Dünyanın bu günü - 16.04.2020
BƏHRAM MİRZƏYEV (1891-1974)
1. Əməkdar elm xadimi, professor, pedaqoq Bəhram Rüstəm bəy oğlu Mirzəyev 16 aprel 1891-ci ildə Şuşa şəhərində dünyaya gəlib. 1909-cu ildə Bakı Realnı Məktəbini bitirərək, Peterburq Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. Bir müddət Peterburqda və Donetsk vilayətində pedaqoji fəaliyyətlə məşğul olub. Sonradan Azərbaycana qayıdaraq 1923-cü ildən Azərbaycan Dövlət Universitetində elmi və pedaqoji fəaliyyətə başlayıb. Təcrübi fizika kafedrasının, Yarımkeçiricilər fizikası kafedrasının müdiri vəzifəsində çalışıb. Laboratoriyalar, nümayiş muzeyi, fizika kabineti yaradıb, fizika-riyaziyyat fakültəsində optikaya dair ilk dəfə olaraq Azərbaycan dilində mühazirələr oxuyub, molekulyar fizikaya, dalğalara və rəqslərə aid dərsliklər yazıb. 50-dən çox elmi əsərin, 2 ixtiranın müəllifidir. “Lenin” ordeni, bir neçə medalla və Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilən Bəhram Mirzəyev 1974-cü ildə Bakıda vəfat edib.
ÇARLİ ÇAPLİN (1889-1977)
2. Məşhur ABŞ və İngiltərə rejissoru, komediya aktyoru və ssenaristi Çarli Çaplin 1889-cu il aprelin 16-da Londonda musiqiçi ailəsində anadan olub. Karyerasına küçə uşağı rolunu ifa etməklə başlayıb. 1917-ci ildə “First National” studiyasına keçib, 1 milyon dollarlıq müqaviləyə imza ataraq dövrünün ən bahalı aktyoruna çevrilib. 1919-cu ildə “United Artists” film studiyasını qurub, filmlərinin ssenarisini özü yazıb. “İmmiqrant”, “Uşaq”, “Qızıl hərisliyi”, “Böyük şəhərin işıqları”, “Böyük diktator” onun ən məşhur filmlərindəndir. 1977-ci il dekabrın 25-də Çarli Çaplin İsveçrənin Veve şəhərində vəfat edib və yerli qəbiristanlıqda dəfn olunub, sonradan isə məzarı Korsye-Syur-Vevedəki Meruz qəbiristanlığına köçürülüb.
QƏMBƏR HÜSEYNLİ (1916-1961)
3. Əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Muxtar oğlu Hüseynli 1916-cı il aprelin bu günü Gəncədə dəmirçi ailəsində anadan olub. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunub, 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olub. 1934-cü ildə daxil olduğu Bakıda Musiqi Texnikumunda violonçel və bəstəkarlıq siniflərində təhsil alıb. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi, Sazçı Qızlar Ansamblının təşkilatçısı və bədii rəhbəri kimi vəzifələrdə çalışıb. "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən"əsərlərinin müəllifidir. Tofiq Mütəllibovun sözlərinə bəstələdiyi məşhur "Cücələrim" mahnısı isə dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Qəmbər Hüseynli 1961-ci il iyulun 31-də Bakıda dünyasını dəyişib.
RAMİZ MİRİŞLİ (1934-2015)
4. Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, bəstəkar, professor Ramiz Aqil oğlu Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində doğulub. Asəf Zeynallı adına musiqi məktəbində oxuyub, 1956-1962-ci illərdə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb. Müxtəlif janrlarda əsərlər yazan bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilərin müəllifidir. Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya Şirkətində musiqi şöbəsinin rəhbəri vəzifələrində çalışıb, 20 ildən çox Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. "Oxu tar", "Salam kür çayı", “Dalğalar” kimi məşhur mahnıların müəllifi olan Ramiz Mirişli 2015-ci il aprelin 17-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
RİZVAN TEYMUROV (1967-1991)
5. Azərbaycanın Milli Qəhrəmanı Rizvan Rəhman oğlu Teymurov 1967-ci il aprelin bu günü Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində doğulub. 1984-cü ildə Quşçular kəndindəki orta məktəbi bitirib, 1985-ci ildə isə hərbi xidmətə çağırılıb. Arxangelsk vilayətində xidmət edib. Hərbi xidmətdən sonra Şuşa rayon Daxili İşlər Şöbəsinin nəzdində yaranan polis alayında fəaliyyət göstərib. Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində onlarla erməni yaraqlılarını məhv edən Rizvan Teymurov 1991-ci il dekabrın 9-da Kərkicahan kəndi ətrafında gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak olub və doğulduğu kənddə dəfn edilib.
RUSİF AĞAYEV (1987-2016)
6. Şəhid Rusif İbrahim oğlu Ağayev 1987-ci il aprelin 16-da Lənkəran rayonunun Hirkan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2005-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra isə könüllü olaraq xidmətini davam etdirib. 2016-cı ilin aprelində Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə öz əsgər yoldaşlarını xilas edərkən snayper atəşi nəticəsində şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə Rusif Ağayev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
MƏMMƏDTAĞI BAĞIROV (1890-1961)
7. Azərbaycanın xalq artisti, opera müğənnisi Məmmədtağı Abbas oğlu Bağırovun xatirə günüdür. O, 1890-cı il avqustun 5-də Bakı fəhlə ailəsində dünyaya gəlib. Hüseyn Ərəblinskinin teatr truppasına daxil olub. Sənət yolunda ilk addımlarını qadın rolları oynamaqla atıb. “Əsli və Kərəm”də Əsli, “Leyli və Məcnun”da Leyli obrazlarını oynayıb. “Arşın mal alan”, “Şah İsmayıl”, “Koroğlu”, “Aşıq Qərib” və başqa tamaşalarda da unudulmaz obrazlar yaradıb. 1924-cü ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Opera və Balet Teatrında çıxış edib. Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” filmində Rüstəm bəyin bütün mahnılarını səsləndirib. Məmmədtağı Bağırov 1961-ci ilin aprelində Bakıda vəfat edib.
HƏBİBULLA HÜSEYNOV (1910-1945)
8. Bu gün qvardiya polkovniki, Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynovun anım günüdür. O, 1910-cu ildə Ərdəbildə anadan olub. Orta təhsilini başa vurduqdan sonra Tiflis hərbi məktəbində oxuyub. Məşhur Azərbaycan sərkərdəsi Əlağa Şıxlinskinin yetirməsi olub. İkinci Dünya müharibəsinin ilk günlərindən qərb cəbhəsində döyüşüb. Kuban və Ukraynanın, Polşa, Çexoslovakiya, Macarıstan və Rumıniyanın düşmənlərdən təmizlənməsində xüsusi rəşadət göstərib. Topçu diviziyasının komandiri Həbibulla Hüseynov müharibənin qurtarmasına 33 gün qalmış – 1945-ci il aprelin 16-da qəhrəmancasına həlak olub. Onun cənazəsi Keniqsberqdən Litvaya gətirilərək, Kapsukas şəhərindəki hərbi qəbiristanlıqda dəfn edilib. Bakının 8-ci mikrorayonunda Həbibulla Hüseynovun barelyefi vurulub. Baltik dənizində üzən gəmilərdən biri onun adını daşıyır.
ƏLƏKBƏR TAĞIYEV (1924-1981)
9. Azərbaycan bəstəkarı, hüquqşünas Ələkbər Tağıyev də bu gün xatırlanır. O, 28 aprel 1924-cü ildə Gəncədə anadan olub, ilk təhsilini də burda alıb. Əmək fəaliyyətinə 1938-ci ildə xalq məhkəməsində başlayıb. 36 ilə yaxın bir müddətdə prokurorluq orqanlarında çalışıb, SSRİ və Respublika prokurorluqlarının çoxsaylı Fəxri fərmanları ilə təltif olunub. 1964-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursunu bitirib, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilib. İlk mahnısı “Qonşu qız” olan bəstəkar “Azərbaycan qızıyam”, “Sən gəlməz oldun”, “Bakı gecələri”, “Azərbaycanım mənim”, “Eşqimi sönməyə qoymaram”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi məşhur mahnıların da müəllifidir. Azərbaycan musiqi tarixində adlarla mahnılar yazan ilk bəstəkarlardan olan Ələkbər Tağıyev 1981-ci ilin aprelində dünyasını dəyişib.