Dünyanın bu günü - 16.01.2021

BÖYÜKAĞA ƏZİMOV

            (1924-1986)

 

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Böyükağa Əliqulu oğlu Əzimov 1924-cü il yanvarın 16-da Bakı şəhərində anadan olub. 1944-cü ildə Azərbaycan Sənaye İnstitutunu, 1947-ci ildə Azər­bay­­can Qiyabi Pedaqoji İnstitutunu bitirib. Kibernetika və hesablama texnikası sahəsində mütəxəssis olub, 1951-ci ildən neftçıxarmada elektron hesablama maşınlarının tətbiqi laboratoriyasına başçılıq edib. 1961-1966-cı illərdə Nazirlər Soveti yanında Elmi-tədqiqat işlərini Əlaqələndirmə Komitəsinin sədri, “Texniki tərəqqi uğrunda” jurnalının baş redaktoru vəzifələrində çalışıb. 300-dən artıq elmi məqalənin, 27 monoqrafiyanın müəllifidir. “Şərəf nişanı” ordeninə, “SSRİ neftçıxarma sənayesi əlaçısı” adına layiq görülən Böyükağa Əzimov 1986-cı ildə Bakı şəhə­rində vəfat edib.

 

 

AYDIN MƏMMƏDOV

(1944-1991)

 

Dilçi, türkoloq, tənqidçi və siyasətçi Aydın Mirsaleh oğlu Məmmədov 1944-cü ilin bu günü Şəkinin Kiş kəndində dünyaya gəlib. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Bir müddət Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda elmi tədqiqatla məşğul olub. Sonralar “Sovet Türkologiyası” jurnalının baş redaktor müavini, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifələrində çalışıb. Türkologiya sahəsində sanballı əsərlərin müəllifidir. Aydın Məmmədov 1991-ci il aprelin 19-da Qax rayonunda avtomobil qəzasında həlak olub və doğulduğu kənddə dəfn olunub.

 

 

RÖVŞƏN ABDULLAYEV

(1969-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əbdülhüseyn oğlu Abdullayev 16 yanvar 1969-cu ildə Lerik rayonunda anadan olub. Astara şəhərindəki 1 saylı orta məktəbdə oxuyub, sonra sənədlərini Leninqrad şəhərində SSRİ Daxili İşlər Nazirliyinin 50 illiyi adına Ali Hərbi Siyasi Məktəbinə verib və orada təhsil alıb. Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N“ saylı hərbi hissəsinə göndərilib, həmin hərbi hissədə öz fəaliyyətini rota komandirinin siyasi məsələlər üzrə müavini kimi başlayıb. Rövşən Abdullayev 1992-ci il sentyabrın 13-də Zəngilan rayonunun Qazançı kəndinə düşmən hücumunu dəf edərkən həlak olub və Lənkərandakı “Kiçik Bazar“ qəbiristanlığında dəfn olunub.

 

 

YUSİF MƏMMƏDOV 

(1995-2020)

 

Şəhid Yusif Vaqif oğlu Məmmədov 1995-ci il yanvarın 16-da Yevlax şəhərində anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Hərbi xidmətini Murovdağda başa vurub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin Şükürbəyli, Veysəlli və digər kəndlərinin düşmən işğalından azad edilməsində iştirak edib. Yusif Məmmədov 2020-ci il oktyabrın 26-da Veysəlli kəndində yerləşən düşmən postuna Azərbaycan bayrağını posta sancıb və artilleriya atəşi nəticəsində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

VÜSAL CƏFƏROV

(1996-2020)

 

Şəhid Vüsal Şəfi oğlu Cəfərov 1996-cı ilin bu günü  Salyan rayonunun Xələc kəndində anadan olub. Daxili Qoşunlarının kiçik çavuşu kimi 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və noyabrın 5-də şəhid olub. Vüsal Cəfərov ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ZİYƏDDİN XANALIYEV 

(1999-2020)

 

Şəhid Ziyəddin Ariz oğlu Xanalıyev 16 yanvar 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Orta təhsilini Təzəkənd kənd tam orta məktəbində alıb. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsi zamanı Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə vuruşub, Daşaltı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulduğu kənd qəbiristanlığında dəfn edilib. Ziyəddin Xanalıyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SÜLEYMAN ƏLİYARLI

(1930-2014)

 

Görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor Süleyman Sərdar oğlu Əliyarlının anım günüdür. O, 18 dekabr 1930-cu ildə Beyləqan rayonunun Şahsevən kəndində dünyaya gəlib. 1954-cü ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda 5 il çalışıb. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilib və ömrünün sonunadək həmin kafedrada çalışıb. 1989-2000-ci illərdə Milli Məclisin Yer adları komissiyasına başçılıq edib, 1992-2001-ci illərdə Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. 1990-cı ildə əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2000-ci ildə Türk Tarix Qurumunun fəxri üzvü seçilib. 150-dən çox elmi məqalə, 7 monoqrafiya və 8 kitabın müəllifidir. Süleyman Əliyarlı 2014-cü ilin yanvarın 16-da Bakıda vəfat edib.

 

 

HƏMİDAĞA SƏMƏDOV

(1952-1994)

 

Şəhid Həmidağa Bilal oğlu Səmədovun xatirə günüdür. O, 17 avqust 1952-ci ildə Hacıqabulda anadan olub. 1962-ci ildə orta məktəbi bitirdikdən sonra Hacıqabul işarəvermə rabitə stansiyasında elektrik mexaniki vəzifəsinə qəbul olunub. 1993-cü ildə Hacıqabul rayonundan könüllü olaraq hərbi xidmətə yollanıb. Güllücə, Gəngərli, Sarıcallı, Cəvahirli, Suma Güllücə, Məlikli, Papravənd, Maqsudlu, Talışlı, Salahlı və Novruzlu kəndləri uğrunda döyüşlərdə iştirak edib. Həmidağa Səmədov 1994-cü ilin yanvarın 16-da Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olub və Hacıqabul şəhərində dəfn olunub.

 

 

AKİF ABBASOV

(2001-2020)

 

Şəhid Akif Elşən oğlu Abbasov da bu gün xatırlanır. O, 25 mart 2001-ci ildə Ağcabədi rayonunda anadan olub. Ağcabədi şəhər 1 saylı orta məktəbində orta təhsil alıb. 2019-cu ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə yollanıb. Tovuz rayonunun Ağdam kəndi istiqamətində qulluq edən Akif Abbasov 16 yanvar 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən düşmənin basdırdığı minaya düşərək şəhid olub. Nəşi bir aydan sonra tapılıb və fevralın 22-də Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib.

Müəllif | Apa.Tv
Apa.tv