00:01 12 iyun 2021 457
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 12.06.2021

ƏBDÜRRƏHMAN BƏY FƏTƏLİBƏYLİ-DÜDƏNGİNSKİ

(1908-1954)

 

İkinci Dünya müharibəsində Azərbaycan legionunun başçısı, “Abo” ləqəbli Əb­­dür­­rəh­­man bəy Əli bəy oğlu Fə­­tə­­li­­bəyli-Dü­­dən­­gins­­ki 1908-ci il iyunun 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində anadan olub. Tiflisdəki hərbi-piyada məktəbində, Moskvada Hərbi Akademiyada təhsil alıb, Azərbaycan diviziyasında xidmət edib. Bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi olub. 1939-cu ildə Finlandiya müharibəsində iştirak edib, "Qırmızı Ulduz" ordeni ilə təltif edilib. 1940-cı ildə Sovet Ordu hissələri Baltikyanı respublikaları işğal etdikdən sonra Riqada yerləşən hərbi qərargaha göndərilib, orada almanlara əsir düşüb. Əsirlikdə olduğu müddətdə azərbaycanlı hərbi əsirlərdən ibarət milli legion yaradaraq ona başçılıq edib. Müharibədən sonra "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının, eyni zamanda Ceyhun Hacıbəyli ilə birlikdə "Azərbaycan" jurnalının baş redaktoru olub. ABŞ və Qərb dövlətləri ilə ciddi əlaqələr qurub, Azərbaycanın müstəqilliyi uğrunda böyük mübarizə aparıb. Anti-sovet fəaliyyətinə görə DTK-nın sifarişi ilə dostu Mikayıl İsmayılov tərəfindən 20 noyabr 1954-cü ildə Münhendə qətlə yetirilib. Əb­­dür­­rəh­­man bəy Fə­­tə­­li­­bəyli-Dü­­dən­­gins­­kinin cənazəsi dekabrın 5-də Nyu-Uimdəki qəbiristanlıqda – avtomobil qəzasında həlak olmuş qardaşı Seyfulla bəy Fətəlibəylinin yanında dəfn olunub.

 

 

İSA MUĞANNA

(1928-2014)

 

Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor İsa Mustafa oğlu Hüseynov 1928-ci ilin bu günü Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olsa da, dörd ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb. "Anadil oxuyan yerdə" adlı ilk yazısı 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr edilib. 1952-ci ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. “Azərnəşr”də Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" qəzetində şöbə müdiri, "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, redaktor, ssenari şurasının üzvü, Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb. Ssenariləri əsasında filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub. İsa Muğanna 2014-cü il aprelin 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

HACIBABA BAĞIROV

(1932-2006)

 

Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Hacıbaba Ağarza oğlu Bağırov 12 iyun 1932-ci ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib çıxarıb. 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib. 1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib. 1960-cı ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub və 26 il burada çalışıb. 1989-cu ildən 1996-cı ilə qədər yaratdığı Tənqid-Təbliğ Teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru və bədii rəhbəri olub. Teatrla yanaşı, kinoda bir sıra yaddaqalan obrazlar yaradıb. “Şöhrət” ordeni ilə təltif edilən Hacıbaba Bağırov 4 oktyabr 2006-cı ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

OQTAY MİRQASIMOV

(1943)

 

Azərbaycanın xalq artisti, kinorejissor, ssenarist Oqtay Mirəsədulla oğlu Mirqasımov 1943-cü ilin bu günü Bakıda ziyalı ailəsində anadan olub. 1963-1968-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Bakıya qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında, daha sonra "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Cəfər Cabbarlı mükafatı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı və "Şərəf" ordeni ilə təltif edilib. Oqtay Mirqasımov AMEA-nın ilk prezidenti, tibb elmləri doktoru Mirəsədulla Mirqasımovun oğlu, xalq rəssamı, görkəmli heykəltəraş Mirələsgər Mirqasımovun və AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Rüfət Mirqasımovun qardaşı, Azərbaycanın xalq artisti, aktrisa Ayan Mirqasımovanın atasıdır.

 

 

XANLAR ƏHMƏDOV

(1946)

 

Azərbaycanın xalq rəssamı, heykəltəraş Xanlar Əhməd oğlu Əhmədov 1946-cı il iyunun 12-də Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda, Daşkənd Bədii Teatr İnstitutunda təhsil alıb. Əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə nümayiş etdirilib. Xalq şairi Məmməd Arazın qəbirüstü abidəsinin, Bakı Metropoliteninin “Dərnəgül” və “Azadlıq prospekti” metro stansiyalarında böyük həcmli relyef əsərlərinin müəllifi olan Xanlar Əhmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənət” kafedrasında müəllim vəzifəsində çalışır. Milli “Humay” mükafatı ilə təltif edilib. Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin qalibi olub.

 

 

LEYLA ŞIXLİNSKAYA

(1947)

 

Azərbaycanın xalq artisti, aktrisa, baletmeyster, xoreoqraf və pedaqoq, sənətşünaslıq elmləri doktoru Leyla Fərrux qızı Şıxlinskaya 12 iyun 1947-ci ildə Moskvada doğulub. Balet məktəbini, daha sonra Rusiya Teatr Sənəti İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib, uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Azərbaycan xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifi olan Leyla Şıxlinskaya “Arşın mal alan”, “Dədə Qorqud”, “Gün keçdi”, “Qəm pəncərəsi” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. 1999-cu ildə Azərbaycanda ilk özəl klinikalardan biri olan “Leyla Şıxlinskayanın Klinikası”nı yaradıb.

 

 

YEVDA ABRAMOV

(1948-2019)

 

Azərbaycanın ictimai-siyasi xadimi Yevda Sasunoviç Abramov 1948-ci ilin bu günü Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirib və Quba rayonunun İspik kəndində pedaqoji fəaliyyətlə məşğul olub. 6 noyabr 2005-ci ildə Yeni Azərbaycan Partiyasının namizədi kimi Quba-Qusar seçki dairəsindən deputat seçilib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilən Yevda Abramov 2019-cu il dekabrın 6-da Bakıda dünyasını dəyişib və Qırmızı Qəsəbədə dəfn olunub.

 

 

QURBAN İSMAYILOV

(1960)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Qurban İbrahim oğlu İsmayılov 1960-cı ilin 12 iyununda Ağcabədi rayonunda doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. “Nəsimi” folklor teatrında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında işləyib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir sıra film və tamaşalarda yaddaqalan obrazlar yaradıb. Bir neçə dəfə Prezident Mükafatına və "Humay" Milli Mükafatına layiq görülüb.

 

 

İLHAM ALLAHVERDİYEV

(1962-1990)

 

20 Yanvar şəhidi İlham Əjdər oğlu Allahverdiyev 12 iyun 1962-ci ildə Ağdam rayonunda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Bakı Texniki Texnikumunu bitirib. 1980-82-ci illərdə Latviyada hərbi xidmət keçib. Ağdamda zavodda, Bakıdakı Gəmi təmiri zavodunda tokar işləyib. İlham Allahverdiyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun əsgərləri tərəfindən güllələnib. Xəstəxanaya çatdırılsa da, əməliyyatdan sonra vəfat edib. Bunu öyrənən həyat yoldaşı Fərizə Allahverdiyeva sirkə içərək intihar edib. Hər ikisi yanvarın 22-də Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

ELNUR HACIYEV 

(1979-2020)

 

Şəhid Elnur Yaqub oğlu Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində ali hərbi təhsil alıb. 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Mayor Elnur Hacıyev oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub və Ucar Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

RUSLAN TAĞIYEV 

(1982-2020)

 

Şəhid Ruslan Fuad oğlu Tağıyev 1982-ci ilin bu günü İsmayıllı rayon Qubaxəlilli kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəb bitirib. 2004-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2019-cu ildə Çinin Pekin şəhərində hərbi təhsilini davam etdirib. Son iş yeri Müdafiə Nazirliyi olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Polkovnik-leytenant Ruslan Tağıyev noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub və II Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

XƏQANİ ƏLİYEV

(1990-2020)

 

Şəhid Xəqani Füzuli oğlu Əliyev 12 iyun 1990-cı ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. 10 saylı Sumqayıt şəhər Peşə Liseyində təhsil alıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2015-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Xəqani Əliyev oktyabrın 28-də Ağdərə istiqamətində şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ELSEVƏR PİRİYEV

(1995-2020)

 

Şəhid Elsevər Mahir oğlu Piriyev  1995-ci il iyunun 12-də Ağcabədi rayonunun Arazbar kəndində anadan olub. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Elsevər Piriyev oktyabrın 16-da Hadrut döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ƏLİZAMAN İSLAMOV

(1997-2016)

 

Şəhid Əlizaman Fərrux oğlu İslamov 1997-ci ilin bu günü Bakıda Zabrat qəsəbəsində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı il aprelin 2-də Tərtər rayonunun Talış kəndi istiqamətində erməni təxribatının qarşısını alarkən şəhid olub və Lənkəranın Cil kəndində dəfn olunub. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

 

NAYİB QASIMOV

(1997-2020)

 

Şəhid Nayib Akif oğlu Qasımov 12 iyun 1997-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin Tovuz döyüşlərində və sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Nayib Qasımov oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub və Masallı rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

 

 

KƏRİM ƏHMƏDƏLİYEV

(1998-2020)

 

Şəhid Kərim Rövşən oğlu Əhmədəliyev 1998-ci il iyunun 12-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Texnologiya Universitetində təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Kərim Əhmədəliyev oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

NİHAT SEYİDOV

(1998-2020)

 

Şəhid Nihat Mehman oğlu Seyidov 1998-ci ilin bu günü Culfa rayonunun Teyvaz kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Nihat Seyidov oktyabrın 15-də Suqovuşan döyüşləri zamanı şəhid olub və Naxçıvan Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

 

 

KAMİL ATAKİŞİYEV

(2000-2020)

 

Şəhid  Kamil Araz oğlu Atakişiyev 12 iyun 2000-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2018-2020-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kamil Atakişiyev noyabrın 5-də Laçın dəhlizində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

NURLAN ABDALOV

(2000-2020)

 

Şəhid Nurlan Faiq oğlu Abdalov 2000-ci il iyunun 12-də Sumqayıt şəhərində anadan olub. 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Nurlan Abdalov noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilib.

 

 

ƏBDÜLHƏMİD BƏY QAYTABAŞI

          (1884-1920)

 

Cümhuriyyət Ordusunun general-mayoru Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşın xatirə günüdür. O,  8 fevral 1884-cü ildə Tiflis quberniyasında doğulub. 1908-ci ildə Pavlosk Hərbi Məktəbini bitirib. Təhsilini bitirdikdən sonra Şamaxıda yerləşən Yelizavetpol korpusuna 261-ci Piyada Alayının leytenantı kimi təyinat alıb. I Dünya Müharibəsi başlanan zaman Qafqaz Korpusunun 52-ci Hərbi birləşməsinin 205-ci piyada bölüyünün komandanı kimi müharibədə iştirak edib. Döyüşlərdə göstərdiyi üstün rəşadətə görə IV dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif edilib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1919-cu il 25 iyun tarixli qərarı ilə general-mayor rütbəsinə layiq görülüb. 1920-ci il martın 1-dən fəaliyyətə başlayan Azərbaycan Ordusunun Baş Qərargahında növbətçi generalın idarəsinə rəhbərlik edib. Aprel işğalından sonra qısa müddətə Azərbaycan SSR-in Baş Qərargah rəisi vəzifəsini icra edib. Əbdülhəmid bəy Qaytabaşı 1920-ci il iyunun 12-də Gəncə üsyanında əli olmasında ittiham edilərək güllələnib.

 

 

AĞABƏY SULTANOV

(1936-2007)

 

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor “Şöhrət” ordenli Ağabəy (Hacıağa) Haşım oğlu Sultanovun anım günüdür. O, 1936-cı il fevralın 22-də Bakı şəhərində anadan olub. 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olub. Əmək fəaliyyətinə 1960-cı ildə 1 №-li Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlayıb. 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında müxtəlif vəzifələrdə işləyib, 1990-cı ildən isə kafedranın müdiri olub. Psixiatriyanın müxtəlif problemlərinə həsr edilmiş 4 dərslik və monoqrafiyanın, 300-dək elmi məqalənin müəllifi olan Ağabəy Sultanov 2007-ci il iyunun 12-də vəfat edib.

 

 

MAİLƏ MURADXANLI

(1940-2010)

 

Azərbaycanın əməkdar jurnalisti, tərcüməçi, dramaturq, publisist Mailə Balabəy qızı Muradxanlı da bu gün xatırlanır. O, 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olub. 1946-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirdikdən sonra 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsində təhsil alıb. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlayıb. Sonralar ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir, ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləyib. 1994-cü ildən AzTV-də ədəbi dram verilişləri baş redaksiyasında baş redaktor olub. ömrünün son illərində ANS televiziyasında çalışıb. Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olub. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı ilə təltif edilən Mailə Muradxanlı 12 iyun 2010-cu ildə vəfat edib. O, aktyor-rejissor Elxan Cəfərovun və jurnalist Lalə Cəfərovanın anasıdır.

 

 

ALLAHVERDİ BAĞIROV

(1946-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi Allahverdi Teymur oğlu Bağırovun xatirə günüdür. O, 1946-cı il aprelin 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. gənclik illərində Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş SSRİ birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük rolu olub. 1991-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. 1992-ci ilin yanvarında komandirlik etdiyi tabor Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvə və texnikasını darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəklikləri tutub, Kətük kəndi ilə üzbəüz mövqe qurub. Bu uğurlu əməliyyata görə "General Məhəmməd Əsədov" mükafatına layiq görülüb. Xocalı soyqırımından sonra 1003 əsiri ermənilərin əlindən xilas edib. 1992-ci il iyunun 12-də Aranzəmin kəndi uğrunda döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb. Həmin gün Naxçıvanikdən geri qayıdarkən içində olduğu avtomobil minaya düşüb, nəticədə Allahverdi Bağırov həlak olub. Azərbaycan Prezidentinin 24 fevral 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

 

 

İNQİLAB İSMAYILOV

(1962-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı İnqilab Ələkbər oğlu İsmayılovun anım günüdür. O, 24 fevral 1962-ci ildə Xocalıda anadan olub. Orta məktəbi 1979-cu ildə bitirib. 1981-ci ildə ordu sıralarına çağırılıb və Daxili Qoşunlarda xidmətə başlayıb. Hərbi xidmətdə olduğu vaxtda Xarkov şəhərində gizirlik məktəbini bitirib. 1984-cü ildə doğma Xocalıya qayıdıb və sovxozda traktorçu işləyib. 1990-cı ildə Xocalı Rayon Polis Şöbəsində xidmətə başlayıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda yoldaşları ilə birlikdə vuruşa-vuruşa sağ qalmış insanların bir hissəsini düşmən mühasirəsindən çıxara bilib. İnqilab İsmayılov 12 iyun 1992-ci ildə Daşbaşı yüksəkliyinin müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

 

CAVANŞİR BALAYEV

(1958-1992)

 

Şəhid Cavanşir Musa oğlu Balayevin xatirə günüdür. 1958-ci il fevralın 25-də Şamaxı şəhərində anadan olub. 1991-ci ildə hərbi xidmətə yollanıb və Naxçıvanik, Tap Qaraqoyunlu, Gülablı qəsəbələri və Xocalı şəhərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Cavanşir Balayev 1992-ci il iyunun 12-də Ağdam rayonu istiqamətində baş tutan Qaraqaya əməliyyatında şəhid olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın