Dünyanın bu günü - 14.02.2021
MÜQƏDDƏS VALENTİN GÜNÜ
14 fevral dünyanın bir çox ölkələrində Müqəddəs Valentin Günü, yaxud Sevgililər Günü kimi qeyd olunur. Bu gün III əsrdə İtaliyanın Terni şəhərində yaşamış rahib Müqəddəs Valentinin şərəfinə alıb. Valentin Roma imperatoru II Kladiusun fevralın 15-də qeyd edilən və faktiki olaraq orgiya halına gələn “Luperkalia bayramı”nı qadağan etməsinə baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edirmiş. İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və döydürərək təhqiramiz formada öldürtdürür. Valentin 14 fevral tarixində xristian məzarlığında dəfn edilir. 14 fevralın “Valentin günü” adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius 496-cı ildə Roma bütpərəstlərindən qalan “Luperkalia bayramı”nın adını rahib Valentinin şərəfinə dəyişdirir. İllər keçdikcə yavaş-yavaş 14 fevral sevgililərin, aşiqlərin bir-birinə eşq mesajları göndərdiyi bir günə çevrildi. Sevgililər Günü 1800-cü illərdən sonra Amerikada Ester Hovlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana indiki vaxtda daha çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəldi. Bunun təbii nəticəsi olaraq hadisənin ticarət istiqaməti çox inkişaf etdi. Az qala hər kəs hər il 14 fevralda sevgililərinə və ya həyat yoldaşlarına bu günün ruhu ilə inteqrasiya olunan, qarşı tərəfə sevgilərini izah edən hədiyyələr verir.
DAVUD AXUNDOV
(1918-2003)
Azərbaycan-sovet memarı və tarixşünası, Dövlət Mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü Davud Ağa oğlu Axundov 1918-ci ilin bu günü Bakı şəhərində doğulub. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib və həmin ildən layihəçi-memar kimi əmək fəaliyyətinə başlayıb. Bakı, Sumqayıt, Ağdam, Mingəçevir və digər şəhərlərdə bir sıra yaşayış binalarının müəllifi olub. Onun layihələri əsasında 1949-1963-cü illərdə Bakı, Krasnovodsk, Mahaçqala, Həştərxan və s. şəhərlərdə 100-dən artıq çoxmərtəbəli yaşayış evləri, yataqxana, klub, sənaye binaları tikilib. 1963-cü ildən Azərbaycan Politexnik İnstitutunda çalışıb, 1970-2003-cü illərdə Memarlıq konstruksiyaları kafedrasının müəllimi olub. 2002-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib və Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olub. Davud Axundov 2003-cü il noyabr ayının 19-da vəfat edib.
SÜLEYMAN ABDULLAYEV
(1939)
Azərbaycanın əməkdar artisti, xanəndə Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevralın 14-də Füzuli rayonunun Sərdərli kəndində anadan olub. 1959-cu ildə xanəndə Seyid Şuşinski onun səsini yüksək qiymətləndirib və peşəkar təhsil almaq üçün Bakıya dəvət edib. 1960-1964-cü illərdə musiqi məktəbində Seyid Şuşinskinin sinfində bütün muğam dəstgahlarını tam şəkildə öyrənib. 1964-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb. 1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olub. Onun ifasında “Segah”, “Dəşti”, “Çahargah”, “Şur” muğamlarının lent yazıları Azərbaycan teleradiosunun Qızıl Fonduna daxil olunub. Xalq tərəfindən “Dədə Süleyman” deyə çağırılan xanəndə Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin “Qızıl səs” medalına layiq görülüb.
TAMARA GÖZƏLOVA
(1940)
Azərbaycan Televiziyasının ilk xanım diktoru, aktrisa və mədəniyyət xadimi Tamara Gözəlova-Ağamirova 1940-cı il fevralın 14-də Bakıda İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. Həmin ildən 2011-ci ilə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında nəşriyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1956-1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayıb və Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub. Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb. Tamara Gözəlova 8 may 2020-ci ildə vəfat edib və Əhmədli kənd qəbiristanlığında dəfn olunub.
ELŞAD MƏMMƏDOV
(1975-1995)
Azərbaycanın Milli Qəhrəmanı Elşad Ramiz oğlu Məmmədov 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Ağdərədə gedən qanlı döyüşlərdə iştirak edib. 1995-ci ilin 13-17 mart hadisələri zamanı dövlət çevrilişinə cəhd edən qanunsuz silahlı dəstəni zərərsizləşdirərkən həlak olub. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə əsgər Elşad Məmmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
ƏLİMƏRDAN QULUZADƏ
(1993-2020)
Şəhid Əlimərdan Fəttah oğlu Quluzadə 1993-cü ilin bu günü Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 2016-cı ilin aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Əlimərdan Quluzadə oktyabrın 6-da Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub və Masallı rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
NURLAN ABDULLAZADƏ
(1994-2016)
Azərbaycan Silahlı Qüvvələrinin giziri Nurlan Rasim oğlu Abdullayev 1994-cü ilin 14 fevral günü Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Naxçıvanda həqiqi hərbi xidmət keçib. Xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmətə başlayıb. 2 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Nurlan Abdullazadə ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.
ŞAMXAL ABBASOV
(1995-2020)
Şəhid Şamxal Xasay oğlu Abbasov 1995-ci il fevralın 14-də Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açıb. 2013-cü ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında müddətdən artıq hərbi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Füzuli, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Şamxal Abbasov 21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
KAMRAN FƏRƏCOV
(1996-2020)
Şəhid Kamran İlqar oğlu Fərəcov 14 fevral 1996-cı ildə Şirvan şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Daxili Qoşunların baş əsgəri kimi iştirak edib. Kamran Fərəcov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
İLHAM MƏMMƏDOV
(1999-2020)
Şəhid İlham Rauf oğlu Məmmədov 1999-cu ilin bu günü Gəncə şəhərində anadan olub. Burada 15 saylı tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Əsgər İlham Məmmədov noyabrın 9-da Xocavənd döyüşlərində şəhid olub və Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.
ÜLVİ NÜSRƏTBƏYLİ
(1999-2020)
Şəhid Ülvi Arif oğlu Nüsrətbəyli 1999-cu il fevralın 14-də Masallı rayonunun Yeni Zuvand kəndində anadan olub. Lənkəran Dövlət Universitetində ali təhsil alıb. 2020-ci ilin iyulunda müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Ülvi Nüsrətbəyli oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub və Masallı rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
RÖVŞƏN EYNULLAYEV
(2000-2020)
Şəhid Rövşən Elşən oğlu Eynullayev 14 fevral 2000-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. Kənd tam orta məktəbində təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Əsgər Rövşən Eynullayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
RZA TƏHMASİB
(1894-1980)
Azərbaycanın görkəmli kino və teatr rejissoru, aktyor və pedaqoq Rza Abbasqulu oğlu Təhmasibin anım günüdür. O, 1894-cü il aprelin 20-də Naxçıvanda anadan olub. Məhəmmədtağı Sidqinin açdığı "Məktəbi-tərbiyə"də və üçsinifli Naxçıvan şəhər məktəbində təhsil alıb. 1918-ci ildə Naxçıvana hücum edən erməni silahlı dəstələrinə qarşı ümumxalq müqavimətinin təşkilatçılarından biri olub. 16 yaşında ikən Tiflisdə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayıb. 1920-ci ilədək Tiflis, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq edib. 1921-ci ildə Azərbaycan SSR-in Türkiyədəki səfirliyində çalışıb. 1922-1924-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərib. 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib və elə həmin il Bakı studiyasında “Ordenli Azərbaycan"” sənədli filmini çəkib. Kinoda rejissor kimi ən uğurlu işi “Arşın mal alan” filmi, ilk sərbəst rejissor işi isə “Onu bağışlamaq olarmı?” filmi olub. Aktyor kimi bir neçə filmdə rol alıb. Rza Təhmasib 14 fevral 1980-ci ildə dünyasını dəyişib və Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn olunub.