Dünyanın bu günü - 12.07.2021
MİRZƏ FƏTƏLİ AXUNDOV
(1812-1878)
Azərbaycan dramaturgiyasının banisi, yazıçı-dramaturq, filosof, ictimai xadim Mirzə Fətəli Axundovun 1812-ci il iyulun 12-də Şəkidə anadan olub. 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparıb. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənib. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitməyib, həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərib. Dövrünün müasir elmləri ilə maraqlanaraq, 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olub və bir il burada təhsil alıb. 1834-cü ildə Tiflisə gedərək, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilib.
M.F.Axundov bədii yaradıcılığına şeirlə başlayıb və “Səbuhi” təxəllüsü ilə şeirlər yazıb. Klassik Şərq şeiri ənənələri əsasında fars dilində yazdığı ilk şeiri “Zəmanədən şikayət” adlanır. Onu bir şair kimi geniş oxucu kütləsinə tanıdan 1837-ci ildə fars dilində yazdığı “Puşkinin ölümünə Şərq poeması” olub. Həmin əsəri özü rus dilinə tərcümə edib. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət verib, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirib. Eyni zamanda Şərqdə ilk dəfə dram janrında əsərlər yaradıb. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilib. 1842-ci ildə Axund Hacı Ələsgərin qızı Tubu xanımla ailə quran Mirzə Fətəlinin bu izdivacdan 13 övladı olub ki, onlardan da yalnız ikisi - oğlu Rəşid bəy və qızı Nisə xanım uzun müddət yaşayıb, qalanları isə erkən yaşlarında ölüb. Görkəmli dramaturq 1878-ci il martın 10-da vəfat edib və Tiflisdə dəfn olunub.
RUHƏNGİZ QASIMOVA
(1940)
Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Nağı qızı Qasımova 12 iyul 1940-cı ildə Bakıda anadan olub. Uzun müddət “Azərbaycanfilm”in istehsal etdiyi bir çox filmlərin səs rejissoru olub, filmlərə musiqi bəstələyib. Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan" və "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabının müəllifi, çoxsaylı mahnıların bəstəkarıdır. Musiqi əsərləri arasında “Quyu” tamaşasına musiqi, "Qızıl oğlan" musiqili nağıl xüsusi yer tutur. Ruhəngiz Qasımova 2019-cu ildə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.
MƏLALƏ YUSƏFZAY
(1997)
Dünyanın ən gənc Nobel mükafatı laureatı, puştun əsilli feminist yazıçı və aktivist Məlalə Yusəfzay 12 iyul 1997-ci ildə Pakistanın Kiber Partunxva əyalətinin Minqora qəsəbəsində doğulub. Oksford Universitetində təhsil alıb. 2009-cu ildə hələ 11 yaşında ikən Taliban rejiminin nəzarəti altında olan bölgədəki vəhşiliklər barədə BBC üçün yazmağa başladığı bloq sayəsində məşhurlaşıb. Qısa müddətdə tanınaraq aktivist Desmond Tutu tərəfindən Beynəlxalq Uşaqların Sülh Mükafatı ilə təltif olunub. 9 oktyabr 2012-ci ildə Svat rayonunda avtobusda iki qızla birlikdə talibançı tərəfindən güllələnib. Sağaldıqdan sonra Birminhem şəhərinə köçərək, Məlalə Fondunu yaradıb və 2013-cü ildə beynəlxalq bestseller olan "Mən Məlaləyəm" kitabının həmmüəllifi olub. Pakistanın Milli Gənclik Sülh mükafatına və Saxarov Mükafatına layiq görülüb. Məlalə Yusəfzay 2014-cü ildə 17 yaşında ikən Nobel Sülh Mükafatına layiq görülən ən gənc laureat olaraq tarixə düşüb. BMT-nin Baş katibi Pan Gi Mun 12 iyul tarixini “Məlalə Günü” elan edib.
RAQUF ORUCOV
(1972-2016)
Şəhid polkovnik-leytenant Raquf İbrahim oğlu Orucov 1972-ci ilin bu günü Ağdam rayonunun Cinli kəndində anadan olub. Sovet Ordusunda hərbi xidmətini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və torpaqlarımızın müdafiəsi uğrunda silaha sarılıb. Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində təhsil alıb. 1993-cü il iyunun 12-də anası Raya Rəhimova düşmən gülləsindən həlak olub. 1996-cı ildə Murovdakı “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri təyin olunub. Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri olub. Məhz bu igidliklərinə görə “Murov qartalı” ləqəbi ilə tanınıb. Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Sonradan Ağstafa, Tovuz, Beyləqan, Füzuli və Ağdam istiqamətlərində yerləşən hərbi hissələrin rəhbərliyində təmsil olunub. Raquf Orucov 2016-cı aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və aprelin 5-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. O, Azərbaycan Silahlı Qüvvələrinin aprel döyüşlərində şəhid olan yeganə briqada komandiridir. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
RUFİZ BUDAQOV
(1977-2020)
Şəhid Rufiz Şirzad oğlu Budaqov 1977-ci il iyulun 12-də Ordubad rayonunun Tivi kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Rufiz Budaqov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
ŞAHMAR MƏMMƏDOV
(1977-2020)
Şəhid Şahmar Ağasəf oğlu Məmmədov 12 iyul 1977-ci ildə Mingəçevir şəhərində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Şahmar Məmmədov sentyabrın 28-də şəhid olub və Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
VİDADİ ƏHMƏDOV
(1979-2020)
Şəhid Vidadi Murad oğlu Əhmədov 1979-cu ilin bu günü Salyan şəhərində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2000-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, Ali Hərbi Məktəbdə müəllim işləyib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Mayor Vidadi Əhmədov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub və Salyanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
SEYMUR BAXIŞOV
(1987-2016)
Şəhid Seymur Qulamhüseyn oğlu Baxışov 12 iyul 1987-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbi bitirdikdən sonra müddətli hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra orduda qalmağa qərar verib. Kiçik gizir Seymur Baxışov 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub və Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
SƏRXAN BAYRAMOV
(1993-2016)
Şəhid Sərxan Oqtay oğlu Bayramov 1993-cü il iyulun 12-də Zaqatala şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Əsgər Sərxan Bayramov 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 19-da onun meyiti təmas xəttindən götürülüb, aprelin 20-də isə doğulduğu Zaqatala şəhərində dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
NİYAMƏDDİN ƏLƏKBƏROV
(1989-2020)
Şəhid Niyaməddin İsrafil oğlu Ələkbərov 1989-cu ilin bu günü Sədərək rayonunda anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Niyaməddin Ələkbərov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
XALİD QASIMOV
(1996-2020)
Şəhid Xalid Rafiq oğlu Qasımov 12 iyul 1996-cı ildə Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik gizir Xalid Qasımov oktyabrın 12-də Cəbrayıl istiqamətində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
SAHİL MƏMMƏDOV
(1996-2020)
Şəhid Sahil Ədalət oğlu Məmmədov 1996-cı il iyulun 12-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Sahil Məmmədov oktyabrın 25-də Qubadlıda şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
ELŞAD MAHMUDOV
(1997-2020)
Şəhid Elşad Suliddin oğlu Mahmudov 1997-ci ilin bu günü Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elşad Mahmudov noyabrın 6-da Laçın istiqamətində şəhid olub və Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
CƏLİL ƏLİYEV
(1998-2020)
Şəhid Cəlil Qüdrət oğlu Əliyev 12 iyul 1998-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. Əsgər Cəlil Əliyev oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.
ELDAR ŞİRİNOV
(2001-2020)
Şəhid Eldar Bağır oğlu Şirinov 2001-ci il iyulun 12-də Göyçay rayonunda anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Eldar Şirinov oktyabrın 6-da şəhid olub və Göyçay rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
ELNUR ALLAHVERDİYEV
(2001-2020)
Şəhid Elnur Kamil oğlu Allahverdiyev 2001-ci ilin bu günü Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elnur Allahverdiyev noyabrın 11-də şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
ORXAN MİRZƏYEV
(2001-2020)
Şəhid Orxan Əli oğlu Mirzəyev 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Orxan Mirzəyev noyabrın 2-də Laçın döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
HÜSEYN YUSİFOV
(2002-2020)
Şəhid Hüseyn İsaq oğlu Yusifov 2002-ci il iyulun 12-də Sumqayıt şəhərində dünyaya gəlib. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Hüseyn Yusifov sentyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Uzun müddət sonra tapılan nəşi Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
MİRZƏ ƏLƏKBƏR SABİR
(1862-1911)
Azərbaycanın görkəmli satirik şairi, ictimai xadim, filosof və müəllim Mirzə Ələkbər Sabirin anım günüdür. Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. Əvvəlcə mollaxanada oxuyub, 12 yaşından isə təhsilini məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbdə davam etdirib. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalının ən fəal müəlliflərindən biri olub və 36 gizli imza ilə çıxış edib. “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin”, “Gəl, gəl, a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və başqa populyar şeirlərin müəllifidir. Seçilmiş əsərləri ölümündən sonra Abbas Səhhət tərəfindən “Hophopnamə” adı ilə dərc olunub ki, bu da onun gizli “Hophop” imzası ilə əlaqədardır. Mirzə Ələkbər Sabir 1911-ci ilin iyulunda vəfat edib və Şamaxıdakı “Yeddi günbəz” qəbiristanlığında dəfn olunub.
MİRVARİD DİLBAZİ
(1912-2001)
Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Paşa qızı Dilbazinin xatirə günüdür. O, 1912-ci il avqustun 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun Dil, ədəbiyyat və ictimaiyyət fakültəsində təhsil alıb. Quba Partiya Məktəbində ədəbiyyat müəllimi, Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib. “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və digər kitabların müəllifidir. Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva kimi bəstəkarlar şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyib. Evripidin "İppolit" faciəsini və bir çox əsərləri Azərbaycan dilinə tərcümə edib. "Şərəf Nişanı", "Qırmızı Əmək Bayrağı", "İstiqlal" ordenləri, "Əmək igidliyinə görə" medalı ilə təltif edilib. Mirvarid Dilbazi 2001-ci ilin iyulunda Bakı şəhərində vəfat edib. O, Azərbaycanın xalq artisti, rəqqasə Əminə Dilbazinin bacısıdır.
BAXŞEYİŞ PAŞAYEV
(1936-1992)
Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Xanəhməd oğlu Paşayev də bu gün xatırlanır. O, 1936-cı il mayın 1-də Ağdam rayonunun Əhmədavar kəndində doğulub. Burada orta məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. Xalq hərəkatı başladıqdan sonra "Qarabağ Müdafiə Şahinləri" dəstəsinin ən fəal üzvlərindən biri olub. Xramort, Xanabad, Naxçıvanik və Aranzəmin kəndləri istiqamətində döyüşlərdə fəal iştirak edib, Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edib. Baxşeyiş Paşayev 1992-ci il iyulun 12-də Xanabad kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub və Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Doqquz övladı yadigar qalıb.