Dünyanın bu günü - 15.06.2021

QURTULUŞ GÜNÜ

(1993)

 

Azərbaycanda Qurtuluş günü qeyd olunur.

1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb. Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyevə müraciət edib. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq, Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil olub.

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.

 

 

MEHDİXAN VƏKİLOV

(1902-1975)

 

Azərbaycanın əməkdar elm xadimi, yazıçı, pedaqoq, tarix elmləri doktoru, professor Mehdixan Yusif ağa oğlu Vəkilov 1902-ci il iyunun 15-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1918-1924-cü illərdə Qori Müəllimlər Seminariyası əsasında təşkil edilmiş Qazax Müəllimlər Seminariyasında təhsil alıb. 1926-1931-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsilini davam etdirib. Balaxanı və Suraxanı fabrik-zavod məktəblərində ictimaiyyət fənnindən dərs deyib. İkinci Dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunub və 1942-ci ilin may ayına kimi orada Təbriz ziyalılarının nəşr etdikləri "Azərbaycan" qəzeti ilə əməkdaşlıq edib. 1946-1956-cı illərdə Azərbaycan Dövlət Universitetində və Azərbaycan Dövlət Konservatoriyasında ictimai fənləri tədris edib. 1956-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun rektoru olub, uzun müddət tarix kafedrasının müdiri vəzifəsində çalışıb. Mehdixan Vəkilov 18 oktyabr 1975-ci ildə Bakı şəhərində dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn edilib. O, xalq şairi Səməd Vurğunun qardaşı, diplomat Cavanşir Vəkilovun atası, xalq yazıçısı Yusif Səmədoğlunun və xalq şairi Vaqif Səmədoğlunun əmisidir.

 

 

YURİ ANDROPOV

(1914-1984)

 

SSRİ-nin altıncı rəhbəri, ordu generalı Yuri Vladimiroviç Andropov 15 iyun 1914-cü ildə Stavropol quberniyasında anadan olub. Milliyyətcə yəhudidir. 1938-1940-cı illərdə RSFSR Yaroslavl vilayət komsomol təşkilatının rəhbərlərindən biri təyin edilib. 1951-ci ildə Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsi aparatına işə keçirilib. 1953-cü ildən SSRİ-nin Macarıstandakı səfiri olub. 1956-cı ildə Macar inqilabı qan içində boğulduqdan sonra Moskvaya geri çağırılıb və Sov.İKP MK-ya şöbə müdiri, daha sonra Sov.İKP MK-nın katibi təyin olunub. 1967-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə sədr göndərilib. 1982-ci il mayın 24-də Sov.İKP MK-nın katibi, 1982-ci il noyabrın 12-də Sov.İKP MK-nın Baş Katibi və SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri seçilib. Yuri Andropov 9 fevral 1984-cü ildə sonra Moskvada vəfat edib.

 

 

HACI XANMƏMMƏDOV

(1918-2005)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar, dirijor, professor Hacı Dadaş oğlu Xanməmmədov 1918-ci ilin bu günü Dərbənd şəhərində dünyaya göz açıb. Üzeyir Hacıbəyovun himayədarlığı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsinə daxil olub və Səid Rüstəmovun tar sinfində təhsil alıb. 1934-cü ildən Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosu nəzdindəki Xalq Çalğı Alətləri Orkestrinin solisti olub. 1938-ci ildə Moskvada keçirilən Birinci Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündə "Koroğlu" operası tamaşaya qoyularkən orkestrin tərkibində iştirak edib. 1947-ci ildə təhsilini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində Qara Qarayevin sinfində davam etdirib. Bir neçə musiqili komediyanın və 150-dən artıq mahnının müəllifidir. "Şöhrət" ordeni və Prezident təqaüdünə layiq görülən Hacı Xanməmmədov 2005-ci il aprelin 7-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn edilib.

 

 

HÜSEYN ARİF

(1924-1992)

 

Azərbaycanın xalq şairi, Dövlət Mükafatı laureatı Hüseyn Arifin doğum günüdür. Hüseyn Camal oğlu Hüseynzadə 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində və Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb. Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərindən başlayıb. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor, "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində işləyib. Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat edib və doğulduğu kənddə dəfn olunub.

 

 

AMALİYA PƏNAHOVA

(1945-2018)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktrisası, Dövlət Mükafatı laureatı, professor Amaliya Əliş qızı Pənahova 15 iyun 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1964-1992-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. 1992-ci ildən yaratdığı Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. Peşəkar karyerası ərzində teatr və kino səhnəsində 500-dən artıq obraz yaradıb. Rejissor kimi 12 televiziya və teatr tamaşasına quruluş verib.  Azərbaycan Prezidentinin Fəxri diplomu, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilən Amaliya Pənahova 8 noyabr 2018-ci ildə Bakıda vəfat edib və Bakıda “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. O, xalq artisti Yusif Muxtarovun həyat yoldaşı, diplomat İlqar Muxtarovun anasıdır.

 

 

ŞAKİR SALAHOV

(1966-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Şakir Şamil oğlu Salahov 1966-cı ilin bu günü Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. hərbi xidmətdən sonra Xankəndi Daxili İşlər Şöbəsində işə qəbul olunub. Ermənistanın Azərbaycana təcüvüzü başlayandan sonra torpaqlarımızın müdafiəsinə qalxıb, Cəmilli, Kosalar və digər kəndlərimizin müdafiəsində şücaət göstərib. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa istiqamətində uçarkən ermənilər tərəfindən vurulan vertolyotda şəhid olanlar arasında Şakir Salahov da olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

AYAZ MUSTAFAYEV

(1972-1992)

 

Ayaz Mustafa oğlu Mustafayev 1972-ci il iyunun 15-də Xaçmaz rayonunun Həsənqala kəndində anadan olub. Həqiqi hərbi xidmətini Belarusda başa vurub vətənə qayıtdıqdan sonra 1992-ci ilin avqust ayından könüllü olaraq Qarabağ savaşına qatılıb. Göytəpə alayının tərkibində Xocavənd rayonu və Əmirallar kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. 1992-ci il sentyabrın 23-də Ağdərə səhərinin azad olunması üçün Kuropatkin istiqamətindən Muğanlı kəndinə gələrkən erməni silahlılarının qəfil hücumu nəticəsində baş verən döyüşdə şəhid olub. Təhsil aldığı orta məktəbə onun adı verilib və büstü ucaldılıb.

 

 

NAMİQ XƏLİLOV 

(1992-2020)

 

Şəhid Namiq İlyas oğlu Xəlilov 15 iyun 1992-ci ildə Şirvan şəhərində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Namiq Xəlilov oktyabrın 16-da Murovdağ döyüşləri zamanı şəhid olub və Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

 

HƏSƏN RZAZADƏ 

(1994-2020)

 

Şəhid Həsən Vüqar oğlu Rzazadə 1994-cü ilin bu günü Bakıda anadan olub. Azərbaycan Sülhməramlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Baş leytenant Həsən Rzazadə noyabrın 1-də Laçın döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

MİRZAĞA ƏLİYEV 

(1996-2020)

 

Şəhid Mirzağa Məmmədbağır oğlu Əliyev 1996-cı il iyunun 15-də Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Mirzağa Əliyev oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və Neftçalada dəfn olunub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

TURAL HƏSƏNOV 

(1997-2020)

 

Şəhid Tural Rauf oğlu Həsənov 15 iyun 1997-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. Lənkəran Dövlət Universitetində təhsil alıb. 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Tural Həsənov dekabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub və Qaradağ rayonunda dəfn edilib. Ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

BÖYÜKAĞA ŞAHVERDİYEV

(1998-2020)

 

Şəhid Böyükağa Savalan oğlu Şahverdiyev 1998-ci ilin bu günü Biləsuvar rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Böyükağa Şahverdiyev oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ƏZİM ƏZİMZADƏ

(1880-1943)

 

Azərbaycanın xalq rəssamı Əzim Aslan oğlu Əzimzadənin anım günüdür. O, 1880-ci il mayın 7-də indiki Novxanı kəndində dünyaya gəlib. Rus-tatar məktəbində təhsil alıb, Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, direktor vəzifələrində çalışıb. "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və başqa jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub. "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Yoxsulların toyu", "Su üstündə dava", "Köhnə bakılılar" və başqa əsərlərin müəllifidir. O, satirik şair Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin əsasını qoyub. Əzim Əzimzadə 1943-cü il iyunun 15-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib. Bakı Rəssamlıq Texnikumu və Bakı küçələrindən biri onun adını daşıyır.

 

 

LEV NİKOLAYEVİÇ QUMİLYOV

(1912-1992)

 

Rusiyanın məşhur tarixçi alimi, etnoqraf Lev Nikolayeviç Qumilyov da bu gün xatırlanır. O, 1912-ci il oktyabrın 1-də Rusiyanın Sankt-Peterburq şəhərində şairə Anna Axmatova və yazıçı Nikolay Qumilyovun ailəsində doğulub. İlk dəfə 23 yaşında - 1935-ci ildə, daha sonra 1938-ci ildə həbs edilib. 1943-cü ilədək məhbəsdə saxlanılıb. Həbsdən azad olunduqdan sonra İkinci Dünya müharibəsində iştirak edib. Leninqrad Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Leninqrad Psixoterapevtik Xəstəxanasında, Ümumittifaq Coğrafiya Cəmiyyətinin Leninqrad şöbəsində və SSRİ Xalqlarının Etnoqrafiyası Muzeyində müxtəlif vəzifələrdə işləyib. Rusiyanın və türk xalqlarının tarixinə dair bir çox əsərlərin və nəzəriyyələrin müəllifidir. Lev Qumilyov 1992-ci ilin 15 iyununda Sankt-Peterburqda vəfat edib.

 

 

KAZIMAĞA KƏRİMOV

(1951-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Kazımağa Möhsün oğlu Kərimovun xatirə günüdür. O, 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra bir müddət "Azərbaycan məktəbi" jurnalında, sonra isə "Azərbaycan müəllimi" qəzetində çalışıb. 1988-ci ildə vətənin başı üstünü qara buludlar aldığı bir zamanda torpaqlarımızın müdafiəsinə qalxıb. Komandir kimi Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ilin iyunun 12-13-də Gülüstan qəsəbəsinin azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralansa da, əsgər və zabitlərdə ruh düşkünlüyü yaranmaması üçün döyüşü davam etdirmək əmri verib. Əməliyyat qələbə ilə bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılsa da, 15 iyun 1992-ci ildə vəfat edib və Bakının Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Bakı şəhərində adına küçə verilib, Goranboy rayonunda büstü qoyulub.

 

 

NATİQ CAMALOV

(1957-1992)

 

Şəhid Natiq Yunis oğlu Camalov da bu gün xatırlanır. O, 1957-ci il martın 2-də Ağdam rayonunun Seyidli kəndində anadan olub. Gəncə Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. Ağdam üzümçülük və şərabçılıq trestində böyük aqronom vəzifəsində çalışıb. 1988-ci ildə xalq hərəkatına ilk qoşulanlardan, 1991-ci ilin sentyabrında Şirin Mirzəyevin Ağdamda yaratdığı batalyona ilk könüllü yazılanlardan olub. Qarabağ döyüşlərində tabor komandiri kimi iştirak edib. Baş leytenant Natiq Camalov 15 iyun 1992-ci ildə Sırxavənd döyüşləri zamanı şəhid olub. 

 

 

ÇİNGİZ MUSTAFAYEV

(1960-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Fuad oğlu Mustafayevin anım günüdür. O, 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakıya köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-1983-cü illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra təyinatla Dəvəçi rayonunda üç il həkim işləyib. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri lentə alıb. 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı agentlik və televiziyalarına yol tapmasında böyük rol oynayıb. “215 KL” studiyasının yaradıcısı olub. Çingiz Mustafayev 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirib və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Yaşadığı binanın önündə barelyefi vurulub. DİN-in Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən və Azərbaycan gəmilərindən biri onun adını daşıyır.

 

 

ELŞAD HÜSEYNOV

(1960-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Elşad Eynulla oğlu Hüseynovun xatirə günüdür. O, 1960-cı il oktyabrın 8-də Masallı rayonunun Xıl kəndində anadan olub. 1978-ci ildə burada məktəbi bitirib və sovxozda işləyib. 1979-1981-ci illərdə Batumidə hərbi xidmətdə olub. Daha sonra Bakıda DİN-in milis nəfəri kimi işə qəbul edilib. Ermənilərin doğma torpaqlarımıza təcavüzü başlayandan sonra cəbhəyə yola düşüb. Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşub. 1992-ci il iyunun 15-də Ağdam-Fərrux istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Masallı rayonunda adına küçə var, büstü qoyulub.

 

 

ETİBAR HACIYEV

(1971-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Etibar Firudin oğlu Hacıyev də bu gün xatırlanır. O, 1971-ci il aprelin bu günü Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləyib. 1989-cu ildə sovet ordusunda hərbi xidmətə çağırılıb. 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılıb, Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərib. 1992-ci il iyunun 15-də Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Göygöl rayonunda dəfn edilib. Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Müəllif | Apa.Tv
Apa.tv