Dünyanın bu günü - 12.12.2020

HEYDƏR ƏLİYEV

(1923-2003)

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. 13 il Sovet Azərbaycanına rəhbərlik edib. 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, 4 dəfə “Lenin” ordeni, “Qırmızı Ulduz ordeni” və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub. 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Prezidenti seçilib.Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib. Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında - ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında "xüsusi qonaq" statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub. Heydər Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan Prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb. Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunan ABŞ-ın Klivlend klinikasında vəfat edib VƏ Fəxri Xiyabanda dəfn olunub.

 

 

GÜNEY AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ

(1945)

 

12 dekabr Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Güney Azərbaycan Milli Hökumətinin həm yarandığı, həm də süquta uğradığı gündür. 1945-ci ilin bu günü Təbriz şəhərində böyük çətinlik və xalqın əzmi ilə Azərbaycan Milli Hökuməti qurulub. Daha çox “21 Azər” Hərəkatı kimi tarixə düşən bu gün ilk dəfə Cənubi Azərbaycanda müstəqil, müasir və milli dövlətçilik cəhdi olub. Azərbaycan Milli Hökuməti xalqın dəstəyi ilə bir sıra mühüm işlər gerçəkləşdirib. Bir il ərzində Təbriz Dövlət Universitetinin və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlər görülüb. Azərbaycan Milli Hökuməti Milli Ordu yaratmaqla yanaşı, vətəndaşların işlə təmin olunması üçün sosial proqramlar və torpaq islahatı həyata keçirib, iri bankları milliləşdirib, dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul edib, şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıb. Bundan başqa, əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilməyə başlanıb və ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza tətbiq olunub. Azərbaycan Milli Məclisinin 1946-cı il mayın 12-də qəbul etdiyi Əmək Qanununda 8 saatlıq iş günü, əməkçilərin bir çox sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi nəzərdə tutulub. Bütün bunlara rəğmən, İran hökumətinin qanlı müdaxiləsi nəticəsində 1946-cı ildə elə yarandığı gündə - Azər ayının 21-də Azərbaycan Milli Hökuməti süquta uğrayıb. Hökumətin bir sıra yüksək rütbəli üzvləri edam olunub, Sovet Azərbaycanına mühacirət edən Seyid Cəfər Pişəvəri isə 11 iyun 1947-ci ildə müəmmalı avtomobil qəzasında həlak olub.

 

 

ÇİNGİZ AYTMATOV

(1928-2008)

 

Böyük qırğız yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı Çingiz Torekuloviç Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanın Talas vadisində anadan olub. Cambul zootexnikumunda və Bişkekdəki Kənd Təsərrüfatı Universitetində təhsil alıb, Qırğızıstan Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. 1952-ci ildə dövri mətbuatda qırğız dilindəki ilk əsərləri çap olunmağa başlayıb Moskvadakı Ali Ədəbiyyat Kursuna yazılması yalnız 1956-cı ildə atasının bəraət almasından sonra mümkün olub. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb. “Əsrə bərabər gün” trilogiyası Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkəsində böyük rəğbətlə qarşılanıb. 1990-1994-cü illərdə SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransa, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub. Çingiz Aytmatov 2008-ci il iyunun 10-da Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib və Bişkek yaxınlığında dəfn olunub.

 

 

QABİL AĞAYEV 

(1969-1999)

 

Şəhid Qabil Qayıbalı oğlu Ağayev 1969-cu ilin bu günü Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. 1995-ci ildə hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Qabil Ağayev 1999-cu il yanvarın 31-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn olunub.

 

 

ORXAN ƏKBƏROV 

(1982-2020)

 

Vətən Müharibəsi Qəhrəmanı Orxan Nadir oğlu Əkbərov 12 dekabr 1982-ci ildə Biləsuvar rayonunda dünyaya gəlib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini qoşun kəşfiyyatı ixtisası üzrə bitirib, Təlim Tədris Mərkəzində ixtisası üzrə təhsil alıb. 2005-ci ildən N saylı kəşfiyyat bölüyündə kəşfiyyat tağım komandiri, 2007-ci ildən kəşfiyyat bölük komandiri, 2012-2020-ci illərdə N saylı hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifələrində işləyib. 2020-ci ilin yanvar ayından N saylı hərbi hissənin komandiri vəzifəsində xidmət edib. Polkovnik-leytenant Orxan Əkbərov Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində iştirak edib, Füzuli rayonu istiqamətində döyüş əməliyyatı zamanı qəhrəmancasına şəhid olub və Biləsuvar rayonunda dəfn edilib. 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 və 95 illiyi yubiley medalları ilə təltif edilib. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.

 

 

MƏHƏMMƏD AĞA ŞAHTAXTİNSKİ

(1846-1931)

 

Publisist, professor, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim Məhəmməd ağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtinskinin anım günüdür. O, 1846-cı ildə Naxçıvanın Şahtaxtı kəndində anadan olub. Naxçıvan şəhər məktəbində, Tiflis klassik kişi gimnaziyasında, Fransanın Sorbon Universitetində Ali Təcrübi Təhsil məktəbində,  Leypsiq Universitetinin Fəlsəfə, tarix və hüquq fakültəsində təhsil alıb. "Moskovskiye vedomosti" qəzetinin əməkdaşı və İstanbulda xüsusi müxbiri, "Kaspi" qəzetinin müvəqqəti redaktoru olub, Parisdə Fransa kollecində və Ali Təcrübi Təhsil Məktəbində Şərq dillərindən dərs deyib. 1907-ci ildə İrəvan quberniyasından Dövlət Dumasına millət vəkili seçilib. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasında fəal iştirak edib və onun ilk azərbaycanlı professoru olub, burada Şərq dilləri və ədəbiyyatından mühazirələr oxuyub. "Kommunist", "Bakinski raboçi", "Qızıl Şərq" (Moskva) qəzetlərində məqalələr dərc etdirib, Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin işində yaxından iştirak edib.  Ensiklopedik biliyə malik bir alim kimi 8 dildə mükəmməl yazıb oxuyub, məqalələr yazıb. Məhəmməd ağa Şahtaxtinski 12 dekabr 1931-ci ildə Bakıda vəfat edib.

 

 

MUSTAFA MƏRDANOV 

(1894-1968)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Mustafa Həşim oğlu Mərdanovun xatirə günüdür. O, 28 fevral 1894-cü ildə Güney Azərbaycanın Mərənd şəhərində anadan olub. 1917-ci ildə gimnaziyanı bitirdikdən sonra Rostova gedərək oradakı Tibb Universitetinə daxil olub, lakin Rostov mühitinə alışa bilməyərək 1918-ci ildə yenidən Tiflisə qayıdıb. Ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlib, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb. "Bismillah" filmindəki Muzdur Qulu onun kinoda ilk rolu olub. “Kəndlilər” filmindən sonra “Yeni horizont”, “Səbuhi”, “O olmasın, bu olsun”, "Əhməd haradadır?", "Qanun naminə" filmlərində çəkilib. 1959-cu ildə onun "50 il Azərbaycan səhnəsində xatirələrim" kitabı, 1973-cü ildə ölümündən sonra isə "Mənim müasirlərim" xatirə kitabı nəşr edilib. Mustafa Mərdanov 12 dekabr 1968-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

HÜSEYN ABBASZADƏ

(1922-2007)

 

Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Hüseyn Abbas oğlu Abbaszadə də bu gün xatırlanır. O, 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar ordu sıralarına çağırılıb. Bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlayıb və bu mövzuya daim sadiq qalıb. Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə “Pioner” jurnalında şöbə müdiri, məsul katib kimi başlayıb. “Göyərçin” jurnalı redaksiyasında məsul katib, baş redaktor, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifələrin çalışıb. Yazıçının iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş “General” romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir. Bir sıra hərbi orden və medallarla, “Şöhrət” ordeni ilə təltif olunan Hüseyn Abbaszadə 2007-ci il dekabrın 12-də Bakı şəhərində vəfat edib.

 

 

CABİR NOVRUZ

(1933-2002)

 

Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi Cabir Novruzun anım günüdür. Cabir Mirzəbəy oğlu Novruzov 12 mart 1933-cü ildə Xızı rayonunun Upa kəndində anadan olub. Bakı Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində və Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. 1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb, "Azərbaycan" ədəbi-bədii jurnalının, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub. Şeirlərinə mahnılar bəstələnib, əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. 1995-ci ildə I çağırış Milli Məclisin deputatı seçilib. Bir çox fəxri adlara, dövlət mükafatına, orden və medallara layiq görülən Cabir Novruz 2002-ci il dekabrın 12-də vəfat edib.

 

 

AĞAMALI SADİQ ƏFƏNDİ

(1947-1995)

 

Şair, jurnalist və publisist Ağamalı Sadiq Əfəndinin xatirə günüdür. O, 1947-ci il martın 8-də Qazax rayonunun Qaymaqlı (İncə dərəsi) kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetin Jurnalistika fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik montyoru kimi başlayıb. 1979-cu ildən şeir, hekayə və publisist yazıları ilə dövri mətbuatda müntəzəm çıxış edib. Əsərləri türk, rus və özbək dillərinə tərcümə olunub. "Yazıçı" nəşriyyatında korrektor, "Maarif" nəşriyyatında redaktor, "Ulduz" jurnalında ədəbi işçi, Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində çalışıb. 1991-ci ildə "Müxalifət" qəzetini yaradıb və onun ilk baş redaktoru olub. Milli azadlıq hərəkatının fəal öncülü, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri və təsis konfransının təşkilatçısı olub. Ağamalı Sadiq Əfəndi 1995-ci il dekabrın 12-də vəfat edib və doğulduğu Qaymaqlı kəndində torpağa tapşırılıb.

Müəllif | Apa.Tv
Apa.tv