Dünyanın bu günü - 17.04.2021

ZÜLFÜQAR HACIBƏYOV 

(1884-1950)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəylinin formalaşmasında çox böyük rol oynayıb. Onun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski və Hüseyn Ərəblinski də var. O, Azərbaycanın ilk operettası olan “50 yaşında cavan” əsərinin müəllifidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərindəki Gürcü Zadəganları Teatrında olub. XX əsrin birinci rübündə məşhurlaşan «Kənd qızı», «Çoban qız» və «Əsgər nəğməsi» bəstəkarın ilk mahnıları sayılır. 1935-ci ildə oğlu Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazıb. Son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. Azərbaycan klassik musiqisinin formalaşmasında böyük rol oynayan Zülfüqar Hacıbəyov 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ADİLƏ ŞAHTAXTİNSKAYA 

(1894-1951)

 

Bu gün tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın, mama-ginekoloq Adilə Şahtaxtinskayanın doğum günüdür. O, 1894-cü ildə Tiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazanıb. 1933-cü ildən Azərbaycan Dövlət Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasına başçılıq edib. Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri hesab olunan Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat edib və oranın köhnə müsəlman qəbiristanlığında (indiki Botanika Bağı ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda) dəfn edilib.

 

 

ƏHMƏD CƏFƏROĞLU 

(1899-1975)

 

Azərbaycan əsilli Türkiyə dilçisi, ədəbiyyatşünas Əhməd Cəfəroğlu 1899-cu il aprelin 17-də Gəncədə anadan olub. Gəncə gimnaziyasında, Kiyev Ali Ticarət İnstitutunun iqtisad fakültəsində, Bakı Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Şərq bölməsində və İstanbul Universitetinin Dil-ədəbiyyat fakültəsində təhsil alıb. İstanbul Universitetində türk dili tarixi kafedrasının dosenti, professoru və müdiri olub. Türkiyyat İnstitutuna rəhbərlik edib. Bir müddət Roma Universitetində çalışıb. "Azərbaycan Yurd bilgisi" dərgisinin yaradıcısı və baş redaktoru, "Türk amacı" dərgisinin, "Türk dili və ədəbiyyatı məcmuəsinin" redaktoru olub. Müxtəlif ölkələrdə və dillərdə 350 əsəri çıxıb. Əhməd Cəfəroğlu 1975-ci il yanvarın 6-da İstanbulda vəfat edib.

 

 

ŞƏMSULLA ƏLİYEV 

(1915-1943)

 

Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Feyzulla oğlu Əliyev 1915-ci ilin bu günü Dərbənd şəhərində anadan olub. İkinci Dünya müharibəsinin başlanmasından sonra - 1942-ci ildə Qızıl Orduya çağırılıb. Elə həmin il Bakı hərbi piyada qoşunları məktəbinin tezləşdirilmiş kursunu bitirib. 1942-ci ilin sentyabrından Şimali Qafqazda hərbi əməliyyatlarda iştirak edib. 309-cu atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini olub. İgidlik və şücaətinə görə iki döyüş ordeni ilə təltif edilib. Kapitan Şəmsulla Əliyev 1943-cü ilin payızında Kerç yarımadasında gedən döyüşlərdə xüsusilə fərqlənib və noyabrın 19-da qəhrəmanlıqla həlak olub. Dərbənddə xatirə lövhəsi və büstü qoyulub.

 

 

MİRVARİ NOVRUZOVA 

(1923-1994)

 

Azərbaycanın əməkdar artisti, aktrisa Mirvari Balaqardaş qızı Novruzova 1923-cü ilin bu günü Bakı şəhərində anadan olub. 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirib. 1939-cu ildən Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. İlk rolu "Eşq və intiqam tamaşasında" Qəmər obrazı olub. Aktyor Əli Zeynalovun həyat yoldaşı olan Mirvari Novruzova 20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib.

 

 

LÜTFİYAR İMANOV 

(1929-2008)

 

Görkəmli opera müğənnisi, SSRİ xalq artisti Lütfiyar Müslüm oğlu İmanov 1929-cu il aprelin 17-də Sabirabad rayonunda anadan olub. 1943-cü ildə Sabirabad Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında ilk dəfə səhnəyə çıxıb. 18 yaşı olanda ilk dram dərnəyini yaradıb. 1957-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsilini başa vurub. Dövlət Estrada Orkestrində, sonra Musiqili Komediya Teatrında işləyib. 1958-ci ildə onun ifası dahi maestro Niyazinin diqqətini cəlb edib və gənc müğənni onu Opera Teatrında Koroğlu rolunda çıxış etməyə dəvət edib. 1959-cu ildə Moskvada tamaşaya qoyulan “Koroğlu” operasında Lütfiyar İmanov baş rolu - Koroğlunu ifa edib. 1968-ci ildə İncəsənət İnstitutunu bitirən Lütfiyar İmanov 2008-ci il yanvarın 21-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

KAMİL RZAYEV

(1957-1992)

 

Şəhid Kamil Fərhad oğlu Rzayev 1957-ci il aprelin 17-də Tərtər rayonunun Sarov kəndində anadan olub. 1974-1980-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Bakıda Təcili Tibbi Yardım Xəstəxanasında həkim-reanimatoloq, Səhiyyə Nazirliyində inspektor, Azərbaycan Elmi Tədqiqat Kardiologiya İnstitutunda laboratoriya müdiri vəzifələrində çalışıb. 1992-ci il martın 5-də könüllü olaraq Tərtər özünümüdafiə batalyonuna yazılıb. Kamil Rzayev 1992-ci ilin mayın 10-da Tərtər bölgəsi uğrunda döyüşlərdə şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Hazırda Tərtər Rayon Xəstəxanası onun adını daşıyır.

 

 

MURAD MƏMMƏDOV 

(1989-2016)

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Murad Vaqif oğlu Məmmədov 17 aprel 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Dəstədə müddətdən artıq xidmətini davam etdirib. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub və Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin sərəncamı ilə Murad Məmmədov ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

 

ADİL ADİLZADƏ 

(1993-2016)

 

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, şəhid Adil Kamran oğlu Adilzadənin doğum günüdür. O, 1993-cü ildə Mingəçevirdə anadan olub. Ailənin yeganə övladı olub. Mingəçevir şəhərindəki 20 saylı tam orta məktəbi bitirib. Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçib. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı 17 erməni hərbçisini məhv edib, özü isə snayperdən açılan atəş nəticəsində şəhid olub. Mingəçevirdə dəfn olunan Adil Adilzadə ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

 

ETİRAM HÜSEYNLİ

(1977-2020)

 

Şəhid Etiram Həsən oğlu Hüseynli 17 aprel 1977-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. Azərbaycan Pedaqoji İnstitutunun "İlkin hərbi və fiziki təlim” fakültəsində təhsil alıb. 1998-ci ildə institutu leytenant rütbəsi ilə başa vuraraq, vaxtilə təhsil aldığı S.Kazımbəyov adına 6 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Həqiqi hərbi xidmətini Naxçıvan MR Ordubad rayonunun Böyük Soyuq dağında çəkib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində tabor komandiri kimi iştirak edib. Baş leytenant Etiram Hüseynli oktyabrın 21-də Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

RƏŞAD ƏLİYEV

(1991-2020)

 

Şəhid Rəşad Əmiralı oğlu Əliyev  1991-ci il aprelin 17-də Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kapitan Rəşad Əliyev noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub və Salyan rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ŞƏHRİYAR ƏSGƏROV 

(1991-2020)

 

Şəhid Şəhriyar İsa oğlu Əsgərov 1991-ci ilin bu günü Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Şəhriyar Əsgərov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub və Göytəpədə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ORXAN BABAYEV

(2001-2020)

 

Şəhid Orxan Sarvan oğlu Babayev 17 aprel 2001-ci ildə Ağstafa rayonunun Qarahəsənli kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Orxan Babayev noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

         

 

ƏLİ RZALI

(2002-2020)

 

Şəhid Əli Nuru oğlu Rzalı 2002-ci ilin bu günü Yardımlı rayonunun Bilnə kəndində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də  başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Əli Rzalı oktyabrın 2-də şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

BENCAMİN FRANKLİN

   (1706-1790) 

 

ABŞ-ın görkəmli dövlət və siyasi xadimi, diplomat, yazıçı, satirik, siyasi nəzəriyyəçi, ixtiraçı alim Bencamin Franklinin anım günüdür. O, 1706-cı il yanvarın 17-də Bostonda dəmirçi ailəsində doğulub. 13 yaşından mətbəədə işləməyə başlayıb. Elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə tanınır. ABŞ-da ilk ictimai kitabxananın və Pensilvaniyada ilk yanğınsöndürmə idarəsinin yaradıcısıdır. ABŞ-ın baniləri arasında yeganə şəxsdir ki, Birləşmiş Ştatların yaranmasında əsas rol oynayan hər üç sənədə - İstiqlal Bəyannaməsinə, Konstitusiyaya və Versal sülh müqaviləsinə imza atıb. Bencamin Franklin 1790-cı il aprelin 17-də Filadelfiyada vəfat edib. 1928-ci ildən onun portreti ABŞ-ın 100 dollarlıq pul əsginaslarının üzərində təsvir olunur.

 

 

QEYSƏR KAŞIYEVA

(1893-1972)

 

Peşəkar rəssamlıq təhsili alan ilk azərbaycanlı qadın rəssam Qeysər Seyfulla qızı Kaşıyevanın xatirə günüdür. O, 1893-cü il iyulun 7-də Tiflisdə  anadan olub. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxuyub. Qızlar Gimnaziyasında və Hərbi Gimnaziyada təhsil alıb. Sənətin sirlərinə Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında yiyələnib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra 1918-ci ildə Tiflisdən Bakıya köçüb, Bakıda rəsm dərsləri verib və “Şərq Qadını” jurnalı üçün illüstrasiyalar çəkib. “Ziyalı qadın”, “Qoca keşikçi”, “Gürcü qızı”, “Ovçu”, “Qoqolun portreti”, “Yanğınsöndürən”, “Azərbaycan ziyalısı”, “Küpəgirən qarı” və başqa əsərlərin müəllifidir. Rəsm əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Qeysər Kaşıyeva 1972-ci ildə aprelin 17-də Bakıda vəfat edib.

 

 

TURQUT ÖZAL 

(1927-1993)

Türkiyə Respublikasının 8-ci prezidenti Turqut Özalın xatirə günüdür. O, 1927-ci il oktyabrın 13-də Malatyada anadan olub. Dörd yaşında Bilecikin Söyüd rayonuna köçüb, ilk təhsilinə burada başlayıb, lakin orta məktəbi Mardində bitirib. Təhsilini Konya Liseyində, İstanbul Texniki Universitetinin Elektrik Mühəndisliyi və ABŞ-ın Texas Texniki Universitetinin İqtisadiyyat fakültələrində davam etdirib. 1983-cü ildə Ana Vətən Partiyasını qurub və elə həmin il keçirilən seçkilərdə partiyasının uğur qazanması nəticəsində Türkiyənin 19-cu baş naziri olub. Bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi ilə Türkiyə iqtisadiyyatının transformasiyasında böyük rol oynayıb. 1989-cu ilə qədər hökumətə rəhbərlik edib, həmin il oktyabrın 31-də isə prezident seçilib. Turqut Özal Azərbaycan da daxil olmaqla 5 ölkəni əhatə edən 12 günlük Türküstan səyahətindən sonra 17 aprel 1993-cü ildə Ankarada vəfat edib və İstanbulun Topqapı məzarlığında dəfn olunub.

 

QABRİEL QARSİA MARKES

  (1928-2014)   

 

Kolumbiyalı yazıçı, jurnalist Qabriel Qarsia Markes də bu gün xatırlanır. O, 1928-ci il martın 6-da Kolumbiyanın Arakataka şəhərində anadan olub. 18 yaşında Sipariki internatında oxuduğu dövrdə ilk dəfə yazmağa başlayıb. 1950-ci ildə Hüquq fakültəsində təhsilini yarımçıq buraxaraq, özünü bütövlükdə ədəbiyyata və jurnalistikaya həsr etmək qərarı verib və ən böyük romanı olan, 16 il sonra “Yüz ilin tənhalığı” adlanacaq “Ev”i yazmağa başlayıb. “Gözlənilən bir qətlin qısa tarixçəsi”, “Polkovnikə məktub yoxdur”, “Patriarxın payızı”, “Vəba dövründə məhəbbət” və başqa əsərlərin müəllifidir. 1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı magik realizm cərəyanın yaradıcılarından hesab olunur. Qabriel Qarsia Markes 17 aprel 2014-cü ildə Mexikoda vəfat edib.

 

 

SABİR ƏHMƏDLİ 

(1930-2009)

 

Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi Sabir Məmməd oğlu Əhmədlinin anım günüdür. O, 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1951-1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim, 1955-1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləyib. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri və baş redaktor vəzifəsində çalışıb. Ədəbi fəaliyyətə 1951-ci ildən "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlayıb. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun qardaşı olan Sabir Əhmədli 2009-cu il aprelin 17-də Bakıda vəfat edib. 24 yaşlı oğlu Məhəmməd Əhmədov isə 1994-cü il fevralın 12-də Murovda şəhid olub.

 

 

BABA PÜNHAN 

(1948-2004)

 

Azərbaycanın satirik şairi Baba Pünhan da bu gün xatırlanır. Atababa Seyidəli oğlu Mədətzadə 1948-ci il noyabrın 5-də Bakının Kürdəxanı qəsəbəsində dünyaya göz açıb. 1955-ci ildə paytaxtın Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. 1963-1967-ci illərdə Bakı Rabitə Texnikumunda təhsil aldıqdan sonra Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-1970-ci illərdə hərbi xidmətdə olub, daha sonra 25 il metropolitendə işini davam etdirib. 1990-cı illərdə lirikaya satirik ruh gətirib, haqsızlıqlara qarşı dövri mətbuatda çap olunan mübariz qəzəlləri ilə üsyan edib. Baba Pünhan 17 aprel 2004-cü ildə Bakıda dünyasını dəyişib.

 

 

NURƏDDİN ALIŞOV

(1970-1993)

 

Şəhid Nurəddin Talış oğlu Alışovun anım günüdür. O, 1970-ci il martın 25-də Füzuli rayonunun Qazaxlar kəndində dünyaya gəlib. Kənd orta məktəbini bitirdikdən sonra sovet ordusunda hərbi xidmətə yollanıb. Rusiyada Ümumittifaq Tekstil və Yüngül Sənaye İnstitutunun qiyabi şöbəsində təhsil alıb. 1991-ci ildə əmək fəaliyyətinə başlayıb və Horadiz Kimya Sənaye Birliyinə mühasib vəzifəsində çalışıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar Füzuli rayonunun könüllü özünümüdafiə taboruna daxil olub. Nurəddin Alışov 1993-cü il aprelin 2-də gedən döyüşlərdə başından yaralanıb və aprelin 17-də Bakıda hospitalda dünyasını dəyişib.

 

 

MAHMUD CANBAXIŞOV

(1975-1994)

 

Şəhid Mahmud Surxay oğlu Canbaxışovun xatirə günüdür. O,  1975-ci ildə Göyçə mahalının Vardenis rayonunun Daşkənd kəndində doğulub. 1988-ci ildə ailəsi ilə birlikdə Göyçə mahalından deportasiya olunub. Əvvəlcə Bərdə rayonunda, 1990-cı ildən Göygöl rayonunun Qarabulaq kəndində məskunlaşıb. 1993-cü ildə Milli Orduya çağırılıb. Əsgər Mahmud Canbaxışov 1994-cü il aprelin 16-dan 17-nə keçən gecə Beyləqan rayonunda minaya düşərək şəhid olub. Məzarının yeri bilinmir.

Müəllif | Apa.Tv
Apa.tv