Dünyanın bu günü - 17.05.2021

ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV

(1870-1933)

 

Görkəmli Azərbaycan yazıçısı Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. 1890-cı ildə Şuşadakı altı illik realnı məktəbi başa vurduqdan sonra bir il Tiflis realnı məktəbində oxuyub. 1891-ci ildə Peterburq Yol Mühəndisləri İnstitutuna daxil olub. 1908-ci ildən "Nicat" mədəni-maarif cəmiyyətində, milyonçu Hacı Zeynalabdin Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsində işləyib. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndəsi kimi Dağıstana göndərilib. 1920-ci ildə Bakıda yenicə yaranan Şura Teatrının komissarı, 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib. "Molla Nəsrəddin" jurnalında felyeton, hekayə və publisist yazılar dərc etdirib. Tarixə həm də Azərbaycanın ilk dirijoru kimi düşən Əbdürrəhim bəy Haqverdiyev 11 dekabr 1933-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

 

 

ROZA CƏLİLOVA

(1929)

 

Azərbaycanın xalq artisti, rəqqasə, xoreoqraf-baletmeyster Roza İsmayıl qızı Cəlilova 1929-cu il mayın 17-də Şabranda doğulub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında, Opera və Balet Teatrının balet truppasında, Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında, Gülüstan Mahnı və Rəqs Ansamblında çalışıb, Bakı Dövlət Universitetinin nəzdindəki “Sevinc” rəqs ansamblına rəhbərlik edib. Kanada, Çexoslovakiya, Efiopiya, Çin, ABŞ, Türkiyə və digər ölkələrdə qastrol səfərlərində olub. Müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs ansambllarının yaradıcısı olub. Prezident təqaüdçüsü Roza Cəlilova Ümumdünya festivallarının və Beynəlxalq müsabiqələrin laureatı və olub, “Şöhrət” ordeni ilə təltif edilib.

 

 

ARİF QAZIYEV

(1938)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, televiziya rejissoru və ssenari müəllifi Arif Lətif oğlu Qazıyev 1938-ci ilin bu günü Gəncədə anadan olub. Orta təhsilini Gəncədə başa vurduqdan sonra böyük bəstəkar Fikrət Əmirovun təkidi ilə Bakıya gəlib və Teatr İnstitutunda təhsilini davam etdirib. 1956-cı ildən Azərbaycan Televiziyasında fəaliyyətə başlayıb. Televiziyada ilk kişi diktoru olub, daha sonra televiziyanın nəzdində yaradılan Miniatür Teatrının aktyor truppasına keçib və bir müddət musiqi şöbəsində çalışıb. 1988-ci ildə Muğam Teatrını yaradıb. 90-na yaxın musiqili filmin rejissoru və ssenari müəllifidir. 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub, 2017-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

 

ŞAHLAR ŞÜKÜROV

(1952-1990)

 

Azərbaycanın Milli Qəhrəmanı Şahlar Əvəz oğlu Şükürov 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda və Polis Akademiyasında təhsil alıb. 1972-ci ildə hərbi xidmətə çağırılıb, ordu sıralarından tərxis olunduqdan sonra islah-əmək müəssisəsində, Ucar rayon Daxili İşlər Şöbəsində işləyib, daha sonra Zərdab rayon Daxili İşlər Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib. 1990-cı il iyulun 11-də Tərtər-Kəlbəcər yolu hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən düşmənin qəfil hücumu ilə rastlaşıb. Şahlar Şükürov döyüş zamanı qəhrəmancasına həlak olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

ASLAN HÜSEYNOV

(1967-2021)

 

Müğənni Aslan Tofiq oğlu Hüseynov 1967-ci ilin bu günü Qazaxıstanın Cambul vilayətində anadan olub. Qırğız Dövlət Universitetinin Hüquq fakültəsində, Qazaxıstanda Abay adına Qazax Milli Vokal Studiyasında musiqi təhsili alıb. Sonralar Azərbaycana köçüb və müğənnilik fəaliyyətini burada davam etdirib. Onun ən məşhur ifaları olan "Reyhan", "İgidlər", "Bulaq suyu, dağ havası" və "Of, dədə" Azərbaycan tamaşaçıları tərəfindən sevilib. Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan səhnələrində Azərbaycan mədəniyyətini təmsil edib, bir çox uğurlu layihələrə imza atıb. Aslan Hüseynov 4 may 2021-ci ildə Bakıda yol qəzasında həlak olub və Gəncədə dəfn edilib.

 

 

NURƏDDİN SÜLEYMANOV

(1974-1993)

 

Şəhid Nurəddin Əmirxan oğlu Süleymanov 17 may 1974-cü ildə indiki Qərbi Azərbaycanın Vardenis rayonunun Daşkənd kəndində anadan olub. Orta təhsilini Bakının Nərimanov rayonunda tamamlayıb. 1992-ci ildə hərbi xidmətə çağırılıb, Türkiyədə hərbi təlimdə olub. 701 saylı hərbi hissənin avtomatçısı olan Nurəddin Süleymanov 4 aprel 1993-cü ildə Kəlbəcərdə Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

ANAR ZEYNALOV

(1986-1992)

 

Şəhid Anar Niyaz oğlu Zeynalov 17 may 1972-ci ildə Göyçayda anadan olub. 1986-cı ildə Göyçay şəhərində yerləşən 3 nömrəli orta məktəbi bitirib. 1991-ci ildə hərbi xidmətə çağırılıb və Zəngilan rayonu uğrunda gedən döyüşlərə qatılıb. Anar Zeynalov 24 avqust 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

 

 

KAMAL ƏBİLOV

(1996-2020)

 

Şəhid Kamal Vidadi oğlu Əbilov 1996-cı il mayın 17-də Şərur rayonunun Oğlanqala kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Kamal Əbilov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub və Şərur Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

İMAN ALMƏMMƏDOV

(1999-2020)

 

Şəhid İman Tarverdi oğlu Alməmmədov 1999-cu ilin bu günü Şahbuz rayonunun Kolanı kəndində dünyaya göz açıb. 2017-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər İman Alməmmədov 9 noyabr 2020-ci ildə Şuşa döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SƏFA İSAZADƏ

(1999-2020)

 

Şəhid Səfa Əmirxan oğlu İsazadə 17 may 1999-cu ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2017-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Səfa İsazadə oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

RÖYAL ASLANOV

(2001-2020)

 

Şəhid Röyal Elzar oğlu Aslanov 2001-ci il mayın 17-də Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. İdmanın güləş və boks növləri ilə məşğul olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Röyal Aslanov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub və Tovuz rayonunda torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ABBAS MİSGƏRLİ

(1915-1987)

 

Əmək veteranı, texnika elmləri doktoru, professor Abbas Qulam oğlu Misgərlinin anım günüdür. O, 15 may 1915-ci ildə Salyan şəhərində anadan olub. Salyan şəhər 4 saylı orta məktəbini və Azərbaycan Pedaqoji İnstitutunun Kimya-biologiya fakültəsini bitirib. Müxtəlif illərdə kimya müəllimi, leytenant rütbəsində kimya xidməti rəisi, kiçik, böyük elmi işçi, laboratoriya rəhbəri, professor vəzifələrində çalışıb. Bir sıra kitabların müəllifidir. Abbas Misgərli 1987-ci il mayın 17-də Bakıda vəfat edib.

 

 

MÜSEYİB BAĞIROV

(1915-1981)

Sovet İttifaqı Qəhrəmanı Müseyib Bağır oğlu Bağırovun xatirə günüdür. O, 1915-ci il iyunun 30-da Gəncədə dünyaya göz açıb. Bakı Dənizçilik Texnikumunu bitirib və 1941-ci ildə orduya xidmətə gedib. Hərbi məktəbi 1943-cü ildə bitirərək, 4-cü ordu tərkibindəki 69-cu qvardiya atıcı diviziyasında bölmə komandiri olub. Poltava vilayətinin Zenkov şəhəri ətrafındakı döyüşlərdə şəxsi qəhrəmanlıq göstərib, düşmən səngərinə birinci girərək onlarla faşisti məhv edib və ağır yaralansa da, döyüş meydanını tərk etməyib. 1944-cü il fevralın 22-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1945-ci ilin oktyabrında hərbi xidmətdən tərxis edilərək Bakıda işləməyə başlayıb. Bir sıra orden və medallarla təltif olunub. “Volqadan Dunayadək” (1974) xatirələr kitabının müəllifi olan Müseyib Bağırov 1981-ci ilin 17 mayında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ELDAR AĞAYEV

(1955-2013)

 

Azərbaycanın Milli Qəhrəmanı Eldar Əsgər oğlu Ağayevin anım günüdür. O, 1955-ci il sentyabrın 29-da Tiflis şəhərində dünyaya gəlib. Bakı Ümumqoşun Komandirlər Məktəbində və Solneçnoqorsk şəhərində Ali Zabitlər Kursunda təhsil alıb. 1976-cı ildə motoatıcı ixtisası ilə Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlayıb. Xidmət yolu Rusiya, Əfqanıstan və Almaniyadan keçib. 1992-ci ildə Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başlayıb, bir müddət sonra isə 776-cı kəşfiyyat taborunu yaradıb və onun komandiri olub. 1995-ci ildə dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı göstərdiyi şücaətə görə Azərbaycan Prezidentinin 4 aprel tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Azərbaycan Texniki Universitetində hərbi kafedranın, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində kəşfiyyat kafedrasının rəisi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Təlim-Tədris Mərkəzinin rəis müavini vəzifələrində çalışıb. "Qırmızı Ulduz", "İgidliyə görə" və "Azərbaycan Bayrağı" ordenləri ilə təltif olunan polkovnik Eldar Ağayev 2013-cü ilin 17 mayında vəfat edib.

 

 

NATİQ TAHİRLİ

(1997-2016)

Şəhid Natiq Namiq oğlu Tahirlinin xatirə günüdür. O, 1997-ci ildə Lerik rayonunun Almu kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağıılıb. Natiq Tahirli 2016-cı il mayın 17-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Natiq Tahirli ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv