Dünyanın bu günü - 12.11.2020
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜ
(1995)
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanıb.
“Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” cümləsi ilə başlayan Əsas Qanunun 158 maddəsindən 57-si, başqa sözlə, 1/3 hissəsindən çoxu insan hüquq və azadlıqlarına həsr edilib. Yaşamaq, bərabərlik, azadlıq, mülkiyyət, şəxsi toxunulmazlıq, cəmiyyətin siyasi həyatında, dövlətin idarə olunmasında iştirak etmək kimi hüquqlar Konstitusiyamızda geniş təsbit olunub.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Qeyd edək ki, 1978-ci ildə qəbul edilən Konstitusiyadakı yeniliklərdən biri də o vaxt respublikaya rəhbərlik edən Heydər Əliyevin təkidi ilə Azərbaycan dilinin dövlət dili olması haqqında müddəanın daxil edilməsi idi.
Ötən 22 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edilib.
İBRAHİM GÖYÇAYLI
(1936-2007)
Tanınmış şair və jurnalist İbrahim Məhəmməd oğlu Əsgərov 1936-cı il noyabrın 12-də Göyçay rayonunun Alıkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Azərbaycan Dövlət Nəşriyyatında redaktor, qəzetlərdə baş redaktor, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb, 1983-cü ildən 2007-ci ilə qədər baş redaktor müavini vəzifəsində fəaliyyət göstərib. 17 kitabı işıq üzü görüb. “Dağlar qoynunda”, “Yadigar sözlər”, “Gözlərinin işığında”, “Vaxt soruşsa”, “Uzaq haraylara isinmir ürək”, “Ümid yeri”, “Fikrimin sahibi” və digər kitablarında toplanmış şeirləri həm məzmun, həm də formaca rəngarəngdir. 100-dək şerinə mahnı bəstələnib. İbrahim Göyçaylı 2007-ci il fevralın 24-də Bakı şəhərində vəfat edib.
MİRNADİR ZEYNALOV
(1942)
Azərbaycanın xalq rəssamı Mirnadir Mirəli oğlu Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində doğulub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində və Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsində təhsil alıb. Əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles və başqa şəhərlərdə sərgilənib. 1976-cı ildə Moskva şəhərində keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomunu alıb, 1989-cu ildə Bakıda keçirilən "Xəzəryanı ölkələri rəssamlarının biennalesi"ndə "Yaz bağı" əsəri bürünc medala layiq görülüb. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanılır. Mirnadir Zeynalov Azərbaycan Rəssamlar İttifaqının və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvüdür.
HƏSƏN RUHANİ
(1948)
İran İslam Respublikasının prezidenti Həsən Ruhani 1948-ci ilin bu günü İranın Simnan ostanındakı Sürxə şəhərində anadan olub. Simnan mədrəsəsində, Qum şəhərindəki mədrəsədə, Tehran Universitetində və Qlazqo Universitetində təhsil alıb. 1980-ci ildə İran İslam Şura Məclisinə üzv seçilib. İran-İraq müharibəsi dövründə 1982-ci ildən 1988-ci ilə qədər Ali Müdafiə Şurasının üzvü, Müharibəyə Dəstək komissiyasının üzvü, həm də onun icra komitəsinin sədri, ordu komandanının müavini, İran Hərbi Hava Qüvvələrinin komandanı, 1989-cu ildən 2005-ci ilə qədər 16 il müddətində Təhlükəsizlik Şurasının katibi, 2000-2005-ci illərdə sabiq İran prezidenti Məhəmməd Xatəminin təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifələrində çalışıb. Təhlükəsizlik Şurasının katibi və Məclisin vitse-spikeri kimi xarici nümayəndələrlə nüvə proqramı barədə diplomatik müzakirələrdə iştirak edib, buna görə ölkəsində "Diplomatiyanın şeyxi" adını alıb. Həsən Ruhani 2013-cü ildə İran İslam Respublikasının prezidenti seçilib.
RAFİL İMANOV
(1949-2014)
Azərbaycanın əməkdar müəllimi, pedaqoq və riyaziyyatçı Rafil Cəlal oğlu İmanov 1949-cu il noyabrın 12-də Goranboy rayonunun Faxralı kəndində anadan olub. Faxralı kənd orta məktəbində və Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsil alıb. 1970-1977-ci illərdə Balakən rayonunda müəllimlikdən direktor müavinliyi vəzifəsinədək yüksəlib. 1978-ci ildən etibarən paytaxtın 116, 48 və 245 saylı məktəblərində riyaziyyat müəllimi işləyib. 1991-1992-ci illərdə “Gələcək Zəkalar” liseyini yaradıb və həyatının sonuna kimi orada müəllim vəzifəsində fəaliyyət göstərib. 1992-1993-cü illərdə Bakı şəhəri Xətai rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. 20-dən artıq elmi-metodik məqalənin müəllifi, “İlin müəllimi” və “Pedaqoji mühazirə”nin qalibi olub. Rafil İmanov 2014-cü il sentyabrın 1-də Bakıda vəfat edib.
VAQİF MİRZƏYEV
(1959-1990)
20 Yanvar şəhidi Vaqif Səməd oğlu Mirzəyev 12 noyabr 1959-cu ildə Bakı şəhərinin Binə qəsəbəsində anadan olub. Binə qəsəbəsindəki elektrik qovşağında montyor işləyib. 19 yanvar 1990-cı ildə təxminən saat 22.00 radələrində Binə-Mərdəkan yolunda əvvəl süngü ilə, sonra isə avtomatla vurulduqdan sonra Mərdəkandakı 26 nömrəli xəstəxanaya gətirilib və orada vəfat edib. Binə qəsəbə qəbiristanlığında dəfn edilib.
ORXAN CAMAL
(1966-2018)
Azərbaycan əsilli rusiyalı jurnalist və ictimai xadim Orxan Camal 1966-cı ilin bu günü Moskva şəhərində anadan olub. Rusiya paytaxtındakı Serqo Orconikidze adına Moskva Geoloji Kəşfiyyat İnstitutunda təhsil alıb. 1988-ci ildən televiziyada çalışıb, "Zdorovye" kimi məşhur teleproqramın rejissoru olub. 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq və Liviya kimi qaynar nöqtələrdə, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyəti ilə məşhurlaşıb. 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb. Orxan Camal 31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında çəkiliş apararkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib. 7 avqust 2018-ci ildə Moskva Cümə məscidində keçirilən vida mərasimindən sonra Xovansk qəbiristanlığının müsəlman sektorunda dəfn edilib. O, rəssam Cövdət Camalın nəvəsi, şərqşünas-islamşünas yazar Heydər Camalın isə oğludur.
VALİDƏ TUTAYUQ
(1914-1980)
Azərbaycanın ilk qadın akademiki, əməkdar elm xadimi, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru, professor Validə Xaspolad qızı Tutayuqun anım günüdür. O, 1914-cü il sentyabrın 23-də Şuşa şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvə-tərəvəzçilik fakültəsində təhsil alıb. 1939-1957-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Botanika kafedrasının müdiri, 1954-1957-ci illərdə elmi işlər üzrə direktor müavini, 1957-1962-ci illərdə Azərbaycan EA Botanika İnstitutunun direktoru, 1962-1980-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Botanika və seleksiya kafedrasının müdiri olub. Anatomiyaya dair tədqiqatları ilə Azərbaycanda bitki anatomiyasının əsasını qoyub. 130 elmi əsərin, 6 monoqrafiyanın və 4 dərsliyin müəllifidir. Onun rəhbərliyi altında 20-dən çox fəlsəfə və 3 elmlər doktoru hazırlanıb. “Şərəf nişanı” ordeni, “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində fədakar əməyə görə” yubiley medalı və Fəxri fərmanlarla təltif olunub. Validə Tutayuq 12 noyabr 1980-ci ildə Bakıda vəfat edib.
RAFAEL ƏSƏDOV
(1952-1992)
Azərbaycanın Milli Qəhrəmanı Rafael Əvəz oğlu Əsədovun xatirə günüdür. O, 1952-ci il oktyabrın 27-də Gəncədə dünyaya gəlib. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Hәrbi Artilleriya Akademiyasında davam etdirib. Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda xidmət edib. 1991-ci ildən Ağdam, Goranboy, Tovuz və Gədəbəy bölgələrində hərbi əməliyyatların fəal iştirakçısı olub. Rafael Əsədov 1992-ci il noyabrın 12-də Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.