Dünyanın bu günü - 16.07.2020
AZƏRBAYCAN XALQ CƏBHƏSİ
(1989)
1. XX əsrin sonunda başlayan Azərbaycan milli azadlıq hərəkatının aparıcı təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının ildönümüdür. Xalq Cəbhəsi 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib. Əbülfəz Elçibəy təşkilatın ilk sədri seçilib. Təsis konfransında 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb. İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümbətov İdarə Heyətinin ilk üzvləri olublar. 1989-1990, 1990-1992 və 1992-1993-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub. 1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adı alıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən olan partiyaların bir çoxu vaxtilə AXC-nin bazasında yaradılıb. Hərəkatda olan siyasətçilərin əksəriyyəti sonradan özlərinin ayrıca partiyasını yaradıblar.
MİRZƏ BABAYEV
(1913-2003)
2. Azərbaycanın xalq artisti, məşhur estrada müğənnisi, aktyor, memar və rəssam Mirzəağa (Mirzə) Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Bakı Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Müğənnilik fəaliyyətinə 1940-cı illərin əvvəlində müharibədən qayıdan zaman – görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Caz Orkestrində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Azərbaycan bəstəkarlarının 500-dən çox mahnısı onun ifasında populyarlaşıb. 40-dək bədii filmdə müxtəlif rolları məharətlə ifa edib. İki dəfə “Humay” mükafatı laureatı olan Mirzə Babayev 2003-cü il yanvarın 13-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
RASİM ƏLİYEV
(1934)
3. Azərbaycanın əməkdar memarı, rəssam Rasim Əliyev 16 iyul 1934-cü ildə Gəncədə görkəmli akademik Həsən Əliyevin ailəsində anadan olub. 1952-1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində və Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Layihə İnstitutunda başlayıb. Daha sonra şəhərsalma və memarlıq sahəsində müxtəlif vəzifələrdə çalışıb, Bakı şəhərinin baş memarı olub. O, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binasının və başqa layihələrin müəllifi və həmmüəllifidir. Onun rəhbərliyi və müəllifliyi ilə Bakı şəhərinin ötən əsrdəki sonuncu baş planı, “İçərişəhərin Regenerasiya Planı” hazırlanıb, Bakıda 8-ci və 9-cu mikrorayonlar, Əhmədli qəsəbəsi, Kiyev, Yeni Günəşli yaşayış massivləri salınıb. Rasim Əliyevin "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif edilib.
İLHAM ƏSGƏROV
(1958-2015)
4. Azərbaycanın xalq artisti, aktyor İlham Təvəkkül oğlu Əsgərov 1958-ci ilin bu günü Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsində təhsil alıb. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub. "Mahnı dağlarda qaldı", "Hökmdar və qızı", "Bu dünyanın adamları", "Qarabağnamə", “Cavad xan”, “Biz qayıdacağıq” və başqa tamaşalarda, filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub. Bir neçə dəfə Prezident Mükafatına, 2010-cu ildə “Cəfər Cabbarlı” mükafatına layiq görülüb. İlham Əsgərov 6 sentyabr 2015-ci ildə Bakıda vəfat edib və doğulduğu kənddə dəfn edilib.
VİDADİ HƏSƏNOV
(1958)
5. Azərbaycanın xalq artisti, aktyor, ssenari müəllifi Vidadi İsmail oğlu Həsənov 1958-ci il iyulun 16-da Gəncədə anadan olub. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib. 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. 1990-cı ildən isə YUĞ teatrında çalışır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin "Estrada rejissoru" kafedrasının dosentidir. 2008-ci ildə "Şair olmaq istəmirəm" adlı şeirlər kitabı çıxıb. Vidadi Həsənov 2016-cı ildə "Media Company"-nin nəzdində yaradılmış "M. Teatr Production"un bədii rəhbəridir.
SEVİL HACIYEVA
(1975)
6. Azərbaycanın ilk qadın dirijoru, əməkdar incəsənət xadimi Sevil İnşalla qızı Hacıyeva 16 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub. G.G.Şaroyev adına musiqi məktəbində fortepiano üzrə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsində xalq artisti Yalçın Adıgözəlovun sinfində təhsil alıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblında xormeyster, Opera və Balet Teatrında baş xormeyster vəzifəsində çalışıb. Müxtəlif operalara, baletlərə və musiqili komediyalara dirijorluq edib. Prezident Mükafatına layiq görülüb. Sevil Hacıyeva hazırda Bakı Musiqi Akademiyasında dirijorluq kafedrasının dosentidir.
SƏRXAN OCAQVERDİYEV
(1967-1992)
7. Azərbaycanın Milli Qəhrəmanı Sərxan Surxay oğlu Ocaqverdiyev 1967-ci ilin bu günü Goranboy rayonunun Səfikürd kəndində dünyaya göz açıb. 1985-ci ildə sovet ordusu sıralarına çağırılıb. Gəncə Maşınqayırma Texnikumunda təhsil alıb. 1989-cu ildə Gəncə Maşınqayırma Zavodunda işə başlayıb. 1991-ci ildə Xocalı soyqırımından sonra yerli özünümüdafiə batalyonuna yazılıb və bir çox döyüşlərdə igidlik göstərib. Sərxan Ocaqverdiyev 5 may 1992-ci ildə Talış kəndində həlak olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Təhsil aldığı Tatarlı kənd orta məktəbi onun adını daşıyır, Goranboy rayonunda büstü qoyulub.
MƏLİK MƏHƏRRƏMOV
(1920-2004)
8. Sovet İttifaqı Qəhrəmanı Məlik Məlik oğlu Məhərrəmovun xatirə günüdür. O, 1920-ci il avqustun 20-də Zərdab rayonunun Bıçaqçı kəndində anadan olub. 1939-cu Bakıda Xalq Təsərrüfatı Texnikumunu bitirdikdən sonra sovet ordusu sıralarına çağırılıb. İkinci Dünya müharibəsində Berlinədək şərəfli döyüş yolu keçib, Belarus və Ukrayna uğrundakı döyüşlərdə xüsusilə fərqlənib. Daha sonra Rusiyanın Vladimir şəhərində hərbi məktəbi, Frunze adına Hərbi Akademiyanı bitirib. Atıcı diviziyada batalyon komandiri, alayın qərargah rəisi, Xızı, Ağdaş, Sabirabad, Kürdəmir rayonlarında və Bakı şəhərinin Nərimanov rayonunda hərbi komissar, Azərbaycan Dövlət Universitetində hərbi kafedranın rəisi olub. 1973-cü ildə ehtiyata çıxsa da, universitetdə fəaliyyətini davam etdirib, əvvəl kadrlar şöbəsinin, sonra isə ömrünün sonuna qədər Birinci şöbənin rəisi vəzifələrində çalışıb. Müstəqil Azərbaycanın “Şöhrət” ordeni, keçmiş SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilən Məlik Məhərrəmov 2004-cü il iyulun 16-da Bakı şəhərində vəfat edib.