Dünyanın bu günü - 13.04.2020

MAQSUD CAVADOV

(1902-1972)

 

1. 13 aprel əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, əməkdar müəllim Maqsud Əlisimran oğlu Cavadovun doğum günüdür. O, 1902-ci ildə Şamaxı qəzasının Basqal qəsəbəsində toxucu  ailəsində anadan olub. İbtidai təhsilini Basqal məktəbində alıb, 1914-1918-ci  illərdə təhsilini Şəki Gimnaziyasında  davam etdirib. 1927-ci ildə Azərbaycan  Dövlət Pedaqoji İnstitutuna fizika-riyaziyyat fakültəsini bitirib. 1930-1934-cü illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasının “Ali riyaziyyat” kafedrasında çalışıb. 1934-cü ildə Azərbaycan Dövlət Universitetində dosent vəzifəsində çalışmağa başlayıb. Dörd il sonra həndəsə kafedrasının müdiri, 1943-1944-cü illərdə fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-1952-ci illərdə isə Universitetin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. "Lenin", iki dəfə "Qırmızı Əmək Bayrağı” və "Şərəf nişanı" ordenləri ilə təltif olunan professor Maqsud Cavadov 1972-ci ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

SÜLEYMAN TAĞIZADƏ

(1909-1960)

 

2. Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru Süleyman Məşədi İsmayıl oğlu Tağızadə 13 aprel 1909-cu ildə Gəncə şəhərinin Çayqıraxlı məhəlləsində anadan olub. 1928-1931-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinin aktyorluq şöbəsində oxuyub. Tələbə vaxtlarından Akademik Milli Dram Teatrın tamaşalarında çıxış edən aktyor 1929-cu ildə bu kollektivin əvvəlcə yardım qrupuna, iki il sonra əsas heyətinə götürülüb. Bir müddət Gənc Tamaşaçılar Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Mahnı belə yaranır”, ”Kölgələr sürünür” kimi filmlərdə çəkilib. Süleyman Tağızadə 1960-cı il sentyabrın 12-də Gəncədə vəfat edib. O, Azərbaycanın xalq artisti, məşhur rəqqasə Afaq Məlikovanın atasıdır.

 

 

ARİF NƏRİMANBƏYOV

(1918-1992)

 

3. Azərbaycanın əməkdar incəsənət xadimi, kinooperator, rejissor, ssenarist Arif Əmirbəy oğlu Nərimanbəyovun doğum günüdür. O, 1918-ci ildə Bakıda anadan olub. 1944-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Müharibədən sonra Bakı Kinostudiyasında işləməyə başlayıb. Rejissor kimi “Mozalan” kinojurnalını çəkib. 1948-ci ildə Yefim Dziqanın lentə aldığı “Fətəli xan” bədii filmində Əlisəttar Atakişiyev kimi korifeylə birgə çalışaraq filmin ikinci operatoru olub. 1955-ci ildə lentə aldığı ilk film uzun illər tərəf müqabili olan rejissor Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” filmi olub. Sonralar “Qızmar günəş altında” və “Məhəbbət haqqında əfsanələr” kimi gözəl ekran əsərləri yaradıb. Arif Nərimanbəyov 1992-ci il mayın 16-da vəfat edib.

 

 

AİDA ABDULLAYEVA

(1922-2009)

 

4. Azərbaycanda arfa ifaçılığının banisi, əməkdar artist Aida Həmdulla qızı Abdullayeva 1922-ci il aprelin 13-də Bakıda anadan olub. 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Bakıya qayıdaraq, Opera və Balet Teatrının orkestrində işə qəbul olunub. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edilib. 1943-cü ildə Üzeyir Hacıbəyovun vəsatəti əsasında Azərbaycana qaytarılıb, Azərbaycan Dövlət Konservatoriyasına bərpa olunub və Radio Komitəsinin Simfonik orkestrində işləməyə göndərilib. 1944-cü ildə yenidən Moskva Konservatoriyasında təhsilini davam etdirib. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Konservatoriyada müəllimlik fəaliyyətinə başlayıb və arfa sinfinə rəhbərlik edib. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılıb. Aida Abdullayeva 2009-cu il aprelin 11-də vəfat edib.

 

 

TOFİQ MÜTƏLLİBOV

(1929-1992)

 

5. Azərbaycanın əməkdar incəsənət xadimi, şair Tofiq Mütəllim oğlu Mütəllibov 1929-cu il aprelin 13-də Naxçıvan şəhərində anadan olub. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. "Pioner" jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində şöbə müdiri işləyib. Ömrünün sonuna kimi isə "Azərbaycan gəncləri" qəzetində çalışıb. 1946-cı ildə "Zəfər" adlı ilk şeiri çap olunan şair 30-a yaxın kitabın müəllifidir. 300-dən çox şeirinə mahnı bəstələnib. O, bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə "Cücələrim" mahnısını bəxş edib. Tofiq Mütəllibov 1992-ci il oktyabrın 30-da vəfat edib.

 

 

OSMAN MİRZƏYEV

(1937-1991)

 

6. Azərbaycanın əməkdar jurnalisti, yazıçı və publisist Osman Mirzəhüseyn oğlu Mirzəyev 1937-ci ilin bu günü Bakının Keşlə qəsəbəsində anadan olub. Orta təhsilini 190 saylı orta məktəbdə alıb, 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Hələ tələbə ikən həmin dövrdə çox populyar olan "Molodyoj Azerbaydjana" qəzeti ilə sıx əməkdaşlıq etməyə başlayıb. Universiteti bitirdikdən sonra əmək fəaliyyətini 7 il bu qəzetdə davam etdirib. 1968-1990-cı illərdə "Vışka"da çalışıb və qəzetin ən mühüm şöbələrindən olan partiya həyatı və təbliğat şöbəsinin müdiri, məsul katibi və redaktor müavini olub. Azərbaycan Televiziyasında məşhur “Dalğa” verilişinin yaradıcılarından və aparıcılarından biri olub. Bir neçə kitabın müəllifidir. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatı ilə təltif edilib. 1990-cı ilin sentyabrında Azərbaycan Prezidentinin mətbuat katibi təyin olunan Osman Mirzəyev 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında bir sıra digər dövlət xadimləri ilə birgə uçduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub və Fəxri Xiyabanda dəfn olunub.

 

 

RAMİZ HƏSƏNOĞLU

(1946)

 

7. Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti, rejissor Ramiz Həsənağa oğlu Mirzəyevin (Ramiz Həsənoğlu) doğum günüdür. O, 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə İrəvan teatrının kollektivi Azərbaycana üz tutub və 2 yaşlı R.Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçüb. 1956-cı ildə Bakıya gəlib. 1965-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinə qəbul olunub. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayıb. 1973-cü ildə müsabiqə yolu ilə daxil olduğu Sankt-Peterburq Dövlət Teatrının Musiqi və Kinematoqrafiya Akademiyasını 1978-ci ildə uğurla başa vurub. "Günahsız Abdulla" və ilk Azərbaycan telemüzikli "Ordan-burdan" ona daha geniş şöhrət gətirib. Bənzərsiz "Ac həriflər" televiziya tamaşası onun yaradıcılığından qırmızı xətt kimi keçir. Ramiz Həsənoğlu 1993-cü ildən Azərbaycan Televiziyasında "Sabah" eksperimental yaradıcılıq emalatxanasının rəhbəridir.

 

 

SADIQ HÜSEYNOV

(1961-1992)

 

8. Azərbaycanın Milli Qəhrəmanı Sadıq Dayandur oğlu Hüseynovun xatirə günüdür. O, 29 iyul 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulub. Xankəndi Pedaqoji İnstitutunun ibtidai metodika fakültəsini bitirib. Vaxtilə oxuduğu məktəbdə əvvəl pioner baş dəstə rəhbəri, sonra isə müəllim işləyib. 1989-cu ildə DİN-in sərəncamı ilə Şuşa rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsinə təyin edilib. Erməni quldurları Şuşaya hücum edən zaman o da digər polis əməkdaşları kimi şəhərin müdafiəsində yaxından iştirak edib, düşmənə ağır zərbələr endirib. 1992-ci ilin aprelində erməni silahlı birləşmələri Şuşanı raket atəşinə tutub. Sadıq Hüseynov yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub və Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilib. Bir qızı yadigar qalıb.

 

 

FİRUDİN ŞAMOYEV

(1962-1992)

 

9. Bu gün Azərbaycanın Milli Qəhrəmanı Firudin İsa oğlu Şamoyevin anım günüdür. O, 1962-ci il fevralın 7-də Qazax şəhərində anadan olub. Orta təhsilini burada alıb, 1981-1983-cü illərdə həqiqi hərbi xidmətdə olub. 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazılıb və hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunub. Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində iştirak edib, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərib. 1992-ci ilin aprelində Qazax rayonunun Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Firudin Şamoyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Müəllif | Apa.Tv
Apa.tv