Dünyanın bu günü - 15.02.2020
ARİF PAŞAYEV (1934)
Azərbaycanın əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mircəlal oğlu Paşayev 15 fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirib, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin vaxtdan yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb. İlk dəfə olaraq yarımkeçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işləyib və bu üsulları reallaşdıran elmi cihazlar yaradıb. 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifi olan Arif Paşayev 2004-cü il fevralın 15-də "Şöhrət ordeni"nə layiq görülüb.
İMAM MUSTAFAYEV (1910-1997)
1954-1959-cu illərdə Sovet Azərbaycanına rəhbərlik etmiş ictimai-siyasi xadim, bioloq alim İmam Daşdəmir oğlu Mustafayev 15 fevral 1910-cu ildə Qax rayonunun Əmbərçay kəndində kasıb kəndli ailəsində anadan olub. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1934-1940 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləyib. 1940-1954-cü illərdə Azərbaycan SSR Dövlət Nəzarəti komissarının 1-ci müavini, xalq torpaq komissarının 1-ci müavini, kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan KP MK-nın katibi vəzifələrində çalışıb. 1954-cü ildə Azərbaycan KP MK-nın birinci katibi olub. Hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 8 iyul 1959-cu ildə "bacarıqsızlıq" bəhanəsi ilə vəzifəsindən azad edilib. Daha sonra Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri, 1971-ci ildən isə həmin institutun direktoru təyin olunub. Dəfələrlə SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olan İmam Mustafayev 10 mart 1997-ci ildə Bakıda vəfat edib.
İZZƏT RÜSTƏMOV (1932)
Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevralın bu günü Gədəbəy rayonunun Şınıx mahalının Düz-Rəsullu kəndində doğulub. 1949-cu ildə Gədəbəy rayonunun Çay-Rəsullu kəndində orta məktəbi, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi nəzdində Fəlsəfə şöbəsinə bitirib. Azərbaycan Dövlət Universitetində Fəlsəfə kafedrasında laborant, partiya komitəsinin katibi, kafedra müdiri, beynəlxalq əlaqələr üzrə prorektor, Azərbaycan Dövlət Neft Akademiyasında Fəlsəfə kafedrasının müdiri, Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifələrində çalışıb. O, 100 məqalənin, 4 monoqrafiyanın, 7 kitabın müəllifidir. 2004-cü ildən indiyədək Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiridir. "Qabaqcıl təhsil işçisi" döş nişanı və “Şöhrət” ordeni ilə təltif edilən İzzət Rüstəmov Milli Qəhrəman Məzahir Rüstəmovun atasıdır.
CÖVHƏR DUDAYEV (1944-1996)
Çeçenistanın ilk prezidenti, hərbçi, siyasətçi və dövlət xadimi Cöhər Musa oğlu Dudayev 1944-cü ilin fevralın 15-də Çeçenistanın Yalho kəndində anadan olub. 1944-cü ilin 23 fevralında Sibirə sürgün olunduqları üçün orta təhsilini orada alıb. 1962-ci ildə Tambov Təyyarəçilik Akademiyasından, 1966-cı ildə isə Uzaq Məsafə Təyyarələri üçün Pilot və Mühəndis Yetişdirilməsi Akademiyasından məzun olub. 1974-cü ildə Yuri Qaqarin adına Hərbi Hava Akademiyasını da bitirərək, birinci sinif pilot və mühəndis dərəcəsini qazanıb və keçmiş SSRİ hökuməti tərəfindən 12 medalla təltif edilib. 1989-cu ildə Estoniyada Strateji Hava Qüvvələri Komandanlığında çalışarkən Baltikyanı ölkələrdə başlayan azadlıq hərəkatlarını zor gücünə yatırmaq üçün Moskvadan əmr alıb, lakin bu əmri yerinə yetirmədiyi üçün Qroznıya sürgünə göndərilib. 1990-cı ilin noyabrında Çeçen Xalqının Qurultayına dəvət edilib və sonradan "Çeçen Beynəlxalq Konqresi" adını almış Xalq Məclisinin İdarə Heyətinin sədri seçilib. 11 dekabr 1994-cü ildə Rusiyanın Çeçenistana ordu yeritməsinə qarşı "cihad" əmrini verib. İki illik mübarizə öncə uğur qazansa da, sonradan tənəzzülə doğru getməyə başlayıb. Cövhər Dudayev 21 aprel 1996-cı ildə raket zərbəsi nəticəsində öldürülüb.
BÜRCƏLİ ƏSGƏROV (1933-2005)
Azərbaycanın əməkdar artisti, aktyor Bürcəli Veysəl oğlu Əsgərov 15 fevral 1933-cü ildə Borçalı bölgəsinin Qasımlı kəndində dünyaya gəlib. 1951-ci ildə Körpülü kəndində orta təhsilini, 1956-cı ildə isə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsilini bitirib. Həmin ildən Akademik Teatrın aktyor truppasına işə götürülüb. "Onu bağışlamaq olarmı?" bədii filmində Leytenant Rəsulov, “Göz həkimi” teletamaşasında Professor Şahbazov roluna çəkilib. 2000-ci ildən həmçinin Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışan Bürcəli Əsgərov 2005-ci il noyabrın 1-də Bakıda vəfat edib.
ZİYA YUSİFZADƏ (1929-2015)
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 7-ci sədri Ziya Məmmədiyyə oğlu Yusifzadə 1929-cu il fevralın bu günü Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub. 1945-ci ildə Zaqatalada orta məktəbi, 1952-ci ildə isə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirib. DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, DTK sədrinin I müavini, sədri, Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifələrində çalışıb. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb. 1999-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib. Ziya Yusifzadə 29 sentyabr 2015-ci ildə Bakı şəhərində dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn olunub.
RAMAZAN ÇİRİNQOV (1969-1995)
Azərbaycanın Milli Qəhrəmanı Ramazan Heybullah oğlu Çirinqov 1969-cu il fevralın 15-də Balakən rayonunun Meşəşambul kəndində dünyaya gəlib. 1986-cı ildə kənd orta məktəbini bitirib, 1987-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Əfqanıstanda keçirib. 1989-cu ildə hərbi xidmətini başa vurduqdan sonra Balakən rayonunda polis nəfəri kimi işə başlayıb. 1995-ci il sentyabrın 3-də Balakəndə silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Azərbaycan Prezidentinin 25 dekabr 1995-ci il tarixli fərmanı ilə Ramazan Çirinqova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
ELVAR QƏDİMOV (1974-1994)
Qarabağ müharibəsinin iştirakçısı, şəhid Elvar Yengibar oğlu Qədimov 1974-cü il fevralın bu günü anadan olub. 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Elvar Qədimov 10 fevral 1994-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olub, Hacıqabul rayonunun Atbulaq kəndində dəfn olunub.