Dünyanın bu günü - 14.04.2021

NƏRİMAN NƏRİMANOV

(1870-1925)

 

Görkəmli dövlət xadimi, yazıçı, həkim Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 14 aprel 1870-ci ildə Tiflis şəhərində anadan olub. İlk təhsilini Tiflis müsəlman ruhani məktəbində alıb, 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirib. Hacı Zeynalabdin Tağıyevin köməyi ilə isə Odessadakı Novorossiya Universitetinin Tibb fakültəsində təhsil alıb. Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndində müəllim, 1914-cü ildə isə Bakının Qaraşəhər rayonunda pulsuz müalicəxanasında işləyib. Bakıda türk-müsəlman əhali üçün ilk xalq qiraətxanası təşkil edib. 1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasında yaxından iştirak edib, Azərbaycan SSR-in ilk Xalq Xarici İşlər Komissarı, Azərbaycan SSR İnqilab Komitəsinin sədri, Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci sədri, ZSFSR İttifaq Sovetinin 1-ci sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci sədri olub. Onun qətiyyəti sayəsində 1921-ci ildə Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılıb və Bakı Azərbaycanın paytaxtı kimi tanınıb. Azərbaycan dramaturgiyasında ilk tarixi faciə olan "Nadir şah" pyesinin, "Bahadır və Sona", "Nadanlıq", "Dilin bəlası" və başqa əsərlərin müəllifi olan Nəriman Nərimanov 1925-ci il martın 19-da Moskvada müəmmalı şəkildə vəfat edib və Kreml divarları yaxınlığında dəfn edilib.

 

 

FATMA QƏDRİ

(1907-1968)

 

Xalq artisti, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa Fatma xanım Qədir qızı Qədri 14 aprel 1907-ci ildə Odessa şəhərində doğulub. Rus dilində təhsil alıb və yeniyetmə yaşlarından ailəsi ilə Bakıya köçüb. Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu alıb. 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib və səhnə fəaliyyətinə də həmin ildə Bakı Türk İşçi Teatrında başlayıb. Bir sıra tamaşalarda yaddaqalan obrazlar yaradıb. 1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olub, 1933-cü ildən pedaqoji fəaliyyət göstərib, 1935-ci ildən isə Azərbaycan Milli Dram Teatrında işləyib. Fatma Qədri 1968-ci il fevralın 29-da Bakıda vəfat edib.

 

 

NADİR MANSUROV

(1916-1972)

 

Tarzən Nadir Məşədi Süleyman bəy oğlu Mansurov 1916-cı ilin aprelin bu günü Bakıda məşhur Mansurovlar ailəsində doğulub. 1937-1938-ci illərdə Gəncədə bir çox yerli xanəndələri müşayiət edib. 1940-cı ildə hərbi xidmətə çağırılıb və İkinci Dünya müharibəsində iştirak edib. Müharibədən sonra uzun illər Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Konsert Birliyinin solisti olub. Azərbaycan Dövlət Səsyazma Arxivində onun müxtəlif illərdə çaldığı həm solo, həm də trio müşayiətləri qorunub saxlanılır. Nadir Mansurov 19 noyabr 1972-ci ildə Bakıda vəfat edib. O, Bakı Muğam Məclislərinin yaradıcısı Məşədi Məlik bəy Mansurovun nəvəsi, tarzən Bəhram Mansurovun qardaşı, bəstəkar Eldar Mansurovun əmisidir.

 

 

ALI MUSTAFAYEV

(1952-1991)

 

Azərbaycanın Milli Qəhrəmanı, əməkdar jurnalist, şair-publisist Alı Mustafa oğlu Mustafayev 14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində dünyaya gəlib. 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirib, 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Əmək fəaliyyətinə Bakı Elektrik Maşınqayırma zavodunda başlayıb. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Eyni zamanda Bakı Ali Partiya Məktəbini də bitirib. Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyət göstərib. “İlin ən yaxşı jurnalisti” və “Qızıl qələm” mükafatlarına layiq görülüb. Alı Mustafayev 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən vurulan vertolyotda dövlət və hökumət rəsmiləri ilə birlikdə şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Üç oğul övladı yadigar qalıb.

 

 

MƏRYƏM ƏLİZADƏ

(1950)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, teatr tənqidçisi, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əli qızı Əlizadə 1950-ci il aprelin 14-də Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində baş laborant kimi başlayıb. Bakı Kitabxanaçılıq Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub. Ədəbi fəaliyyətə 1972-ci ildən "Qobustan" toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlayıb, dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış edib. 200-dən artıq elmi məqalələrin və 3 monoqrafiyanın müəllifi olan Məryəm Əlizadə “Cəfər Cabbarlı” və TÜRKSOY-un "Haldun Taner" mükafatlarına layiq görülüb.

 

 

ƏLİ RZAYEV

(1988-2020)

 

Şəhid Əli Rəsul oğlu Rzayev 1988-ci il aprelin 14-də Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Əli Rzayev elə həmin gün Murovdağ döyüşləri zamanı şəhid olub və  Gədəbəy rayonunda dəfn edilib.

 

 

ƏLİHEYDAR HÜSEYNLİ

(1994-2020)

 

Şəhid Əliheydar Səlahəddin oğlu Hüseynli 14 aprel 1994-cü ildə Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetində təhsil alıb. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. “Azərişıq” ASC-nin Nərimanov rayon şöbəsində nəzarətçi-mühəndis vəzifəsində çalışıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Əsgər Əliheydar Hüseynli noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

MÜŞFİQ XOSİZADƏ

(1994-2020)

 

Şəhid Müşfiq Zakir oğlu Xosizadə 1994-cü ilin bu günü Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Müşfiq Xosizadə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

RÖVŞƏN RAMAZANOV

(1995-2020)

 

Şəhid Rövşən Qardaşxan oğlu Ramazanov 14 aprel 1995-ci ildə Astara rayonunun Burzubənd kəndində anadan olub. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Xocavənd uğrunda döyüşlərdə iştirak edib. Əsgər Rövşən Ramazanov oktyabrın 27-də Xocavənd rayonunun Cütcü kəndi uğrunda döyüşdə qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

VÜSAL RZAYEV

(1996-2020)

 

Şəhid Vüsal Tofiq oğlu Rzayev 1996-cı il aprelin 14-də Şabran rayonunda anadan olub. Bakı Peşə Liseyində təhsil alıb. 2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Füzuli və Xocavənd döyüşlərində şücaət göstərib. Əsgər Vüsal Rzayev oktyabrın 14-də şəhid olub və dekabrın 10-da Xətai rayonundakı Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ELNUR VƏLİYEV

(1997-2020)

 

Şəhid Elnur Əli oğlu Vəliyev 1997-ci il aprelin 14-də Ucar şəhərində anadan olub. 2014-2018-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində iştirak edib. Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Elnur Vəliyev oktyabrın 27-də Xocavənd döyüşləri zamanı şəhid olub və Ucar Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ELTON MƏMMƏDOV 

(2000-2020)

 

Şəhid Elton Ramil oğlu Məmmədov 2000-ci il aprelin 14-də Bərdə rayonunda anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elton Məmmədov oktyabr 10-da Suqovuşan uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ZƏBİYULLA MƏMMƏDOV 

(2000-2020)

 

Şəhid Zəbiyulla Şahin oğlu Məmmədov  2000-ci ilin bu günü Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar ixtisası üzrə təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Suqovuşan və Talış qəsəbələri uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Zəbiyulla Məmmədov noyabrın 4-də Ağdərə istiqamətində şəhid olub və Maştağa qəsəbəsində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

VLADİMİR MAYAKOVSKİ

(1893-1930)

 

Rus sovet şairi, dramaturq Vladimir Vladimiroviç Mayakovskinin xatirə günüdür. O, 1893-cü il iyulun 19-da Gürcüstanın Bağdati kəndində doğulub. Kutaisi şəhər gimnaziyasında, 5 nömrəli Moskva gimnaziyasında, Moskva Rəsm və Heykəltəraşlıq Məktəbində təhsil alıb. Müxtəlif illərdə 35 qəzet və 57 jurnalda yazılar yazıb. Futurizm hərəkatına qoşulub, burjua adətlərinə meydan oxuyan əsərlər yaradıb və dəfələrlə həbs olunub. Şeir yazmağa orta məktəbdə başlayıb. Teatrlarda pyesləri təqdim edilib, baş rejissor və rejissor kimi çıxış edib, 9 film ssenarisi yazıb. Vladimir Mayakovski 1930-cu il aprelin 14-də intihar edib və Moskvanın Novodeviçye qəbiristanlığında dəfn edilib. Ölümündən sonra doğulduğu kəndə şairin adı verilib.

 

 

RƏŞİD TALIŞİNSKİ

(1928-1988)

 

Bu gün tibb elmləri doktoru, professor Rəşid Rüstəm oğlu Talışinskinin anım günüdür. O, 1928-ci il sentyabrın 13-də Bakıda həkim ailəsində anadan olub. 1953-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Tacikistanda əmək fəaliyyətinə başlayıb. Sonradan fəaliyyətini Azərbaycanda və Ukraynada davam etdirib. 1975-ci ildən 1988-ci ilədək Azərbaycan Travmatoloqlar və Ortopedlər Elmi Cəmiyyətinin sədri olub. O, dünyada lazer şüalanmasının sümük toxumasına təsiri haqqında ilk elmi əsər yazıb. 144 elmi əsərin və 10 ixtiranın müəllifi olan Rəşid Talışinski 1988-ci ilin 14 aprelində Bakıda vəfat edib.

 

 

SƏMƏD SƏRDARNİYA

(1947-2008)

 

Tarixçi və tədqiqatçı Səməd Sərdarniyanın xatirə günüdür. O, 1947-ci il mayın 11-də Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra əvvəlcə Təbriz Universitetinin tarix, sonra isə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tehran televiziyasında və Təbriz radiosunda çalışıb. Doktor Cavad Heyətlə birlikdə “Varlıq” jurnalının işıq üzü görməsində böyük rolu olub. "Azərbaycan Məşrutə dönəmində", "Azərbaycanın məşhurları", "İrəvan - müsəlmanların yaşadığı vilayət", "Təbriz – İranda çap sənətinin beşiyi", "Arazın hər iki tayında müsəlmanların soyqırımı", "Molla Nəsrəddin Təbrizdə", "Məşrutə dönəmində Azərbaycan qəzetləri", "Qarabağ müharibəsi", "Qarabağ tarixin gedişində" və başqa əsərlərin müəllifidir. 2002-ci ildə Bakıdakı Azərbaycan Universitetinin "Fəxri doktoru" adına layiq görülən Səməd Sərdarniya 2008-ci il aprelin 14-də dünyasını dəyişib.

 

 

RÜSTƏM ƏHMƏDOV

(1983-2016)

 

Şəhid Rüstəm Oruc oğlu Əhmədov da bu gün xatırlanır. O, 1983-cü ildə Mingəçevir şəhərində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Kiçik çavuş Rüstəm Əhmədov 2016-cı il aprelin 14-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv