“DÜNYANIN BU GÜNÜ” – 16.02.2020

Əbdülvahab Salamzadə - (1916-1983)

 

Azərbaycanın görkəmli sənətşünas-alimi, memar, əməkdar inşaatçı, akademik Əbdülvahab Rəhim oğlu Salamzadə 1916-cı il fevralın 16-da Şamaxıda dünyaya göz açıb. Erkən yaşlarından bədii sənətkarlığa, tarixi-memarlıq abidələrimizə hədsiz maraq göstərib. Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərdəndir. Naxçıvan və Şirvan memarlıq məktəblərinin öyrənilməsində müstəsna xidmətləri olub. Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olub və Şuşa, Şəki kimi qədim şəhərlərimizin şəhərsalma mədəniyyətini tədqiq edib. Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi də bilavasitə onun xidmətidir. Müxtəlif illərdə yazdığı «Abidələr danışır», «Azərbaycan memarlıq abidələri», «Əcəmi Naxçıvani», «Arazboyu abidələr» və bir çox başqaları hələ uzun illər boyu elmə xidmət edəcək. Akademik Əbdülvahab Salamzadə 1983-cü il avqustun 19-da vəfat edib.

 

Əbdürrəhim Hacızadə (1920-1991)

Coğrafiya elmləri doktoru, professor Əbdürrəhim Hacızadə 1920-ci ilin bu günü Şəki rayonun İnçə kəndində, məktəb müəllimi ailəsində anadan olub. Orta təhsilini Şəkidə tamamladıqdan sonra 1938-1946-cı illərdə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsində təhsil alıb. 1941-ci ildə qardaşı Hüseyn ilə bərabər cəbhəyə yollanıb. 1950-ci ildə "Kəlbəcər-Laçın iqtisadi rayonunun iqtisadi-coğrafi səciyyəsi" mövzusunda namizədlik, 1971-ci ildə isə «Azərbaycanın sənaye kompleksi: onun inkişafı və ərazi təşkilinin coğrafi problemləri» mövzusunda  doktorluq dissertasiyası müdafiə edib, 1959-cu ildə dosent, 1973-cü ildə isə professor elmi adına layiq görülüb. Onun təşəbbüsü ilə 1960-cı ildə universitetin geologiya-coğrafiya fakültəsi nəzdində yeni İqtisadi coğrafiya kafedrası yaradılıb və 1989-cu ilədək həmin kafedranın müdiri vəzifəsində işləyib. 190-dan çox elmi əsərin müəllifi olan Əbdürrəhman Hacızadə 1991-ci il oktyabrın 3-də vəfat edib.

 

Şamil Əzizbəyov (1906-1976)

Bu gün eyni zamanda Azərbaycanın əməkdar elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, akademik Şamil Əzizbəyovun doğum günüdür. O, 1906-cı ildə Aşqabadda dünyaya gəlib. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-geoloq ixtisası üzrə bitirib. Zaqafqaziya geoloji trestində və Zaqafqaziya nadir metal kəşfiyyatı partiyalarında, 1932-ci ildən isə Azərbaycan Sənaye İnstitutunun petroqrafiya kafedrasında işləyib. 1938-1941-ci illərdə Azərbaycan EA Geologiya İnstitutunda petroqrafiya şöbəsinə rəhbərlik edib və İnstitutun direktor müavini vəzifəsində çalışıb. SSRİ EA-nın Azərbaycan filialının Rəyasət Heyətinin sədr müavini, Azərbaycan KP MK-nın neft üzrə katibinin müavini olub. 1945-ci ildə Azərbaycan EA-nın təşkil edənlərdən biri olub, Akademiyanın həqiqi üzvü və vitse-prezidenti seçilib. 500-dən çox elmi əsərin, o cümlədən 8 monoqrafiyanın müəllifi olub, bir sıra orden və medallarla təltif olunub. Şamil Əzizbəyov 1976-cı il mayın 14-də dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

 

Yühənnas Seyidov (1927-1996)

16 fevral Azərbaycanda bərk cisimlər fizikasının əsasını qoyan Yühənnas Mirhəsən oğlu Seyidovun doğum günüdür. O, 1927-ci ildə Naxçıvanda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra Rusiya EA-nın dünyada tanınmış alim, akademik S.V.Vonsovskinin rəhbərliyi ilə Ural Elmi Mərkəzində aspirantura təhsili alıb. 1953-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin “Nəzəri fizika” kafedrasında işləyib. Pedaqoji fəaliyyətlə yanaşı, 1960-cı ildən Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun “Nəzəri fizika” bölməsinə, 1966-cı ildən “Bərk cisim nəzəriyyəsi” laboratoriyasına, 1987-ci ildən isə “Bərk cisim nəzəriyyəsi” bölməsinə rəhbərlik edib. 1977-ci ildə professor elmi adını alıb, 1980-ci ildə  Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib. Elmi fəaliyyətinin böyük hissəsi müasir bərk cisim nəzəriyyəsinin ən aktual problemlərindən biri olan maqnetizm nəzəriyyəsinə həsr olunub. 1986-cı ildə elm və texnika sahəsində Dövlət Mükafatına layiq görülüb Yühənnas Seyidov 18 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat edib.

 

Həkim Qəni (1918-2008)

Tanınmış şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki, Prezident təqaüdçüsü Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni) 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Tibb İnstitutunda alıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub və cəbhədə hərbi həkim kimi fəaliyyət göstərib. 1967-ci ildə ordudan tərxis olunub və Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropatologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropatoloqu olub. Həkim Qəni şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu olub. 1990-cı ildən etibarən Vahid Poeziya Evində “Vahid“ ədəbi məclisinə sədrlik edib. Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

 

Muxtar Avşarov (1914-2004)

Azərbaycanın xalq artisti Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin törətdiyi soyqırımı siyasəti nəticəsində sağ qalan ailə üzvləri ilə birlikdə Türkiyəyə üz tutub və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətirib. 1922-ci ildə Gəncədəki dəmiryol məktəbində oxuyub. IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayıb. Eyni zamanda Dəmiryolçuların Mədəniyyət Evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıxıb. 1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdıb. Gəncə Parovoz Deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar teatrında aktyor kimi fəaliyyətini davam etdirib. Almaniyanın SSRİ-yə hücumundan üç gün sonra siyasi əqidəsinə görə həbs edilib. Beş il həbsdə yatıb və vaxtından beş il əvvəl azadlığa buraxılıb. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrındakı uğurlu çıxışlarına görə 1960-cı ildə əməkdar artist fəxri adına layiq görülüb. 1992-ci ildə xalq artisti Amaliya Pənahovanın dəvəti ilə Bakı Bələdiyyə Teatrında çalışmağa başlayıb. 2002-ci il oktyabrın 2-də Azərbaycan Prezidentinin fərdi təqaüdünə, noyabrın 7-də isə Bakı Bələdiyyə Teatrının 10 illik yubileyi ilə əlaqədar xalq artisti fəxri adına layiq görülüb. Bir sıra filmlərdə də rol alan Muxtar Avşarov 2004-cü il dekabrın 6-da Bakı şəhərində vəfat edib.

 

Fazil Nəcəfov - (1935)

Azərbaycanın xalq rəssamı, Azərbaycanda heykəltəraşlıq sənətində avanqardlıq üslubun təsisçisi Fazil İmamverdi oğlu Nəcəfov 1935-ci ilin bu günü dünyaya göz açıb. 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltəraşlığın sirlərini öyrənib. 1961-ci ildə Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 60-cı illərdən sərgilərdə iştirak edən rəssamın “İzahat” adlı heykəl kompozisiyası, daha sonra isə “Neftçi” əsəri ictimaiyyətin diqqətini cəlb edib. Hazırda Bakıda Müasir İncəsənət Muzeyinin toplusunun əhəmiyyətli hissəsi Fazil Nəcəfovun əsərlərindən ibarətdir. Fazil Nəcəfov 2014-cü ildə Bakının mərkəzində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb. 2019-cu ilin yanvarında onun yaradıcılığına həsr olunmuş "Göyə baxan daşlar" sənədli filminin təqdimatı keçirilib.

 

Zivər bəy Əhmədbəyov (1873-1925)

İlk ali təhsilli azərbaycanlı memar Zivər bəy Gəray bəy oğlu Əhmədbəyovun anım günüdür. O, 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda bitirdikdən sonra 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1902-1917-ci illərdə Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra isə Bakı şəhərinin baş memarı olub və 1922-ci ilədək bu vəzifədə çalışıb. Bakıda Oftalmologiya İnstitutunun binası, Şamaxıda Cümə məscidi, İmam məscidi, Bakıda Təzə Pir məscidi, Göyçayda Əbülfəzl Abbas məscidi, Əmircanda Murtuza Muxtarov məscidi və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsi ilə tikilib. Əmircanda layihəsini verdiyi məscid Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur. 1917-ci ildə "İslam mədəniyyət abidələrini qoruyan", 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətlərini yaradıb. Zivərbəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib.

 

Hüseynqulu Sarabski  (1879-1945)

 Azərbaycanın xalq artisti, opera müğənnisi, aktyor, rejissor, pedaqoq, peşəkar musiqi teatrının banilərindən biri Hüseynqulu Sarabski də bu gün xatırlanır. O, 1879-cu ildə Bakıda anadan olub. Aktyorluq sənətini seçməsində və püxtələşməsində tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olub. İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası" pyesində Rəsul rolunda səhnəyə çıxıb. Sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayıb. Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə – musiqili teatra, operaya gətirib. Bu tamaşa zamanı o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb edib.  Dahi bəstəkar onu öz operasında baş rola – Məcnun roluna dəvət edib. 30 ildən artıq bir müddətdə bu rolu 400 dəfə oynayan Hüseynqulu Sarabski 1945-ci ildə vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv