Dünyanın bu günü - 16.02.2021

ŞAMİL ƏZİZBƏYOV

(1906-1976)

 

Azərbaycanın əməkdar elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, akademik Şamil Əbdürrəhim oğlu Əzizbəyov 16 fevral 1906-cı ildə Aşqabadda dünyaya gəlib. Azərbaycan Politexnik İnstitutunda mühəndis-geoloq ixtisası üzrə təhsil alıb. Zaqafqaziya geoloji trestində və Zaqafqaziya nadir metal kəşfiyyatı partiyalarında, Azərbaycan Sənaye İnstitutunun petroqrafiya kafedrasında işləyib, Azərbaycan EA Geologiya İnstitutunda petroqrafiya şöbəsinə rəhbərlik edib. İnstitutun direktor müavini, SSRİ EA-nın Azərbaycan filialının Rəyasət Heyətinin sədr müavini, Azərbaycan KP MK-nın neft üzrə katibinin müavini olub. 1945-ci ildə Azərbaycan EA-nı təşkil edənlərdən biri olub, Akademiyanın həqiqi üzvü və vitse-prezidenti seçilib. 500-dən çox elmi əsərin, o cümlədən 8 monoqrafiyanın müəllifi olub, bir sıra orden və medallarla təltif olunub. Şamil Əzizbəyov 1976-cı il mayın 14-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ƏBDÜLVAHAB SALAMZADƏ

(1916-1983)

 

Azərbaycanın görkəmli sənətşünas-alimi, memar, əməkdar inşaatçı, akademik Əbdülvahab Rəhim oğlu Salamzadə 1916-cı il fevralın 16-da Şamaxıda dünyaya göz açıb. Erkən yaşlarından bədii sənətkarlığa, tarixi-memarlıq abidələrimizə hədsiz maraq göstərib. Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərdəndir. Naxçıvan və Şirvan memarlıq məktəblərinin öyrənilməsində müstəsna xidmətləri olub. Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olub və Şuşa, Şəki kimi qədim şəhərlərimizin şəhərsalma mədəniyyətini tədqiq edib. Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi də bilavasitə onun xidmətidir. Müxtəlif illərdə yazdığı “Abidələr danışır”, “Azərbaycan memarlıq abidələri”, “Əcəmi Naxçıvani”, “Arazboyu abidələr” və bir çox başqaları hələ uzun illər boyu elmə xidmət edəcək. Akademik Əbdülvahab Salamzadə 1983-cü il avqustun 19-da vəfat edib.

 

 

MUXTAR AVŞAROV

(1914-2004)

 

Azərbaycanın xalq artisti Muxtar Həsən oğlu Avşarov 1914-cü ilin bu günü İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin törətdiyi soyqırımı siyasəti nəticəsində sağ qalan ailə üzvləri ilə birlikdə Türkiyəyə üz tutub və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətirib. 1922-ci ildə Gəncədəki dəmiryol məktəbində oxuyub. IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayıb. Eyni zamanda Dəmiryolçuların Mədəniyyət Evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıxıb. 1933-cü ildə sənət məktəbini bitirib və Gəncəyə qayıdıb. Gəncə Parovoz Deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar teatrında aktyor kimi fəaliyyətini davam etdirib. Almaniyanın SSRİ-yə hücumundan üç gün sonra siyasi əqidəsinə görə həbs edilib. Beş il həbsdə yatıb və vaxtından beş il əvvəl azadlığa buraxılıb. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrındakı uğurlu çıxışlarına görə 1960-cı ildə əməkdar artist fəxri adına layiq görülüb. 1992-ci ildə xalq artisti Amaliya Pənahovanın dəvəti ilə Bakı Bələdiyyə Teatrında çalışmağa başlayıb. 2002-ci il oktyabrın 2-də Azərbaycan Prezidentinin fərdi təqaüdünə, noyabrın 7-də isə Bakı Bələdiyyə Teatrının 10 illik yubileyi ilə əlaqədar xalq artisti fəxri adına layiq görülüb. Bir sıra filmlərdə də rol alan Muxtar Avşarov 2004-cü il dekabrın 6-da Bakı şəhərində vəfat edib.

 

 

HƏKİM QƏNİ

(1918-2008)

 

Tanınmış şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki, Prezident təqaüdçüsü Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni) 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Tibb İnstitutunda alıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub və cəbhədə hərbi həkim kimi fəaliyyət göstərib. 1967-ci ildə ordudan tərxis olunub və Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropatologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropatoloqu olub. Həkim Qəni şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu olub. 1990-cı ildən etibarən Vahid Poeziya Evində “Vahid” ədəbi məclisinə sədrlik edib. Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

 

 

YÜHƏNNAS SEYİDOV

(1927-1996)

 

Azərbaycanda bərk cisimlər fizikasının əsasını qoyan Yühənnas Mirhəsən oğlu Seyidov 1927-ci il fevralın 16-da Naxçıvanda anadan olub. Azərbaycan Dövlət Universitetində, akademik S.V.Vonsovskinin rəhbərliyi ilə Rusiya EA-nın Ural Elmi Mərkəzində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin “Nəzəri fizika” kafedrasında işləyib. Pedaqoji fəaliyyətlə yanaşı, Azərbaycan EA Fizika İnstitutunun “Nəzəri fizika” bölməsinə, “Bərk cisim nəzəriyyəsi” laboratoriyasına, “Bərk cisim nəzəriyyəsi” bölməsinə rəhbərlik edib. 1977-ci ildə professor elmi adını alıb, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib. Elmi fəaliyyətinin böyük hissəsi müasir bərk cisim nəzəriyyəsinin ən aktual problemlərindən biri olan maqnetizm nəzəriyyəsinə həsr olunub. 120-dən çox elmi əsərin müəllifidir. 1986-cı ildə elm və texnika sahəsində Dövlət Mükafatına layiq görülən Yühənnas Seyidov 18 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat edib.

 

 

FAZİL NƏCƏFOV

(1935)

 

Azərbaycanın xalq rəssamı, Azərbaycanda heykəltəraşlıq sənətində avanqardlıq üslubun təsisçisi Fazil İmamverdi oğlu Nəcəfov 1935-ci ilin bu günü dünyaya göz açıb. 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltəraşlığın sirlərini öyrənib. 1961-ci ildə Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 60-cı illərdən sərgilərdə iştirak edən rəssamın “İzahat” adlı heykəl kompozisiyası, daha sonra isə “Neftçi” əsəri ictimaiyyətin diqqətini cəlb edib. Hazırda Bakıda Müasir İncəsənət Muzeyinin toplusunun əhəmiyyətli hissəsi onun əsərlərindən ibarətdir. Fazil Nəcəfov 2014-cü ildə Bakının mərkəzində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb. 2019-cu ilin yanvarında onun yaradıcılığına həsr olunmuş "Göyə baxan daşlar" sənədli filminin təqdimatı keçirilib.

 

 

MEHTİ ŞIXƏLİYEV

(1996-2020)

 

Şəhid Mehti Yalçın oğlu Şıxəliyev 16 fevral 1996-cı ildə Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. 2013-cü ildə kənd orta məktəbini bitirib. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi iştirak edib,  düşmənin xeyli tankını, zirehli maşınını və 70-dən çox canlı qüvvəsini məhv edib. Mehdi Şıxəliyev noyabrın 7-də Şuşada əlbəyaxa döyüşlər zamanı qəhrəmancasına şəhid olub və Hacıqabul rayonunda dəfn edilib. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ZİVƏR BƏY ƏHMƏDBƏYOV

(1873-1925)

 

İlk ali təhsilli azərbaycanlı memar Zivər bəy Gəray bəy oğlu Əhmədbəyovun anım günüdür. O, 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda aldıqdan sonra 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1902-1917-ci illərdə Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra isə Bakı şəhərinin baş memarı olub və 1922-ci ilədək bu vəzifədə çalışıb. Bakıda Oftalmologiya İnstitutunun binası, Şamaxıda Cümə məscidi, İmam məscidi, Bakıda Təzə Pir məscidi, Göyçayda Əbülfəzl Abbas məscidi, Əmircanda Murtuza Muxtarov məscidi və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsi ilə tikilib. Əmircanda layihəsini verdiyi məscid Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur. 1917-ci ildə "İslam mədəniyyət abidələrini qoruyan", 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətlərini yaradıb. Zivərbəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib.

 

 

HÜSEYNQULU SARABSKİ

(1879-1945)

 

Azərbaycanın xalq artisti, opera müğənnisi, aktyor, rejissor, pedaqoq, peşəkar musiqi teatrının banilərindən biri Hüseynqulu Sarabski də bu gün xatırlanır. O, 1879-cu ildə Bakıda anadan olub. Aktyorluq sənətini seçməsində və püxtələşməsində tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olub. İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası" pyesində Rəsul rolunda səhnəyə çıxıb. Sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayıb. Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə – musiqili teatra, operaya gətirib. Bu tamaşa o vaxtlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb edib.  Dahi bəstəkar onu öz operasında baş rola – Məcnun roluna dəvət edib. 30 ildən artıq bir müddətdə bu rolu 400 dəfə oynayan Hüseynqulu Sarabski 16 fevral 1945-ci ildə vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

İBRAHİM MƏMMƏDOV

(1958-1994)

 

Azərbaycanın Milli Qəhrəmanı İbrahim İsmayıl oğlu Məmmədovun xatirə günüdür. O,  1958-ci il dekabrın 20-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 3 saylı məktəbində və Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub, PDM-də tuşlayıcı-operator ixtisasına yiyələnib. 1990-cı il 20 Yanvar faciəsinin dünyaya çatdırılmasında çox böyük işlər görüb. 1993-cü ildə Milli Ordu sıralarına yazılıb və döyüşlərdə iştirak etmək məqsədilə Kəlbəcərə yollanıb. 16 fevral 1994-cü ildə Kəlbəcər rayonunda gedən qızğın döyüşlər zamanı ermənilərin 3 tankını və xeyli canlı qüvvəsini məhv edib, lakin snayper gülləsindən şəhid olub və Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 20 iyun 1994-cü il tarixli fərmanı ilə İbrahim Məmmədova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

 

SƏFƏRALI MƏMMƏDOV

(1963-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Qurban oğlu Məmmədov da bu gün xatırlanır. O,  1963-cü il oktyabrın 16-da Masallı rayonunun Sərçuvar kəndində dünyaya göz açıb. Bakı Xüsusi Orta Milis Məktəbində təhsil alıb. Buranı leytenant rütbəsi ilə bitirdikdən sonra Ağdam rayonunda polis komandiri kimi döyüşlərə qatılıb. Səfəralı Məmmədov 1992-ci il fevralın 16-da ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumunu dəf edərkən qəhrəmancasına həlak olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Masallı şəhərindəki küçələrdən biri və vaxtilə təhsil aldığı Sərçuvar kənd orta məktəbi onun adını daşıyır.

 

 

MÜŞFİQ MİRZƏYEV

(1970-1993)

 

Şəhid Müşfiq Mustafa oğlu Mirzəyevin anım günüdür. O, 1970-ci il yanvarın 3-də Ermənistanın Cermuk şəhərində anadan olub, orta məktəbi burada bitirib. 1988-1990-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətini Monqolustanda yerinə yetirib. 1992-ci ilin mart ayından Qarabağ müharibəsində iştirak edib, bölmə komandiri olub. 1993-cü il fevralın 16-da baş verən döyüşdə ağır yaralanaraq, üç gün sonra vəfat edib və Mingəçevirin Şəhidlər Xiyabanında dəfn edilib. Çavuş Müşfiq Mirzəyev Azərbaycan Prezidentinin 9 oktyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Müəllif | Apa.Tv
Apa.tv