Dünyanın bu günü - 17.12.2020
LÜDVİQ VAN BETHOVEN
(1770-1827)
Dahi alman bəstəkarı və pianoçusu Lüdviq van Bethoven 17 dekabr 1770-ci ildə Bonn şəhərində anadan olub. 11 yaşında işləməyə başlayıb, kilsədə orqan çalanı əvəz edib, 14 yaşında knyaz sarayında orqan çalıb, varlı ailələrə musiqi dərsi deyib. Haydn və Salyerinin tələbəsi kimi Vyana klassik musiqi məktəbinin sonuncu mogikanı, Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiquru sayılır. 27 yaşında ikən eşitmə qabiliyyətini demək olar ki, itirsə də, dünya musiqi xəzinəsinə əvəzsiz əsərlər bəxş edib. Lüdviq van Bethoven 1827-ci il martın 26-da Vyanada vəfat edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
OSMAN SARIVƏLLİ
(1905-1990)
Azərbaycanın xalq şairi Osman Abdulla oğlu Qurbanov 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı kəndində dünyaya gəlib. Qazax Müəllimlər Seminariyasında və Moskva Dövlət Universitetində təhsil alıb. İkinci Dünya Müharibəsi illərində müxbir işləyib. Bir neçə kitabın müəllifidir. Xalq yaradıcılığının təbliği və aşıq ədəbiyyatının tədqiqi sahəsində mühüm xidmətləri olub. Nizami, Xaqani, Viktor Hüqo, Puşkin və başqalarının bəzi əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə tərcümə edib. Osman Sarıvəlli 1990-cı il iyulun 3-də Bakıda dünyasını dəyişib.
MƏMMƏD İSGƏNDƏROV
(1915-1985)
Azərbaycan sovet partiya və dövlət xadimi, geologiya-mineralogiya elmləri doktoru Məmməd Əbdül oğlu İsgəndərov 1915-ci ilin bu günü Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlib. 1929-cu ildə Sabir adına Pedaqoji Məktəbə daxil olub və Xanlıq kənd orta məktəbində bir müddət dərs deyib. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunda mühəndis-geoloq ixtisasına yiyələnərək, neft mədənlərinin birində işə düzəlib. 1953-cü ildə Bakının Lenin (indiki Sabunçu) Rayon Partiya Komitəsinin birinci katibi, 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədri təyin olunub. 1961-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri seçilib. İki çağırış ali qanunverici orqana başçılıq edib. 1970-ci ildə Dərinlik Qazma Elmi-Tədqiqat İnstitutuna direktor təyin edilib və ömrünün sonuna qədər burada işləyib. Məmməd İsgəndərov 1985-ci il mayın 28-də Bakıda dünyasını dəyişib.
ŞİRMƏMMƏD HÜSEYNOV
(1924-2019)
Azərbaycan milli mətbuatının görkəmli tədqiqatçısı, əməkdar jurnalist, professor Şirməmməd Ağaməmməd oğlu Hüseynov 17 dekabr 1924-cü ildə Şəkidə anadan olub. Şəki Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsində, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspiranturasında təhsil alıb. Əmək fəaliyyətinə Zaqatala və Şəkidə müəllim kimi başlayıb. 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetində müəllim, dosent, dekan müavini, dekan, kafedra müdiri və professor vəzifələrində çalışıb. Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsinə və Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti var. Bir neçə kitabın müəllifidir. "Şərəf" ordeni, "Qızıl qələm" və başqa mükafatlara layiq görülüb. Şirməmməd Hüseynov 2019-cu il iyunun 24-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
AQŞİN KAZIMZADƏ
(1937-2011)
Azərbaycanın əməkdar jurnalisti Aqşin Kazımzadə 1937-ci il dekabrın 17-də texnika elmləri doktoru, professor Zəki Kazımzadənin ailəsində anadan olub. Azərbaycan Sənaye İnstitutunda təhsil alıb. “Sovetski sport”un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib. “Fizkulturnik Azerbaydjana” (indi ”İdman”) və “Panorama” qəzetlərinə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında Beynəlxalq əlaqələr departamentinə, “Azərenerji” ASC-nin mətbuat xidmətinə başçılıq edib, “Bakinski raboçi”, “Günay”, “Bizim əsr”, “Zerkalo”, “Vışka”, “Kaspi“ və digər rusdilli nəşrlərdə çalışıb. “Qızıl qələm”, “İnam” və Həsən bəy Zərdabi mükafatların laureatı, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvü olub. “Tərəqqi” medalı ilə təltif edilən Aqşin Kazımzadə 2011-ci il iyunun 10-da Bakıda dünyasını dəyişib.
MİRCAMAL ƏBÜLFƏTOV
(1958-1990)
20 Yanvar şəhidi Mircamal Mirsaleh oğlu Əbülfətov 1958-ci ilin bu günü Lənkəranda anadan olub. Lənkəran şəhərlərarası yükdaşıma idarəsində fəhlə işləyib. 1990-cı il yanvarın 20-də atışma zamanı küçəyə çıxıb, ərazidə olan yaralılara kömək etmək istədiyi zaman sovet əsgərləri tərəfindən atəşə tutularaq şəhid olub. Mircamal Əbülfətov Lənkəranda dəfn edilib.
MİRZƏ İBRAHİMOV
(1911-1993)
Azərbaycanın xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimovun anım günüdür. O, 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. Balaxanı fabrik-zavod məktəbində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda və SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Müxtəlif illərdə Azərbaycan SSR-in Xalq Maarifi naziri, Opera və Balet Teatrının direktoru, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələrində işləyib. Ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri olub. "Qorxulu səs", "Sənət aşiqləri", "Zəhra", "Yol ayrıcında", "Böyük dayaq", "Pərvanə", "Madrid", "Məhəbbət" və bir çox əsərlərin müəllifidir. 3 dəfə “Lenin”, “Oktyabr İnqilabı” ordeni və medallarla təltif olunan Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
NƏCƏF NƏCƏFOV
(1955-1999)
Çağdaş Azərbaycan jurnalistikasının banilərindən biri, görkəmli ictimai-siyasi xadim Nəcəf Adil oğlu Nəcəfovun xatirə günüdür. O, 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1980-ci ilin əvvəllərindən "İnşaatçı" qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra "Vışka" qəzetində şöbə müdiri işləyib. 1986-cı ildə "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. 1986-1989-cu illərdə "Molodyoj Azerbaydjana" faktiki olaraq Azərbaycanın mərkəzi qəzetinə çevrilib. Nəcəfov və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb, nəticədə o, 1988-ci ildə vəzifəsindən azad edilib. Həmin vaxtdan etibarən faktiki olaraq siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub. 1989-cu ildə Xalq Cəbhəsinin təsis etdiyi "Azadlıq" qəzetinə rəhbərlik etməyə başlayıb. 1990-cı ilin yazında bir qrup müstəqil jurnalistlə birlikdə "Turan" informasiya agentliyini təsis edib. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin mətbuat katibi və Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifələrində çalışıb. Ömrünün son illərində Sahibkarlığın İnkişafına Yardım Fondunun vitse-prezidenti olub. Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də Bakıda vəfat edib. Prezident İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə ölümündən sonra "Şöhrət" ordeni ilə təltif olunub.
ELÇİN SƏLCUQ
(1964-2009)
Tanınmış jurnalist Elçin Abdulla oğlu Quliyev də bu gün xatırlanır. O, 1964-cü il noyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1980-ci illərin sonunda başlayan milli azadlıq hərəkatı dövründə "Meydan", "FV-ÇP" kimi qeyri-leqal qəzetlərin nəşrində və yayılmasında fəal iştirak edib. 1990-cı ildə "Azadlıq" qəzetinin ilk əməkdaşlarından biri olub və 1997-ci ilə qədər burada çalışıb. 1997-1998-ci illərdə “525-ci qəzet”də işləyib, 1998-2001-ci illərdə “Detektiv” qəzetinin təsisçisi və baş redaktoru olub. Elçin Səlcuq 17 dekabr 2009-cu ildə Bakıda vəfat edib.