Dünyanın bu günü - 12.07.2020
MİRZƏ FƏTƏLİ AXUNDOV
(1812-1878)
1. Azərbaycan dramaturgiyasının banisi, yazıçı-dramaturq, filosof, ictimai xadim Mirzə Fətəli Axundovun 1812-ci il iyulun 12-də Şəkidə anadan olub. 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparıb. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənib. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitməyib, həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərib. Dövrünün müasir elmləri ilə maraqlanraq 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olub və bir il burada təhsil alıb. 1834-cü ildə Tiflisə gedərək, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilib.
M.F.Axundov bədii yaradıcılığına şeirlə başlayıb və “Səbuhi” təxəllüsü ilə şeirlər yazıb. Klassik Şərq şeiri ənənələri əsasında fars dilində yazdığı ilk şeiri “Zəmanədən şikayət” adlanır. Onu bir şair kimi geniş oxucu kütləsinə tanıdan 1837-ci ildə fars dilində yazdığı “Puşkinin ölümünə Şərq poeması” olub. Həmin əsəri özü rus dilinə tərcümə edib. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət verib, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirib. Eyni zamanda Şərqdə ilk dəfə dram janrında əsərlər yaradıb. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilib. 1842-ci ildə Axund Hacı Ələsgərin qızı Tubu xanımla ailə quran Mirzə Fətəlinin bu izdivacdan 13 övladı olub ki, onlardan da yalnız ikisi - oğlu Rəşid bəy və qızı Nisə xanım uzun müddət yaşayıb, qalanları isə erkən yaşlarında ölüb. Görkəmli dramaturq 1878-ci il martın 10-da vəfat edib və Tiflisdə dəfn olunub.
RUHƏNGİZ QASIMOVA
(1940)
2. Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Nağı qızı Qasımova 12 iyul 1940-cı ildə Bakıda anadan olub. Uzun müddət “Azərbaycanfilm”in istehsal etdiyi bir çox filmlərin səs rejissoru olub, filmlərə musiqi bəstələyib. Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan" və "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabının müəllifi, çoxsaylı mahnıların bəstəkarıdır. Musiqi əsərləri arasında “Quyu” tamaşasına musiqi, "Qızıl oğlan" musiqili nağıl xüsusi yer tutur. Ruhəngiz Qasımova 2019-cu ildə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.
RAQUF ORUCOV
(1972-2016)
3. Şəhid polkovnik-leytenant Raquf İbrahim oğlu Orucov 1972-ci ilin bu günü Ağdam rayonunun Cinli kəndində anadan olub. Sovet Ordusunda hərbi xidmətini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və torpaqlarımızın müdafiəsi uğrunda silaha sarılıb. Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində təhsil alıb. 1993-cü il iyunun 12-də anası Raya Rəhimova düşmən gülləsindən həlak olub. 1996-cı ildə Murovdakı “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri təyin olunub. Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri olub. Məhz bu igidliklərinə görə “Murov qartalı” ləqəbi ilə tanınıb. Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Sonradan Ağstafa, Tovuz, Beyləqan, Füzuli və Ağdam istiqamətlərində yerləşən hərbi hissələrin rəhbərliyində təmsil olunub. Raquf Orucov 2016-cı aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və aprelin 5-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. O, Azərbaycan Silahlı Qüvvələrinin aprel döyüşlərində şəhid olan yeganə briqada komandiridir. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
SEYMUR BAXIŞOV
(1987-2016)
4. Şəhid Seymur Qulamhüseyn oğlu Baxışov 12 iyul 1987-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbi bitirdikdən sonra müddətli hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra orduda qalmağa qərar verib. Kiçik gizir Seymur Baxışov 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub və Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
SƏRXAN BAYRAMOV
(1993-2016)
5. Şəhid Sərxan Oqtay oğlu Bayramov 1993-cü il iyulun 12-də Zaqatala şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Əsgər Sərxan Bayramov 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 19-da onun meyiti təmas xəttindən götürülüb, aprelin 20-də isə doğulduğu Zaqatala şəhərində dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
MƏLALƏ YUSƏFZAY
(1997)
6. Dünyanın ən gənc Nobel mükafatı laureatı, puştun əsilli feminist yazıçı və aktivist Məlalə Yusəfzay 12 iyul 1997-ci ildə Pakistanın Kiber Partunxva əyalətinin Minqora qəsəbəsində doğulub. Oksford Universitetində təhsil alıb. 2009-cu ildə hələ 11 yaşında ikən Taliban rejiminin nəzarəti altında olan bölgədəki vəhşiliklər barədə BBC üçün yazmağa başladığı bloq sayəsində məşhurlaşıb. Qısa müddətdə tanınaraq aktivist Desmond Tutu tərəfindən Beynəlxalq Uşaqların Sülh Mükafatı ilə təltif olunub. 9 oktyabr 2012-ci ildə Svat rayonunda avtobusda iki qızla birlikdə talibançı tərəfindən güllələnib. Sağaldıqdan sonra Birminhem şəhərinə köçərək, Məlalə Fondunu yaradıb və 2013-cü ildə beynəlxalq bestseller olan "Mən Məlaləyəm" kitabının həmmüəllifi olub. Pakistanın Milli Gənclik Sülh mükafatına və Saxarov Mükafatına layiq görülüb. Məlalə Yusəfzay 2014-cü ildə 17 yaşında ikən Nobel Sülh Mükafatına layiq görülən ən gənc laureat olaraq tarixə düşüb. BMT-nin Baş katibi Pan Gi Mun 12 iyul tarixini “Məlalə Günü” elan edib.
MİRZƏ ƏLƏKBƏR SABİR
(1862-1911)
7. Azərbaycanın görkəmli satirik şairi, ictimai xadim, filosof və müəllim Mirzə Ələkbər Sabirin anım günüdür. Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. Əvvəlcə mollaxanada oxuyub, 12 yaşından isə təhsilini məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbdə davam etdirib. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalının ən fəal müəlliflərindən biri olub və 36 gizli imza ilə çıxış edib. “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin”, “Gəl, gəl, a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və başqa populyar şeirlərin müəllifidir. Seçilmiş əsərləri ölümündən sonra Abbas Səhhət tərəfindən “Hophopnamə” adı ilə dərc olunub ki, bu da onun gizli “Hophop” imzası ilə əlaqədardır. Mirzə Ələkbər Sabir 1911-ci ilin iyulunda vəfat edib və Şamaxıdakı “Yeddi günbəz” qəbiristanlığında dəfn olunub.
MİRVARİD DİLBAZİ
(1912-2001)
8. Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Paşa qızı Dilbazinin xatirə günüdür. O, 1912-ci il avqustun 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun Dil, ədəbiyyat və ictimaiyyət fakültəsində təhsil alıb. Quba Partiya Məktəbində ədəbiyyat müəllimi, Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib. “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və digər kitabların müəllifidir. Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva kimi bəstəkarlar şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyib. Evripidin "İppolit" faciəsini və bir çox əsərləri Azərbaycan dilinə tərcümə edib. "Şərəf Nişanı", "Qırmızı Əmək Bayrağı", "İstiqlal" ordenləri, "Əmək igidliyinə görə" medalı ilə təltif edilib. Mirvarid Dilbazi 2001-ci ilin iyulunda Bakı şəhərində vəfat edib. O, Azərbaycanın xalq artisti, rəqqasə Əminə Dilbazinin bacısıdır.
BAXŞEYİŞ PAŞAYEV
(1936-1992)
9. Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Xanəhməd oğlu Paşayev də bu gün xatırlanır. O, 1936-cı il mayın 1-də Ağdam rayonunun Əhmədavar kəndində doğulub. Burada orta məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. Xalq hərəkatı başladıqdan sonra "Qarabağ Müdafiə Şahinləri" dəstəsinin ən fəal üzvlərindən biri olub. Xramort, Xanabad, Naxçıvanik və Aranzəmin kəndləri istiqamətində döyüşlərdə fəal iştirak edib, Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edib. Baxşeyiş Paşayev 1992-ci il iyulun 12-də Xanabad kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub və Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Doqquz övladı yadigar qalıb.