Dünyanın bu günü - 15.11.2020
BDU FƏALİYYƏTƏ BAŞLAYIB
(1919)
15 noyabr 1919-cu ildə Bakı Dövlət Universitetində ilk dərslər keçirilib. Universitet Şurasının 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorlar və digər akademik heyətin tərkibi təsdiq edildikdən beş gün sonra təhsil ocağı fəaliyyətə başlayıb. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilən Bakı Dövlət Universiteti alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olub. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət Universitetinin bazasında yaradılıb.
QURBAN XƏLİLOV
(1906-2000)
Azərbaycan-sovet dövlət xadimi Qurban Əli oğlu Xəlilov 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhəri yaxınlığındakı Kəhralan kəndində anadan olub. Azərbaycan Neft İnstitutunda təhsil alıb. Zavodda mühəndis, emalatxana müdiri, maşınqayırma zavodlarının direktoru, Bakı Şəhər Partiya Komitəsinin katibi, "Azneftkəşfiyyat" birliyinin rəis müavini, Dövlət Təsərrüfatı nazirinin müavini, tikinti idarəsinin rəisi, Azərbaycan SSR Tikinti Materialları Sənayesi nazirinin müavini vəzifələrində çalışıb. Müxtəlif illərdə Bakı Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, Azərbaycan SSR Yerli Sənaye naziri, Maliyyə naziri, Ali Sovetin Rəyasət Heyətinin sədri, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədr müavini, Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədri vəzifələrini icra edib. Bir neçə çağırış SSRİ Ali Sovetinin deputatı olub. Qurban Xəlilov 20 mart 2000-ci ildə Bakıda vəfat edib.
CAHANGİR RÜSTƏMOV
(1939-1994)
Şəhid polkovnik, alay komandiri Cahangir İsgəndər oğlu Rüstəmov 1939-cu il noyabrın 15-də Gədəbəyin Düz Rəsullu kəndində anadan olub. Vasilkov Hərbi Aviasiya Texniki Məktəbində təhsil alıb. Sovet ordu hissələrində müxtəlif vəzifələrdə işləyib, alay komandiri vəzifəsinə qədər yüksəlib. 1988-ci ildə polkovnik rütbəsi ilə batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib. Onun rəhbərliyi ilə Gədəbəy özünümüdafiə batalyonu, Şəmkir və Daşkəsən batalyonları birləşdirilərək, alay yaradılıb və sonradan briqadaya çevrilib. Mutudərə və Qasımağalı kəndlərinin azad olunması və bütövlükdə Gədəbəyin Şınıx bölgəsindəki 28 kəndimizi blokadadan çıxarmaq üçün Başkənd əməliyyatının hazırlanması və icrasına şəxsən rəhbərlik edib. Polkovnik Cahangir Rüstəmov 28 mart 1994-cü ildə Gədəbəy rayonunun Qaravəlilər kəndi ətrafında xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olub. Keçmiş sovet ordusunun "Qırmızı Ulduz" ordeni, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
NƏSİBƏ ABDULLAYEVA
(1961)
Özbəkistanın xalq artisti, müğənni Nəsibə Məlik qızı Yarməhəmmədova 15 noyabr 1961-ci ildə Səmərqənd şəhərində anadan olub. Anası əslən tacik, atası isə əslən iranlıdır. Özü atasını etnik fars hesab edir. Müğənni 1980-ci ildə Gəncədə doğulmuş gitara ifaçısı, milliyyətcə azərbaycanlı olan Eldar Abdullayevlə ailə qurub, bu nikahından iki oğlu var. Nəsibə Abdullayeva vaxtaşırı ifa etdiyi Azərbaycan mahnıları ilə ölkəmizdə də geniş tamaşaçı kütləsi toplaya bilib.
UMNİSƏ MUSABƏYOVA
(1902-1974)
Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Umnisə Süleyman qızı Musabəyovanın anım günüdür. O, 1902-ci il oktyabrın 9-da Qəbələ rayonunda anadan olub. Aleksandra rus-müsəlman qız məktəbində və Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsində təhsil alıb. Anadangəlmə kor uşaqların gözlərini ilk dəfə cərrahiyyə yolu ilə açan Azərbaycan alimidir. 1945-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetində Göz xəstəlikləri kafedrasına rəhbərlik edib. Elmi fəaliyyəti traxoma, qlaukoma kimi göz xəstəliklərinin müalicəsinə həsr olunub. Tibb kadrların hazırlanmasında böyük xidmətləri var. SSRİ Ali Sovetinə və Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. Bir sıra kitabların müəllifidir, Azərbaycan Oftalmaloqlar Cəmiyyətinin sədri olub. “Lenin” ordeni və medallarla təltif edilən Umnisə Musabəyova 15 noyabr 1974-cü ildə vəfat edib.
SALAM QƏDİRZADƏ
(1923-1987)
Məşhur Azərbaycan yazıçısı, dramaturq Salam Dadaş oğlu Qədirzadənin xatirə günüdür. O, 1923-cü il aprelin 10-da Bakı şəhərində anadan olub. 1941-ci ildə orta məktəbi bitirən kimi könüllü şəkildə cəbhəyə yola düşüb. 1941-1945-ci illərdə Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində iştirak edib. Cəbhədə göstərdiyi şücaətə görə müxtəlif orden və medallarla təltif olunub. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbinə müdir müavini təyin edilib. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub və radioda məsul redaktor vəzifəsində çalışmağa başlayıb. 1949-cu ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilib. 1952-ci ildə təhsilini başa vurduqdan sonra vətənə qayıdıb. 8 il “Azərbaycan” jurnalının məsul katibi vəzifəsində işləyib. 1960-1966-cı illərdə “Kirpi” satirik jurnalının məsul katibi, 1975-1976-cı illərdə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi olub. 1976-cı ildə isə “Kirpi” satirik jurnalının baş redaktoru təyin olunub və 1980-ci ilədək həmin vəzifəni icra edib. 35-dək kitabın müəllifi olan Salam Qədirzadə 1987-ci il noyabrın 15-də dünyasını dəyişib.
KAZIM MƏMMƏDOV
(1969-1991)
Azərbaycanın Milli Qəhrəmanı Kazım Ərşad oğlu Məmmədov da bu gün xatırlanır. O, 1 oktyabr 1969-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Gəncə İnşaat Texnikumunda təhsil alıb. 1988-1990-cı illərdə sovet ordusunda hərbi xidmətdə olub. 1991-ci ilin fevralında Cəbrayıl rayon Daxili İşlər Şöbəsində işləyib, daha sonra cəbhəyə yollanıb. Kiçik çavuş Kazım Məmmədov 15 noyabr 1991-ci ildə Xocavənd rayonunun Zamzur kəndi uğrunda döyüşdə şəhid olub və Böyük Mərcanlı kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
AQİL MƏLİKOV
(1990-2016)
Şəhid Aqil Qismət oğlu Məlikovun anım günüdür. O, 12 avqust 1990-cı ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgər Aqil Məlikov 2016-cı il noyabrın 15-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu Masallı rayonunun Böyük Xocavar kəndində dəfn olunub. Ölümündən III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.