Dünyanın bu günü - 17.02.2021
QARADAĞLI SOYQIRIMI
(1992)
1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırımının ildönümüdür. Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola biliblər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırılıb. Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin işğal tarixləri və digər faktlar sübut edir ki, dinc əhali öz doğma torpaqları uğrunda sona qədər mübarizə aparıb, son nəfəsə qədər döyüşüb.
Bu soyqırımını ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırım zamanı 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvü əsir götürülüb. Onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib.
Ümumilikdə Qaradağlı soyqırımında Qaradağlı kəndi 117 övladını itirib, onlarla insan girov götürülüb. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. Girovların əksəriyyəti geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
CƏFƏRQULU XAN NAXÇIVANSKİ
(1860)
Görkəmli ictimai-siyasi və hərbi xadim Cəfərqulu xan Kəlbəli xan oğlu Naxçıvanski 1860-cı il fevralın 17-də Naxçıvanda anadan olub. İlk hərbi təhsilini çarın Paj korpusunda alıb. Hərbi xidməti dövründə ulan alayının leyb-qvardiyasında kornet, sonra isə 15-ci Tver alayında poruçik rütbəsində qulluq edib. 1881-ci ildə ştabs-kapitan rütbəsi alıb. Hərbi xidmətlərinə görə bir sıra ordenlərlə təltif olunub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində və onun fəaliyyətinin ilk çağlarında Naxçıvan Milli Komitəsinin sədri kimi bölgənin erməni təcavüzündən müdafiəsində, əhalinin daşnakların törətdikləri qırğınlardan xilas edilməsində fəal iştirak edib. Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Kəlbəli xan və Kərim xan İrəvanski ilə birlikdə mahalda yeni qurum - Müvəqqəti Hökumət yaradıb və onun sədri olub. Naxçıvan bölgəsində 1919-cu ilin may-iyun aylarında ingilislərin dəstəyi ilə elan olunan “erməni idarəçiliyi”nin ləğvinə, bununla da mahalın daşnaklar tərəfindən işğalının əngəllənməsinə çalışıb. Mahalın sovetləşdirilməsi prosesinin ilk çağlarında Naxçıvan Milli Şurasının sədri kimi yenə də bölgənin türk-müsəlman əhalisinin ermənilərdən müdafiəsi işində fəallıq göstərib, lakin tezliklə sovet hökuməti tərəfindən təqib olunmağa başlanıb, “qardaş qırğınlarının təşkilatçısı” və “antisovet təbliğatçısı” damğaları ilə 1920-ci il avqustun sonlarında Naxçıvan İnqilab Komitəsi tərəfindən həbs edilərək Bakıya göndərilib. 1920-ci il oktyabrın 5-də qardaşı Rəhim xan Naxçıvanski ilə birlikdə Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin rəhbərliyinə ərizə ilə müraciət edərək, haqsız repressiyaya məruz qaldığını bildirsə də, azadlığa buraxılmayıb və Şuşa həbsxanasına göndərildikdən sonra orada da vəfat edib.
ƏLi FƏHMİ
(1919-1975)
Klassik Azərbaycan ədəbiyyatının mahir bilicisi, mətnşünas Əli Fəhmi 1919-cu il fevralın 17-də Bakının Sabunçu qəsəbəsində anadan olub. İlk ixtisası həkimlik olub. Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla tanış olub, onun vasitəsilə Müşfiqlə ünsiyyət qurub. Ona Fəhmi təxəllüsünü də bədahətən şeir demək bacarığına görə Müşfiq verib. Bakı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1941-1949-cu illərdə Sabirabad rayon Hərbi Komissarlığında həkim kimi çalışıb. Kiçik yaşlarından ərəb və fars dillərini öyrənməsi, klassik poeziyaya olan böyük marağı onu Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı və tarixi fakültəsinə gətirib. 1952-ci ildə Əli Fəhmi həmin fakültənin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirib və professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılıb. Lakin sovet dövrünə xas haqsızlıq və süründürməçilik elmi işini yarımçıq qoyub. Sonralar universitetdə mətnşünaslıqdan dərs deyib, qəzəllərin elmi təhlilini verib və Jurnalistika fakültəsinin tələbələrinə ərəb əlifbasını tədris edib. Televiziyada əruzla bağlı çətin oxunan qəzəllər üzrə məsləhətçi olan Əli Fəhmi 1975-ci il martın 13-də vəfat edib və Bülbülə kənd qəbiristanlığında dəfn edilib.
RAMİZ QASIMOV
(1975-2020)
Şəhid Ramiz Vaqif oğlu Qasımov 1975-ci ilin bu günü Beyləqan şəhərində anadan olub. 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 2016-cı ilin aprel döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərində fərqlənib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Suqovuşan və Talış ətrafında olan ərazilərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramiz Qasımov elə həmin gün düşmənin hərbi hədəflərini məhv edib geri qayıdan zaman Tərtər rayonu istiqamətində 2 nəfər heyət üzvü ilə birlikdə içində olduğu Mi-8 helikopteri ermənilər tərəfindən vurulub. Ağır yaralanan polkovnik-leytenant Ramiz Qasımov oktyabrın 22-də şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına və "Vətən uğrunda" medalına layiq görülüb.
SƏFAYƏT HÜMBƏTOV
(1987-2020)
Şəhid Səfayət Ələddin oğlu Hümbətov 17 fevral 1987-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb. 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 5 sentyabr 2020-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinə qatılıb və bir gün sonra Tap Qaraqoyunlu kəndi istiqamətində şəhid olub. Doğulduğu kənddə dəfn edilib. Əsgər Səfayət Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
MAHİR MİRZƏYEV
(1994-2016)
Şəhid Mahir Sabir oğlu Mirzəyev 1994-cü il fevralın 17-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat, Qafqaz Universitetinin menecment fakültəsində təhsil alıb. Ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Əsgər Mahir Mirzəyev 2016-cı ilin Aprel döyüşləri zamanı Seysulan və Qapanlı kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
MUSA ƏSGƏROV
(1997-2020)
Şəhid Musa Əlifağa oğlu Əsgərov 1997-ci ilin bu günü Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ döyüşlərində iştirak edib və sentyabrın 28-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Leytenant Musa Əsgərov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
BAYRAM ORUCOV
(2001-2020)
Şəhid Bayram Çərkəz oğlu Orucov 2001-ci il fevralın 17-də Göyçay rayonunun Alpout kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Bayram Orucov oktyabrın 24-də şəhid olub və Göyçay rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
ALLAHYAR CAVANŞİROV
(1907-1972)
Azərbaycan musiqiçisi, tarzən Allahyar Aslan ağa oğlu Cavanşirovun anım günüdür. O, 1907-ci ildə Şuşa şəhərində anadan olub. Kiçik yaşlarından tarzənliyə həvəs göstərib. Çalışqanlığı sayəsində 15 yaşından başlayaraq qardaşı Xan Şuşinskini tarda müşayiət edib. 30 il Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan dekadasındakı çıxışına görə fəxri fərman alıb. Allahyar Cavanşirov 1972-ci il fevralın 17-də Bakıda vəfat edib.
NAZİM ƏLİVERDİBƏYOV
(1926-1985)
Azərbaycan bəstəkarı Nazim Ağalar oğlu Əliverdibəyovun xatirə günüdür. O, 24 avqust 1926-cı ildə Rusiyanın Kislovodsk şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1951-1985-ci ildə Bülbül adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1964-1985-ci illərdə Bülbül adına orta ixtisas məktəbinin direktoru olub. Üzeyir Hacıbəyovun "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib. Üzeyir Hacıbəyovun nəşr edilmiş "Leyli və Məcnun" və "Koroğlu" operalarının partituralarının redaktoru olub. Nazim Əliverdibəyov 1985-ci il fevralın 17-də dünyasını dəyişib. O, dahi bəstəkar Üzeyir Hacıbəyovun dayısı oğlu, skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun və pianoçu Nüşabə Əliverdibəyovanın qardaşıdır.
MƏDİNƏ GÜLGÜN
(1926-1991)
Azərbaycanın əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgün də bu gün xatırlanır. Mədinə Nurulla qızı Ələkbərzadə 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olub. Burada ibtidai məktəbi bitirdikdən sonra 1938-ci ildə ailəliklə Güney Azərbaycanın Ərdəbil şəhərinə köçüb. Sonra Təbriz şəhərində yaşayıb, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlayıb. Sonralar Təbriz Dram Teatrında çalışıb, "Azərbaycan" qəzeti redaksiyasında xüsusi müxbir işləyib. 1945-1946-cı illər Cənubi Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu bütün həmin inqilabın carçısı olub. Milli hökumət süqut etdikdən sonra Bakıya gəlib, ömrünün sonuna qədər bədii yaradıcılıqla məşğul olub. 1948-1952-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb. 20-dən çox şeir kitabı çap olunub. Azərbaycanın xalq şairi Balaş Azəroğlu ilə evli olan Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.