Dünyanın bu günü - 13.02.2021

NƏZAKƏT AĞAZADƏ

(1910-1979)

 

Dilçi alim, filologiya elmləri doktoru, professor Nəzakət Ağazadə 1910-cu ilin bu günü Gəncə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Həsən bəy Ağayevlə Xədicə xanım Ağayevanın ailəsində dünyaya gəlib. 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olsa da, 2-ci kursdan çıxarılıb. Daha sonra Moskva Xarici Dillər İnstitutunun alman dili fakültəsini bitirib. Uzun illər Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili kafedrasına və Azərbaycan Elmlər Akademiyasının xarici dillər kafedrasının rəhbərlik edib. 1966-1968-ci illərdə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun prorektoru olub. Alimin araşdırmaları əsasən Azərbaycan və alman dillərinin müqayisəli öyrənilməsinə aiddir. Azərbaycan məktəbləri üçün alman dili dərslikləri yaradılmasında da böyük xidmətləri olub. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əliheydər Orucovla evli olan Nəzakət Ağazadə 10 aprel 1979-cu ildə səfərdə olarkən vəfat edib, sonradan cənazəsi Bakıya gətirilib.

 

 

ƏLİABBAS QƏDİROV

            (1946-2006)

 

Azərbaycanın xalq artisti, aktyor Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular Klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. 1965-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində institutun Tədris Teatrının ştatlı aktyoru kimi burada bir sıra tamaşalarda maraqlı rollar oynayıb. 1970-ci ildən Milli Dram Teatrının aktyoru olub, 26 dekabr 2001-ci ildən isə teatrın bədii rəhbəri və direktoru təyin edilib. Bir sıra filmlərdə də çəkilən Əliabbas Qədirov 2006-cı il martın 8-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn edilib.

 

 

NİSƏ QASIMOVA

           (1954)

 

Azərbaycanın xalq artisti, müğənni Nisə Fətulla qızı Qasımova 1954-cü ilin bu günü Bakıda dünyaya gəlib. 8 yaşından Əfsər Cavanşirovun rəhbərliyi ilə “Bənövşə” uşaq xorunun solisti olaraq ilk dəfə səhnəyə qədəm qoyub. Daha sonra “S pesnyami jizni” beynəlxalq mahnı müsabiqəsində birincilik qazanıb. 1972-ci ildən Dövlət Televiziyasının solisti olan müğənni bir sıra xarici ölkələrdə solo konsert proqramları ilə çıxış edib. 1994-cü ildə ilk dəfə Dövlət Televiziyasında müğənni-aparıcı kimi fəaliyyət göstərib. 1997-ci ildə Bakıda son konsertini gerçəkləşdirib və Moskvaya köçüb. 2007-ci ilin sentyabrından həftə içi 5 gün iki saatlıq "Xoş vaxt olun" şousu ilə ekranlara qayıdıb. Özünün adını daşıyan "Nisə Qasımova Fondu"nu yaradıb, xeyriyyə və mədəniyyət aksiyalarını maliyyələşdirib. Nisə Qasımova bu gün də sənət fəaliyyətini davam etdirməkdədir.

 

 

MƏŞƏDİBABA AYDƏMİROV

          (1971-2011)

 

Şair, qəzəlxan və meyxanaçı Məşədibaba Bilal oğlu Aydəmirov 1971-ci ilin bu günü Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. 11 fevral 1994-cü ildə yaxın dostu, meyxanaçı Elçin Atakişiyevlə aralarında yaranan münaqişə zamanı onu bıçaqla qətlə yetirdiyinə görə azadlıqdan məhrum olunub. 6 il həbsdə qaldıqdan sonra 2000-ci ildə azadlığa çıxıb və meyxanaçı kimi fəaliyyətini davam etdirib. Məşədibaba Aydəmirov 2011-ci il yanvarın 10-da ailə münaqişəsi zəminində özünü yandıraraq intihar edib.

 

 

XANOĞLAN MƏMMƏDOV

              (1975-1995)

 

Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Sadıq oğlu Məmmədov 1975-ci il  fevralın 13-də Neftçala rayonunun Beşdəli kəndində dünyaya gəlib. 1983-cü ildə VIII sinfi bitirdikdən sonra Salyan rayonundakı 104 saylı texniki peşə məktəbinə daxil olub, iki il dülgərlik sənətinin sirlərini öyrənib. 1993-cü ildə hərbi xidmətə çağırılıb, bir müddət təlim keçdikdən sonra Murovdağ cəbhəsinə göndərilib. Xanoğlan Məmmədov 1995-ci il martın 15-də Qazax-Ağstafa bölgəsində dövlət əleyhinə çıxmış silahlı qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Neftçala rayon Mədəniyyət və İncəsənət Sarayı onun adını daşıyır. 

 

 

OSMAN BAYRAMOV

(1987-2020)

 

Şəhid Osman Zeyqəm oğlu Bayramov 13 fevral 1987-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsində iştirak edib və Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Əsgər Osman Bayramov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

HÜSEYN ABBASOV 

(1993-2020)

 

Şəhid Hüseyn Əlizadə oğlu Abbasov 1993-cü ilin bu günü Hacıqabul rayonunda anadan olub. Azərbaycan Texniki Universitetinin radiotexnika və rabitə fakültəsini bitirib. də ali təhsil almışdır. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub, 2016-cı ilin aprel döyüşlərində iştirak edib. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Gizir Hüseyn Abbasov oktyabr 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELVİN MİRZƏYEV

(1994-2016)

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Elvin Azadxan oğlu Mirzəyev 1994-cü il fevralın 13-də Xaçmaz şəhərində anadan olub. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-da isə doğulduğu Xaçmaz şəhərində son mənzilə yola salınıb. Elvin Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

 

ELDAR ƏLİYEV 

(1994-2020)

 

Şəhid Eldar Süleyman oğlu Əliyev 13 fevral 1994-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda pulemyotçu kimi həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq qatılıb. Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Eldar Əliyev oktyabrın 13-də Füzuli döyüşlərində qəhrəmancasına şəhid olub və Bakının Əhmədli qəsəbə qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

RƏHMAN MƏMMƏDOV

(1997-2020)

 

Şəhid Rəhman Natiq oğlu Məmmədov 1997-ci ilin bu günü Sumqayıt şəhərində anadan olub. Burada 13 nömrəli tam orta məktəbdə təhsil alıb. 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2016-cı ilin aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə qatılıb və noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Rəhman Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

NURƏDDİN MƏSTƏLİYEV

(2000-2020)

 

Şəhid Nurəddin Hasil oğlu Məstəliyev 2000-ci il fevralın 13-də Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsində dünyaya göz açıb. 180 saylı orta məktəbdə və 8 saylı texniki peşə liseyində təhsil alıb. 2019-cu il iyul ayında hərbi xidmətə yollanıb. 2020-ci ilin sentyabr ayına qədər Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçib, peşəkar idmançı olduğu üçün kəşfiyyat bölüyünə qoşulub. Sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə şücaət göstərib. Əsgər Nurəddin Məstəliyev noyabr ayında Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və noyabrın 13-də doğulduğu qəsəbədə dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

ZƏHRA QULİYEVA

(2016-2017)

 

Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilən 2 yaşlı körpə Zəhra Elnur qızı Quliyeva 2016-cı il fevralın 13-də Füzuli rayonunun Alxanlı qəsəbəsində anadan olub. 2017-ci il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Bu təxribat nəticəsində Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva qətlə yetirilib. Doğulduğu qəsəbədə dəfn olunub.

 

 

BƏXTİYAR VAHABZADƏ

(1925-2009)

 

Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycanın Dövlət Mükafatı laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anım günüdür. O,  1925-ci il avqustun 16-da Şəki şəhərində anadan olub. 1934-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. Bir sıra pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsinə qədər yüksəlib. 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib. Bu poemaya görə 1962-ci ildə "millətçi" damğası ilə Universitetdən çıxarılıb. Sonuncu çağırış Azərbaycan Ali Sovetinin, I və II çağırış Milli Məclisin deputatı seçilib. 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

AZAD NƏBİYEV

(1945-2012)

 

AMEA-nın müxbir üzvü,  filologiya elmləri doktoru, professor, folklorşünas Azad Mövlud oğlu Nəbiyevin xatirə günüdür. O, 20 aprel 1945-ci ildə Quba rayonunun İkin­ci Nügədi  kən­din­də anadan olub. Azərbaycan Dövlət Uni­­­ver­si­te­ti­nin Fi­lo­lo­giya fa­kül­tə­sinin jur­na­lis­tika şöbəsində təhsil alıb. Azərbaycan Dövlət Nəş­riyyatında redaktor, “Gənclik” nəşriy­ya­tın­da redaksiya müdiri, Azər­­­­baycan Dövlət Universitetinin Filolo­giya fa­kül­təsində müəllim, baş müəllim, professor vəzifələrində çalışıb. 200-dən artıq elmi əsərin, o cümlədən folklorumuzun ayrı-ayrı sahələ­ri­ni əhatə edən 40-dan artıq monoq­rafiyanın müəl­lifidir. Azad Nəbi­yev 13 fev­ral 2012-ci ildə Bakı şəhərində vəfat edib və doğulduğu kənddə dəfn edilib.

 

 

OZAN ARİF

(1949-2019)

 

Türkiyə aşıq şeirinin görkəmli nümayəndəsi Ozan Arif Şirin də bu gün xatırlanır. O, 10 iyun 1949-cu ildə Giresun vilayətinin Alucra rayonunun Hapu kəndində doğulub. İlk və orta təhsilini Samsunda alıb. Samsunun Devgeriş kəndində beş il müəllim, dörd il isə məktəb müdiri işləyib. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra Almaniyaya köçüb və yalnız 1990-cı ildə Türkiyəyə qayıdıb. Bir çox ölkələrdə konsertlər verib. 1992-ci ildə yazdığı “Ya Qarabağ, ya Ölüm” şeiri ilə Azərbaycanda böyük populyarlıq qazanıb. Ozan Arif 13 fevral 2019-cu ildə Samsunda vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv