Dünyanın bu günü - 17.07.2021

ŞAH İSMAYIL XƏTAİ

(1487-1524)

 

Səfəvilər dövlətinin banisi və ilk şahı, şair Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də Ərdəbil şəhərində Səfəvi təriqətinin başçısı Şeyx Səfiəddinin nəslindən olan Şeyx Heydərin ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından hakimiyyət uğrunda mübarizəyə başlayıb, atasından və qardaşı Sultanəlidən sonra qızılbaşlar hərəkatına rəhbərlik edib. 1499-1500-cü ildə Şirvanşah Fərrux Yasarı və Ağqoyunlu hökmdarı Əlvənd Mirzəni məğlubiyyətə uğratdıqdan sonra Təbrizdə özünü şah elan edib və bununla da Azərbaycan Səfəvilər Dövlətinin əsası qoyulub. 1510-cu ildə Şeybanilər dövlətinə son qoysa da, 1514-cü il avqustun 23-də Çaldıran döyüşündə Osmanlılara məğlub olub. Bədii yaradıcılıqla da məşğul olan Şah İsmayıl Xətai türk dilində “Dəhnamə” poemasını, “Nəsihətnamə” məsnəvisini qələmə alıb. “Divan”ına əruz vəznində yazılmış qəzəllərlə bərabər, ilk dəfə heca vəzni nümunələri - qoşma, gəraylı və bayatılar daxil edib. Şah İsmayıl Xətai 1524-cü il mayın 23-də vəfat edib və Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn edilib.

 

 

ƏBDÜLVAHAB YURDSEVƏR

(1898-1976)

 

Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, ədəbiyyatşünas və publisist Əbdülvahab Yurdsevər Məmmədzadə 17 iyul 1898-ci ildə Bakıda dünyaya gəlib. 1911-ci ildə rus liseyinə qəbul edilib, 1917-ci ildən siyasi fəaliyyətə başlayıb. Həyatını bütünlüklə istiqlal hərəkatına həsr edərək, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında yaxından iştirak edib. 1920-ci ilin aprel işğalından sonra gizli fəaliyyətə keçən Müsavat Partiyasının Bakı komitəsinin sədri və Milli Müqavimət Komitəsinin üzvü olub. 1923-cü ildə həbs edilərək, əvvəlcə Şimali Qafqaza sürgün edilib, cəza müddəti bitdikdən az sonra isə Yaroslavl və Saratovda 11 illik sürgün həyatı yaşayıb. Sürgündən sonra bir müddət Daşkənddə qız məktəbində müəllimlik edib, daha sonra İrana, oradan isə Varşavaya mühacirət edib. İkinci Dünya müharibəsinin başlanmasından sonra Türkiyəyə gedib və burada hüquq təhsili alıb. 1959-cu ildən ömrünün sonuna kimi İstanbulda fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib. Əbdülvahab Yurdsevər 1976-cı il yanvarın 28-də Ankarada vəfat edib.

 

 

KƏNAN EVREN

(1917-2015)

 

Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi Əhməd Kənan Evren 1917-ci ilin bu günü Manisanın Alaşəhər bölgəsində anadan olub. İbtidai və orta təhsilini Alaşəhər, Manisa, Balıkəsir və İstanbulda alıb. Maltəpə Hərbi Liseyini və Quru Qoşunları Akademiyasını bitirib. 1964-ci ildə general, 1974-cü ildə isə ordu generalı rütbələrinə layiq görülüb. Müxtəlif illərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifələrində olub. 12 sentyabr 1980-ci ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlib və 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilib. Osmanlı İmperiyasında doğulmuş sonuncu prezidentdir. Kənan Evren 9 may 2015-ci ildə Ankarada vəfat edib.

 

 

ƏLİ XAMENEİ

(1939)

 

İran İslam Respublikasının 2-ci dini lideri və 3-cü prezidenti Seyid Əli Hüseyni Xamenei 1939-cu il iyulun 17-də İranın Məşhəd şəhərində anadan olub. Əslən Təbriz yaxınlığındakı Xamnə qəsəbəsindən, milliyyətcə isə azərbaycanlıdır. Dörd yaşında Quran və əlifbanı öyrənib, daha sonra təhsilini “Darut-təlime diyanət” adlı dini mədrəsədə, Nəcəf və Qum elmiyyə hövzələrində davam etdirib. Məşhəd şəhərinə qayıtdıqdan sonra ali səviyyədə fiqh, təfsir və üsul dərsləri deyib. 1963-cü ildən Ayətullah Ruhullah Xomeyninin rəhbərlik etdiyi İslam Hərəkatına qoşulub. İranda İslam inqilabının qələbəsindən və Ayətullah Xomeyninin sürgündən qayıtması ilə İslam İnqilabının Ali Şurasına üzv, daha sonra İran müdafiə nazirinin müavini təyin edilib. İslam Şurası Məclisinə Tehrandan millət vəkili seçilib, İran-İraq müharibəsində iştirak edib. 1981-ci ilin oktyabrında keçirilmiş seçkilərdə İranın üçüncü prezidenti seçilib və 1989-cu ilədək bu vəzifədə çalışıb. Həmin il İslam inqilabının lideri Xomeyninin vəfatından sonra İranın yeni dini lideri seçilib.

 

 

TELMAN ADIGÖZƏLOV

(1953-2010)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub. Əslən ordubadlıdır. Hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb və bu teatrın səhnəsində maraqlı obrazlar yaradıb. Dövlət Televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə" kimi filmlərdə xarakterik rollar oynayıb. Telman Adıgözəlov 2010-cu il aprelin 15-də vəfat edib və Fatmayı kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

 

ELNUR ABBASLI

(1992-2020)

 

Şəhid Elnur Yaşar oğlu Abbaslı 17 iyul 1992-ci ildə Tərtər rayonunun Köçərli kəndində anadan olub. 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2019-cu ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Elnur Abbaslı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

KƏNAN MƏMMƏDOV

(1993-2020)

 

Şəhid Kənan Hüseyn oğlu Məmmədov 1993-cü ilin bu günü Ağdaş rayonunun Kotavan kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Kənan Məmmədov sentyabrın 28-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

İSMƏT NAMAZOV

(1996-2020)

 

Şəhid İsmət Nüsrət oğlu Namazov 1996-cı il iyulun 17-də Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər İsmət Namazov oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

XALİDDİN NƏSİBOV

(1998-2020)

 

Şəhid Xaliddin Vaqif oğlu Nəsibov 17 iyul 1998-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Xaliddin Nəsibov noyabrın 5-də Xocavənd döyüşləri zamanı şəhid olub və Qazax rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

 

 

ASLAN MİRZƏYEV 

(2000-2020)

 

Şəhid Aslan Maqsud oğlu Mirzəyev  2000-ci ilin bu günü Kəngərli rayonunun Xok kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Aslan Mirzəyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

CABAR ƏKPƏROV

(2000-2020)

 

Şəhid Cabar Əşrəf oğlu Əkpərov 2002-ci il iyulun 17-də Xaçmaz rayonunun Müşfiq kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Cabar Əkpərov oktyabrın 7-də Ağdərə istiqamətində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

RƏVAN QULİYEV

(2001-2020)

 

Şəhid Rəvan Mərdan oğlu Quliyev 17 iyul 2001-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Rəvan Quliyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub və Neftçala rayonunun Astanlı kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

ÜLVİ RƏHİMOV

(2002-2020)

 

Şəhid Ülvi Rabil oğlu Rəhimov 2002-ci ilin bu günü Abşeron rayonunun Məmmədli qəsəbəsində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Ülvi Rəhimov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub və Abşeron rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SARA AŞURBƏYLİ

(1906-2001)

 

Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Sara Balabəy qızı Aşurbəylinin xatirə günüdür. O, 1906-cı il yanvarın 27-də Bakıda anadan olub. İstanbulda Müqəddəs Janna d-Ark kollecini, Bakı Dövlət Universitetinin şərqşünaslıq və Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültələrini bitirib. Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Pedaqoji İnstitutunda dekan vəzifələrində çalışıb. Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi olub. Üzeyir Hacıbəylinin dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs deyib, Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib. Daha sonra Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib. 1993-cü ildən ömrünün sonuna qədər isə Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olub. “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir. Azərbaycanın Dövlət Mükafatı və “Şöhrət” ordeni ilə təltif olunan Sara Aşurbəyli 2001-ci ilin iyulunda Bakı şəhərində vəfat edib.

 

 

AZAD MİRZƏCANZADƏ

(1928-2006)

 

Azərbaycanın əməkdar elm və texnika xadimi, texniki elmlər doktoru, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin anım günüdür. O, 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində təhsil alıb və dağ mühəndisi ixtisasına yiyələnib. Müxtəlif illərdə baş laborant, kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, laboratoriya müdiri, direktor, dosent və professor vəzifələrində çalışıb. 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olub, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edib. 400-dək elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə öz elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirib. Bir çox medal və ordenlərlə təltif olunan Azad Mirzəcanzadə 2006-cı ilin iyulunda Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

BƏHRUZ NURİYEV

(1971-1993)

 

Şəhid Bəhruz Allahverdi oğlu Nuriyev də bu gün xatırlanır. O, 7 iyul 1971-ci ildə Ağdam rayonunun Kəngərli kəndində doğulub. Bakı şəhərində 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olub, Azərbaycan Texniki Universitetinin mexanika fakültəsində təhsil alıb. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib, lakin 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra sovet ordusunda xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib. Qarabağ savaşı başlayandan sonra könüllü özünümüdafiə dəstəsinə qoşulub. Döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam və Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib və şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Bakının Nizami rayonunda adına küçə var.

 

 

ADİL MİRSEYİD

(1952-2014)

 

Rəssam, şair və tərcüməçi Adil Mirseyid oğlu Baxışovun xatirə günüdür. O, 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində doğulub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Ağdaş rayonunda Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində redaktor vəzifələrində işləyib. "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Hardan baxsan, görünən adam", "Ay Süvarisi" kitablarının, 200-dən artıq esse və məqalənin müəllifidir. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Rəsul Rza və Türk Ədəbiyyatına xidmət mükafatlarına layiq görülüb. Adil Mirseyid 2014-cü ilin iyulunda Bakıda vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv