Dünyanın bu günü - 13.02.2020
NƏZAKƏT AĞAZADƏ (1910-1979)
Dilçi alim, filologiya elmləri doktoru, professor Nəzakət Ağazadə 1910-cu il fevralın bu günü Gəncə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Həsən bəy Ağayevlə Xədicə xanım Ağayevanın ailəsində dünyaya gəlib. 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olsa da, 2-ci kursdan çıxarılıb, daha sonra Moskva Xarici Dillər İnstitutunun alman dili fakültəsini bitirib. Uzun illər Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili kafedrasına rəhbərlik edib. 1966-1968-ci illərdə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun prorektoru olub. Alimin araşdırmaları əsasən Azərbaycan və alman dillərinin müqayisəli öyrənilməsinə aiddir. Azərbaycan məktəbləri üçün alman dili dərslikləri yaradılmasında da böyük xidmətləri olub. Uzun illər Azərbaycan Elmlər Akademiyasının xarici dillər kafedrasının müdiri işləyib. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əliheydər Orucovla evli olan Nəzakət Ağazadə 10 aprel 1979-cu ildə səfərdə olarkən vəfat edib, sonradan cənazəsi Bakıya gətirilib.
ƏLİABBAS QƏDİROV (1946-2006)
Azərbaycanın xalq artisti, aktyor Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular Klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. 1965-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində institutun Tədris Teatrının ştatlı aktyoru kimi burada bir sıra tamaşalarda maraqlı rollar oynayıb. 1970-ci ildən Milli Dram Teatrının aktyoru olub, 26 dekabr 2001-ci ildən isə teatrın bədii rəhbəri və direktoru təyin edilib. Bir sıra filmlərdə də çəkilən Əliabbas Qədirov 2006-cı il martın 8-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn edilib.
NİSƏ QASIMOVA (1954)
Azərbaycanın xalq artisti, müğənni Nisə Fətulla qızı Qasımova 1954-cü ilin bu günü Bakıda dünyaya gəlib. 8 yaşından Əfsər Cavanşirovun rəhbərliyi ilə “Bənövşə” uşaq xorunun solisti olaraq ilk dəfə səhnəyə qədəm qoyub. Daha sonra “S pesnyami jizni” beynəlxalq mahnı müsabiqəsində birincilik qazanıb. 1972-ci ildən Dövlət Televiziyasının solisti olan müğənni bir sıra xarici ölkələrdə solo konsert proqramları ilə çıxış edib. 1994-cü ildə ilk dəfə Dövlət Televiziyasında müğənni-aparıcı kimi fəaliyyət göstərib. 1997-ci ildə Bakıda son konsertini gerçəkləşdirib və Moskvaya köçüb. 2007-ci ilin sentyabrından həftə içi 5 gün iki saatlıq "Xoş vaxt olun" şousu ilə ekranlara qayıdıb. Özünün adını daşıyan "Nisə Qasımova Fondu"nu yaradıb, xeyriyyə və mədəniyyət aksiyalarını maliyyələşdirib. Nisə Qasımova bu gün də sənət fəaliyyətini davam etdirməkdədir.
PƏRVİZ MƏMMƏDRZAYEV (1971)
Azərbaycanın xalq artisti, pantomim aktyoru Pərviz Məmmədrzayev 1971-ci il fevralın 13-də anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr kollektivinin rejissoru fakültəsini bitirib. 1994-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışıb və özünü peşəkar aktyor kimi təsdiq edib. 1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs alıb. 2010-cu ilin mart ayından müstəqil fəaliyyətə başlayaraq, "Simsar" teatr-studiyasını yaradıb. Pərviz Məmmədrzayev "Yaddaş", "Əli və Nino" və s. filmlərdə çəkilib.
XANOĞLAN MƏMMƏDOV (1975-1995)
Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Sadıq oğlu Məmmədov 1975-ci il fevralın bu günü Neftçala rayonunun Beşdəli kəndində dünyaya gəlib. 1983-cü ildə VIII sinfi bitirdikdən sonra Salyan rayonundakı 104 saylı texniki peşə məktəbinə daxil olub, iki il dülgərlik sənətinin sirlərini öyrənib. 1993-cü ildə hərbi xidmətə çağırılıb, bir müddət təlim keçdikdən sonra Murovdağ cəbhəsinə göndərilib. Xanoğlan Məmmədov 1995-ci il martın 15-də Qazax-Ağstafa bölgəsində dövlət əleyhinə çıxmış qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olub. Neftçala rayon Mədəniyyət və İncəsənət sarayı onun adını daşıyır.
ELVİN MİRZƏYEV (1994-2016)
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Elvin Azadxan oğlu Mirzəyev 1994-cü il fevralın 13-də Xaçmaz şəhərində anadan olub. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-da isə doğulduğu Xaçmaz şəhərində son mənzilə yola salınıb. Elvin Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
MƏŞƏDİBABA AYDƏMİROV (1971-2011)
Şair, qəzəlxan və meyxanaçı Məşədibaba Bilal oğlu Aydəmirov 1971-ci ilin bu günü Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. 11 fevral 1994-cü ildə yaxın dostu, meyxanaçı Elçin Atakişiyevlə aralarında yaranan münaqişə zamanı onu bıçaqla qətlə yetirdiyinə görə azadlıqdan məhrum olunub. 6 il həbsdə qaldıqdan sonra 2000-ci ildə azadlığa çıxıb və meyxanaçı kimi fəaliyyətini davam etdirib. Məşədibaba Aydəmirov 2011-ci il yanvarın 10-da ailə münaqişəsi zəminində özünü yandıraraq intihar edib.
BƏXTİYAR VAHABZADƏ (1925-2009)
Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycanın Dövlət Mükafatı laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin xatirə günüdür. O, 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Ailəsi ilə birlikdə 1934-cü ildə Bakıya köçüb. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. Bir sıra pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsinə qədər yüksəlib. 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib. Bu poemaya görə 1962-ci ildə "millətçi" damğası ilə Universitetdən çıxarılıb. Sonuncu çağırış Azərbaycan Ali Sovetinin, I və II çağırış Milli Məclisin deputatı seçilib. 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.