Dünyanın bu günü - 16.11.2020

UNESCO

(1945)

 

1945-ci il noyabrın 16-da Londonda 44 ölkənin hökumət nümayəndələri BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə bölməsini – UNESCO-nu təsis ediblər. 1995-ci ilin bu günündə UNESCO-nun 50 illiyi münasibətilə Beynəlxalq Tolerantlıq günü təsis edilib. BMT-nin nizamnaməsində torelantlığın tərifi belə verilib: “Hamı biri-birinə dözümlülük nümayiş etdirərək, mehriban qonşular kimi birlikdə dinc yaşamalıdır”. Dünyanın ən nümunəvi tolerant ölkələri sırasında Azərbaycanın da adı çəkilir.

 

 

AZƏRİ-PRESS AGENTLİYİ

(2004)

 

16 noyabr APA kimi məşhurlaşan Azəri-Press Agentliyinin təsis edildiyi gündür. 2004-cü ildə yaradılan APA Azərbaycanın müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliyidir. Agentlik dünyada baş verən önəmli hadisələri əhatə etməklə yanaşı, onlayn xəbər xidməti göstərir. Agentlik gündəlik xəbərlərlə yanaşı, video görüntülər, bank renkinqləri, həftəlik və aylıq təhlillər, proqnozlar, xüsusi fotobank təqdim edir. Şirkət ABŞ, Türkiyə, İngiltərə, Fransa, İran, Rusiya və Gürcüstanda nümayəndəliklərini açıb. Agentlik xəbərlərini Azərbaycan, rus və ingilis dillərində yayımlayır. Nüfuzlu araşdırma mərkəzlərinin, diplomatik korpusun sifarişi əsasında şirkətin tanınmış politoloq və mütəxəssislərdən ibarət ekspertlər qrupu tərəfindən təhlillər hazırlanır, monitorinqlər keçirilir. Artıq beynəlxalq arenada tanınan və dünyanın aparıcı KİV-lərinin istinad mənbəyi olan APA regionun ən böyük, etimad qazanmış media şirkətləri sırasındadır. Beynəlxalq reytinq cədvəllərinin statistikasına görə, APA Azərbaycanın ən çox istinad edilən və oxunan informasiya agentliyidir.

 

 

ƏKRƏM ŞƏKİNSKİ

(1929-1998)

 

Azərbaycanın dövlət və siyasi xadimi, tanınmış geofizik Əkrəm Məmmədəmin oğlu Şəkinski 16 noyabr 1929-cu ildə Bakıda anadan olub. Azərbaycan Sənaye İnstitutunun Geofizika fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə “Azneft” birliyinin dənizdə geofizika kəşfiyyat idarəsində başlayıb. 1974-cü ildən ömrünün sonunadək isə Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri olub. Mineral xammal bazasının filiz, qeyri-filiz yataqları ilə zənginləşməsi, termomineral və sənaye su yataqlarının aşkarlanıb istifadəyə verilməsində mühüm xidmətlər göstərib. Əsərləri bir çox ölkələrdə dərc olunub. Əkrəm Şəkinski 1998-ci il iyulun 25-də İstanbulda vəfat edib və Bakıda dəfn olunub.

 

 

RAUF TALİŞİNSKİ

(1956-2018)

 

Azərbaycanın əməkdar jurnalisti, "Exo" qəzetinin təsisçisi və baş redaktoru Rauf Rəfail oğlu Talışinski 1956-cı il noyabrın 16-da Bakıda anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, həmin fakültədə aspirantura təhsili alıb və dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru olub. “Molodyoj Azerbaydjana", “Vışka” qəzetlərində çalışıb, “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri olub. "Ayna" və "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb. 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru postunda çalışıb. Rauf Talışinski 2018-ci il mayın 8-də Bakıda vəfat edib.

 

 

MİRZƏ ŞƏFİ VAZEH

(1794-1952)

 

Azərbaycan şairi və mütəfəkkiri, maarifçi və pedaqoq Mirzə Şəfi Vazehin anım günüdür. O, 1794-cü il iyunun 14-də Gəncədə xan sarayında işləyən sadə bənna ailəsində anadan olub. Mədrəsədə dinin əsaslarını öyrənib, burada təhsilini başa vurandan sonra isə ərəb və fars ədəbiyyatı, Azərbaycan və rus klassiklərinin əsərləri, sufilik fəlsəfəsi ilə dərindən maraqlanıb. Gəncədə məktəblərin birində, Tiflis məktəbində mükəmməl bildiyi “nəstəliq” xətti ilə yazıdan, sonra isə şərq dillərindən və ədəbiyyatdan dərs deyib. Tiflisdə öz evində “Divani-Hikmət” ədəbi məclisi yaradıb. Rus pedaqoq İvan Qriqoryevlə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatını və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğəti"ni yazıb. “Yusif və Züleyxa”, “Sədi və şah” poemalarının, çoxsaylı qəzəllərin, rübailərin, müxəmməslərin, məsnəvilərin, kəskin satira və yumorla dolu aforizmlərinin müəllifidir. Mirzə Şəfi Vazeh 16 noyabr 1852-ci ildə Tiflisdə vəfat edib. Gəncədə və Tiflisdə abidəsi ucaldılıb, Gəncənin 16 nömrəli məktəbi adını daşıyır.

 

 

ABBAS MİRZƏ ŞƏRİFZADƏ

(1893-1938)

 

Azərbaycanın xalq artisti, teatr və kino rejissoru Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadənin xatirə günüdür. O, 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. 1903-cü ildə gimnaziyaya daxil olub. Səhnə fəaliyyətinin 30 ili ərzində həm Azərbaycan, həm də dünya dram əsərlərindən onlarla rol oynayıb. Yaradıcılığının zirvəsi Uilyam Şekspirin faciələrində yaratdığı obrazlar hesab olunur. 1926-cı ildən Azərbaycan Dövlət Opera Teatrının baş rejissoru olub. "Şeyx Sənan", "Oqtay Eloğlu", "Aydın", "Ağa Məhəmməd Şah Qacar", "Qaçaq Kərəm" və başqa əsərləri səhnələşdirib, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl" operalarının quruluşçu rejissoru, "Bismillah", "Hacı Qara", "Gilan Qızı", "Məhəbbət Oyunu" filmlərini çəkən ilk kino rejissorumuz olub. Azərbaycanda Stalin repressiyalarının qurbanlarından biri olan Abbas Mirzə Şərifzadə 1937-ci ilin dekabr ayında saxta ittihamlarla həbs olunub, dindirmələrdən və işgəncələrdən sonra 1938-ci il noyabrın 16-da güllələnib. 1955-ci il sentyabrın 17-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası ona bəraət verib.

 

 

MÜŞKÜNAZ CAVİD

(1902-1976)

 

Məşhur xəttat Müşkünaz Molla Hüseyn qızı Cavid də bu gün xatırlanır. O, 1902-ci ildə Naxçıvanda doğulub. Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat yoldaşı və ilk oxucusu olub. "İblisin intiqamı" pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi. Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunub, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır. Müşkünaz Cavid 16 noyabr 1976-cı ildə Bakıda vəfat edib, məzarı Naxçıvanda ailə mavzoleyindədir. O, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin  və əməkdar mədəniyyət işçisi Turan Cavidin anasıdır.

 

 

FİKRƏT SADIQ 

(1930-2016)

 

Azərbaycanın əməkdar mədəniyyət işçisi, şair, publisist, ssenari müəllifi və kino redaktoru Fikrət Sadıqın anım günüdür. Fikrət Abbas oğlu Sadıqov 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib, daha sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Müxtəlif illərdə elektrik montyoru, kinomexanik, Şamaxıda müəllim, rayon qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olub. Bir neçə kitabın müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və "Əməkdə igidliyə görə" medalı ilə təltif olunub. Prezident təqaüdçüsü Fikrət Sadıq 16 noyabr 2016-cı ildə Bakıda vəfat edib. O, yazıçı Orxan Fikrətoğlunun atasıdır.

 

 

HAMLET QURBANOV 

(1938-1995)

 

Azərbaycanın əməkdar artisti, aktyor Hamlet Ağadadaş oğlu Qurbanovun xatirə günüdür. O, 1938-ci il oktyabrın 13-də Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda rejissor Mehdi Məmmədovun kursunda təhsil alıb. 1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında işləyib. Bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb. Azərbaycan televiziyasının hazırladığı tamaşalarda və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərdə çəkilib. Hamlet Qurbanov 1995-ci il noyabrın 16-da Bakıda vəfat edib. O, aktyor Ağadadaş Qurbanovun və opera müğənnisi Gülxar Həsənovanın oğlu, aktrisa Gülşən Qurbanovanın və rejissor, kino rəssamı Firəngiz Qurbanovanın ögey qardaşıdır.

 

 

AHMET KAYA

(1957-2000)

 

Türkiyənin məşhur sənətçisi Ahmet Kaya da bu gün xatırlanır. O, 1957-ci il oktyabrın 28-də Malatyada anadan olub. Orta təhsilini burada bitirib. 1984-cü ildə “Ağlama Bebeğim” adlı ilk albomunu çıxarıb. Türkiyədə 1980-1990-cı illərdə çıxardığı albomlar və verdiyi konsertlərlə tanınıb. Müxtəlif illərdə “Sevgi Duvarı”, “Dokunma Yanarsın”, “An Gelir” və bir çox digər albomlar çıxarıb. Separatçı siyasi baxışlarına görə Türkiyədən mühacirət etmək məcburiyyətində qalan Ahmet Kaya 16 noyabr 2000-ci ildə Parisdə dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Apa.tv