Dünyanın bu günü - 15.02.2021

QALİLEO QALİLEY

(1564-1642)

 

İtalyan alimi, mexanik, fizik, astronom, riyaziyyatçı, müasir fizika və astronomiya elmlərinin və elmi düşüncənin banilərindən biri Qalileo Qalileyin 1564-cü il fevralın 15-də İtaliyanın Piza şəhərində anadan olub. İlk təhsilini Florensiyada alıb, daha sonra 1581-ci ildə Piza Universitetində tibb təhsilinə başlayıb. 1592-ci ildə Pizanı tərk edərək, Paduya Universitetində riyaziyyat kafedrasına gedib. O, ilk dəfə öz astronomik borusunu 1610-cu il yanvarın 7-də gecə Aya tərəf yönəldib. 1597-ci ildə ilk termometr hesab edilən termoskopu qurub, istilik hadisələrini öyrənməkdə bu cihazın böyük rolu olub. Qalileo Qaliley 1642-ci il yanvarın 8-də Florensiya yaxınlığındakı Arçetridə dünyasını dəyişib.

 

 

İMAM MUSTAFAYEV

(1910-1997)

 

1954-1959-cu illərdə Sovet Azərbaycanına rəhbərlik etmiş ictimai-siyasi xadim, bioloq alim, akademik İmam Daşdəmir oğlu Mustafayev 15 fevral 1910-cu ildə Qax rayonunun Əmbərçay kəndində kasıb kəndli ailəsində anadan olub. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1934-1940-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləyib. 1940-1954-cü illərdə Azərbaycan SSR Dövlət Nəzarəti komissarının 1-ci müavini, xalq torpaq komissarının 1-ci müavini, kənd təsərrüfatı naziri, Azərbaycan SSR Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan SSR KP MK-nın katibi vəzifələrində çalışıb. 1954-cü ildə Azərbaycan KP MK-nın birinci katibi olub. Hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 8 iyul 1959-cu ildə "bacarıqsızlıq" bəhanəsi ilə vəzifəsindən azad edilib. Daha sonra Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri, 1971-ci ildən isə həmin institutun direktoru təyin olunub. Dəfələrlə SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olan İmam Mustafayev 10 mart 1997-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ZİYA YUSİFZADƏ

(1929-2015)

 

Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 7-ci sədri Ziya Məmmədiyyə oğlu Yusifzadə 1929-cu ilin bu günü Şəkidə ziyalı ailəsində anadan olub. 1945-ci ildə Zaqatalada orta məktəbi, 1952-ci ildə isə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirib. DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, DTK sədrinin I müavini, sədri, Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifələrində çalışıb. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb. 1999-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib. Ziya Yusifzadə 29 sentyabr 2015-ci ildə Bakı şəhərində dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

İZZƏT RÜSTƏMOV

(1932)

 

Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci ilin bu günü Gədəbəy rayonunun Şınıx mahalının Düz-Rəsullu kəndində doğulub. 1949-cu ildə Gədəbəy rayonunun Çay-Rəsullu kəndində orta məktəbi, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi nəzdində Fəlsəfə şöbəsini bitirib. Azərbaycan Dövlət Universitetində Fəlsəfə kafedrasında laborant, partiya komitəsinin katibi, kafedra müdiri, beynəlxalq əlaqələr üzrə prorektor, Azərbaycan Dövlət Neft Akademiyasında Fəlsəfə kafedrasının müdiri, Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifələrində çalışıb. 100 məqalənin, 4 monoqrafiyanın, 7 kitabın müəllifidir. 2004-cü ildən indiyədək Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiridir. "Qabaqcıl təhsil işçisi" döş nişanı və “Şöhrət” ordeni ilə təltif edilən İzzət Rüstəmov Milli Qəhrəman Məzahir Rüstəmovun atasıdır.

 

 

BÜRCƏLİ ƏSGƏROV

(1933-2005)

 

Azərbaycanın əməkdar artisti, aktyor Bürcəli Veysəl oğlu Əsgərov 15 fevral 1933-cü ildə Borçalı bölgəsinin Qasımlı kəndində dünyaya gəlib. 1951-ci ildə Körpülü kəndində orta təhsilini, 1956-cı ildə isə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsilini bitirib. Həmin ildən Akademik Teatrın aktyor truppasına işə götürülüb. "Onu bağışlamaq olarmı?" bədii filmində Leytenant Rəsulov, “Göz həkimi” teletamaşasında Professor Şahbazov roluna çəkilib. 2000-ci ildən həmçinin Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışan Bürcəli Əsgərov 2005-ci il noyabrın 1-də Bakıda vəfat edib.

 

 

ARİF PAŞAYEV

(1934)

 

Azərbaycanın əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mircəlal oğlu Paşayev 15 fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirib, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin vaxtdan yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb. İlk dəfə olaraq yarımkeçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işləyib və bu üsulları reallaşdıran elmi cihazlar yaradıb. 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifi olan Arif Paşayev 2004-cü il fevralın 15-də "Şöhrət" ordeninə layiq görülüb.

 

 

CÖVHƏR DUDAYEV

(1944-1996)

 

Çeçenistanın ilk prezidenti, hərbçi, siyasətçi və dövlət xadimi Cöhər Musa oğlu Dudayev 1944-cü ilin fevralın 15-də Çeçenistanın Yalho kəndində anadan olub. 1944-cü ilin 23 fevralında Sibirə sürgün olunduqları üçün orta təhsilini orada alıb. 1962-ci ildə Tambov Təyyarəçilik Akademiyasından, 1966-cı ildə isə Uzaq Məsafə Təyyarələri üçün Pilot və Mühəndis Yetişdirilməsi Akademiyasından məzun olub. 1974-cü ildə Yuri Qaqarin adına Hərbi Hava Akademiyasını da bitirərək, birinci sinif pilot və mühəndis dərəcəsini qazanıb və keçmiş SSRİ hökuməti tərəfindən 12 medalla təltif edilib. 1989-cu ildə Estoniyada Strateji Hava Qüvvələri Komandanlığında çalışarkən Baltikyanı ölkələrdə başlayan azadlıq hərəkatlarını zor gücünə yatırmaq üçün Moskvadan əmr alıb, lakin bu əmri yerinə yetirmədiyi üçün Qroznıya sürgünə göndərilib. 1990-cı ilin noyabrında Çeçen Xalqının Qurultayına dəvət edilib və sonradan "Çeçen Beynəlxalq Konqresi" adını almış Xalq Məclisi İdarə Heyətinin sədri seçilib. 11 dekabr 1994-cü ildə Rusiyanın Çeçenistana ordu yeritməsinə qarşı "cihad" əmrini verib. İki illik mübarizə öncə uğur qazansa da, sonradan tənəzzülə doğru getməyə başlayıb. Cövhər Dudayev 21 aprel 1996-cı ildə raket zərbəsi nəticəsində öldürülüb.

 

 

RAMAZAN ÇİRİNQOV

(1969-1995)

 

Azərbaycanın Milli Qəhrəmanı Ramazan Heybullah oğlu Çirinqov 1969-cu il fevralın 15-də Balakən rayonunun Meşəşambul kəndində dünyaya gəlib. 1986-cı ildə kənd orta məktəbini bitirib, 1987-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Əfqanıstanda keçirib. 1989-cu ildə hərbi xidmətini başa vurduqdan sonra Balakən rayonunda polis nəfəri kimi işə başlayıb. 1995-ci il sentyabrın 3-də Balakəndə silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Azərbaycan Prezidentinin 25 dekabr 1995-ci il tarixli fərmanı ilə Ramazan Çirinqova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

 

ELVAR QƏDİMOV

(1974-1994)

 

Qarabağ müharibəsinin iştirakçısı, şəhid Elvar Yengibar oğlu Qədimov 1974-cü il fevralın bu günü anadan olub. 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanıb. 10 fevral 1994-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olub.Hacıqabul rayonu Atbulaq kəndində dəfn olunub.

 

 

VEYSƏL MUSİBOV

(1989-2020)

 

Şəhid Veysəl Yadulla oğlu Musibov 15 fevral 1989-cu ildə Qazaxıstanın Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində dünyaya gəlib. Şahbuz rayonunun Sələsüz kənd orta məktəbində, Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın başlayan 27-də Vətən Müharibəsinə Xüsusi Təyinatlı Qüvvələrin Xüsusi Əməliyyat taborunun qərargah rəisi kimi qatılıb. Murovdağ, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Kapitan Veysəl Musibov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub və Xırdalan Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SƏNAN ƏHMƏDOV

(1988-2020)

 

Şəhid Sənan Qalasən oğlu Əhmədov 1988-ci i fevralın 15-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. 1994-2005-ci illərdə kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu fəaliyyət göstərib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 11-də şəhid olub. Əsgər Sənan Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

DAVUD QURBANOV

(1996-2020)

 

Şəhid Davud Taryel oğlu Qurbanov 1996-cı ilin bu günü Bakı şəhərində dünyaya göz açıb. Biləcəri qəsəbəsindəki 299 saylı məktəb-liseydə və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 3-də şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb. Əsgər Davud Qurbanov ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELVİN ŞAHMARLI

(2002-2020)

 

Şəhid Elvin Malik oğlu Şahmarlı 15 fevral 2002-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və oktyabrın 13-də doğulduğu kənddə dəfn olunub. Əsgər Elvin Şahmarlı ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

 

 

TƏRLAN ƏLİYARBƏYOV

(1892-1956)

 

Azərbaycan sərkərdəsi, general Tərlan Abdulla oğlu Əliyarbəyovun anım günüdür. O, 1892-ci il noyabrın 28-də Şamaxıda dünyaya gəlib. Rusiyada vətəndaş müharibəsinin, I və II Dünya müharibələrinin iştirakçısı olub. 1918-1919-cu illərdə Azərbaycan Ordusunda polk komandirinin, Bakı şəhər hərbi rəisinin müavini vəzifələrində çalışıb. 1923-29-cu illərdə Azərbaycan SSR hərbi komissarının köməkçisi və ərazi idarəsinin rəisi olub. II Dünya müharibəsi illərində 416-cı Taqanroq diviziyasının komandiri, Azərbaycan Xalq Maarif Komissarının müdafiə işləri üzrə müavini və digər məsul vəzifələrdə çalışıb. 1948-ci ildə istefaya çıxıb. “Müqəddəs Stanislav”, “Müqəddəs Georgi”, “Lenin”, “Qırmızı Bayraq” və başqa ordenlərə layiq görülüb. Tərlan Əliyarbəyov 1956-cı il fevralın 15-də Bakıda vəfat edib.

 

 

GÜLRUX ƏLİBƏYLİ

(1928-2016)

 

Filologiya elmləri doktoru, professor, yazıçı-publisist Gülrux Sabir qızı Əlibəyli də bu gün xatırlanır. O, 1928-ci il yanvarın 12-də Bakıda anadan olub. Leninqrad Universitetini və Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib. Dissertasiya müdafiə etdikdən sonra Bakıya qayıdaraq Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda işləyib. 1964-1965-ci illərdə mədəniyyət nazirinin müavini olub. 1971-1984-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, daha sonra isə fəlsəfə kafedrasının professoru olub. Ədəbiyyat nəzəriyyəsi, eləcə də kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində yüzlərlə məqalənin, 20-dək kitabın müəllifidir. Gülrux Əlibəyli 2016-cı il fevralın 15-də Bakıda dünyasını dəyişib.

 

 

XURAMAN HACIYEVA

 (1945-2005)

 

Azərbaycanın xalq artisti Xuraman Abdulla qızı Hacıyevanın xatirə günüdür. O, 7 mart 1945-ci ildə Bakıda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub, lakin 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. İkinci kursda oxuyarkən "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. Gənc Tamaşaçılar Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisalıq edib. Xuraman Hacıyeva 15 fevral 2005-ci ildə Bakıda dünyasını dəyişib və Ucar rayonunda dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv