Dünyanın bu günü - 17.09.2020

KONSTANTİN SİOLKOVSKİ

(1857-1935)

 

Müasir kosmonavtikanın əsasını qoyan rus alimi, yazıçı və tədqiqatçı Konstantin Eduardoviç Siolkovski 1857-ci il sentyabrın 17-də Ryazan quberniyası Spask qəzasının Sjevski kəndində anadan olub. 10 yaşında olarkən qızılca xəstəliyi nəticəsində eşitmə qabiliyyətini itirdiyinə görə məktəbi tərk etməli olub. Daha sonra Moskvada  fizika, astronomiya, mexanika və həndəsəni öyrənib. Moskva quberniyasının Borovski qəzasına riyaziyyat müəllimi təyin olunub. Müstəqil olaraq hava nəqliyyatı məsələləri, tam metal gəmi konsepsiyası ilə məşğul olub, Rusiyada ilk olaraq alrodinamik boru qurub. Planetlərarası kosmik uçuşlar mövzusunda hekayə və əsərlərin müəllifidir. Konstantin Siolkovski 1935-ci il sentyabrın 19-da Kaluqada vəfat edib.

 

 

MİRCƏFƏR BAĞIROV

(1896-1956)

 

Sovet Azərbaycanının ən uzunmüddətli rəhbəri Mircəfər Mirabbas oğlu Bağırov 17 sentyabr 1896-cı ildə Quba şəhərində anadan olub. İlk təhsilini mollaxanada alıb. Quba şəhərindəki ibtidai məktəbi bitirdikdən sonra təhsilini Quba ali ibtidai məktəbində davam etdirib. 1913-cü ildə məktəbi bitirib, daha sonra Petrovsk şəhərində 2 illik pedaqoji kursa daxil olub. Əmək fəaliyyətinə gənc müəllim kimi Xudat stansiyasındakı kənd məktəbində başlayıb. 1917-ci ildən inqilabi fəaliyyətə qoşulub və Həştərxana gedib. 1921-ci il aprelin 2-də ona Azərbaycan Fövqəladə Komissiyasının təşkili tapşırılıb, bu vəzifədə 1927-ci ilin sentyabrın ortalarına kimi çalışıb. 1927-1928-ci illərdə Zaqafqaziya su təsərrüfatı idarəsinin, 1928-1929-cu illərdə sədri, 1929-1930-cu illərdə Azərbaycan Dövlət Siyasi İdarəsinin, 1932-1933-cü illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olub. 1933-cü ildən etibarən 20 il ərzində Sovet Azərbaycanına rəhbərlik edib. Onun fəaliyyətində 1937-1938-ci illər repressiyası qara ləkə kimi iz buraxıb. Mircəfər Bağırov 1955-ci ildə həbs olunub, 12-26 aprel 1956-cı ildə Bakıda keçirilmiş məhkəmədə güllələnməyə məhkum edilib və mayın 26-da güllələnib.

 

 

LEYLA MƏMMƏDBƏYOVA 

(1909-1989)

 

Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi, əslən Qubadan olan Leyla Ələsgər qızı Məmmədbəyova 1909-cu ilin bu günü Bakıda anadan olub. Bakı aeroklubunda təhsil alıb, daha sonra təhsilini Moskvada davam etdirib. Əmək fəaliyyətinə 1930-cu ildən başlayıb. İlk uçuşunu 1931-ci ildə yerinə yetirib. 1933-cü ildə Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşütlə atılaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olub. Aviasiya mayoru, Bakı aeroklubunda müəllim, OADKYC-nin (Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyəti‎) Bakı filialında sədr müavini kimi vəzifələrdə çalışıb. II Dünya Müharibəsində yüzlərlə desant və 4 min paraşütçü hazırlayaraq, cəbhəyə yola salıb. “Şərəf nişanı” ordeninə layiq görülən Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

CƏLAL ALLAHVERDİYEV

(1929-2017)

 

Azərbaycanın əməkdar elm xadimi, akademik, fizika-riyaziyyat elmləri doktoru, professor Cəlal Eyvaz oğlu Allahverdiyev 1929-cu il sentyabrın 17-də Şuşada anadan olub. Azərbaycan Dövlət Universitetində təhsil alıb, Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olub. Müxtəlif illərdə baş müəl­lim, dosent,  şöbə mü­diri, direktor müa­vini, direktor, labo­ratoriya müdiri, prorek­tor və kafedra müdiri vəzifələrində çalışıb. “Allah­ver­diyev teoremi”, “Allahver­diye­vin variasiya prinsipi”, “Allah­ver­diyev lem­ması” kimi elmi nailiyyətləri funksional analiz və cəbr üzrə xarici ədəbiyyatda yeni nə­­ticələrin alınması üçün istifadə olun­ub. O, Azərbaycanda ilk dəfə stoxas­tik sistemlər­də idarəetmə, optimal idarəetmə sahəsində işlərə başlayıb. 130-dan çox elmi əsərin müəl­lifidir. Beynəlxalq Eko­ener­getika Akademiyasının üzvü olub. Azərbaycanın Dövlət Mükafatına  layiq görülən Cəlal Allahverdiyev 19 yanvar 2017-ci ildə Bakıda vəfat edib.

 

 

VLADİMİR MENŞOV

(1939)

 

Rusiyanın xalq artisti, məşhur rejissor və aktyor Vladimir Menşov 17 sentyabr 1939-cu ildə Bakıda anadan olub. Moskvada Bədii Akademik Teatrın studiya-məktəbində, Nemiroviç-Dançenkonun adına məktəb-studiyanın aktyorluq fakültəsində və Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq aspiranturasında (Mixail Rommun emalatxanası) təhsil alıb. 120-dək filmdə müxtəlif səviyyəli rollara çəkilib, onlarla filmin rejissorudur. Onun ən məşhur filmlərindən biri 1978-ci ildə “Oskar” mükafatına layiq görülmüş “Moskva göz yaşlarına inanmır” melodramıdır. 75 illik yubileyi münasibətilə Rusiya prezidenti Vladimir Putin tərəfindən “Ləyaqətə görə” nişanı ilə təltif olunub.

 

 

SƏMƏD SƏMƏDOV

 (1946)

 

Azərbaycanın xalq artisti, müğənni Səməd Səmədov 1946-cı ilin bu günü Aşqabadda doğulub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhərə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birlikdə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olub. Müğənni 1992-ci il tarixdə Piruz Dilənçinin “Qızlar” adlı şeirinə Eldar Mansurovun bəstələdiyi mahnını ifa etdikdən sonra populyarlıq qazanıb. 150-dən çox müxtəlif mahnının, 5 albomun, 20 klipin müəllifidir.

 

 

ADNAN MENDERES

(1899-1961)

 

Türkiyənin baş naziri Əli Adnan Ertəkin Menderesin anım günüdür. O, 1899-cu ildə Aydın şəhərində anadan olub. İzmir İttihad və Tərəqqi Məktəbində, Qızılçulu Amerikan Kollecində və Ankara Universitetinin hüquq fakültəsində təhsil alıb. Sərbəst Firqənin Aydın Təşkilatını yaradaraq onun rəhbəri olub. Cümhuriyyət Xalq Partiyasının (CXP) millət vəkili seçilib. 1950-ci ildə səslərin 52,7 faizini toplayaraq hökumət başçısı olub. 10 illik iqtidarı dövründə 5 hökumət qurub, sənayeləşdirmə və şəhərsalma işini sürətləndirib, kənd yerlərinə ilk avtomobil və digər texnikalar gətirtdirib. Adnan Menderes 27 may 1960-cı ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən hərbi çevriliş nəticəsində devrilərək həbs olunub. Yassıadada hökumət nümayəndələrini mühakimə etmək üçün Milli Birlik Komitəsi tərəfindən qurulan Yüksək Ədalət Divanının qərarı ilə 1961-ci il sentyabrın 17-də edam cəzasına məhkum edilib və İmralı adasında asılıb.

 

 

MƏHƏRRƏM DADAŞOV

(1912-1944)

 

Sovet İttifaqı Qəhrəmanı Məhərrəm Əkbər oğlu Dadaşovun xatirə günüdür. O, 1912-ci il fevralın 15-də Salyan rayonunun Beştalı kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra traktorçu peşəsinə yiyələnib. 1941-ci ildə sovet ordusunda hərbi xidmətə çağırılıb, 233-cü tank briqadasında xidmət edib. 1942-ci ildən döyüş cəbhələrində olub, 1944-cü ilin avqustunda Rumıniyanın Vasluy şəhəri ətrafında döyüşlərdə iştirak edib. Onun tank heyəti 1944-cü il avqustun 28-də Çexoslovakiya uğrunda döyüşlər zamanı düşmən ordusunun yerləşdiyi məntəqəyə daxil olaraq düşmənin 6 tank vuran topunu və bir neçə pulemyotunu şəxsi heyətləri ilə birlikdə məhv edib. Baş serjant Məhərrəm Dadaşov aldığı yaralardan 17 sentyabr 1944-cü ildə hospitalda dünyasını dəyişib. 1945-ci il martın 24-də ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib.

 

 

ELDAR AXUNDOV

(1949-2014)

 

Azərbaycanın xalq artisti, müğənni Eldar Balağa oğlu Axundov da bu gün xatırlanır. O, 15 mart 1949-cu ildə Lənkəranda anadan olub. Səhnə fəaliyyətinə Azərbaycan Dövlət Mahnı Teatrında başlayıb, Azərbaycan Estrada-Simfonik Orkestrinin, Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi orkestrinin solisti olub. Repertuarında əsas yeri Azərbaycan bəstəkarlarının mahnıları tutub. 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” ona xalq artisti fəxri adı verilib. Prezident təqaüdçüsü olan Eldar Axundov 17 sentyabr 2014-cü ildə Bakı şəhərində vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv