Dünyanın bu günü - 14.06.2021
CAMO BƏY HACİNSKİ
(1888-1942)
Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Cəmo bəy Süleyman oğlu Hacınski 1888-ci il iyunun 14-də Azərbaycanın Quba rayonunda anadan olub. Peterburq Universitetinin hüquq fakültəsində təhsil alıb. Rusiya Müvəqqəti Hökumətinin Zaqafqaziya Komitəsinin vəkili, Zaqafqaziya Kəndli Deputatları İcraiyyə Komitəsinin sədr müavini, Zaqafqaziya Mərkəzi Komissiyasının sədri, dövlət müfəttişi, Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında İnzibati-Maliyyə Şöbəsinin rəisi, Kənd Təsərrüfatı Kooperasiyası İttifaqında (“Göybirliyi”) Plan Şöbəsinin katibin və müdiri, Sənaye Kooperasiyasında baş məsləhətçi vəzifələrində çalışıb. Müsəlman Dram Cəmiyyətinin, Azərbaycan Arxeoloji Cəmiyyətinin yaradıcılarından biri olub. Üzeyir Hacıbəyovun əsərlərinin tamaşaları, həmçinin Nəcəf bəy Vəzirovun və başqalarının da yaradıcılığı barədə məqalələr, resenziyalar yazıb, “Milli nəğmələr” adlı şeirlər kitabını nəşr etdirib. 1937-ci ildə həbs olunan Camo bəy Hacınski 1938-ci ildə Moskva ətrafındakı Kirov vilayətinə sürgün edilib və 1942-ci ilin iyununda Sibirdəki Vyatka xüsusi həbs düşərgəsində vəfat edib. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 26 iyun 1956-cı il tarixli qərarı ilə ona bəraət verilib.
ZİVƏR MƏMMƏDOVA
(1902-1980)
İlk azərbaycanlı heykəltəraş qadın Zivər Nəcəfqulu qızı Məmmədova 14 iyun 1902-ci ildə Bakı şəhərində anadan olub. İlk orta təhsilinə “Müqəddəs Nina” qızlar gimnaziyasında başlayıb. Məktəbi bitirdikdən sonra Heykəltəraşlıq fakültəsində rəssamlıq kursuna daxil olub. 1920-ci ildə Bakı Ali Rəssamlıq Məktəbinə daxil olub, 1924-cü ildə oranı bitirib. O, Azərbaycan mədəniyyəti tarixində nəinki ilk qadın heykəltəraş, həmçinin peşəkar qadın skripka ifaçısı kimi də tanınıb. Dahi bəstəkar Üzeyir Hacıbəyovun mühazirələrinin dinləyicisi olub, onun 1922-ci ildə yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrində skripka çalıb, 1923-cü ildə “Arşın mal alan” operettasının ilk tamaşasında əsas ifaçılardan olub. 1930-1940-cı illərdə Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Məşədi Əzizbəyov, Bəsti Bağırova və başqa tanınmışların büst-portretlərini yaradıb. 1950-ci ildə Üzeyir Hacıbəyovun gipsdən heykəlini hazırlayıb. 1924-cü ildə Həbib Məmmədovla ailə quran Zivər Məmmədova görkəmli Azərbaycan heykəltəraşı Tokay Məmmədovun anasıdır. O, 1980-ci il aprelin 14-də Bakıda vəfat edib.
HƏBİB BAYRAMOV
(1926-1994)
Azərbaycanın xalq artisti, tarzən Həbib Əbdül Hüseyn oğlu Bayramov 1926-cı ilin bu günü Bakıda anadan olub. Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində həm təhsil alıb, həm də müəllim çatışmadığı üçün burada muğam sinfində dərs deyib. 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Ansamblında çalışıb, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunduqdan sonra isə bu birliyin solisti olub. 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olub. Onun sazda ifa etdiyi “Segah”, “Humayun”, “Bayatı-Qacar” muğamları radionun “Qızıl Fond”unda saxlanılır. Xalq artisti, müğənni Tükəzban İsmayılova ilə evli olan Həbib Bayramov 1994-cü il avqustun 15-də vəfat edib və Bakıda II Fəxri xiyabanda dəfn olunub.
ERNESTO ÇE GEVARA
(1928-1967)
Argentinalı marksist inqilabçı və siyasətçi, Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuş Ernesto Çe Gevara 14 iyun 1928-ci ildə Argentinanın Rosario şəhərində anadan olub. Buenos-Ayres Universitetində təhsil alıb. 1959-1961-ci illərdə Kuba Milli Bankının prezidenti, sonra isə sənaye naziri olub. Kuba diktatoru Fulxensio Batistaya qarşı silahlı mübarizə aparan inqilabçıların komandirlərindən biri olub. 1959-cu ildə inqilabçıların qələbəsindən sonra Kuba hökumətində bir sıra postlar tutub. Daha sonra əvvəlcə Afrikada, sonra isə Latın Amerikasında partizan hərəkatı təşkil etmək məqsədilə ölkəni tərk edib. Ernesto Çe Gevara 1967-ci il oktyabrın 8-də Boliviyada hökumət qüvvələri ilə döyüşdə yaralanaraq əsir götürülüb, oktyabrın 9-da isə güllələnib. Onun dəfn olunduğu yer uzun müddət gizli qalıb, 1997-ci ildə isə Kubanın Santa-Klara şəhərinə aparılıb. Burada xüsusi mavzoley tikilib və Çe Gevaraya hündürlüyü 6 metr olan abidə qoyulub. Adı tarixdə “100 ən çox öyrənilmiş şəxsiyyət” siyahısına daxil edilib.
DONALD TRAMP
(1946)
ABŞ-ın 45-ci prezidenti, biznes və siyasi xadimi Donald Con Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub. Nyu-York Hərbi Akademiyasının məktəb-internatında təhsil alıb, Uorton Biznes Məktəbinin iqtisadiyyat ixtisasını maliyyə işləri üzrə bitirib. Biznes fəaliyyətinə kollecdə təhsil alarkən Ohayo ştatının Sinsinati şəhərində 1200 mənzillik binanın modernləşməsindən başlayıb, böyük gəlir gətirə bilən tikinti layihələri həyata keçirib. "Trump Organization" tikinti konqlomeratının prezidenti, mərc oyunları və hotel biznesində ixtisaslaşan “Trump Entertainment Resorts” şirkətinin yaradıcısı, "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısı olub. Donald Tramp 2016-cı il 8 noyabr prezident seçkilərində demokrat rəqibi Hillari Klintonu üstələyərək, ABŞ prezidenti seçilib. 20 yanvar 2017-ci ildən isə səlahiyyətlərinin icrasına başlayıb. Donald Tramp 2020-ci ildə keçirilən prezident seçkilərində demokrat Co Baydenə məğlub olub.
FAİQ SÜCƏDDİNOV
(1947)
Azərbaycanın xalq artisti, bəstəkar Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov 1947-ci il iyunun 14-də Gəncədə doğulub. Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsində, Azərbaycan Pedaqoji Dillər İnstitutunda və Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində təhsil alıb. 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvəti ilə orkestrdə çalışmağa başlayıb. 2000-ci illərdə Türkiyə və Kiprdə fəaliyyət göstərib. “Vətən balladası”, “Dostum”, “Ağcaqanadın uçuşu”, “Xatirələr” və başqa əsərlərin müəllifidir. Faiq Sücəddinov "Şöhrət" ordeni ilə təltif edilib, Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
RÖYA AYXAN
(1982)
Azərbaycanın xalq artisti, müğənni Röyalə Yaqub qızı Nəcəfova (Röya Ayxan) 14 iyun 1982-ci ildə Bakıda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində təhsil alıb. Vaqif Gərayzadənin “W-trio” qrupunda çıxış edib, qrupdan ayrıldıqdan sonra isə solo müğənniliyə başlayıb. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq gənc ifaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub, 2006-cı ildə isə “V&V” prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib. Röya Ayxan 2015-ci ildə Azərbaycanın əməkdar artisti, 2019-cu ildə isə xalq artisti fəxri adına layiq görülüb.
VALEH BABAYEV
(1977-2007)
Şəhid Valeh Dadaş oğlu Babayev 1977-ci ilin bu günü Qobustan rayonunun Nərimankənd kəndində anadan olub. Həzi Aslanov adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil alıb. 1998-ci ilin iyun ayından müxtəlif illərdə Silahlı Qüvvələrin və Quru Qoşunlarının hərbi hissələrində tağım komandiri, bölük komandiri və hərbi hissənin fiziki hazırlıq üzrə mütəxəssis vəzifələrində xidmət edib. 2007-ci il noyabr 5-dən 6-na keçən gecə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Baş leytenant Valeh Babayev ölümündən sonra "Qüsursuz xidmətə görə" III dərəcəli medalı ilə təltif edilib. Qobustan şəhərində böyüyüb boya-başa çatdığı küçə onun adını daşıyır.
PƏRVİZ BALABƏYOV
(1987-2020)
Şəhid Pərviz Tofiq oğlu Balabəyov 14 iyun 1987-ci ildə Hacıqabul şəhərində anadan olub. 2005-2007-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2015-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Pərviz Balabəyov elə həmin gün Füzuli döyüşləri zamanı şəhid olub və Hacıqabul şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
SABİR ƏHMƏDOV
(1989-2020)
Şəhid Sabir Səfər oğlu Əhmədov 1989-cu il iyunun 14-də Beyləqan rayonunun Qəhrəmanlı kəndində anadan olub. 2007-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Sabir Əhmədov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
ELVİN ŞÜKÜRLÜ
(1997-2020)
Şəhid Elvin Azad oğlu Şükürlü 1997-ci ilin bu günü Cəlilabad rayonunun Şiləvəngə kəndində anadan olub. Cəmşid Naxçıvanskı adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Elvin Şükürlü sentyabrın 28-də şəhid olub. Uzun müddətdən sonra tapılan nəşi 22 yanvar 2021-ci ildə II Fəxri Xiyabanda torpağa tapşırılıb. Ölümündən sonra "Rəşadət" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
İSMAYIL MƏMMƏDOV
(1997-2020)
Şəhid İsmayıl Vahid oğlu Məmmədov 14 iyun 1997-ci ildə Yevlax rayonunda anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər İsmayıl Məmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
RƏSUL QAZIMƏTOV
(2001-2020)
Şəhid Rəsul Kəmaləddin oğlu Qazımətov 2001-ci il iyunun 14-də Qusar rayonunun Qayakənd kəndində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Rəsul Qazımətov oktyabrın 14-də Hadrut döyüşləri zamanı şəhid olub və oktyabrın 21-də Qusar rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
FƏTULLA HÜSEYNOV
(1937-2004)
Azərbaycanda “qara polkovnik” ləqəbi ilə məşhur olan Fətulla Əli oğlu Hüseynovun anım günüdür. O, 1937-ci ildə Tovuz rayonunda anadan olub. Azərbaycan Texniki Universitetinin avtomobil-tikinti fakültəsini, Bakı Dövlət Universitetinin hüquq fakültəsini və SSRİ Daxili İşlər Nazirliyinin kurslarını bitirib. Respublika Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, Baş Yanğınsöndürmə İdarəsinin rəis müavini, DİN-in polis polkunun komandiri, AFFA-nın Nizam-İntizam Komitəsinin sədri və vitse-prezidenti vəzifələrində çalışıb. 1994-cü ildə qələbə ilə başa çatan Horadiz əməliyyatına rəhbərlik edib. Fətulla Hüseynov 2004-cü ilin 14 iyununda yaşadığı binanın qarşısında Hacı Məmmədovun dəstə üzvləri tərəfindən öldürülüb.
QARATEL HACIMAHMUDOVA
(1948-1992)
Şəhid Qaratel Şəmi qızı Hacımahmudovanın xatirə günüdür. O, 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açıb. Bakı Ticarət Texnikumunda, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Neft Kəşfiyyatı İdarəsində işləyib, Azərbaycan milli azadlıq hərəkatının ən fəal üzvlərindən olub. Öz kəndlərində yaradılmış könüllü özünümüdafiə dəstəsinə qoşulub. 1992-ci ilin iyununda mühasirəyə düşüb və düşmənin əlinə sağ keçməmək üçün özünü öldürüb. Qaratel Mahmudova 1994-cü ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
HƏLİMƏ ƏLİYEVA
(1952-2019)
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın anım günüdür. O, 1952-ci ildə Ordubad rayonunun Kələki kəndində dünyaya gəlib. 1979-cu ildə Əbülfəz Elçibəylə ailə həyatı qurub. Həlimə Əliyeva 2019-cu il iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib və doğulduğu kənddə dəfn olunub.
MİRƏSGƏR SEYİDOV
(1970-1992)
Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidov da bu gün xatırlanır. O, 1970-ci il fevralın 6-da Babək rayonunun Qaraxanbəyli kəndində anadan olub. 1987-ci ildə Naxçıvan şəhər 39 saylı orta məktəbini bitirib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. Babək rayonunun Yuxarı Buzqov kənd özünümüdafiə batalyonunda vuruşub. Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər Seyidov 1992-ci ilin iyununda baş verən döyüşdə qəhrəmancasına həlak olub və Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
RÖVŞƏN ƏLİYEV
(1972-1992)
Azərbaycanın Milli Qəhrəmanı Rövşən Nəriman oğlu Əliyevin anım günüdür. O, 1972-ci il avqustun 30-da Bakı şəhərində doğulub. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Maşınqayırma fakültəsinə daxil olub. 1991-ci ilin mayında könüllü olaraq orduya yazılıb. Sırxavənd və Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak edib. 14 iyun 1992-ci ildə Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Rövşən Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
İLQAR VERDİYEV
(1975-2012)
Bu gün şəhid kapitan İlqar Tapdıq oğlu Verdiyevin anım günüdür. O, 1975-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Türkiyə Quru Qoşunları məktəbində mühəndis-istehkamçı ixtisası üzrə təhsil alıb. Müdafiə Nazirliyi mətbuat xidmətinin zabiti, Naftalanda yerləşən hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri vəzifələrində çalışıb. 2012-ci il iyunun 9-dan 10-na keçən gecə cəbhənin Goranboy rayonu istiqamətində minaya düşmüş hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi, mayor Zahir Məmmədovu ərazidən çıxarmaq istəyərkən özü də minaya düşüb. Mərkəzi Hərbi Kliniki Hospitalına yerləşdirilən İlqar Verdiyev iyunun 14-də vəfat edib və Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.