Dünyanın bu günü - 15.06.2020
Azərbaycanda Qurtuluş günü qeyd olunur.
1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb. Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.
Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyevə müraciət edib. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil olub.
15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.
MEHDİXAN VƏKİLOV
(1902-1975)
Azərbaycanın əməkdar elm xadimi, yazıçı, pedaqoq, tarix elmləri doktoru, professor, Mehdixan Yusif ağa oğlu Vəkilov 1902-ci il iyunun 15-də anadan olub. 1918-1924-cü illərdə Qori Müəllimlər Seminariyası əsasında təşkil edilmiş Qazax Müəllimlər Seminariyasında təhsil alıb. 1926-1931-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsilini davam etdirib. Balaxanı və Suraxanı fabrik-zavod məktəblərində ictimaiyyət fənnindən dərs deyib. İkinci Dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunub və 1942-ci ilin may ayına kimi orada Təbriz ziyalılarının nəşr etdikləri "Azərbaycan" qəzeti ilə əməkdaşlıq edib. 1946-1956-cı illərdə Azərbaycan Dövlət Universitetində və Azərbaycan Dövlət Konservatoriyasında ictimai fənləri tədris edib. 1956-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun rektoru olub, uzun müddət tarix kafedrasının müdiri vəzifəsində çalışıb. 1975-ci il 18 oktyabr tarixində Bakı şəhərində dünyasını dəyişib. Mehdixan Vəkilov xalq şairi Səməd Vurğunun qardaşı, diplomat Cavanşir Vəkilovun atası, xalq yazıçısı Yusif Səmədoğlunun və xalq şairi Vaqif Səmədoğlunun əmisidir.
HÜSEYN ARİF
(1924-1992)
Azərbaycanın xalq şairi, Dövlət Mükafatı laureatı Hüseyn Arifin doğum günüdür. Hüseyn Camal oğlu Hüseynzadə 1924-cü ildə Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı pedaqoji məktəbində, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində və Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb. Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərindən başlayıb. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor, "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində işləyib. Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat edib və doğulduğu kənddə dəfn olunub.
HACI XANMƏMMƏDOV
(1918-2005)
Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar, dirijor, professor Hacı Dadaş oğlu Xanməmmədov 1918-ci ilin bu günü Dərbənd şəhərində dünyaya göz açıb. Üzeyir Hacıbəyovun himayədarlığı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsinə daxil olub və Səid Rüstəmovun tar sinfində təhsil alıb. 1934-cü ildən Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosu nəzdindəki Xalq Çalğı Alətləri Orkestrinin solisti olub. 1938-ci ildə Moskvada keçirilən Birinci Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündə "Koroğlu" operasının tamaşaya qoyularkən orkestrin tərkibində iştirak edib. 1947-ci ildə təhsilini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində Qara Qarayevin sinfində davam etdirib. Bir neçə musiqili komediyanın və 150-dən artıq mahnının müəllifidir. "Şöhrət" ordeni və Prezident təqaüdünə layiq görülən Hacı Xanməmmədov 2005-ci il aprelin 7-də vəfat edib.
AMALİYA PƏNAHOVA
(1945-2018)
Azərbaycanın xalq artisti, teatr və kino aktrisası, Dövlət Mükafatı laureatı, professor Amaliya Əliş qızı Pənahova 15 iyun 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1964-1992-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. 1992-ci ildən yaratdığı Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. Peşəkar karyerası ərzində teatr və kino səhnəsində 500-dən artıq obraz yaradıb. Rejissor kimi 12 televiziya və teatr tamaşasına quruluş verib. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilən Amaliya Pənahova 8 noyabr 2018-ci ildə Bakıda vəfat edib. O, xalq artisti Yusif Muxtarovun həyat yoldaşı, diplomat İlqar Muxtarovun anasıdır.
ŞAKİR SALAHOV
(1966-1992)
Azərbaycanın Milli Qəhrəmanı Şakir Şamil oğlu Salahov 1966-cı il iyunun 15-də Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. hərbi xidmətdən sonra Xankəndi Daxili İşlər Şöbəsində işə qəbul olunub. Ermənistanın Azərbaycana təcüvüzü başlayandan sonra torpaqlarımızın müdafiəsinə qalxıb, Cəmilli, Kosalar və digər kəndlərimizin müdafiəsində şücaət göstərib. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa istiqamətində uçarkən ermənilər tərəfindən vurulan vertolyotda şəhid olanlar arasında Şakir Salahov da olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
AYAZ MUSTAFAYEV
(1972-1992)
Ayaz Mustafa oğlu Mustafayev 1972-ci ilin bu günü Xaçmaz rayonunun Həsənqala kəndində anadan olub. Həqiqi hərbi xidmətini Belarusda başa vurub vətənə qayıtdıqdan sonra 1992-ci ilin avqust ayından könüllü olaraq Qarabağ savaşına qatılıb. Göytəpə alayının tərkibində Xocavənd rayonu və Əmirallar kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. 1992-ci il sentyabrın 23-də Martuni səhərinin azad olunması üçün Kuropatkin istiqamətindən Muğanlı kəndinə gələrkən erməni silahlılarının qəfil hücumu nəticəsində baş verən döyüşdə şəhid olub. Təhsil aldığı orta məktəbə onun adı verilib və büstü ucaldılıb.
YURİ ANDROPOV
(1914-1984)
SSRİ-nin altıncı rəhbəri, ordu generalı Yuri Vladimiroviç Andropov 1914-cü il iyunun 15-də Stavropol quberniyasında anadan olub. Milliyyətcə yəhudidir. 1938-1940-cı illərdə RSFSR Yaroslavl vilayət komsomol təşkilatının rəhbərlərindən biri təyin edilib. 1951-ci ildə Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsi aparatına işə keçirilib. 1953-cü ildən SSRİ-nin Macarıstandakı səfiri olub. 1956-cı ildə Macar inqilabı qan içində boğulduqdan sonra Moskvaya geri çağırılıb və Sov.İKP MK-ya şöbə müdiri, daha sonra Sov.İKP MK-nın katibi təyin olunub. 1967-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə sədr göndərilib. 1982-ci ilin 24 mayında Sov.İKP MK-nın katibi, 1982-ci ilin noyabrın 12-də Sov.İKP MK-nın Baş Katibi və SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri seçilib. Yuri Andropov 9 fevral 1984-cü ildə sonra Moskvada vəfat edib.
KAZIMAĞA KƏRİMOV
(1951-1992)
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Kazımağa Möhsün oğlu Kərimovun xatirə günüdür. O, 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra bir müddət "Azərbaycan məktəbi" jurnalında, sonra isə "Azərbaycan müəllimi" qəzetində çalışıb. 1988-ci ildə vətənin başı üstünü qara buludlar aldığı bir zamanda torpaqlarımızın müdafiəsinə qalxıb. Komandir kimi Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ilin iyunun 12-13-də Gülüstan qəsəbəsinin azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralansa da, əsgər və zabitlərdə ruh düşkünlüyü yaranmaması üçün yenidən döyüşü davam etdirmək əmri verib. Əməliyyat qələbə ilə bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılsa da, 15 iyun 1992-ci ildə vəfat edib və bakının Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Bakı şəhərində adına küçə verilib, Goranboy rayonunda büstü qoyulub.
ÇİNGİZ MUSTAFAYEV
(1960-1992)
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Fuad oğlu Mustafayevin anım günüdür. O, 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakıya köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-1983-cü illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra təyinatla Dəvəçi rayonunda üç il həkim işləyib. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri lentə alıb. 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı agentlik və televiziyalarına yol tapmasında böyük rol oynayıb. “215 KL” studiyasının yaradıcısı olub. Çingiz Mustafayev 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirib və Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Yaşadığı binanın önündə barelyefi vurulub. DİN-in Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri və Azərbaycan gəmilərindən biri onun adını daşıyır.
ELŞAD HÜSEYNOV
(1960-1992)
Azərbaycanın Milli Qəhrəmanı Elşad Eynulla oğlu Hüseynovun xatirə günüdür. O, 1960-cı il oktyabrın 8-də Masallı rayonunun Xıl kəndində anadan olub. 1978-ci ildə burada məktəbi bitirib və sovxozda işləyib. 1979-1981-ci illərdə Batumidə hərbi xidmətdə olub. Daha sonra Bakıda DİN-in milis nəfəri kimi işə qəbul edilib. Ermənilərin doğma torpaqlarımıza təcavüzü başlayandan sonra cəbhəyə yola düşüb. Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşub. 1992-ci il iyunun 15-də Ağdam-Fərrux istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Masallı rayonunda adına küçə var, büstü qoyulub.
ETİBAR HACIYEV
(1971-1992)
Azərbaycanın Milli Qəhrəmanı Etibar Firudin oğlu Hacıyev də bu gün xatırlanır. O, 1971-ci il aprelin bu günü Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləyib. 1989-cu ildə sovet ordusunda hərbi xidmətə çağırılıb. 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılıb, Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərib. 1992-ci il iyunun 15-də Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Göygöl rayonunda dəfn edilib. Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.