Dünyanın bu günü - 13.04.2021
TOMAS CEFFERSON
(1743-1826)
ABŞ-ın 3-cü prezidenti, Müstəqillik Bəyannaməsinin müəlliflərindən biri Tomas Cefferson 1743-cü il aprelin 13-də Virciniya koloniyasındakı Şeduel qəsrində plantasiya sahibinin ailəsində anadan olub. Şotland rahibinin təsis etdiyi yerli məktəbdə, “Uilyam və Meri” kollecində hüquq üzrə təhsil alıb. Vilyamsburqda vəkil işləyib. Gənc yaşlarından siyasi fəaliyyətə başlayıb və Virciniya Palatasına nümayəndə seçilib. Virciniyanın qubernatoru, ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun birinci Nazirlər Kabinetində dövlət katibi vəzifələrində çalışıb, müxalif demokrat respublikaçılar partiyasına rəhbərlik edib. 1800-cü ildə keçirilən prezident seçkilərində qalib gələrək, Birləşmiş Ştatlarının 3-cü prezidenti seçilib. Tomas Cefferson 1826-cı il iyulun 4-də Virciniya ştatının Şarlotsvill şəhərində vəfat edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
MAQSUD CAVADOV
(1902-1972)
Əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, əməkdar müəllim Maqsud Əlisimran oğlu Cavadov 1902-ci ilin bu günü Şamaxı qəzasının Basqal qəsəbəsində toxucu ailəsində anadan olub. İbtidai təhsilini Basqal məktəbində alıb, 1914-1918-ci illərdə təhsilini Şəki Gimnaziyasında davam etdirib. 1927-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna fizika-riyaziyyat fakültəsini bitirib. 1930-1934-cü illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasının “Ali riyaziyyat” kafedrasında çalışıb. 1934-cü ildə Azərbaycan Dövlət Universitetində dosent vəzifəsində çalışmağa başlayıb. Dörd il sonra həndəsə kafedrasının müdiri, 1943-1944-cü illərdə Fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-1952-ci illərdə isə Universitetin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. "Lenin", iki dəfə "Qırmızı Əmək Bayrağı” və "Şərəf nişanı" ordenləri ilə təltif olunan professor Maqsud Cavadov 1972-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
SÜLEYMAN TAĞIZADƏ
(1909-1960)
Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru Süleyman Məşədi İsmayıl oğlu Tağızadə 13 aprel 1909-cu ildə Gəncə şəhərinin Çayqıraxlı məhəlləsində anadan olub. 1928-1931-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinin aktyorluq şöbəsində oxuyub. Tələbə vaxtlarından Akademik Milli Dram Teatrın tamaşalarında çıxış edən aktyor 1929-cu ildə bu kollektivin əvvəlcə yardımçı qrupuna, iki il sonra əsas heyətinə götürülüb. Bir müddət Gənc Tamaşaçılar Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Mahnı belə yaranır”, “Kölgələr sürünür” kimi filmlərdə çəkilib. Süleyman Tağızadə 1960-cı il sentyabrın 12-də Gəncədə vəfat edib. O, Azərbaycanın xalq artisti, məşhur rəqqasə Afaq Məlikovanın atasıdır.
ORXAN VƏLİ
(1914-1950)
Tanınmış türk şairi, tərcüməçi Orxan Vəli Kanık 1914-cü il aprelin 13-də İstanbulda doğulub. Qalatasaray liseyində, Ankara Atatürk liseyində və İstanbul Universitetinin Ədəbiyyat fakültəsində təhsil alıb. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə türk ədəbiyyatında yeni janrın – "Özgə" cərəyanının qurucusu olub. Köhnə şair tipinə qarşı çıxıb, türk şeirinə yeni nəfəs gətirib. Şeirlərində qafiyə üslubunu heç bir halda qəbul etməyib. Eyni zamanda hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlərin müəllifidir. Orxan Vəli 14 noyabr 1950-ci ildə İstanbulda vəfat edib.
ARİF NƏRİMANBƏYOV
(1918-1992)
Azərbaycanın əməkdar incəsənət xadimi, kinooperator, rejissor, ssenarist Arif Əmirbəy oğlu Nərimanbəyovun doğum günüdür. O, 1918-ci ildə Bakıda anadan olub. 1944-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Müharibədən sonra Bakı Kinostudiyasında işləməyə başlayıb. Rejissor kimi “Mozalan” kinojurnalını çəkib. 1948-ci ildə Yefim Dziqanın lentə aldığı “Fətəli xan” bədii filmində Əlisəttar Atakişiyev kimi korifeylə birgə çalışaraq filmin ikinci operatoru olub. 1955-ci ildə lentə aldığı ilk film uzun illər tərəf müqabili olan rejissor Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” filmi olub. Sonralar “Qızmar günəş altında” və “Məhəbbət haqqında əfsanələr” kimi gözəl ekran əsərləri yaradıb. Arif Nərimanbəyov 1992-ci il mayın 16-da Bakıda vəfat edib.
AİDA ABDULLAYEVA
(1922-2009)
Azərbaycanda arfa ifaçılığının banisi, əməkdar artist Aida Həmdulla qızı Abdullayeva 1922-ci il aprelin 13-də Bakıda anadan olub. 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Bakıya qayıdaraq, Opera və Balet Teatrının orkestrində işə qəbul olunub. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edilib. 1943-cü ildə Üzeyir Hacıbəyovun vəsatəti əsasında Azərbaycana qaytarılıb, Azərbaycan Dövlət Konservatoriyasına bərpa olunub və Radio Komitəsinin Simfonik orkestrində işləməyə göndərilib. 1944-cü ildə yenidən Moskva Konservatoriyasında təhsilini davam etdirib. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Konservatoriyada müəllimlik fəaliyyətinə başlayıb və arfa sinfinə rəhbərlik edib. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılıb. Aida Abdullayeva 2009-cu il aprelin 11-də Bakıda vəfat edib.
TOFİQ MÜTƏLLİBOV
(1929-1992)
Azərbaycanın əməkdar incəsənət xadimi, şair Tofiq Mütəllim oğlu Mütəllibov 1929-cu il aprelin 13-də Naxçıvan şəhərində anadan olub. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. "Pioner" jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində şöbə müdiri işləyib. Ömrünün sonuna kimi isə "Azərbaycan gəncləri" qəzetində çalışıb. 1946-cı ildə "Zəfər" adlı ilk şeiri çap olunan şair 30-a yaxın kitabın müəllifidir. 300-dən çox şeirinə mahnı bəstələnib. O, bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə "Cücələrim" mahnısını bəxş edib. Tofiq Mütəllibov 1992-ci il oktyabrın 30-da Bakıda vəfat edib.
OSMAN MİRZƏYEV
(1937-1991)
Azərbaycanın əməkdar jurnalisti, yazıçı və publisist Osman Mirzəhüseyn oğlu Mirzəyev 1937-ci ilin bu günü Bakının Keşlə qəsəbəsində anadan olub. Orta təhsilini 190 saylı orta məktəbdə alıb, 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Hələ tələbə ikən həmin dövrdə çox populyar olan "Molodyoj Azerbaydjana" qəzeti ilə sıx əməkdaşlıq etməyə başlayıb. Universiteti bitirdikdən sonra əmək fəaliyyətini 7 il bu qəzetdə davam etdirib. 1968-1990-cı illərdə "Vışka"da çalışıb və qəzetin ən mühüm şöbələrindən olan partiya həyatı və təbliğat şöbəsinin müdiri, məsul katibi və redaktor müavini olub. Azərbaycan Televiziyasında məşhur “Dalğa” verilişinin yaradıcılarından və aparıcılarından biri olub. Bir neçə kitabın müəllifidir. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatı ilə təltif edilib. 1990-cı ilin sentyabrında Azərbaycan Prezidentinin mətbuat katibi təyin olunan Osman Mirzəyev 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında bir sıra digər dövlət xadimləri ilə birgə uçduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub və Fəxri Xiyabanda dəfn olunub.
RAMİZ HƏSƏNOĞLU
(1946)
Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti, rejissor Ramiz Həsənoğlunun doğum günüdür. Ramiz Həsənağa oğlu Mirzəyev 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə İrəvan teatrının kollektivi Azərbaycana üz tutub və 2 yaşlı Ramiz Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçüb. 1956-cı ildə Bakıya gəlib. 1965-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinə qəbul olunub. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayıb. 1973-cü ildə müsabiqə yolu ilə daxil olduğu Sankt-Peterburq Dövlət Teatrının Musiqi və Kinematoqrafiya Akademiyasını 1978-ci ildə uğurla başa vurub. “Topal Teymur”, “Günahsız Abdulla” və ilk Azərbaycan telemüzikli “Ordan-burdan” ona geniş şöhrət gətirib. Bənzərsiz “Ac həriflər” televiziya tamaşası onun yaradıcılığından qırmızı xətt kimi keçir. Ramiz Həsənoğlu 1993-cü ildə Azərbaycan Televiziyasında “Sabah” eksperimental yaradıcılıq emalatxanasının rəhbəri, 2019-cu ildə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru təyin edilib.
TƏRZAN HAŞIMOV
(1989-2020)
Şəhid Tərzan Qəhrəman oğlu Haşımov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə şücaət göstərib. Gizir Tərzan Həşimov oktyabrın 20-də Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
ƏLİ MƏMMƏDOV
(2000-2020)
Şəhid Əli Zeynal oğlu Məmmədov 2000-ci il aprelin 13-də Yevlax şəhərində anadan olub. 2018-2020-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Sərhəd Qoşunlarının kiçik giziri Əli Məmmədov oktyabrın 9-da Hadrut döyüşləri zamanı şəhid olub və Yevlax Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
HÜSEYN HƏSƏNOV
(2001-2020)
Şəhid Hüseyn Vahim oğlu Həsənov 2001-ci ilin bu günü Ucar rayonunun Çiyni kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Hüseyn Həsənov müharibənin ilk günündə şəhid olub və Ucar rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
ÜMÜD QASIMZADƏ
(2001-2020)
Şəhid Ümüd İlqar oğlu Qasımzadə 13 aprel 2001-ci ildə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Uşaq yaşlarından ağırlıqqaldırma idman növü ilə məşğul olub. 2019 və 2020-ci illərdə Azərbaycan çempionatında gümüş medalların sahibi olub. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Ümüd Qasımzadə oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub və Cəlilabad rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
XALƏDDİN CƏLİLOV
(2002-2020)
Şəhid Xaləddin Asəf oğlu Cəlilov 2002-ci il aprelin 13-də Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. 2003-cü ildə ailəsi ilə birlikdə Ağstafa rayonunun Yenigün kəndinə köçüb. İdmanın kikboks növü ilə məşğul olub, dünya çempionu adını qazanıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Xaləddin Cəlilov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub və Ağstafa rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
NİHAD ABDULLAYEV
(2002-2020)
Şəhid Nihad Adil oğlu Abdullayev 2002-ci ilin bu günü Ağstafa rayonunda anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Nihad Abdullayev noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub və Ağstafa Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
SADIQ HÜSEYNOV
(1961-1992)
Azərbaycanın Milli Qəhrəmanı Sadıq Dayandur oğlu Hüseynovun xatirə günüdür. O, 29 iyul 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulub. Xankəndi Pedaqoji İnstitutunun ibtidai metodika fakültəsini bitirib. Vaxtilə oxuduğu məktəbdə əvvəl pioner baş dəstə rəhbəri, sonra isə müəllim işləyib. 1989-cu ildə DİN-in sərəncamı ilə Şuşa rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsinə təyin edilib. Erməni quldurları Şuşaya hücum edən zaman o da digər polis əməkdaşları kimi şəhərin müdafiəsində yaxından iştirak edib, düşmənə ağır zərbələr endirib. 1992-ci ilin aprelində erməni silahlı birləşmələri Şuşanı raket atəşinə tutub. Sadıq Hüseynov yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub və Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Bir qızı yadigar qalıb.
FİRUDİN ŞAMOYEV
(1962-1992)
Azərbaycanın Milli Qəhrəmanı Firudin İsa oğlu Şamoyevin anım günüdür. O, 1962-ci il fevralın 7-də Qazax şəhərində anadan olub. Orta təhsilini burada alıb, 1981-1983-cü illərdə həqiqi hərbi xidmətdə olub. 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazılıb və hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunub. Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində iştirak edib, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərib. 1992-ci ilin aprelində Qazax rayonunun Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Firudin Şamoyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.