Dünyanın bu günü - 16.10.2020

ÜMUMDÜNYA ƏRZAQ GÜNÜ

(1954)

 

1954-cü ildən etibarən 16 oktyabr Ümumdünya Ərzaq Günü kimi qeyd olunur. Bu tədbir bütün dünyada ərzaq çatışmazlığının qarşısını almaq üçün dövlətləri və təşkilatları səmərəli əməkdaşlığa çağırır.

 

OSKAR UAYLD

(1854-1900)

 

İngiltərənin görkəmli şair və yazıçısı Oskar Uayld 1854-cü il oktyabrın 16-da Dublində dünyaya göz açıb. Milliyyətcə irland olub. Dublin Triniti Kollecində və Oksford Universitetində təhsil alıb. Bədii yaradıcılığa tələbəlik illərindən şeir yazmaqla başlayıb. Daha sonra yazıçı və tənqidçi kimi məşhurlaşıb. "Xoşbəxt şahzadə və digər nağıllar", "Nar ev", "Bülbül və qızılgül", “Paduya hersoginyası” və bir çox əsərlərin müəllifidir. “Dorian Qreyin portreti” romanı XIX əsr İngiltərə ədəbiyyatının ən yaxşı nümunələrindəndir. Oskar Uayld 1900-cü il noyabrın 30-da Parisdə vəfat edib.

 

 

SƏMƏD BƏY MEHMANDAROV

(1856-1931)

 

Azərbaycanın görkəmli hərbi xadimi, general-leytenant Səməd bəy Sadıx bəy oğlu Mehmandarov 16 oktyabr 1856-cı ildə Lənkəranda dünyaya gəlib. Bakıda gimnaziyada və Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbində təhsil alıb. Müxtəlif illərdə kapitan, podpolkovnik, polkovnik, general-mayor, artilleriya generalı rütbələri alıb. Rus-Yapon müharibəsi zamanı 7-ci Sibir artilleriya diviziyasının komandiri olub, Port-Arturun müdafiəsi zamanı igidlik göstərib. 1918-ci ilin dekabrından 1920-ci ilin aprelinə qədər Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri vəzifəsində çalışıb. Onun Azərbaycan hərb sənətinin inkişafında, eləcə də hərbi kadrların hazırlanmasında xidmətləri əvəzsizdir. Çar Rusiyasının “Stanislav”, “Vladimir” və “Georgi” ordenlərinin bütün dərəcələri, eləcə də İngiltərə, Fransa və Rumıniyanın yüksək hərbi orden və medalları ilə təltif edilən general Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat edib və Çəmbərəkənd qəbiristanlığında dəfn olunub.

 

 

GÜLHÜSEYN HÜSEYNOĞLU

(1923-2013)

 

Azərbaycanın xalq yazıçısı, professor Gülhüseyn Hüseyn oğlu Abdullayev 1923-cü ilin bu günü Masallı rayonunun Mollaoba kəndində dünyaya göz açıb. Uşaq ikən ailəsi Bakıya köçüb və orta təhsilini burada alıb. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Şəxsiyyətə pərəstiş dövründə 25 il azadlıqdan məhrum olunub, 1956-cı ildə isə tam bəraət verilib. “Kommunist”, “Ədəbiyyat qəzeti” redaksiyasında,  Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib. Mikayıl Müşfiq adına 18 saylı orta məktəbdə dərs deyib, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutub, Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınıb. Azərbaycanın ilk dissidentlərindən hesab olunan Gülhüseyn Hüseynoğlu 2013-cü il iyulun 8-də vəfat edib.

 

 

RAMİZ MUSTAFAYEV

(1926-2008)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti, "Şöhrət" ordenli professor Ramiz Hacı oğlu Mustafayev 1926-cı il oktyabrın 16-da Türkmənistanda anadan olub. Anası Nabat Əzim qızı görkəmli şair Seyid Əzim Şirvaninin nəslindəndir. 1941-ci ildə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-1952-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsində təhsil alıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, 1968-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub. Baletdən başqa bütün janrlara müraciət edən bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsərlər yazıb. Ramiz Mustafayev 2008-ci il aprelin 10-da dünyasını dəyişib. O, rəssam Güllü Müstafayevanın və dirijor Faiq Mustafayevin qardaşı, musiqişünas Zemfira Qafarovanın dayısıdır.

 

 

İSA HƏBİBBƏYLİ

(1949)

 

Azərbaycanın əməkdar elm xadimi, akademik İsa Əkbər oğlu Həbibbəyli  16 oktyabr 1949-cu ildə Naxçıvan MR Şərur rayonunun Danzik kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsində təhsil alıb. Şərur rayonunda kənd orta məktəbində müəllim, Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor və rektor vəzifələrində çalışıb. 2005-ci ildən Milli Məclisin deputatı, 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. 800 elmi əsərin, o cümlədən 109  kitabın müəllifidir. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. İsa Həbibbəyli “Şöhrət”, “Şərəf” və başqa orden, medallara layiq görülüb.

 

 

SƏFƏRALI MƏMMƏDOV

(1963-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Qurban oğlu Məmmədov 1963-cü ilin bu günü Masallı rayonunun Sərçuvar kəndində dünyaya göz açıb. Bakı Xüsusi Orta Milis Məktəbində təhsil alıb. Buranı leytenant rütbəsi ilə bitirdikdən sonra Ağdam rayonunda polis komandiri kimi döyüşlərə qatılıb. Səfəralı Məmmədov 1992-ci il fevralın 16-da ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumunu dəf edərkən qəhrəmancasına həlak olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Masallı şəhərindəki küçələrdən biri və vaxtilə təhsil aldığı Sərçuvar kənd orta məktəbi onun adını daşıyır.

 

 

ZÜLFİYYƏ XANBABAYEVA

(1967)

 

Azərbaycanın xalq artisti, müğənni Zülfiyyə Güloğlan qızı Xanbabayeva 1967-ci il  oktyabrın 16-da Bakı şəhərində anadan olub. 161 nömrəli məktəbdə və Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatr rejissoru fakültəsində təhsil alıb. 1988-ci ildə "Bakı Payızı-88" müsabiqəsində iştirak edərək finala çıxıb. 1994-cü ildə Vaqif Gərayzadənin "Aypara" qrupunda çıxış etməyə başlayıb. Zülfiyyə Xanbabayeva 2008-ci il sentyabrın 17-də xalq artisti fəxri adına layiq görülüb. Ailəlidir, bir qızı var.

 

 

FƏRHAD ZEYNALOV

(1929-1984)

 

Görkəmli Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor Fərhad Ramazan oğlu Zeynalovun anım günüdür. O, 1929-cu il iyunun 22-də Naxçıvan MR-in Ordubad şəhərində anadan olub. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Ordubad şəhər Mədəniyyət Evində direktor işləyib. 1948-1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində və Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb. 1956-cı ildən Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində çalışıb, Universitet nəşriyyatının direktoru vəzifəsini icra edib. 1962-ci ildən Ümumi dilçilik kafedrasının dosenti olub. “Türkologiyanın əsasları” adlı fundamental monoqrafiyasında türk dillərinin yeni təsnifini verib. Ümumilikdə 70-dən çox elmi əsərin, o cümlədən 20-yə yaxın monoqrafiyanın müəllifi olan Fərhad Zeynalov 1984-cü il oktyabrın 16-da vəfat edib və  Ordubadda dəfn olunub.

 

 

NURƏDDİN RZAYEV 

(1929-2011)

 

Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Nurəddin Məmmədbağır oğlu Rzayevin xatirə günüdür. O, 1929-cu il iyunun 26-da Gədəbəydə ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Bir müddət Türkmənistanda işləyib, sonra Bakıya qayıdaraq, müxtəlif elmi müəssisələrdə elmi katib, elmi işlər üzrə direktor müavini, institut direktoru, departament müdiri, universitet prorektoru və professor-konsultant kimi vəzifələrdə çalışıb. 5 elmi ixtiranın, 300-dək elmi məqalənin müəllifi, 5 elmlər doktoru və 31 elmlər namizədinin elmi rəhbəri olub. Nurəddin Rzayev 16 oktyabr 2011-ci ildə Bakıda dünyasını dəyişib.

 

 

MƏMMƏD ADİLOV

(1953-2011)

 

Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Məmməd Musa oğlu Adilov da bu gün xatırlanır. O, 1953-cü il noyabrın 18-də Nuxa şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. Azərbaycan radiosunda və “Bakı” qəzetində müxbir, orta məktəbdə, Lənkəran Dövlət Universitetində, Bakı İslam Universitetinin Sumqayıt filialında və özəl universitetlərdə ərəb dili və ədəbiyyatından, ilahiyyat fənlərindən dərs deyib, sonralar Milli Elmlər Akademiyasının Əsaslı Kitabxanasında baş redaktor, 2003-cü ildən ömrünün sonunadək AMEA-nın Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışıb. 16 kitabı və 150-dən artıq elmi məqaləsi dərc olunub. AMEA-nın Fəxri Fərmanı, "Tərəqqi" medalı ilə təltif olunan Məmməd Adilov 2011-ci il oktyabrın 16-da dünyasını dəyişib.

 

 

ETİMAD ƏSƏDOV

(1963-2018)

 

Qarabağ qazisi Etimad Savalan oğlu Əsədovun anım günüdür. O, 1963-cü il dekabrın 20-də Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1970-1980-ci illərdə kənd orta məktəbində təhsil alıb. 1982-1984-cü illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif vəzifələrdə çalışıb. 1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam ərazi özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb və bir ayağını itirib. 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2000-ci ildən isə “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri olub. Etimad Əsədov 16 oktyabr 2018-ci ildə Bakıda vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv