Dünyanın bu günü - 17.04.2020

ZÜLFÜQAR HACIBƏYOV (1884-1950)

1. Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəylinin formalaşmasında çox böyük rol oynayıb. Onun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski və Hüseyn Ərəblinski də var. O, Azərbaycanın ilk operettası olan “50 yaşında cavan” əsərinin müəllifidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərindəki Gürcü Zadəganları Teatrında olub. XX əsrin birinci rübündə məşhurlaşan «Kənd qızı», «Çoban qız» və «Əsgər nəğməsi» bəstəkarın ilk mahnıları sayılır. 1935-ci ildə oğlu Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazıb. Son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. Azərbaycan klassik musiqisinin formalaşmasında böyük rol oynayan Zülfüqar Hacıbəyov 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat edib.

 

ADİLƏ ŞAHTAXTİNSKAYA (1894-1951)

2. Bu gün tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın, mama-ginekoloq Adilə Şahtaxtinskayanın doğum günüdür. O, 1894-cü ildə Tiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazanıb. 1933-cü ildən Azərbaycan Dövlət Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasına başçılıq edib. Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri hesab olunan Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat edib və oranın köhnə müsəlman qəbiristanlığında (indiki Botanika Bağı ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda) dəfn edilib.

 

LÜTFİYAR İMANOV (1929-2008)

3. Görkəmli opera müğənnisi, SSRİ xalq artisti Lütfiyar Müslüm oğlu İmanov 1929-cu il aprelin 17-də Sabirabad rayonunda anadan olub. 1943-cü ildə Sabirabad Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında ilk dəfə səhnəyə çıxıb. 18 yaşı olanda ilk dram dərnəyini yaradıb. 1957-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsilini başa vurub. Dövlət Estrada Orkestrində, sonra Musiqili Komediya Teatrında işləyib. 1958-ci ildə onun ifası dahi maestro Niyazinin diqqətini cəlb edib və gənc müğənni onu Opera Teatrında Koroğlu rolunda çıxış etməyə dəvət edib. 1959-cu ildə Moskvada tamaşaya qoyulan “Koroğlu” operasında Lütfiyar İmanov baş rolu - Koroğlunu ifa edib. 1968-ci ildə İncəsənət İnstitutunu bitirən Lütfiyar İmanov 2008-ci il yanvarın 21-də dünyasını dəyişib.

 

MİRVARİ NOVRUZOVA (1923-1994)

4. Azərbaycanın əməkdar artisti, aktrisa Mirvari Balaqardaş qızı Novruzova 1923-cü ilin bu günü Bakı şəhərində anadan olub. 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirib. 1939-cu ildən Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. İlk rolu "Eşq və intiqam tamaşasında" Qəmər obrazı olub. Aktyor Əli Zeynalovun həyat yoldaşı olan Mirvari Novruzova 20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib.

 

ŞƏMSULLA ƏLİYEV (1915-1943)

5. Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Feyzulla oğlu Əliyev 1915-ci ilin bu günü Dərbənd şəhərində anadan olub. İkinci Dünya müharibəsinin başlanmasından sonra - 1942-ci ildə Qızıl Orduya çağırılıb. Elə həmin il Bakı hərbi piyada qoşunları məktəbinin tezləşdirilmiş kursunu bitirib. 1942-ci ilin sentyabrından Şimali Qafqazda hərbi əməliyyatlarda iştirak edib. 309-cu atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini olub. İgidlik və şücaətinə görə iki döyüş ordeni ilə təltif edilib. Kapitan Şəmsulla Əliyev 1943-cü ilin payızında Kerç yarımadasında gedən döyüşlərdə xüsusilə fərqlənib və noyabrın 19-da qəhrəmanlıqla həlak olub. Dərbənddə xatirə lövhəsi və büstü qoyulub.

 

 

ADİL ADİLZADƏ (1993-2016)

6. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, şəhid Adil Kamran oğlu Adilzadənin doğum günüdür. O, 1993-cü ildə Mingəçevirdə anadan olub. Ailənin yeganə övladı olub. Mingəçevir şəhərindəki 20 saylı tam orta məktəbi bitirib. Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçib. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı 17 erməni hərbçisini məhv edib, özü isə snayperdən açılan atəş nəticəsində şəhid olub. Mingəçevirdə dəfn olunan Adil Adilzadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 

MURAD MƏMMƏDOV (1989-2016)

7. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Murad Vaqif oğlu Məmmədov 17 aprel 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Dəstədə müddətdən artıq xidmətini davam etdirib. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub və Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin sərəncamı ilə Murad Məmmədov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 

TURQUT ÖZAL (1927-1993)

8. Türkiyə Respublikasının 8-ci prezidenti Turqut Özalın xatirə günüdür. O, 1927-ci il oktyabrın 13-də Malatyada anadan olub. Dörd yaşında Bileciyin Söyüd rayonuna köçüb, ilk təhsilinə burada başlayıb, lakin orta məktəbi Mardində bitirib. Təhsilini Konya Liseyində, İstanbul Texniki Universitetinin Elektrik Mühəndisliyi və ABŞ-ın Texas Texniki Universitetinin İqtisadiyyat fakültələrində davam etdirib. 1983-cü ildə Ana Vətən Partiyasını qurub və elə həmin il keçirilən seçkilərdə partiyasının uğur qazanması nəticəsində Türkiyənin 19-cu baş naziri olub. Bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi ilə Türkiyə iqtisadiyyatının transformasiyasında böyük rol oynayıb. 1989-cu ilə qədər hökumətə rəhbərlik edib, həmin il oktyabrın 31-də isə prezident seçilib. Turqut Özal Azərbaycan da daxil olmaqla 5 ölkəni əhatə edən 12 günlük Türküstan səyahətindən sonra 17 aprel 1993-cü ildə vəfat edib və Topqapıda dəfn olunub.

 

SABİR ƏHMƏDLİ (1930-2009)

9. Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi Sabir Məmməd oğlu Əhmədlinin anım günüdür. O, 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1951-1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim, 1955-1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləyib. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri və baş redaktor vəzifəsində çalışıb. Ədəbi fəaliyyətə 1951-ci ildən "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlayıb. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun qardaşı olan Sabir Əhmədli 2009-cu il aprelin 17-də Bakıda vəfat edib. 24 yaşlı oğlu Məhəmməd Əhmədov isə 1994-cü il fevralın 12-də Murovda şəhid olub.

 

BABA PÜNHAN (1948-2004)

10. Azərbaycanın satirik şairi Baba Pünhan da bu gün xatırlanır. Atababa Seyidəli oğlu Mədətzadə 1948-ci il noyabrın 5-də Bakının Kürdəxanı qəsəbəsində  dünyaya göz açıb. 1955-ci ildə paytaxtın Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. 1963-1967-ci illərdə Bakı Rabitə Texnikumunda təhsil aldıqdan sonra Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-1970-ci illərdə hərbi xidmətdə olub, daha sonra 25 il metropolitendə işini davam etdirib. 1990-cı illərdə lirikaya satirik ruh gətirib, haqsızlıqlara qarşı dövri mətbuatda çap olunan mübariz qəzəlləri ilə üsyan edib. Baba Pünhan 17 aprel 2004-cü ildə dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Apa.tv