Dünyanın bu günü - 14.04.2020
NƏRİMAN NƏRİMANOV (1870-1925)
1. Görkəmli dövlət xadimi, yazıçı, həkim Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 14 aprel 1870-ci ildə Tiflis şəhərində anadan olub. İlk təhsilini Tiflis müsəlman ruhani məktəbində alıb, 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirib. Hacı Zeynalabdin Tağıyevin köməyi ilə isə Odessadakı Novorossiya Universitetinin tibb fakültəsində təhsil alıb. Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndində müəllim, 1914-cü ildə isə Bakının Qaraşəhər rayonunda pulsuz müalicəxanasında işləyib. Bakıda türk-müsəlman əhali üçün ilk xalq qiraətxanası təşkil edib. 1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasında yaxından iştirak edib, Azərbaycan SSR-in ilk Xalq Xarici İşlər Komissarı, Azərbaycan SSR İnqilab Komitəsinin sədri, Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci sədri, ZSFSR İttifaq Sovetinin 1-ci sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci sədri olub. Onun qətiyyəti sayəsində 1921-ci ildə Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılıb və Bakı Azərbaycanın paytaxtı kimi tanınıb. Azərbaycan dramaturgiyasında ilk tarixi faciə olan "Nadir şah" pyesinin, "Bahadır və Sona", "Nadanlıq", "Dilin bəlası" və başqa əsərlərin müəllifi olan Nəriman Nərimanov 1925-ci il martın 19-da Moskvada müəmmalı şəkildə vəfat edib və Kreml divarları yaxınlığında dəfn edilib.
FATMA QƏDRİ (1907-1968)
2. Xalq artisti, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa Fatma xanım Qədir qızı Qədri 14 aprel 1907-ci ildə Odessa şəhərində doğulub. Rus dilində təhsil alıb və yeniyetmə yaşlarından ailəsi ilə Bakıya köçüb. Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu alıb. 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib və səhnə fəaliyyətinə də həmin ildə Bakı Türk İşçi Teatrında başlayıb. Bir sıra tamaşalarda yaddaqalan obrazlar yaradıb. 1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olub, 1933-cü ildən pedaqoji fəaliyyət göstərib, 1935-ci ildən isə Azərbaycan Milli Dram Teatrında işləyib. Fatma Qədri 1968-ci il fevralın 29-da Bakıda vəfat edib.
NADİR MANSUROV (1916-1972)
3. Tarzən Nadir Məşədi Süleyman bəy oğlu Mansurov 1916-cı ilin aprelin bu günü Bakıda məşhur Mansurovlar ailəsində doğulub. 1937-38-ci illərdə Gəncədə bir çox yerli xanəndələri müşayiət edib. 1940-cı ildə hərbi xidmətə çağırılıb və İkinci Dünya müharibəsində iştirak edib. Müharibədən sonra uzun illər Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Konsert Birliyinin solisti olub. Azərbaycan Dövlət Səsyazma Arxivində onun müxtəlif illərdə çaldığı həm solo, həm də trio müşayiətləri qorunub saxlanılır. Nadir Mansurov 19 noyabr 1972-ci ildə Bakıda vəfat edib. O, Bakı Muğam Məclislərinin yaradıcısı Məşədi Məlik bəy Mansurovun nəvəsi, tarzən Bəhram Mansurovun qardaşı, bəstəkar Eldar Mansurovun əmisidir.
ALI MUSTAFAYEV (1952-1991)
4. Azərbaycanın Milli Qəhrəmanı, əməkdar jurnalist, şair-publisist, Mustafayev Alı Mustafa oğlu 14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində dünyaya gəlib. 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirib, 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Əmək fəaliyyətinə Bakı Elektrik Maşınqayırma zavodunda başlayıb. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Eyni zamanda Bakı Ali Partiya Məktəbini də bitirib. Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyət göstərib. “İlin ən yaxşı jurnalisti” və “Qızıl qələm” mükafatlarına layiq görülüb. Alı Mustafayev 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən vurulan vertolyotda dövlət və hökumət rəsmiləri ilə birlikdə şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Üç oğul övladı yadigar qalıb.
MƏRYƏM ƏLİZADƏ (1950)
5. Azərbaycanın əməkdar incəsənət xadimi, teatr tənqidçisi, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əli qızı Əlizadə 1950-ci il aprelin 14-də Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində baş laborant kimi başlayıb. Bakı Kitabxanaçılıq Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub. Ədəbi fəaliyyətə 1972-ci ildən "Qobustan" toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlayıb, dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış edib. 200-dən artıq elmi məqalələrin və 3 monoqrafiyanın müəllifi olan Məryəm Əlizadə “Cəfər Cabbarlı” və TÜRKSOY-un "Haldun Taner" mükafatlarına layiq görülüb.
RƏŞİD TALIŞİNSKİ (1928-1988)
6. Bu gün tibb elmləri doktoru, professor Rəşid Rüstəm oğlu Talışinskinin anım günüdür. O, 1928-ci il sentyabrın 13-də Bakıda həkim ailəsində anadan olub. 1953-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Tacikistanda əmək fəaliyyətinə başlayıb. Sonradan fəaliyyətini Azərbaycanda və Ukraynada davam etdirib. 1975-ci ildən 1988-ci ilədək Azərbaycan Travmatoloqlar və Ortopedlər Elmi Cəmiyyətinin sədri olub. O, dünyada lazer şüalanmasının sümük toxumasına təsiri haqqında ilk elmi əsər yazıb. 144 elmi əsərin və 10 ixtiranın müəllifi olan Rəşid Talışinski 1988-ci ilin aprelində vəfat edib.
SƏMƏD SƏRDARNİYA (1947-2008)
7. Tarixçi və tədqiqatçı Səməd Sərdarniyanın xatirə günüdür. O, 1947-ci il mayın 11-də Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra əvvəlcə Təbriz Universitetinin tarix, sonra isə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tehran televiziyasında və Təbriz radiosunda çalışıb. Doktor Cavad Heyətlə birlikdə “Varlıq” jurnalının işıq üzü görməsində böyük rolu olub. "Azərbaycan Məşrutə dönəmində", "Azərbaycanın məşhurları", "İrəvan - müsəlmanların yaşadığı vilayət", "Təbriz – İranda çap sənətinin beşiyi", "Arazın hər iki tayında müsəlmanların soyqırımı", "Molla Nəsrəddin Təbrizdə", "Məşrutə dönəmində Azərbaycan qəzetləri", "Qarabağ müharibəsi", "Qarabağ tarixin gedişində" və başqa əsərlərin müəllifidir. 2002-ci ildə Bakıdakı Azərbaycan Universitetinin "Fəxri doktoru" adına layiq görülən Səməd Sərdarniya 2008-ci ilin aprelində dünyasını dəyişib.