Dünyanın bu günü - 12.05.2021

SƏİD RÜSTƏMOV

(1907-1983)

Azərbaycanın xalq artisti, bəstəkar, dirijor, pedaqoq Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvanda anadan olub. Müəllimlər Seminariyasında, musiqi məktəbinin xalq çalğı alətləri şöbəsində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Müxtəlif illərdə müəllim, respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifələrində çalışıb. Musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri olub, eyni zamanda "Tar məktəbi" adlı ilk dərs vəsaitini yazıb. Bir sıra populyar və sevilən mahnıların, “Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” kimi müasir mövzuda yazılmış ilk musiqili komediyaların müəllifidir, 20-yə yaxın tamaşaya musiqi yazıb. SSRİ Dövlət Mükafatı, bir sıra orden və medallarla təltif olunan Səid Rüstəmov 1983-cü il iyunun 10-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Televiziyasının Xalq Çalğı Alətləri Orkestri onun adını daşıyır.

 

VALİD SƏNANİ

(1935-2011)

Əməkdar jurnalist, Azərbaycanın ilk futbol şərhçisi Valid Sənani 1935-ci il mayın bu günü İçərişəhərdə məşhur aktyor Möhsün Sənaninin ailəsində anadan olub. 1952-ci ildə 7 saylı orta məktəbi bitirib və Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsinə daxil olub. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 1958-ci ildən 1967-ci ilədək radionun “Xəbərlər” baş redaksiyasında redaktor, böyük redaktor, baş redaktorun müavini, 1967-1991-ci illərdə baş redaktor, proqram baş redaksiyasının direktoru vəzifələrində işləyib. 1998-2001-ci illərdə AzTV-nin “Səhər” redaksiyasında redaktor, 2001-2005-ci illərdə “Lider” televiziyasında dublyaj redaktoru, 2005-ci ilin may ayından ömrünün sonunadək “Space” televiziyasında redaktor işləyib. Valid Sənani 23 yanvar 2011-ci ildə Bakıda vəfat edib.

 

AYAZ MÜTƏLLİBOV

(1938)

Sovet Azərbaycanının sonuncu - 14-cü rəhbəri, müstəqil Azərbaycanın 1-ci prezidenti Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1959-cu ildə Bakı Soyuducular Zavodunda işə düzəlib və 19 il burada çalışıb, 26 yaşında bu zavodun direktoru olub. "Bakelektromaş" istehsalat birliyinin müdiri, Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi, yerli sənaye naziri, Dövlət Plan Komitəsinin sədri, Nazirlər Sovetinin sədr müavini və sədri, Azərbaycan SSR KP MK-nın birinci katibi vəzifələrində çalışıb. O, 1990-cı il mayın 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən, 1991-ci il sentyabrın 8-də isə ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci ildə Xocalı soyqırımından sonra müxalifət tərəfindən martın 6-da istefa verməyə məcbur edilib. Mayın 14-də vəzifəsinə qayıtmaq cəhdi uğursuz alınan Ayaz Mütəllibov uzun illər Moskvada yaşayıb. 2012-ci ildə siyasətdən getdiyini bəyan edən sabiq prezident 2014-cü ildə Azərbaycana qayıdıb.

AZƏR MİRZƏYEV

(1952-2014)

Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru Azər Əlibala oğlu Mirzəyev 1952-ci il mayın 12-də Zərdab rayonunda müəllim ailəsində doğulub. Atasının işi ilə əlaqədar olaraq ailəsi ilə Sabirabad rayonuna köçüb və orta məktəbi burada başa vurub. 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasında, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1974-cü ildə ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib və bu teatrın səhnəsində unudulmaz obrazlar yaradıb. “Qeybdən gələn səs”, “Böyük ömrün davamı”, “Sübhün səfiri” və başqa filmlərdə rol alıb. Azər Mirzəyev 19 iyul 2014-cü ildə Bakıda vəfat edib və Sabirabad rayonunda dəfn edilib.

NOVRUZ NOVRUZLU

(1960-2018)

Müğənni, aktyor Novruz Novruzlu 12 may 1960-cı ildə Ordubadda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb. İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib, “Qüdsi” filmində çıxış edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib, Akademik Opera və Balet Teatrının solisti, "Savalan" qrupunun yaradıcısı və bədii rəhbəri olub. Novruz Novruzlu 20 noyabr 2018-ci ildə dünyasını dəyişib və Xırdalan qəbiristanlığında dəfn olunub.

 

ANAR NOVRUZOV

(1976-2020)

 

Şəhid Anar Gülverdi oğlu Novruzov 1976-cı ilin bu günü Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Birinci Qarabağ müharibəsində iştirak edib. 1999-cu ildən Azərbaycan Ordusunda zabit kimi xidmətə başlayıb. Kəşfiyyatçı zabit kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. "Akula" ləqəbli mayor Anar Novruzov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribat cəhdinin qarşısını alarkən şəhid olub və doğulduğu Ərkivan qəsəbəsində dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

 

 

ELBURUS YUSİFOV 

(1985-2020)

 

Şəhid Elburus Şəmsi oğlu Yusifov 1985-ci il mayın 12-də Tovuz rayonunun Ağdam kəndində anadan olub. 2003-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci ilin 12-15 iyulunda baş verən Tovuz döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Elburus Yusifov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət sonra tapılan nəşi dekabrın 21-də doğulduğu kənddə, Tovuz döyüşləri zamanı şəhid olan xalası oğlu Elşad Məmmədovun yanında torpağa tapşırılıb.

 

 

MURAD GÖZƏLOV

(1995-2020)

 

Şəhid Murad Zabil oğlu Gözəlov 12 may 1995-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Bakı Neft-Energetika Kollecini bitirib. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub. Sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak edib. Əsgər Murad Gözəlov oktyabrın 30-da Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub və Neftçala rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SALAM SALAMZADƏ

      (1908-1997)

 

Azərbaycanın xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadənin xatirə günüdür. O, 7 mart 1908-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu və Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Yaradıcılığının erkən dövründə əsasən tematik tablolar çəkib, sonralar portret ustası kimi məşhurlaşıb. Azərbaycan təbiəti və məişət səhnələri təsvir olunan tematik tabloların, portret və mənzərələrin müəllifidir. Onun "Nəriman Nərimanov", "Günəş altında", "Suya gedən qadınlar", "Çay plantasiyası" və başqa əsərləri məşhurdur. “Şərəf nişanı” ordeni və medallarla təltif edilən Salam Salamzadə 1997-ci il mayın 12-də Bakı şəhərində vəfat edib.

 

SARA QƏDİMOVA

(1922-2005)

Azərbaycanın xalq artisti, xanəndə Sara Bəbiş qızı Qədimovanın anım günüdür. O, 1922-ci il mayın 31-də Bakıda anadan olub. Əmək fəaliyyətinə 1941-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayıb. Nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib. Sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. 1957-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edib, adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah", "Qarabağ şikəstəsi" muğamları dillər əzbəridir. "Şərəf Nişanı" və "Şöhrət" ordenləri ilə təltif edilən Sara Qədimova 12 may 2005-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, müğənni Akif İslamzadənin anası, xanəndə Hacıbaba Hüseynovun baldızıdır.

 

VAQİF İBRAHİMOĞLU

(1949-2011)

Azərbaycanın əməkdar incəsənət xadimi, teatr rejissoru Vaqif İbrahimoğlunun xatirə günüdür. O, 1949-cu il oktyabrın 18-də Mərdəkanda dünyaya gəlib. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında çalışıb. Sonralar Tədris Teatrında bədii rəhbər və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor kimi vəzifələrdə işləyib. 1989-cu ildə YUĞ Teatrını yaradıb və ömrünün sonunadək oranın bədii rəhbəri olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dosenti olub. «Qızıl Dərviş» mükafatı və Prezident mükafatına layiq görülən Vaqif İbrahimoğlu 2011-ci ilin mayında dünyasını dəyişib.

ELDAR HƏSƏNOV

(1965-1994)

Azərbaycanın Milli Qəhrəmanı Eldar İsfəndiyar oğlu Həsənovun anım günüdür. O, 26 dekabr 1965-ci ildə Cəlilabad rayonunda anadan olub. 1983-cü ildə kənd orta məktəbini bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra Cəlilabad rayonunda sürücü işləyib. 1990-cı ildə Xüsusi Təyinatlı Milis Dəstəsinə yazılıb və torpaqlarımızın müdafiəsində misilsiz şücaətlər göstərib. 1994-cü ilin yanvar ayında Füzuli cəbhəsində düşmənin bir neçə zirehli texnikasını, onlarla canlı qüvvəsini məhv edib. Eldar Həsənov 1994-cü il mayın 12-də Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə həlak olub və Cəlilabad rayonunun Lallar kəndində dəfn edilib.

 

RAHİL ƏRƏBLİ

(1996-2016)

Şəhid Rahil Rafiq oğlu Ərəblinin xatirə günüdür. O, 1996-cı ildə Şirvan şəhərinin Hacı Qəhrəmanlı kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 2016-cı il mayın 12-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və Şirvan şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Əsgər Rahil Ərəbli ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

CABBAR FAİQOV

(1963-1994)

 

Şəhid Cabbar Cavad oğlu Faiqov da bu gün xatırlanır. O, 1963-cü il aprelin 20-də Saatlı rayonunun Varxankənd kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib və Saatlı rayonunun Məmmədabad kənd xəstəxanasına baş həkim təyin olunub. 1988-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda azadlıq hərəkatının öncüllərindən olub. 1989-cu ildə Fərqanə hadisələrindən sonra Özbəkistandan Azərbaycana pənah gətirən Ahıska türklərinin regionlarda yerləşdirilməsində çox böyük əməyi olub. 1993-cü ilin noyabr ayında könüllü olaraq hərbi xidmətə yollanıb, Tərtər, Ağdam və Ağdərə istiqamətində hərbi həkim kimi xidmət edib. Tibb xidməti leytenantı Cabbar Faiqov 1994-cü ilin mayın 12-də - Qarabağda atəşkəs sazişinin imzalandığı gün düşmən mühasirəsinə düşərək şəhid olub. Ölümündən 17 il sonra - 2011-ci il iyunun 25-də “Vətən uğrunda” medalına və tibb xidməti baş leytenantı rütbəsinə layiq görülüb.

Müəllif | Apa.Tv
Apa.tv