Dünyanın bu günü - 17.03.2021
MOLLA VƏLİ VİDADİ
(1709-1809)
XVIII əsr Azərbaycan şairi Molla Vəli Vidadi 1709-cu il martın 17-də anadan olub. Doğum yeri olaraq Şəmkir rayonunun və Qazaxın Birinci Şıxlı kəndlərinin adı çəkilir. İlk təhsilini Şəmkirdə alıb. Təhsilini davam etdirmək üçün Poyluya gələrək ərəb, fars dillərini mükəmməl öyrənib, burada Əhmədağanın yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olub. Məhz buna görə də Molla Vəli adı ilə tanınıb. Şairin "Dəli könül, gəl əylənmə qürbətdə", "Ey həmdəmim, səni qana qəra eylər", "Xəstə düşdüm, gələn yoxdur üstümə" kimi şeirlərində vətən həsrəti, qəriblik iztirabı səmimi və təsirlidir. O, realist təsvirə meyl edən şairlərdən olub, onun aşiqanə şeirləri də var. Molla Pənah Vaqifin müasiri, dostu, bəzi mənbələrə görə isə qohumu olan Molla Vəli Vidadi 1809-cu il mayın 13-də Qazaxın İkinci Şıxlı kəndində vəfat edib və Gəmiqaya adlı yerdə dəfn olunub.
MİKAYIL RZAQULUZADƏ
(1905-1984)
Nasir, şair, tərcüməçi, maarif xadimi, əmək veteranı Mikayıl Manaf oğlu Rzaquluzadə 17 mart 1905-ci ildə Bakıda dünyaya gəlib. Ali Pedaqoji Məktəbi bitirdikdən sonra Bakı Mərkəzi Kitabxanasında müdir işləyib, Moskva Dövlət Universitetində aspiranturanı müvəffəqiyyətlə başa vurub. Müxtəlif illərdə “Azərnəşr”də tərcüməçi, jurnallarda məsul katib, baş redaktor müavini vəzifələrində çalışıb. Ədəbi yaradıcılığa 1923-cü ildə çıxan «Müəllim» şeiri ilə başlayıb. İlk məqaləsi isə 1926-cı ildə "Maarif işçisi" jurnalında "Cocuq ədəbiyyatında üsul məsələsi" adı ilə dərc olunub. Tərcümə kitablarının sayı 60-dan çox olan Mikayıl Rzaquluzadə 1984-cü il noyabrın 10-da Bakıda vəfat edib.
ZÜMRÜD QULUZADƏ
(1932)
Azərbaycanın əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Zümrüd Əliqulu qızı Quluzadə 1932-ci ilin bu günü Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsini bitirdikdən sonra 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun fəlsəfə kafedrasının aspirantı olub. 1957-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda çalışır, hazırda həmin institutun Fəlsəfə və İctimai fikir tarixi şöbəsinin müdiridir. “Hürufilik və onun Azərbaycandakı nümayəndələri” kitabı hürufiliyin tarixi və fəlsəfəsini təhlil edən yeganə monoqrafik əsər hesab edilə bilər. Zümrüd Quluzadə 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.
KÖNÜL XASIYEVA
(1968)
Azərbaycanın xalq artisti, muğam ifaçısı Könül Kazım qızı Xasıyeva 1968-ci il martın 17-də Şəkidə anadan olub. 1981-ci ildə “Gənclərin ümumrespublika baxış” müsabiqəsinin qalibi olub. 1981-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın, 1986-1991-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında xalq artisti Arif Babayevin tələbəsi olub. Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də Türkiyə, Almaniya, Fransa, İsveçrə, İtaliya, İran, Rusiya və s. kimi ölkələrin şəhərlərində iştirak edib. Dövlət tədbirlərində, ictimai tədbirlərdə, cəbhə və döyüş bölgələrində böyük konsert çıxışları olub.
ETİBAR ƏHMƏDOV
(1960-1993)
Şəhid Etibar Qaragədə oğlu Əhmədov 1960-cı ilin bu günü Ağdam rayonunun Sarıcalı kəndində anadan olub. 1975-ci ildə Respublika kimya-biologiya təmayüllü 5 nömrəli internat məktəbinə, 1977-ci ildə 54 nömrəli texniki-peşə məktəbinə daxil olub və əl qaynaqçısı peşəsinə yiyələnib. 1978-ci ildən əmək fəaliyyətinə başlayıb, Belarusda hərbi xidmətdə olub. 1987-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elektrotexnika fakültəsini mühəndis-elektrik ixtisası üzrə bitirib. 1993-cü il noyabr 16-da könüllü olaraq Binəqədi batalyonuna qoşularaq cəbhədə döyüşməyə yollanıb. Etibar Əhmədov dekabrın 10-da Beyləqan rayonunun Haramı düzündə baş verən döyüşlərdə şəhid olub.
ABBAS QASIMOV
(1986-2020)
Şəhid Abbas Rza oğlu Qasımov 1986-cı il martın 17-də Qərbi Azərbaycanın Masis rayonunun Rəhimabad kəndində anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə deportasiya olunaraq, Bakıda məskunlaşıb. Binəqədi rayonundakı 157 saylı tam orta məktəbdə və MTN-in Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və elə həmin gün Füzuli döyüşləri zamanı şəhid olub, II Fəxri Xiyabanda dəfn edilib. Mayor Abbas Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
RÜFƏT GÖZƏLOV
(1996-2020)
Şəhid Rüfət Əzim oğlu Gözəlov 1996-cı ilin bu günü Şərur rayonunun Dəmirçi kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Rüfət Gözəlov oktyabrın 27-də Şuşa döyüşləri zamanı şəhid olub və Şərur rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
TACƏDDİN İSMAYILZADƏ
(1996-2021)
Şəhid Tacəddin Vüqar oğlu İsmayılzadə 1996-cı il martın 17-də Sumqayıt şəhərində anadan olub. Həqiqi hərbi xidmətdə olarkən 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq yollanıb, Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzuli döyüşləri zamanı ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. 128 gün komada qaldıqdan sonra 2021-ci il fevralın 12-də şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Əsgər Tacəddin İsmayılzadə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
ƏLİ BƏY HÜSEYNZADƏ
(1864-1940)
XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist Əli bəy Hüseyn oğlu Hüseynzadənin anım günüdür. O, 1864-cü il fevralın 24-də Salyanda dünyaya gəlib. 1885-ci ildə Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Türkiyəyə, İstanbula gəlib və burada Darülfünunda hərbi tibb fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb. 1897-ci ildə Qızıl Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedib və üç il sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda hərbi tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilib. Burada da inqilabçı “Gənc Türklər” hərəkatına qoşulduğu və "İttihad və Tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğu üçün təqib olunub. "Kaspi" və "Həyat" qəzetlərində öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edib, 1906-cı il noyabrın 1-də isə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan "Füyuzat" jurnalını nəşr etdirib. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. 1910-cu ildən Türkiyədə yaşayan Əli bəy Hüseynzadə 1940-cı il martın 17-də İstanbulda vəfat edib və Qaraca Əhməd məzarlığında dəfn olunub.
FƏRMAN KƏRİMZADƏ
(1937-1989)
Yazıçı-nasir, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi Fərman İsmayıl oğlu Kərimzadənin xatirə günüdür. 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb, 1965-1967-ci illərdə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirdikdən sonra İsmayıllı və Beyləqan rayonlarında orta məktəb müəllimi, qəzet redaksiyalarında şöbə müdiri, ədəbi işçi, xüsusi müxbiri, ədəbi işçi, şöbə müdiri, məsul katib, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, Şüvəlan yaradıcılıq evinin direktoru kimi vəzifələrdə çalışıb. "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım", "Qoca qartalın ölümü" və başqa məşhur əsərlərin müəllifidir. Onun "Qarlı aşırım" əsəri əsasında isə "Axırıncı aşırım" bədii filmi çəkilib. Fərman Kərimzadə 1989-cu il martın 17-də dünyasını dəyişib.
PİRİCAN CƏBİYEV
(1928-2000)
Azərbaycanın ilk televiziya operatoru, əməkdar incəsənət xadimi Pirican Ağahüseyn oğlu Cəbiyev də bu gün xatırlanır. O, 1928-ci il avqustun 15-də Balaxanıda dünyaya gəlib. Kənd klubunda kinooperator işləyərkən 1956-cı ildə Respublika Radio Verilişləri Komitəsində Ənvər Əlibəyli ilə tanış olub və 1956-cı ildə televiziya studiyasında kinomexanik vəzifəsində çalışıb. Onun ilk filmi 1956-cı il fevralın 14-də televiziya vasitəsilə nümayiş etdirilən “Bəxtiyar” olub. 35 il müddətində adi operatordan ali dərəcəli operator vəzifəsinə kimi yüksəlib və televiziya operatorlarına başçılıq edib. Arif Babayev və Rauf Kazımovski kimi rejissorlar, Natəvan Hacıyeva, Roza Tağıyeva və Tamilla Ələkbərova kimi diktorlar, İsa Qasımov və Sabir Rəsulov kimi redaktorlarla birlikdə Mehdi Hüseyn küçəsində televiziya studiyasının açılmasının ilk iştirakçılarından və milli televiziyamızın canlı tarixinin yaradıcılarından biri olub. Pirican Cəbiyev 2000-ci il martın 17-də Bakıda vəfat edib.