Dünyanın bu günü - 14.03.2021
ALBERT EYNŞTEYN
(1879-1955)
Müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteyn 1879-cu il martın 14-də Almaniya da anadan olub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. Doqquz yaşına qədər danışa bilməyib. Əvvəlcə dərslərdə çox geridə qalsa da, 9-10-cu siniflərdə bütün həmyaşıdlarını qabaqlayır. 1896-cı ildə İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirib. Müxtəlif illərdə Sürix, Praqa və Berlin Universitetinin professoru olub. 1933-cü ildə siyasi səbəblərə görə Almaniya vətəndaşlığından imtina edərək ABŞ-a köçüb və Prinston Universitetində professor kimi çalışmağa başlayıb. Onun böyük şöhrət qazanması II Dünya müharibəsindən sonrakı illərə təsadüf edib. 1945-ci ildə ABŞ prezidenti Ruzveltə yazdığı məktubunda nüvə silahının yaradılması barədə xəbər verən fizik Xirosima və Naqasaki faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən dərin peşmanlıq hissi keçirib. Bu hadisədən sonra ömrünün sonuna qədər nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparıb. Albert Eynşteyn 1955-ci il aprelin 18-də Prinston şəhərində aorta anevrizmindən vəfat edib. Nəşi krematoriyada yandırılıb və külü havaya sovrulub.
MƏMMƏD YUSİF CƏFƏROV
(1885-1938)
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Cümhuriyyət Parlamentinin sədr müavini Məmməd Yusif Hacıbaba oğlu Cəfərov 1885-ci il martın 14-də Bakı şəhərində anadan olub. 1907-ci ildə Bakı kişi gimnaziyasını, 1912-ci ildə isə Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də keçirilən iclasında qəbul etdiyi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olub. 1918-ci ildə ticarət və sənaye naziri vəzifəsini tutub, 1920-ci ildə ADR parlamentinin sədrinin birinci müavini vəzifəsinə seçilib. Bundan başqa, Cümhuriyyət dövründə müxtəlif vaxtlarda daxili və xarici işlər naziri vəzifələrində də olub. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın pambıqçılıq və şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışıb. Görkəmli pedaqoq, jurnalist Əli İsgəndər Cəfərzadənin kiçik qardaşı olan Məmməd Yusif Cəfərov 1938-ci il mayın 15-də Bakının Şağan kəndində dünyasını dəyişib.
İQRAR ƏLİYEV
(1924-2004)
Tarix elmləri doktoru, professor, akademik İqrar Həbib oğlu Əliyev 1924-cü ilin bu günü Bakıda doğulub. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda başlayıb. Sonralar Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Azərbaycan Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrində çalışıb. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Midiya tarixini tədqiq etməyə başlayan akademik Azərbaycanın qədim tarixi üzrə yeni elmi məktəbin yaradıcılarından biri olub. Qədim Şərq fəlsəfəsi üzrə 6 monoqrafiya və 200-dən artıq məqalənin müəllifi, 3 cildlik “Azərbaycan tarixi”nin əsas müəlliflərindən biri və redaktorlarındandır. “Əmək fədakarlığına görə” medalı, “Xalqlar Dostluğu” ordeni, “Şöhrət” ordeni, Rusiya və Azərbaycan Elmlər Akademiyalarının Fəxri fərmanları ilə təltif olunan İqrar Əliyev 2004-cü il iyunun 11-də Bakıda vəfat edib.
NAHİD HACIZADƏ
(1936-2018)
Yazıçı Nahid Rəhim oğlu Hacızadə 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Bakıda Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, redaktorluqdan şirkətin sədr müavini vəzifəsinə qədər şərəfli bir yol keçib. Bir müddət nəşriyyatda da çalışıb, sonralar Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru olub. Ədəbiyyata 1969-cu ildə "Ulduz" jurnalında çap edilən "Lirik miniatürlər"lə gəlib, ilk kitabı da 1972-ci ildə "Gənclik" nəşriyyatında çap edilib. Bir sıra pyesləri teatrlarda tamaşaya qoyulub, ssenariləri əsasında 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib, "Son qəmin olsun, Vətən!", "Qayalarda qalan səs" və "Yaşa, ey haqq" filmləri isə Qızıl Fonda daxil edilib. "Qalx, qalx, ulu torpaq!" mahnısının sözlərini yazan Nahid Hacızadə 2018-ci il yanvarın 18-də Bakıda vəfat edib və Binəqədi qəbiristanlığında dəfn edilib.
SAMƏT ƏLİZADƏ
(1938-2002)
Əməkdar elm xadimi, dilçi alim, filologiya elmləri doktoru, pedaqoq Samət Qürbət oğlu Əlizadə 1938-ci il martın 14-də Xızıda anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, 1965-ci ildən Azərbaycan Dövlət Universitetində dərs deyib. Ədəbi yaradıcılığa XX əsrin 60-cı illərdən başlayıb, dövri mətbuatda vaxtaşırı elmi və ədəbi-tənqidi məqalələrlə çıxış edib. Onun “XVI əsr Azərbaycan ədəbi dili” əsəri hələ də maraqla oxunur. 10 kitab, 200-ə qədər elmi məqalənin müəllifi olan Samət Əlizadə 2002-ci il may ayının 31-də Bakıda vəfat edib.
ANAR
(1938)
Azərbaycanın xalq yazıçısı, şair, tərcüməçi, ssenarist Anar Rzayev 1938-ci il martın 14-də xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Bülbül adına musiqi məktəbində və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1987-ci ildən bu günə qədər Azərbaycan Yazıçılar Birliyinin sədridir. 1995-ci ildə Konstitusiya Komissiyasının üzvü olub. 1995 və 2000-ci illərdə Milli Məclisə deputat seçilib. “Otel otağı”, “Mən, sən, o və telefon”, “Gün keçdi”, “Gürcü familyası”, “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və başqa əsərlərin müəllifidir. Anar müxtəlif illərdə "Şöhrət", "Şərəf", "İstiqlal" ordenlərinə və bir çox başqa mükafatlara layiq görülüb.
ÜMİD MƏMMƏDOV
(1999-2020)
Şəhid Ümid Fərman oğlu Məmmədov 1999-cu il martın 14-də Babək rayonunun Nehrəm qəsəbəsində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Ümid Məmmədov oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olub və Nehrəm qəsəbəsində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
SAYAD HACIYEV
(2001-2020)
Şəhid Sayad Azad oğlu Hacıyev 14 mart 2001-ci ildə Zaqatala rayonunun Bazar kəndində anadan olub. Bakı Dəmir Yolu Liseyində təhsil alıb, piano kursunda oxuyub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Sayad Hacıyev oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
AĞABABA ABBASOV
(2002-2020)
Şəhid Ağababa Səfər oğlu Abbasov 2002-ci ilin bu günü Şabran rayonunun Uzunboyad kəndində dünyaya göz açıb. Kənd orta məktəbində və Quba Dövlət Sosial-İqtisadi Kollecində təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Ağababa Abbasov sentyabrın 29-da Füzuli uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
KARL MARKS
(1818-1883)
Alman filosofu, siyasətçi, sosioloq, iqtisadçı və yazıçı, marksizm nəzəriyyəsinin banisi Karl Henrix Marks 14 mart 1883-cü ildə Londonda plevrit xəstəliyindən dünyasını dəyişib. O, 5 may 1818-ci ildə Prussiyanın Trier şəhərində anadan olub. Orta təhsilini liseydə alıb. Bonn və Berlin universitetlərində hüquq təhsili alarkən tarix və fəlsəfəyə böyük maraq göstərib. Fəlsəfəyə marağı onu hegelçi-idealist kimi formalaşdırıb. 1841-ci ildə Epikür fəlsəfəsinə dair dissertasiya müdafiə edib. 1846-cı ildə Beynəlxalq İşçilər Assosiasiyasının qurucularından biri olub. “İqtisadi və fəlsəfi əlyazmalar”, “Əmək haqqı və kapital”, “Kommunist Partiyasının manifesti”, “Siyasi iqtisadın tənqidinə dair”, “Əmək haqqı, qiymət və mənfəət”, “Kapital” kimi məşhur əsərlərini yazıb. Karl Marks tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında yer alıb.
ƏLİHEYDƏR ƏLƏKBƏROV
(1915-1975)
Azərbaycanın əməkdar artisti, aktyor, rejissor Əliheydər Əbdüləli oğlu Ələkbərov 14 mart 1975-ci ildə Bakıda vəfat edib. O, 26 iyul 1915-ci ildə Bakıda doğulub və yeddiillik məktəbi də burada bitirib. İlk sənət təhsilini 1931-1934-cü illərdə Bakı Teatr Məktəbində alıb, 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirib. Akademik Milli Dram Teatrında kütləvi səhnələrə çıxıb, həmçinin rejissor köməkçisi, rejissor laborant və rejissor assistenti kimi çalışıb. 1960-1967-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor olub. 1967-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında direktor işləyib. Əliheydər Ələkbərov “Milyonçunun dilənçi oğlu” musiqili komediyasına görə 1967-ci ildə Üzeyir bəy Hacıbəyov adına Dövlət Mükafatına, “Mahnı dağlarda qaldı” tamaşasına görə isə 1972-ci ildə Azərbaycan SSR-in Dövlət Mükafatına layiq görülüb.
STİVEN HOKİNQ
(1942-2018)
Müasir dövrün ən məşhur fiziklərindən biri olan Stiven Hokinq 14 mart 2018-ci ildə 76 yaşında İngiltərənin Kembric şəhərində vəfat edib. O, 8 yanvar 1942-ci ildə Oksfordda dünyaya gəlib. 1962-ci ildə Oksford Universitetini bitirib və nəzəri fizika ilə məşğul olmağa başlayıb. ALS xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, ömrü boyu elmə çoxsaylı töhfələr verib. 2007-ci ildə xüsusi təyyarədə yaradılmış çəkisizlik vəziyyətini sınayan ilk insan olub. Stiven Hokinq riyaziyyat və elm sahəsində bir çox mükafatlara layiq görülüb. 2009-cu ildə ABŞ Prezidenti Barak Obama alimi “Azadlıq” Prezident Medalı ilə təltif edib.