyəli rollar oynamaqla öz aktyorluq bacarıq və qabiliyyətini daha ifadəli şəkildə göstərə bilib. Məmmədağa Dadaşov 3 dekabr 1996-cı ildə Bakıda vəfat edib. O, əməkdar artist Kübra Dadaşovanın və əməkdar mədəniyyət işçisi Rauf Dadaşovun atasıdır.
İSA MUĞANNA
(1928-2014)
6. Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor İsa Mustafa oğlu Hüseynov (İsa Muğanna) 1928-ci ilin bu günü Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olsa da, 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb. "Anadil oxuyan yerdə" adlı ilk yazısı 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr edilib. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. “Azərnəşr”də Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" qəzetində şöbə müdiri, "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, redaktor, ssenari şurasının üzvü, Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb. Ssenariləri əsasında filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub. İsa Muğanna 2014-cü il aprelin 1-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
ŞAHMALI KÜRDOĞLU
(1930-1992)
7. Azərbaycanın tanınmış xanəndələrindən biri Şahmalı Mirzəqulu oğlu Hacıyev (Şahmalı Kürdoğlu) 1930-cu ilin bu günü Ağdam Qiyaslı kəndində anadan olub. Ağdam Pedaqoji İnstitutunu (indiki Şuşa Pedaqoji Texnikumu), Aşqabad Universitetinin hüquq fakültəsini, Asəf Zeynallı adına musiqi texnikumunu, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib və öz dövrünün vətənpərvər ziyalılarından olaraq Azərbaycan muğamının inkişafında əvəzsiz xidmətlər göstərib. Şahmalı Kürdoğlu 6 noyabr 1992-ci ildə Ağdamdakı evinin həyətinə mərmi düşməsi nəticəsində şəhid olub.
NODAR ŞAŞIQOĞLU
(1927-2013)
8. Azərbaycan və Rusiyanın xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun anım günüdür. Nodar Şaşıq oğlu İzzətoviç 13 mart 1927-ci ildə Batumi şəhərində anadan olub. Milliyyətcə acar olan aktyor 1950-ci ildə Moskva Teatr Məktəbini bitirib. Leninqrad Akademik Dram Teatrında işləyib. 2003-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Onun kino yaradıcılığı daha çox Azərbaycanla bağlıdır. "Uzaq sahillərdə" filmində Mehdi Hüseynzadə, "Əsl dost"da Fərman, "Səhər"də Əzizbəyov, "Matteo Falkone" qısametrajlı kinodramında Matteo Falkone, "Leyli və Məcnun"da Məcnun, "Bizim küçə"də yenə Mixaylo, "Telefonçu qız"da Zakir obrazlarını canlandırıb. 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunan Nodar Şaşıqoğlu 12 aprel 2013-cü ildə dünyasını dəyişib və ikinci Fəxri Xiyabanda dəfn olunub.
MİXAİL SLESARYOV
(1955-2014)
9. Azərbaycanın Milli Qəhrəmanı Mixail Aleksandroviç Slesaryovun xatirə günüdür. O, 8 may 1955-ci ildə Rusiyanın Smolensk şəhərində doğulub. 1970-ci ildə 4 saylı məktəbi bitirib. 1971-ci ildə traktorçu işləməyə başlayıb. 1975-1977-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Tiflis Gizirlər Məktəbinə daxil olub. 7 yanvar 1999-cu il Qobustan həbsxanasında məhbusların qiyamının yatırılmasında şücaət göstərib. Azərbaycan Prezidentinin 12 yanvar 1999-cu il tarixli fərmanı ilə Mixail Slesaryova "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Ədliyyə Nazirliyinin "N" saylı hərbi hissəsində tağım komandiri vəzifəsində çalışan Mixail Slesaryov 2014-cü ildə vəfat edib.