Dünyanın bu günü - 17.06.2021

AZƏRBAYCAN SƏHİYYƏ İŞÇİLƏRİ GÜNÜ

(2001)

 

1918-ci il iyunun 17-də Azərbaycanda Səhiyyə Nazirliyi yaradılıb və bu sahə dövlətin idarəsinə keçib. İlk səhiyyə naziri isə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən, hər il iyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

 

 

ELBƏY RZAQULİYEV

(1926-2007)

 

Azərbaycanın xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1946-cı ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsinə daxil olub. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Neftçilərdən bəhs edən silsilə rəngkarlıq əsərlərinin müəllifi, "Sevil", "Arşın mal alan", "Görüş", "Ögey ana", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və digər filmlərin rəssamı olub. Azərbaycan Rəssamlar İttifaqının katibi olub. 1986-cı ildə SSRİ Dövlət Mükafatına, 1998-ci ildə "Şöhrət" ordeninə layiq görülən Elbəy Rzaquliyev 2007-ci il sentyabrın 15-də Bakıda vəfat edib.

 

 

ADİLE NAŞİT

(1930-1987)

 

Türkiyənin tanınmış kino aktrisası Adile Naşit 1930-cu il iyunun 17-də İstanbulda anadan olub. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayıb, 1948-ci ildə isə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyub. Peşəkar karyerası ərzində 300-dən artıq filmdə rol alıb. Onun aktyor karyerasının zirvəsi "Hababam sinfi" seriyasında canlandırdığı Hafizə Ana rolu hesab olunur. Yaratdığı ana obrazlarına görə 1985-ci ildə “İlin anası” mükafatına layiq görülüb. Adile Naşit 11 dekabr 1987-ci ildə İstanbulda vəfat edib.

 

 

ZEMFİRA SADIXOVA

(1939)

 

Azərbaycanın əməkdar artisti, kino aktrisası Zemfira Emin qızı Sadıxova 1939-cu ilin bu günü Bakıda anadan olub. 1961-1965-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən teatr studiyasında çalışıb və burada 30-dan çox filmdə rollar yaradıb. “Ulduzlar sönmür”, “Bizi bağışlayın”, “Bazar günü”, “Müslüm Maqomayev”, “Əlvida” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Zemfira Sadıxova xalq artisti Yusif Vəliyevin həyat yoldaşı olub.

 

 

FİDAN QASIMOVA

(1947)

 

Azərbaycanın xalq artisti, opera müğənnisi Fidan Əkrəm qızı Qasımova 17 iyun 1947-ci ildə Bakıda dünyaya gəlib. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında və Moskva Konservatoriyasında təhsil alıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. “Aida”, “Otello”, “Yevgeni Onegin”, “Sevil”, “Koroğlu” və başqa operalarda unudulmaz obrazlar yaradıb. Dəfələrlə bir çox dünya ölkələrində konsert proqramları ilə çıxış edib. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənni olan Fidan Qasımova Bakı Musiqi Akademiyasının və İstanbul Dövlət Konservatoriyasının professorudur.

 

 

ƏYYUB ABDULLAYEV

(1967-1990)

 

20 Yanvar şəhidi Əyyub Mahmud oğlu Abdullayev 1967-ci il iyunun 17-də Qərbi Azərbaycanın Vedi rayonunun Şidli kəndində anadan olub. Bakı Soyuducular Zavodunda fəhlə işləyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə “Naxçıvan” mehmanxanasının yanında həlak olub və naməlum şəhid kimi dəfn olunub. Valideynləri onu itkin hesab etsə də, martın 11-də naməlum şəhidlərin şəkilləri televiziya ilə göstərilərkən məlum olub ki, Əyyub Abdullayev Şəhidlər Xiyabanında uyuyur.

 

 

NURHAN ABBASOV 

(1991-2020)

 

Şəhid Nurhan Əlastan oğlu Abbasov 1991-ci ilin bu günü Gəncə şəhərində dünyaya göz açıb. 77 nömrəli peşə məktəbində təhsil alıb. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Nurhan Abbasov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ƏLƏDDİN SƏİDOV

(1992-2020)

 

Şəhid Ələddin Azər oğlu Səidov 17 iyun 1992-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetini bitirib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Ələddin Səidov noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELVİN ABBASOV

(1993-2020)

 

Şəhid Elvin Səxavət oğlu Abbasov 1993-cü il iyunun 17-də Şamaxı rayonunun Çarhan kəndində anadan olub. Bakı Dövlət Universitetinin nəzdində kollecdə təhsil alıb. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elvin Abbasov noyabrın 8-də Şuşa döyüşləri zamanı ağır yaralanıb və noyabrın 22-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

FƏRİD HÜSEYNOV

(1997-2020)

 

Şəhid Fərid Yaşar oğlu Hüseynov 1997-ci ilin bu günü Sabirabad rayonunun Məmişlər kəndində anadan olub. 2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Fərid Hüseynov oktyabrın 31-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

OSMAN CƏFƏROV 

(1998-2020)

 

Şəhid Osman Elsevər oğlu Cəfərov 17 iyun 1998-ci ildə İmişli rayonunun Otuziki kəndində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Osman Cəfərov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub və İmişli rayonunda torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

 

SƏMƏD ABDULLAYEV

(2002-2020)

 

Şəhid Səməd Sədyar oğlu Abdullayev 2002-ci il iyunun 17-də Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Səməd Abdullayev oktyabrın 2-də Ağdərə döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ƏZİZ ALPOUD

(1895-1988)

 

Bu gün Əziz Alpoud kimi tanınan Mir Əbdüləziz Seyidin xatirə günüdür. O, 1895-ci il iyulun 27-də İrəvanın Dilican mahalında ziyalı ailəsində dünyaya göz açıb. Tiflis Birinci Klassik Liseyində, Estoniyanın Tartu Universitetində, Ukraynanın Xarkov Universitetində və Almaniyanın Berlin-Şarlottenburqdakı Ali Texniki Məktəbdə təhsil alıb. Çar Rusiyası əleyhinə qarşı Bakıda qurulan “Qafqaz Türk-Müsəlman Tələbə Birliyi”nin başqanı seçilib, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Dövlət Dəmiryollarında İstintaq hakimi vəzifəsinə təyin olunub və Bakı-Dəvəçi-Ələt stansiyalarına nəzarət edib. Bolşevik işğalından sonra Türkiyəyə mühacirət edib, burada “Beykoz dəri fabriki”, “Şərq Dəri Türk Limited”, “Qapalı Dəri Fabriki”, “Elektrik və hava qazı şirkəti”ndə müxtəlif vəzifələrdə çalışıb. 1952-ci ildə müsavatçılara qarşı müxalifətdə dayanan “Azərbaycan Millət Partiyası”nı yaradıb. 1961-ci ildə Türkiyə türkcəsində qələmə aldığı “Həyatımın hekayətləri” memuar romanını 2011-ci ildə Zakir Sadatlı Azərbaycan türkcəsinə uyğunlaşdırılaraq çap edib. Romanda cərəyan edən hadisələr I Dünya müharibəsinin əvvəllərindən başlamış XX əsrin 80-ci illərinədək davam edən təlatümlü dövrün hadisələrini əks etdirib. Əziz Alpoud 17 iyun 1988-ci ildə Ankarada dünyasını dəyişib.

 

 

SÜLEYMAN DƏMİRƏL

(1924-2015)

 

Türkiyənin 9-cu prezidenti, 5 dəfə Türkiyənin baş naziri, görkəmli siyasi xadimi Süleyman Dəmirəlin anım günüdür. O, 1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub. 1949-cu ildə İstan­bul Tex­ni­ki Univer­sitetinin İn­şaat mü­hən­disliyi fakültəsini bitirib. 1962-ci ildən siyasi fəaliyyətə baş­­layıb, 1964-cü ildə Ədalət Partiya­sının rəh­bə­ri, 1965-ci ilin fevral ayında Baş nazirin müavi­ni, həmin ilin oktyabr ayından Baş nazir vəzifələrində çalışıb. 1975-1980-ci illərdə yenidən fasilə­lər­lə koalisyon hökumətin Baş naziri vəzifə­sin­də çalışıb. 1980-ci ildə baş verən si­lah­lı çevrilişdən sonra 1987-ci ilədək si­yasi fəaliyyətdən uzaqlaşıb. 1987-ci ildə Doğ­ru Yol Par­ti­yasının rəh­bəri seçilib. 1990-1993-cü illərdə ye­nidən Baş nazir vəzifəsinə təyin olunub­, 1993-2000-ci illərdə Tür­kiyə Cüm­hu­riyyətinin Prezidenti seçilib. 1995-ci il de­kab­rın 4-də Azərbaycan Elm­­lər Aka­de­mi­ya­sı­nın fəxri üzvü, 1999-cu ildə isə Azər­baycan Memarlıq və İnşaat Universi­te­ti­nin fəxri doktoru seçil­ib. Azərbaycanın “Şə­rəf” ordeni ilə təltif edilən Süleyman Dəmirəl 2015-ci il iyunun 20-də vəfat edib və İsparta şəhərində dəfn edilib.

 

 

MAYİS AĞABƏYOV 

(1941-2020)

 

Azərbaycanın xalq rəssamı Mayis Əlişir oğlu Ağabəyov da bu gün xatırlanır. O, 1941-ci il mayın 1-də Bakıda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. "Babək", "Nəsimi", "Nizami", "Əlvida, cənub şəhəri", "Günaydın, mələyim!" və başqa filmlərin quruluşçu rəssamı olub. 1965-ci ildən bir sıra beynəlxalq və respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak edib. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib. 2012-ci ildə  "Humay" milli mükafatına layiq görülən Mayis Ağabəyov 2020-ci il iyunun 17-də Bakıda vəfat edib.

 

 

ŞAHİD ƏBDÜLKƏRİMOV

(1938-2003)

 

Bəstəkar Şahid Əbdülkərimovun anım günüdür. O, 1938-ci ildə Şəkidə anadan olub. Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində və Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb. Xırdalandakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi, Tibb işçiləri mədəniyyət evinin direktoru işləyib. Yüzdən artıq mahnı bəstələyib. "Şəfa" xalq çalğı alətləri ansamblı və rəqs kollektivini yaradıb. Ömrünün son illərini Şəki şəhərinin Qışlaq hissəsindəki məsciddə din xadimi kimi keçirib. Şahid Əbdülkərimov 2003-cü il iyunun 17-də Şəkidə vəfat edib.

 

 

MƏHƏMMƏD MURSİ

(1951-2019)

 

Misirin beşinci prezidenti Məhəmməd Mursi İsa əl-Əyyat da bu gün xatırlanır. O, 1951-ci il avqustun 20-də anadan olub. Qahirə Universitetində təhsil alıb, ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib. 1992-ci ildə “Müsəlman Qardaşlar” hərəkatına qoşulub. 2000-ci ildə parlamentin deputatı, 2011-ci ilin aprelində isə “Müsəlman Qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasının sədri seçilib. 2012-ci ildə Misirin demokratik seçkilərlə hakimiyyətə gələn ilk prezidenti olub. 2013-cü ilin iyun-iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub. Məhəmməd Mursi 17 iyun 2019-cu ildə Qahirədə "casusluq" ittihamı ilə mühakimə olunduğu məhkəmə zalında dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Apa.tv