Dünyanın bu günü - 12.10.2020

GÜLÜSTAN SÜLH MÜQAVİLƏSİ 

(1813)

 

1813-cü ilin 12 oktyabrında Rusiya imperiyası və İran arasında Gülüstan sülh müqaviləsi imzalanıb. Bu müqaviləyə əsasən, Naxçıvan və İrəvan xanlıqlarını çıxmaq şərti ilə Arazın şimalındakı bütün Azərbaycan xanlıqları Rusiyanın təbəəliyinə keçib. Gülüstan müqaviləsi ilə Azərbaycanın Rusiya və İran arasında parçalanmasının əsası qoyulub. Bu proses 10 fevral 1828-ci ilin Türkmənçay müqaviləsinin imzalanması ilə başa çatıb.

 

 

Mİ-8T QƏZASI

(2007)

 

12 oktyabr 2007-ci ildə "AZAL Helicopter"ə məxsus "Mi-8T" vertolyotu qəzaya uğrayıb. Vertolyot xəstə neftçini təxliyə etmək üçün Zabratdan qalxaraq Xəzər 4 platformasına gəlib. Xəstəni götürən vertolyot platformadan 12 metr, sahildən 20 km aralıda naməlum səbəbdən qəzaya uğrayıb. Vertolyotun qalıqları 12 metr dərinlikdə aşkar edilib. Qəzada 4 ekipaj üzvü və 2 pilot həlak olub.

 

 

LUÇANO PAVAROTTİ

(1935-2007)
 

Dünya şöhrətli İtaliya müğənnisi, tenor Luçano Pavarotti 12 oktyabr 1935-ci ildə doğulub. Professor Dondidən musiqi dərsi alıb. İbtidai məktəbdə dərs deyib. İlk dəfə “Bohema” operasında Rodolfo partiyasını ifa edib. 1961-ci ildə İtaliyada keçirilən musiqi müsabiqəsində ilk mükafata layiq görülüb. Dünyanın bir çox ölkələrinin opera səhnələrində bənzərsiz səsi ilə böyük uğur qazanıb. Luçano Pavarotti 6 sentyabr 2007-ci ildə dünyasını dəyişib.

 

 

SEVİL ƏLİYEVA

(1955)

 

Bəstəkar Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində və SSRİ Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. Bir sıra mahnıların, o cümlədən mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi "Ana" elegiyasının müəllifidir. "Space" Televiziyasının qurucusu, Azərbaycan Qadınlar Məclisinin sədri olub. Sevil Əliyeva Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın qızı, görkəmli dövlət xadimi Əziz Əliyevin nəvəsi, Azərbaycan Prezidenti İlham Əliyevin bacısıdır.

 

 

EBRU GÜNDEŞ

(1974)

 

Məşhur türkiyəli müğənni Ebru Gündeş 1974-cü ilin bu günü İstanbulda anadan olub. Dərzi işlədiyi dövründə Neşe Demirkat ilə tanış olan Ebru Gündeş 1991-ci ildə Koral Sarıtaş ilə Selçuk Tekayın “Marş Musiqi Yapım” şirkəti ilə müqavilə imzalayıb. Albom hazırlıqlarına başlamazdan öncə təxminən bir ay Emel Sayına vokalistlik edib. 2010-cu ilin fevral ayında azərbaycanlı iş adamı Reza Zərrabla evlənən Ebru Gündeş 15 oktyabr 2011-ci ildə Alara adında qız övladı dünyaya gətirib.


 

CƏFƏRQULU AĞA BAKIXANOV

(1793-1867)

 

Çar Rusiyasının general-leytenantı, zadəgan Cəfərqulu ağa Mirzə Məhəmməd xan oğlu Bakıxanovun anım günüdür. O, 1793-cü il fevralın 6-da keçmiş Bakı xanının ailəsində doğulub. Hərbi təhsilini əvvəl Dərbənddə, sonra isə Peterburqda alıb. Rusiya-İran müharibəsində,  Rusiya-Osmanlı müharibəsində, 1844-1848-ci illərdə Dağıstandakı Salta və Gergebil döyüşlərində, o cümlədən Hacı Murada qarşı döyüşlərdə iştirak edib. 1838-ci ildə leytenant rütbəsinə, 1841-ci il Qafqaz müharibəsi dövründə kapitan, 1853-cü il Krım müharibəsində isə general-mayor rütbəsinə yüksəlib. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə "Müqəddəs Anna", "Müqəddəs Georgi" və digər orden və medallara layiq görülüb. Cəfərqulu ağa Bakıxanov 1867-ci il oktyabrın 12-də Qubada dünyasını dəyişib və Bibiheybətdə dəfn edilib. O, tarzən Əhməd Bakıxanovun babası, bəstəkar Tofiq Bakıxanovun ulu babası, tarixçi Abbasqulu ağa Bakıxanovun və general Abdulla ağa Bakıxanovun qardaşıdır.

 

 

FƏXRİ KORUTÜRK

(1901-1987)

 

Türkiyənin 6-cı prezidenti Fəxri Sabit Korutürkün xatirə günüdür. O, 1901-ci il avqustun 13-də İstanbulda anadan olub. Hərbi məktəbdə, daha sonra leytenant rütbəsi ilə Dəniz Qüvvələrində təhsil alıb. Roma, Berlin və Stokholmda Türkiyənin Dəniz attaşesi vəzifəsində çalışıb, Dəniz Hərb Akademiyasının komandanı olub. 1968-ci ildə prezident tərəfindən senator təyin edilib. 6 aprel 1973-cü ildə TBMM tərəfindən prezident seçilib və 1980-ci ilə qədər bu vəzifəni icra edib. Fəxri Korutürk 12 oktyabr 1987-ci ildə dünyasını dəyişib və Ankarada dövlət məzarlığında dəfn olunub.

 

 

MƏMMƏDKAZIM ƏLƏKBƏRLİ

(1905-1937)

 

Azərbaycan yazıçısı, tənqidçi və filosof Məmmədkazım Ələkbər oğlu Ələkbərli də bu gün xatırlanır. O, 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində, Moskvada Qırmızı Professorlar İnstitutunda təhsil alıb. Müxtəlif illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, “Kommunist” nəşriyyatının direktoru, “Ədəbiyyat qəzeti”, “Bakinski raboçi” və “Vışka” qəzetlərinin baş redaktoru olub. 1934-cü ildə  Azərbaycan Yazıçılar Birliyinin ilk sədri olub. Bir çox əsərlərin müəllifidir. Məmmədkazım Ələkbərli 1937-ci il oktyabrın 12-də repressiya olunaraq güllələnib.

 

 

QILMAN SALAHOV

(1906-1974)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, kamança ifaçısı, bəstəkar və dirijor Qılman Balaməmməd oğlu Salahovun anım günüdür. O, 16 mart 1906-cı ildə Bakının Balaxanı qəsəbəsində anadan olub. Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində, daha sonra isə musiqi texnikumunda kamança sinfində oxuyub. Üzeyir Hacıbəyovun təşkilatçılarından olduğu və 1939-cu ildə Moskvada keçirilən xalq çalğı alətləri ifaçılarının I Ümumittifaq müsabiqəsinin laureatı olub. 1931-ci ildən Üzeyir bəyin dəvəti ilə xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib, Azərbaycan Dövlət Akademik Filarmoniyasının mahnı və rəqs ansamblının yaradıcılarından biri və bədii rəhbəri olub. Ansambl üçün "Nəlbəki", "Naz eləmə" və digər rəqslər hazırlayıb. Qılman Salahov 12 oktyabr 1974-cü ildə Bakıda vəfat edib.

 

 

MİKAYIL AZAFLI

(1924-1990)

 

Azərbaycanın əməkdar mədəniyyət işçisi, aşıq ‎Mikayıl Azaflı da bu gün xatırlanır. Mikayıl Cabbar oğlu Zeynalov 1924-cü il martın 21-də Tovuz rayonunun Azaflı kəndində anadan olub. Erkən yaşlarında “Coşğun” təxəllüsü ilə şeirlər yazan aşıq-şair ilk dəfə Moskvada 1954-cü ildə festivalda iştirak edib, medallarla təltif olunub. 1961-ci ildə “Ağ şalvarda qara yamaq Kommunizmə gedirik biz” misrasına görə həbs edilib, “oğurluqda və qanunsuz silah saxlamaqda” təqsirli bilinərək 5 il azadlıqdan məhrum olunub. Xalq şairi Süleyman Rüstəmin, əməkdar mədəniyyət işçisi Aşıq Əkbər Cəfərovun və başqa sənət dostlarının köməyi ilə həbsdən bir il tez buraxılıb. Məhbəs həyatından “Zindan məktubları” adlı kitabı yadigar qalıb. Mikayıl Azaflı 12 oktyabr 1990-cı ildə doğulduğu Azaflı kəndində dünyasını dəyişib. Ölümündən sonra Tovuz şəhərində bir küçəyə adı verilib və oxuduğu məktəbin önündə büstü qoyulub.

Müəllif | Apa.Tv
Apa.tv