00:01 16 mart 2021 98
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 16.03.2021

İSRAFİL MƏMMƏDOV

(1919-1946)

 

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məhərrəm oğlu Məmmədov 1919-cu il martın 16-da Gəncədə dünyaya gəlib. İkinci Dünya müharibəsində 32-ci motoatıcı alayın tağım komandirinin müavini, baş çavuş olub. 1941-ci il dekabrın 3-də Novqorod şəhəri yaxınlığındakı İlmen gölü ətrafında alman faşistləri ilə qeyri-bərabər döyüşdə bataqlıqla əhatələnən yüksəklikdə 20 əsgər yoldaşı ilə birlikdə mühasirəyə düşüb. Lakin dairəvi müdafiə quran dəstə 10 saat ərzində bütöv alman batalyonunun hücumlarının qarşısını alıb. Həmin döyüşlərdə 300-dən artıq düşmən məhv edilib. Azərbaycanlı çavuş isə şəxsən 70 əsgər və 3 zabiti öldürüb. Qeyri-bərabər döyüşdə göstərdiyi komandanlıq xüsusiyyətlərinə və şəxsi qəhrəmanlığına görə 1941-ci il dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Bundan başqa, ona "Lenin" ordeni və “Qızıl Ulduz” medalı da təqdim olunub. İsrafil Məmmədov 1946-cı il mayın 1-də müalicə aldığı Yalta hospitalında vəfat edib və Gəncədə dəfn olunub.

 

 

VAQİF MUSTAFAZADƏ

(1940-1979)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Əziz oğlu Mustafazadə 1940-cı ilin bu günü Bakıda anadan olub. 1957-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olub. Gürcüstan Filarmoniyasında "Qafqaz" caz-triosunu yaradan Vaqif Mustafazadə Azərbaycan Dövlət Estrada Orkestrinin solist-pianoçusu olub, "Leyli" adlı ilk qadın vokal kvartetinə, "Sevil" vokal-instrumental ansamblına və "Muğam" instrumental ansamblına rəhbərlik edib. "Tallin-66", "Tbilisi-78" Ümumittifaq caz festivallarının laureatı olub, bəstəkarların Monte-Karloda keçirilən VIII Beynəlxalq caz müsabiqəsində I mükafata layiq görülüb. Vaqif Mustafazadə 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub. 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

 

 

NURƏDDİN İBRAHİMOV

(1951-1995)

 

Azərbaycanın Milli Qəhrəmanı Nurəddin İslam oğlu İbrahimov 16 mart 1951-ci ildə Bakı şəhərinin Buzovna qəsəbəsində doğulub. 1969-cu ildə 125 saylı orta məktəbi bitirib, 1970-ci ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətdən sonra Bakı Aqreqatlar Zavodunda əmək fəaliyyətinə başlayıb. 1975-ci ilin iyulunda komsomol çağırışı ilə BAM-a işləməyə gedib. 1978-ci ildə İrkutsk şəhər Daxili İşlər İdarəsində işə qəbul olunub. 1981-ci ilin mayında SSRİ Daxili İşlər Nazirliyinin Xabarovsk şəhər Ali Milis Məktəbinə qəbul edilib, 1982-ci ildə İrkutsk şəhərində baş sahə inspektoru vəzifəsinə təyin olunub. 1986-cı ildə “Əla xidmətə görə” medalı ilə təltif olunub. 1988-ci ildə cinayət-axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 1989-cu ildə İrkutsk Şəhər Sovetinə deputat seçilib. 1990-cı ildə Azərbaycana qayıdıb və Laçın milis şöbəsində sahə müvəkkili göndərilib. 1993-cü ildə Kosalar kəndi və Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib və polis mayoru rütbəsinə yüksəlib. Nurəddin İbrahimov 1995-ci il fevralın 10-da Binə qəsəbəsində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı xüsusi qəhrəmanlıq göstərərək həlak olub. Azərbaycan Prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə Nurəddin İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

 

SEYMUR CABBAROV 

(1987-2020)

 

Şəhid Seymur İlham oğlu Cabbarov 1987-ci il martın 16-da Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kapitan Seymur Cabbarov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

RÖYAL NƏSİROV 

(1997-2016)

 

Şəhid Röyal İmran oğlu Nəsirov 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgər Röyal Nəsirov 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

 

MARAL RƏHMANZADƏ

(1916-2008)

 

Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəssam, Dövlət Mükafatı laureatı Maral Yusif qızı Rəhmanzadə 16 mart 2008-ci ildə vəfat edib. O, 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra 1934-1940-cı illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirib. Kitab qrafikası sahəsində də fəaliyyət göstərən rəssamın Nizami Gəncəvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi çoxsaylı illüstrasiyalar, həmçinin portretlər yüksək sənətkarlıq nümunəsi sayılır. Maral Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox mükafatlara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb.

 

 

RAFAEL DADAŞOV

(1946-2020)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Rafael Məlik oğlu Dadaşovun anım günüdür. O, 1946-cı il yanvarın 4-də Zaqatalada doğulub. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra 1966-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsində ali təhsil alıb. 1967-ci ildən etibarən əmək fəaliyyətinə başlayaraq 1974-cü ilədək Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışıb, 1974-1976-cı illərdə Naxçıvan Xalq Yaradıcılığı Evində təlimatçı olub, eyni zamanda orada Televiziya və Radio Komitəsində işləyib. 1976-cı ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb, ümumilikdə 100-ə yaxın rolda uğurla çıxış edib. Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxsaylı tamaşalarda rol alıb. "Var olun qızlar", "Yarımçıq qalmış serenada", "Bəxt üzüyü", "Mənim ağ şəhərim" bədii, "Qaçaq Süleyman" televiziya filmlərinə çəkilib. Prezident mükafatçısı Rafael Dadaşov 16 mart 2020-ci ildə Bakıda vəfat edib.

 

 

RƏHMAN ƏLİZADƏ

(1947-2003)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, teatr rejissoru Rəhman Balarza oğlu Əlizadənin xatirə günüdür. O, 1947-ci il dekabrın 19-da Bakıda dünyaya gəlib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. Mərdəkan qəsəbəsində mədəniyyət evinin bədii rəhbəri, xalq teatrının rejissoru, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında və Azərbaycan Gənclər Teatrında baş rejissor vəzifələrində çalışıb. Bir neçə kitabın, 30 pyesin müəllifidir. Prezident mükafatçısı olan Rəhman Əlizadə 15 mart 2013-cü ildə Bakıda vəfat edib.

 

 

İBRAHİM BAYANDURLU

(1971-2010)

 

Tanınmış jurnalist, Qarabağ döyüşlərinin iştirakçısı, “Ayna-Zerkalo” qəzetinin siyasi şərhçisi İbrahim Bayandurlu 2010-cu ilin bu günü vəfat edib. O, 24 dekabr 1971-ci ildə Bakıda dünyaya göz açıb. 1989-cu ildə 27 saylı orta məktəbi bitirib və Bakı Dövlət Universitetində təhsilini davam etdirib. Qarabağ müharibəsinin başladığı vaxtlarda Türkiyənin paytaxtı Ankara şəhərində politologiya sahəsində təhsil alsa da, təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Qarabağ müharibəsində könüllülər dəstəsinin tərkibində döyüşüb. 1992-ci il aprelin 29-da Şuşada gedən döyüşlərdə üz nahiyəsindən güllə yarası alıb. Ömrünün sonuna qədər bədənində qəlpə gəzdirib. Müharibədən sonra tələffüz problemləri ilə yanaşı, kəskin beyin ağrılarından və yüksək qan təzyiqindən əziyyət çəkib. Evli idi, bir qızı yadigar qalıb.

 

 

ELVİN HƏSƏNOV

(1994-2014)

 

Şəhid Elvin Çingiz oğlu Həsənov 24 aprel 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 34 saylı tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgər Elvin Həsənov 16 mart 2014-cü ildə təmas xəttində erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində şəhid olub. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın