Dünyanın bu günü - 13.12.2020

ASLAN VƏZİROV

(1910-1988)

 

Sovet İttifaqı Qəhrəmanı, qvardiya polkovniki Aslan Fərhad oğlu Vəzirov 1910-cu il dekabrın 13-də Bərdə rayonunun Zümürxan kəndində anadan olub. 1928-1930-cu illərdə Leninqrad və Moskvada hərbi mühəndislik məktəblərində oxuyub. İkinci Dünya müharibəsində müxtəlif cəbhələrdə mühəndis-istehkam briqadalarının komandiri olub. 1947-ci ildə ordudan tərxis edildikdən sonra Kaunas, Voronej və Bakıda müxtəlif vəzifələrdə çalışıb. 1965-ci ildən Azərbaycan Müharibə Veteranları Komitəsinin sədri olub. Aslan Vəzirov 1988-ci il mayın 18-də Bakıda dünyasını dəyişib.

 

 

TARIK AKAN

(1949-2016)

 

Türkiyənin məşhur kino aktyoru, əsl adı Tarık Tahsin Üregül olan Tarık Akan 13 dekabr 1949-cu ildə İstanbulda anadan olub. Yıldız Texniki Universitetində təhsil alıb. İlk dəfə 1971-ci ildə "Solan bir yarpaq kimi" filmində çəkildikdən sonra "Yeşilçam"ın ən yaraşıqlı oyunçusu kimi məşhurlaşıb. "Mavi boncuk", "Sev kardeşim" və "Hababam sınıfı" kimi filmlərdə canlandırdığı rollarla adını türk filminin tarixinə yazdırıb. Karyerası ərzində 111 film və 4 serialda rol alıb. Tarık Akan 16 sentyabr 2016-cı ildə İstanbulda vəfat edib.

 

 

NƏRGİZ PAŞAYEVA

(1962)

 

Filologiya elmləri doktoru, professor, akademik Nərgiz Paşayeva 1962-ci ilin bu günü Bakı şəhərində akademik Arif Paşayevin və görkəmli şərqşünas alim Aida İmanquliyevanın ailəsində anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbində, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Həmin Universitetin Filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında assistent, müəllim, baş müəllim, dosent, Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının müdiri, Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində çalışıb. Bir çox orden və medallarla təltif edilən Nərgiz Paşayeva hazırda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Bakı Dövlət Universitetinin "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasının müdiridir.

 

 

AZƏR ZEYNALOV

(1964)

 

Azərbaycanın xalq artisti, professor Azər Zeynalabdin oğlu  Zeynalov 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində şair-publisist Zeynal Vəfanın ailəsində anadan olub. 132 saylı orta məktəbdə, 12 saylı musiqi məktəbinin fortepiano sinfində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu şöbəsində, Bakı Musiqi Akademiyasının vokal şöbəsində, Aqostino Steffani adına İtaliya Dövlət Konservatoriyasının vokal şöbəsində təhsil alıb. 1990-cı ildə müğənni kimi ilk addımlarını Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində atıb. Rafiq Babayevin "Cəngi" ansamblında da fəaliyyət göstərib və həmin il "Odlar Yurdu Bakı-90" mahnı müsabiqəsinin laureatı seçilib. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Azərbaycan bəstəkarlarının mahnı və romanslarını da ifa edir. 1998-ci ildə Azərbaycanın xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. Azər Zeynalov hazırda Azərbaycan Milli Konservatoriyasında Milli vokal kafedrasına rəhbərlik edir.

 

 

KAMAL MƏMMƏDOV

(1955-1990)

 

20 Yanvar şəhid Kamal Seyidqurban oğlu Məmmədov 13 dekabr 1955-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı il yanvarın 20-də Sabunçudan benzindoldurma məntəqəsinə gedərkən Suraxanı qəsəbəsi yaxınlığında sovet əsgərləri tərəfindən atəşə tutularaq çoxsaylı güllə yarası alıb və kəskin qanitirmədən vəfat edib. Kamal Məmmədov Seyidlər qəbiristanlığında dəfn edilib.  

 

 

ADİL GƏRAY

(1919-1973)

 

Azərbaycanın əməkdar artisti, tarzən, pedaqoq, dirijor, bəstəkar Adil Gəray Heybətqulu oğlu Məmmədbəylinin anım günüdür. O, 13 may 1919-cu ildə Bakıda doğulub. Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfində, Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsində Üzeyir Hacıbəyovun sinfində təhsil alıb. Muğam dərslərini Əhməd Bakıxanovdan alıb, 1938-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster, daha sonra Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, Azteleradio orkestrində konsertmeyster, Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə müəllim işləyib. Bir sıra pyes, kitab və mahnıların müəllifidir. Adil Gəray 1973-cü il dekabrın 13-də Bakıda vəfat edib.    

 

 

VİDADİ NƏRİMANBƏYOV

(1926-2001)

 

Azərbaycanın xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyovun xatirə günüdür. O, 1926-cı il iyulun 13-də Fransanın Kann şəhərində dünyaya göz açıb. İkinci Dünya müharibəsi ailəsinə ciddi təsir göstərmiş rəssam dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir edib. Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirdikdən sonra V.Muxin adına Leninqrad Ali Rəssamlıq Məktəbində, sonra isə Tiflis Rəssamlıq Akademiyasında təhsil alıb. Dünyanın 20 ölkəsində fərdi sərgisi olub. 20 Yanvar faciəsinə həsr etdiyi "Qatillər" tablosu bir çox xarici sərgi salonlarında nümayiş etdirilib. "Şöhrət" ordeninə layiq görülən Vidadi Nərimanbəyov 2001-ci il dekabrın 13-də Bakı şəhərində vəfat edib.

 

 

MƏMMƏDKAMAL KAZIMOV

(1929-2005)

 

Azərbaycanın əməkdar mədəniyyət işçisi, aktyor və rejissor Məmmədkamal Allahqulu oğlu Kazımov da bu gün xatırlanır. O, 1929-cu il avqustun 27-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Akademik Milli Dram Teatrında, Sumqayıt Dövlət Musiqili Dram Teatrında, "Azərbaycanfilm" kinostudiyasında və Ağdam Dövlət Dram Teatrında çalışıb. Bir çox əsərlərə quruluş verib, "Bir cənub şəhərində", "Yol əhvalatı", "Qətl günü", "Ölülər", "Ümid", "Güllələnmə təxirə salınır", "Qara Volqa" kimi bədii filmlərində yaddaqalan obrazlar yaradıb. Məmmədkamal Kazımov 13 dekabr 2005-ci ildə dünyasını dəyişib.

 

 

QİYASƏDDİN QEYBULLAYEV

(1933-2002)

 

Tarix elmləri doktoru, professor Qiyasəddin Əsgər oğlu Qeybullayevun anım günüdür. O, 13 mart 1933-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Cəlilabad rayonunun Sabirabad kənd tam orta məktəbində müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və aparıcı elmi işçisi işləyib. ABŞ-da çap olunan “Türk dünyası” jurnalının redaksiya heyətinin və Milli Məclis yanında Toponimika Komissiyasının üzvü olub. 13 monoqrafiya və 213 elmi məqalənin müəllifidir. Qiyasəddin Qeybullayev 2002-ci il dekabrın 13-də Bakıda vəfat edib.

 

 

NOFƏL QULİYEV

(1963-1991)

 

Azərbaycanın Milli Qəhrəmanı Nofəl Zahid oğlu Quliyevin xatirə günüdür. O, 1963-cü il oktyabrın 4-də Şirvan şəhərində anadan olub. Burada 9 saylı orta məktəbdə təhsil alıb. 1982-1983-cü illərdə sovet ordusunda xidmət edib. Bakı Məişət Kondisionerləri Zavodunda işləyib. Tümendə tikinti texnikumunda təhsil alıb. 1990-cı ilin dekabrında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək üçün DİN-in Xüsusi Təyinatlı Milis Dəstəsinə daxil olub. Füzuli, Goranboy və Dağlıq Qarabağda baş verən döyüşlərdə fərqlənib. Nofəl Quliyev 1991-ci ilin dekabrında Goranboyun Todan kəndi uğrunda döyüşdə şəhid olub və Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Təhsil aldığı 9 saylı orta məktəb onun adını daşıyır.

 

 

FÜZULİ SALAHOV

(1978-2017)

 

Şəhid Fizuli Süleyman oğlu Salahov da bu gün xatırlanır. O, 1978-ci il aprelin 28-də Şabran rayonunun Gəndov kəndində dünyaya gəlib. 20 ilə yaxın Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Prezident İlham Əliyev cəbhə bölgəsinə səfəri zamanı ona “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını təqdim edib. 2016-cı il Aprel döyüşlərinin də fəal iştirakçısı olan Fizuli Salahov 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 2-ci dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalla təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv