Dünyanın bu günü - 13.11.2020
BEYNƏLXALQ GÖZDƏN ƏLİLLƏR GÜNÜ
(1984)
Ümumdünya Səhiyyə Təşkilatının qərarına əsasən, 1984-cü ildən 13 noyabr tarixi dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd olunur. Bu gün 13 noyabr 1745-ci ildə doğulan məşhur fransız pedaqoqu Valentin Hayuinin adı ilə bağlıdır. O, gözdən əlilliyi olan şəxslər üçün məktəb və müəssisələrin əsasını qoyub. 1784-cü ildə isə görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib. 1829-cu ildə Paris Milli İnstitutunun yetirməsi olan Lui Brayl gözdən əlilliyi olan insanlar üçün bütün dünyada geniş yayılmış universal Brayl şriftini hazırlayıb.
İSMAYIL MURSAQULOV
(1939-1990)
20 Yanvar şəhidi, kimya elmləri doktoru, professor İsmayıl Həsən oğlu Mursaqulov 13 noyabr 1939-cu ildə Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində qulluqçu ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində və Moskvada SSRİ Elmlər Akademiyası Ümumi Kimya İnstitutunun aspiranturasında təhsil alıb. Sumqayıt Polimer Materialları İnstitutunun ən potensialı və perspektivli şöbə müdirlərindən biri olub. İsmayıl Mursaqulov 1990-cı il yanvarın 24-də Bakıdan Sumqayıta işə gedərkən sovet hərbçilərinin vəhşiliyi nəticəsində ağır yaralanıb və fevralın 3-də dünyasını dəyişib, Bakının Şəhidlər Xiyabanında dəfn olunub.
SOLMAZ QURBANOVA
(1939-2013)
Azərbaycanın xalq artisti, aktrisa Solmaz Cəbrayıl qızı Qurbanova 1939-cu il noyabrın 13-də Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb və ömrünün sonunadək burada çalışıb. Bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb. Azərbaycan milli teatr sənəti sahəsindəki xidmətlərinə görə 1979-cu ildə əməkdar artist, 1991-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2005-ci ildən Prezident təqaüdçüsü olan Solmaz Qurbanova 2013-cü il iyunun 4-də Bakı şəhərində dünyasını dəyişib.
KAZBEK TUAYEV
(1940)
Azərbaycan-sovet futbolçusu, SSRİ idman ustası Kazbek Əlirza oğlu Tuayev 1940-cı ilin bu günü Bakının Ələt qəsəbəsində dünyaya gəlib. Xalq Təsərrüfatı və Bədən Tərbiyəsi institutlarında təhsil alıb. "Neftçi" futbol komandasının heyətində sağ cinah hücumçusu kimi SSRİ çempionatının bürünc medalını qazanıb, adı 3 dəfə SSRİ-nin ən güclü 33 futbolçusunun siyahısına düşüb, SSRİ milli komandasında çıxış edib. Məşqçi karyerası ərzində müxtəlif klublarda və Azərbaycan milli komandasında müxtəlif uğurlu nəticələr qazanıb. Müstəqillik dövründə UEFA kubokunda Azərbaycanı ilk dəfə təmsil edən "Turan”ın baş məşqçisi olub. Azərbaycan klubları arasında UEFA kubokunda ilk qələbəni də onun rəhbərliyi altında “Neftçi” komandası qazanıb. Milli komandamız da rəsmi oyunlarda ilk xallarını məhz Kazbek Tuayevin baş məşqçiliyi dövründə qazanıb. Azərbaycan idmanı qarşısındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
MUSTAFA ƏBDÜLCƏMİL QIRIMOĞLU
(1943)
Krım tatarlarının tanınmış lideri Mustafa Əbdülcəmil Krımoğlu 13 noyabr 1943-cü ildə o zaman Rusiya Federasiyasının tərkibində olan Krım Muxtar Sovet Sosialist Respublikasının Sudak vilayətinin Ay-Serez qəsəbəsində çoxuşaqlı ailədə anadan olub. Bütün Krım tatarları kimi, onun da ailəsi 1944-cü il 18 may tarixində Krımdan Orta Asiyaya köçürülüb. Daşkənd İrriqasiya İnstitutunun Hidromeliorasiya fakültəsində oxuyub, lakin sonra millətçilik və antisovet baxışları üstündə institutdan qovulub. 1969-cu ilin mayında digər məşhur hüquq müdafiəçiləri ilə birgə "SSRİ-də insan hüquqlarının müdafiəsi təşəbbüs qrupu"nun təsisçilərindən biri olub. Həmin ilin sentyabrında yenidən həbs edilib. Lakin 1972-ci ilin sentyabrında azad olunaraq, "islah edilməmiş, antisovet baxışlı element" kimi Özbəkistanın Gülüstan şəhərində DTK-nın açıq nəzarətinə götürülüb. 1974-cü ildə guya hərbi çağırışdan imtina etməsi səbəbi ilə 1 il azadlıqdan məhrum edilib və cəzasını Omskdakı ciddi rejimli düşərgədə çəkib. Azad olunmasına 3 gün qalmış barəsində yeni cinayət işi açılıb. Bu dəfə məhkumlar arasında antisovet təbliğatı aparmaqda ittiham edilib. Bu məhkumluğunun sonuna yaxın barəsində "antisovet təbliğatı və pantürkizm" ittihamı ilə yeni cinayət işi açılıb. Lakin 15 günlük aclıq aksiyasından sonra beynəlxalq mediada SSRİ-ni tənqid kampaniyasından qurtulmaq üçün onu azad ediblər. 1987-ci ilin aprelində Krım tatar fəallarının ümumittifaq qurultayında Krım Tatar Milli Hərəkatının Mərkəzi Təşəbbüs Qrupuna üzv seçilib. "Krım Tatarlarının Milli Hərəkatının xəbərləri" dərgisinin baş redaktoru olub. 1991-ci ilin iyunundan Krım Tatar Xalq Məclisinin əvəzsiz sədridir.
AŞIQ HÜSEYN BOZALQANLI
(1868-1941)
Azərbaycanın əməkdar incəsənət xadimi, Aşıq Hüseyn Məşədi Cəfərqulu oğlu Bozalqanlının anım günüdür. O, 1868-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Kənddə yeni açılan Molla Səməd Axundun dini məktəbində üç il təhsil alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Çox kiçik yaşlarından şeirə və sənətə bağlanıb, hələ 12 yaşında ikən şeir yazmağa başlayıb. Fitri istedadı sayəsində bacarıqlı aşıq kimi şöhrət qazanıb. "Qara Tanrıverdi", "Nəriman", "Xanlar", "Hacı Tağı" dastanlarının yaradıcısıdır. "Koroğlu" dastanının ən kamil bilicisi hesab edilir. 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü və ittifaq nəzdində olan aşıqlar bölməsinin rəhbəri seçilib. "Şərəf nişanı" ordeni və fəxri fərmanla mükafatlandırılıb. Aşıq Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edib və Bozalqanlı kənd qəbiristanlığında dəfn olunub.
ƏLƏKBƏR BƏY NƏZƏRLİ
(1882-1951)
Azərbaycanın ilk qarmon ifaçısı, xeyriyyəçi Ələkbər bəy Cavad oğlu Nəzərlinin xatirə günüdür. O, 1882-ci il aprelin 30-da Xızıda dünyaya gəlib. Üzeyir Hacıbəylinin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında “Koroğlu” operasının premyerasının ilk müşayiətçisi olub. Bakıda ilk dəfə "Məclisi-üns" muğam-musiqi xeyriyyə məclisinin ilk yaradıcısı olub, su olmayan rayonda yaşadığı şəxsi mülkünə ilk olaraq su və qaz xətti çəkdirib, "İsa bulağı" adlı mülkündə ehtiyat su anbarı inşa etdirib. Dağlı məhəlləsi və ətraf rayonların sakinlərinin su ilə təmin olunmasına külli miqdarda vəsait xərcləyib. Azərbaycanın ilk qarmon ifaçısı kimi dünyanın ən nadir qarmon alətlərini kolleksiyasında toplayıb. "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və arvad" və başqa tamaşaların da müşayiətçisi olub. Ələkbər bəy Nəzərli 13 noyabr 1951-ci ildə dünyasını dəyişib və Yasamal qəbiristanlığında dəfn olunub.
ƏLİAĞA AĞAYEV
(1913-1983)
Azərbaycanın xalq artisti, görkəmli komediya aktyoru Əliağa İsmayıl oğlu Ağayev də bu gün xatırlanır. O, 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən yaşlarında atasını itirib. Gəmi Təmiri Zavodu nəzdindəki sənət məktəbində təhsil alıb. İki il sonra oranı bitirərək, zavodda gəmi çilingəri işləyib. Zavodun dram dərnəyinə üzv yazılıb və ilk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qara olub. 1936-cı ildə o vaxtlar Fəhlə Uşaqlar Teatrı adlanan Gənc Tamaşaçılar Teatrının kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı sayəsində teatrın yaradıcılıq iqlimini mənimsəyib və tədricən əksər tamaşalarında rollar alıb. Müxtəlif çeşidli rolları, xüsusən "O olmasın, bu olsun" bədii filmindəki Məşədi İbad obrazı ilə şöhrət qazanıb. 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Azərbaycan Televiziyasının qızıl fondunda aktyorun iştirak etdiyi tamaşaların və satirik səhnəciklərin lentləri saxlanır. Əliağa Ağayev 13 noyabr 1983-cü ildə vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.