Dünyanın bu günü - 15.05.2020
BƏKİR ÇOBANZADƏ
(1893-1938)
1. Ədəbiyyatşünas, şair, türkoloq, filologiya elmləri doktoru, professor Bəkir Vahab oğlu Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olub. 1908-ci ildə ibtidai gimnaziyanı bitirib və Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən təhsilini davam endirmək məqsədilə İstanbula göndərilib. 1914-cü ildə İstanbul liseyinin ədəbiyyat şöbəsini və İstanbul Universiteti nəzdində ərəb və fransız dilləri üzrə ali kursları bitirərək, məktəb və liseylərdə bu dilləri tədris etmək hüququ alıb. Elə həmin il Budapeşt Universitetinin tarix-filologiya fakültəsinə daxil olub və oranı 1918-ci ildə bitirib. 27 yaşında ikən doktorluq dissertasiyası müdafiə etdikdən sonra Tavriya Universitetinin dəvəti ilə Krıma qayıdıb və dilçilik kafedrasının dosenti təyin edilib. 1922-ci il martın 15-də professor, 1924-cü ildə isə Krım Universitetinin rektoru seçilib. 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin və Yeni Türk Əlifbası Komitəsinin dəvəti ilə Bakıya gəlib və burada türk dili və ədəbiyyatı kafedrasının professoru seçilib, 1925-ci ildə isə Şərq fakültəsinin dekanı olub. 1925-1933-cü illərdə Azərbaycan Terminologiya Komitəsinin humanitar bölməsinin sədr müavini, sədri və rəhbəri olub. Türk dili və ədəbiyyatı problemləri ilə bağlı 350-dən çox kitab və məqalələrin müəllifi olan Bəkir Çobanzadə 1937-ci il yanvarın 28-də həbs olunub, 20 dəqiqə sürən məhkəmədə ona ölüm hökmü kəsilib və 1938-ci il oktyabrın 13-də hökm icra olunub. Dəfn yeri məlum deyil.
RZA ƏFQANLI
(1899-1973)
2. Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı Rza Rüstəm oğlu Cəfərzadə (Rza Əfqanlı) 15 may 1899-cu ildə Bakıda doğulub. Bakı Teatr Məktəbini bitirib. Səhnə fəaliyyətinə 1920-ci ildə fəhlə teatrında başlayıb. 1934-1935-ci illərdə Aşqabaddakı Azərbaycan Musiqili Teatrında rejissor kimi çalışıb. Sonra Bakıya qayıdaraq Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib. Bu teatrın səhnəsində Yaşar, Qaçaq Nəbi, General-qubernator, Eldar, Balaş və s. rollarda çıxış edib, «Azərbaycanfilm» kinostudiyasının bir sıra filmlərində çəkilib. Rza Əfqanlı 1973-cü noyabrın 9-da Bakıda dünyasını dəyişib.
RAUF HACIYEV
(1922-1995)
3. SSRİ xalq artisti, Azərbaycanın görkəmli bəstəkarı Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın bu günü Bakıda anadan olub. 1953-cü ildə Konservatoriyanı bitirib. Uzun müddət Filarmoniyanın direktoru, mədəniyyət naziri və Bəstəkarlar İttifaqının katibi vəzifələrində çalışıb. Onun “Romeo qonşumdur”, “Kuba - məhəbbətim mənim”, “Qafqazlı qardaşqızı”, “Ana, mən evlənirəm” operettaları böyük şöhrət qazanıb. Vokal yaradıcılığı, xüsusilə lirik, vətənpərvər ruhlu mahnıları Azərbaycan musiqisinin inkişafında əhəmiyyətli rol oynayıb. Rauf Hacıyev 19 sentyabr 1995-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
ƏBDÜL MAHMUDOV
(1944)
4. Azərbaycanın xalq artisti, kinorejissor, ssenarist, aktyor, Şeyx Əbdül adı ilə tanınan Əbdüləhəd Əlisa oğlu Mahmudov 15 may 1944-cü ildə Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında, Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində dərs alıb. 1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi işləyib, kinoaktyor teatrının bədii rəhbəri olub. “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Üzü küləyə”, “Gecə qatarında qətl”, “Gözlə məni” və başqa filmlərin rejissoru olub, “Leyli və Məcnun”, “Əhməd haradadır?”, “Nəsimi”, “Axırıncı aşırım”, “Qətl günü” və başqa filmlərdə isə yaddaqalan obrazlar yaradıb. Dövlət Mükafatı laureatı Əbdül Mahmudov 2019-cu ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.
ZAKİR SADATLI
(1961-2013)
5. Yazıçı-publisist, telejurnalist, şair, ssenarist Zakir Əmin oğlu Aslanov (Zakir Sadatlı) 1961-ci il mayın 15-də Cəlilabad rayonunun Sadatlı kəndində dünyaya gəlib. Əfqanıstanda hərbi xidmətdə olub. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb. Azərbaycan Televiziyasında redaktor, böyük redaktor, layihə rəhbəri və baş redaktor müavini vəzifələrində çalışıb. Bir sıra şeir, hekayə, sənədli povest, roman və kitabların müəllifi, 20-dən artıq sənədli filmin, hərbi-vətənpərvərlik mövzusunda yüzlərlə filmin və radioverilişlərin ssenari müəllifi olub. Zakir Sadatlı 2013-cü il fevralın 5-də vəfat edib və doğulduğu kənddə dəfn olunub.
FAMİL İSGƏNDƏROV
(1975-1995)
6. Azərbaycanın Milli Qəhrəmanı Famil İsgəndər oğlu İsgəndərov 15 may 1975-ci ildə Bakı şəhərində doğulub. 1991-ci ildə Bakının Binəqədi rayonundakı 157 saylı orta məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra 6 ay Gəmi Təmiri Zavodunda işləyib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Ağdərə və Tərtər bölgələrində gedən qanlı döyüşlərdə, Murovdağın geri qaytarılmasında iştirak edən Famil İsgəndərov 1995-ci il 13-17 mart hadisələri zamanı hərbi qiyamın qarşısını alarkən qəhrəmancasına həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-i il tarixli fərmanı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
TEYMUR SADIQOV
(1974-1994)
7. Şəhid Teymur Alim oğlu Sadıqov 15 may 1974-cü ildə Goranboy rayonunun Faxralı kəndində anadan olub. Faxralı kənd orta məktəbini bitirdikdən sonra Gəncə Maşınqayırma Texnikumuna daxil olub. 1993-cü ildə hərbi xidmətə çağırılıb. Teymur Sadıqov 1994-cü il mayın 9-da Goranboy rayonunun Tapqaraqoyunlu kəndi uğrunda gedən döyüşlərdə şəhid olub və Faxralı kəndində dəfn edilib.
MƏMMƏDYUSİF CƏFƏROV
(1885-1938)
8. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Cümhuriyyət Parlamentinin sədr müavini Məmmədyusif Hacıbaba oğlu Cəfərovun anım günüdür. O, 1885-ci il martın 14-də Bakı şəhərində anadan olub. 1907-ci ildə Bakı kişi gimnaziyasını, 1912-ci ildə isə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də keçirilən iclasında qəbul etdiyi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olub. 1918-ci ildə ticarət və sənaye naziri vəzifəsini tutub, 1920-ci ildə ADR parlamentinin sədrinin birinci müavini vəzifəsinə seçilib. Bundan başqa, Cümhuriyyət dövründə müxtəlif vaxtlarda daxili və xarici işlər naziri vəzifələrində də olub. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın pambıqçılıq və şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışıb. Görkəmli pedaqoq, jurnalist Əlisgəndər Cəfərzadənin kiçik qardaşı olan Məmmədyusif Cəfərov 1938-ci ilin mayında Bakının Şağan kəndində dünyasını dəyişib.
VALEH BƏRŞADLI
(1927-1999)
9. Müstəqil Azərbaycanın ilk müdafiə naziri, general Valeh Əyyub oğlu Bərşadlının xatirə günüdür. O, 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlib. 14 yaşında könüllü hərbi xidmətə gedib, Bakı Zenit Artilleriyası Məktəbi və Kiyev Özüyeriyən Artilleriyası Məktəbində təhsil alıb. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlı olan Valeh Bərşadlı 1992-ci ildə təyin olunub. O, 5 sentyabr 1991 - 11 dekabr 1991 tarixləri arasında Azərbaycanın ilk müdafiə naziri postunu tutub, 1992-ci ildə bir müddət Silahlı Qüvvələrin Baş Qərargah rəisi işləyib, Azərbaycan Ordusunun ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarına rəhbərlik edib. Valeh Bərşadlı 1999-cu il mayın 15-də dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn olunub.
CƏLİL SƏFƏROV
(1962-1992)
10. Azərbaycanın Milli Qəhrəmanı Cəlil Əziz oğlu Səfərovun anım günüdür. O, 1962-ci il yanvarın 28-də qədim Borçalı yurdunda - Gürcüstanın Marneuli rayonunun Lejbəddin kəndində anadan olub. 1969-1977-ci illərdə Sumqayıtdakı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Ali Hərbi Liseyə qəbul edilib. 1980-ci ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olub. 1984-cü ildən Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləyib, 8 il sonra Azərbaycana qayıdıb və Şuşa cəbhəsində xidmətə başlayıb. Cəlil Səfərov 15 may 1992-ci ildə Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Cəlil Səfərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Sumqayıtdakı 10 saylı orta məktəb onun adını daşıyır, Marneuli şəhərində abidəsi ucaldılıb.
ELDAR MƏCİDOV
(1965-1992)
11. Azərbaycanın Milli Qəhrəmanı Eldar Tofiq oğlu Məcidovun xatirə günüdür. O, 26 avqust 1965-ci ildə Bakıda dünyaya göz açıb. Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb. 1983-cü ildə orduya çağırılıb, hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçirib. Hərbi xidmətini başa vurduqdan sonra Yaşıl Teatrda çalışıb, 1989-cu ildə teatra baş inzibatçı təyin edilib. 1992-ci ildə könüllü olaraq Azərbaycan Ordusuna yazılıb, 776 saylı hərbi hissədə PDM komandiri təyin olunub və 9 may 1992-ci ildə Bakıdan cəbhəyə yola düşüb. 1992-ci ilin mayında Şuşa rayonunun Zarıslı kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub və Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Eldar Məcidova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
PƏRVİZ SƏMƏDOV
(1970-1992)
12. Azərbaycanın Milli Qəhrəmanı Pərviz Əbdüləhəd oğlu Səmədovun anım günüdür. O, 1970-ci il mayın 5-də Gəncə şəhərində doğulub. 1988-1990-cı illərdə Çitada hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra bir müddət Toxuculuq Kombinatında işləyib. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qoşularaq, Ağdam cəbhəsinə yollanıb. Şelli, Pircamal, Naxçıvanik və Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. 1992-ci ilin mayında Ağdamın Gülablı kəndində gedən döyüşlərdə ermənilər tərəfindən vurulmuş təcili tibbi yardım vertolyotunun ekipajını xilas edərkən şəhid olub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Pərviz Səmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
SƏNAN RÜSTƏMOV
(1973-1992)
13. Bu gün şəhid Sənan Əkbər oğlu Rüstəmovun xatirə günüdür. O, 11 yanvar 1973-cü ildə Ağdamda doğulub. Burada orta təhsil aldıqdan sonra 1989-cu ilə kimi Texniki İstehsalat Kursunda oxuyub. 1984-cü ildən ”Qarabağ bülbülləri” ansamblının ən fəal üzvü olub və 1988-ci ilə kimi ansamblda özünəməxsus yer tutub. 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılıb, hərbi xidmətini Qusar rayonunda davam etdirib. 1992-ci il aprelin 4-də III batalyonun II rotasına komandir təyin edilib. Sənan Rüstəmov 1992-ci ilin mayında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.