00:01 18 mart 2021 128
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 18.03.2021

YUSİF AĞA DADAŞOV

(1870-1918)

 

Azərbaycanlı zadəgan, milyonçu və xeyriyyəçi Yusif Ağa Hacıağa oğlu Dadaşov 1870-ci ilin bu günü İçərişəhərdə doğulub. Stokholm Universitetini bitirən Yusif Ağa 20 yaşından gəmiçiliklə məşğul olub, kontorda idarəçilik işləri görüb, bir neçə gəmiçilik idarəsinin sahibi, daha sonra bankir olub. Gəmiçilik ticarətindən əldə etdiyi gəlirin əksəriyyəti xalqın maariflənməsinə sərf edilib. Bakı-Batum neft kəmərinin çəkilməsini, Bakı Duması binasının inşasını maliyyələşdirib, Bibiheybət məscidini bərpa etdirib. Səməd Vurğun küçəsindəki Diaspor Komitəsinin binası, 28 May küçəsindəki 23 saylı məktəbin binası, “Metropol” hoteli də (Nizami muzeyinin binası) Dadaşovların mülkü olub. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın olduğundan, Müsavat Partiyasının ilk qurultayı da bu binada keçirilib. Azərbaycanda milli hökumətin yaradılmasına, Müsavat Partiyasının geniş fəaliyyət göstərməsinə maddi yardım edib. 1918-ci il mart hadisələri zamanı vəziyyətin nə ilə nəticələnəcəyini duyaraq Bakıya çoxlu silah gətirtdirib və xalqı silahlandırıb. 1918-ci il martın 26-da növbəti dəfə Zirə kəndinə - silah ardınca Rusiyaya göndərdiyi gəmiləri qarşılamağa gedib. Silahları arabalara yüklətdirib geri qayıdarkən Lalayanın quldur dəstəsi ilə qarşılaşıb və daşnaklar tərəfindən amansızcasına doğranılıb. Qəbrinin yeri hələ də naməlumdur. Cəsədinin mart qırğınlarında öldürülən insanlarla birgə toplu məzarlıqlarda dəfn olunduğunu ehtimal edilir.

 

QEYBULLA RƏSULOV

(1922-1988)

 

Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dramaturq Qeybulla İbadulla oğlu Rəsulov 1922-ci il martın 18-də Qax rayonunun İlisu kəndində anadan olub. İbtidai təhsilini kənddə alıb, yeddiillik məktəbi Qaxda bitirib, sonra Şəki feldşerlik məktəbində oxuyub. İkinci Dünya müharibəsi dövründə ordu sıralarına çağırılıb, bir müddət Sovet ordusu tərkibində İranda olduqdan sonra 402 və 416-cı atıcı diviziyalarında hərbi feldşer işləyib, Mozdok şəhərinin azad edilməsi uğrunda döyüşlərdə yaralanıb. Ordudan tərxis ediləndən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə isə "Tatar Bakıdan gəlir" adlı birpərdəli pyeslə başlayıb. Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, redaktor, "Bakı" axşam qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri, Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri işləyib. Bir sıra pyesləri respublika teatrlarında səhnəyə qoyulub. 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və medallarla təltif edilən Qeybulla Rəsulov 1988-ci il sentyabrın 11-də Bakıda vəfat edib.

 

RƏHİM RƏHİMOV

(1923-2013)

 

Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor Rəhim Nurməhəmməd oğlu Rəhimov 1923-cü ilin bu günü Ordubadda anadan olub. Natamam orta təhsili başa vuraraq, Ordubad şəhər Pedaqoji Texnikumuna, daha sonra Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1941-ci ildən 1945-ci ilədək əvvəl kənd, sonralar isə şəhər orta məktəblərində müəllim, 1950-ci ildə isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon xəstəxanasında cərrah işləyib, daha sonra bütün əmək fəaliyyətini rentgenologiyaya həsr edib. 1968-ci ildə mədə-bağırsaq sisteminin bədxassəli şişlərinin rentgenoloji diferensial diaqnostika üsullarının işlənib hazırlanması və təkmilləşdirilməsinə görə tibb elmləri doktoru adı qazanıb. Bu diaqnostikanın incəliklərinə həsr olunmuş 147-dən artıq elmi məqalənin, iki ixtiranın müəllifidir. 12 səmərələşdirici təklifi respublikamızda və MDB ölkələrinin müalicə idarələrinin rentgenoloji şöbələrində tətbiq edilərək geniş istifadə edilir. Akademik Rəhim Rəhimov 2013-cü il iyulun 6-da vəfat edib.

 

 

ƏLİ KƏRİM

(1931-1969)

 

Azərbaycanlı şair, tərcüməçi Əli Paşa oğlu Kərimov (Əli Kərim) 1931-ci il martın 18-də Göyçay şəhərində fəhlə ailəsində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, burada yataqxana olmadığından, Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçib. III kursdan Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Bakıya qayıtdıqdan sonra “Azərbaycan” jurnalının redaksiyasında şeir şöbəsinin müdiri olub. İlk nəşr olunan əsəri 1948-ci ildə «Azərbaycan pioneri» qəzetində çıxmış «Təzə müəllim» şeiri olub. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında «İlk simfoniya» poeması mükafata layiq görülüb. Şair Əli Kərim 1969-cu il iyunun 30-da dünyasını dəyişib. Göyçayda məzarı ətrafında adına park salınıb, heykəli ucaldılıb.

 

 

MÖVLUD SÜLEYMANLI

(1943)

 

Azərbaycanın xalq yazıçısı, dramaturq və ssenarist Mövlud Süleyman oğlu Balakişiyev 1943-cü ilin bu günü Qərbi Azərbaycanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində doğulub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1968-ci ildə Azərbaycan Dövlət Radiosuna işə qəbul edilib, əvvəlcə "Gənclik", sonra "Ədəbiyyat və İncəsənət" baş redaksiyasında redaktor, "Ulduz" və "Azərbaycan" jurnallarının nəsr şöbəsinin müdiri olub. Ədəbi yaradıcılığa "Azərbaycan gəncləri" qəzetində çap olunan "Əllərim" adlı ilk şeiri ilə başlayıb. 1972-ci ildə Teleradio Verilişləri Komitəsindən Moskvaya ixtisasartırma kurslarına göndərilib, 1974-cü ildə isə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına ssenarist kimi qəbul edilib. Mövlud Süleymanlı 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında əvvəlcə "Xalq yaradıcılığı" redaksiyasına baş redaktor, Azərbaycan Dövlət TeleRadio Şirkətinin Radio üzrə sədr müavini vəzifəsinə təyin edilib və 17 il bu vəzifədə çalışıb.

 

RAFİQ NƏSRƏDDİNOV

(1961-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Rafiq Hüseyn oğlu Nəsrəddinov 18 mart 1961-ci ildə Bakıda dənizçi ailəsində dünyaya gəlib. 1968-1978-ci illərdə Nərimanov rayonundakı 39 saylı məktəbdə təhsil alıb. 1979-cu ildə hərbi xidmətə çağırılıb. 1981-ci ildə tank qoşunlarında xidmətini başa vurub və Bakı Dövlət Universitetinə daxil olub. 1992-ci ildə Milli Orduya çağırılıb, tank bölüyünün komandiri vəzifəsinə təyin edilib və bir çox döyüşlərdə iştirak edib. Baş leytenant Rafiq Nəsrəddinov 6 sentyabr 1992-ci ildə Ağdərənin Qızılqaya kəndində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub və Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

ƏLAĞA HƏSƏNOV

(1871-1933)

 

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri Əlağa Hacı Süleyman oğlu Həsənovun anım günüdür. O, 1871-ci ildə Bakı şəhərində anadan olub, Bakı kommersiya məktəbini bitirib. Bakının ictimai həyatında fəal iştirak edib, şəhər Dumasının üzvü seçilib. Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı Parkın salınmasında böyük xidmətləri olub. 1918-ci il martın 18-dən 22-dək Bakıda və Azərbaycanın digər yerlərində ermənilər soyqırım törədərkən şəhərdə bu qırğının qarşısını almağa çalışanlardan biri olub. 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilib, hökumət kabinetində maliyyə nazirinin müavini, dövlət müfəttişi və maliyyə naziri vəzifələrini yerinə yetirib. Onun rəhbərliyi altında 1919-cu il sentyabrın 30-da Bakıda Azərbaycan Dövlət Bankı fəaliyyətə başlayıb. 1919-1920-ci illərdə dövriyyəyə buraxılan Cümhuriyyətin kağız pulları üzərində Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Əlağa Həsənovun imzaları olub. Nazir vəzifəsindən istefa verdikdən sonra Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışan Əlağa Həsənov 1933-cü il martın 18-də Bakıda vəfat edib.

 

 

XAN ŞUŞİNSKİ

(1901-1979)

 

Azərbaycanın xalq artisti, xanəndə Xan Şuşinski 1979-cu il martın bu günü vəfat edib. İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Şuşada dünyaya gəlib. 16 yaşında olarkən "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib. Xanın bir xanəndə kimi yetişməsində həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub. 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. 1934-cü ildə Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının I İncəsənət Olimpiadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülüb. 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Muğam studiyası yaradıb və burada gənc xanəndələrə muğamın sirlərini öyrədib. Bundan başqa Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib. Xan Şuşinskinin "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub.

 

 

ƏNVƏR BEHBUDOV

(1912-1993)

 

Rusiyanın xalq artisti, rejissor, bədii rəhbər Ənvər Məcid oğlu Behbudovun xatirə günüdür. O, 20 mart 1912-ci ildə Şuşada anadan olub. Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini bitirib. Ulyanovsk, Xabarovsk və Novosibirsk teatrlarında rejissor və bədii rəhbər olub. V.Kaçalov adına Böyük Dram Teatrı və M.Qorki adına Dram Teatrında baş rejissor işləyib. 1966-cı ildən Azərbaycan Opera və Balet Teatrında baş rejissor olub, "Koroğlu" operasını tamaşaya qoyub. 1969-cu ildən Azərbaycan Rus Dram Teatrının baş rejissoru olub. “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri, həmçinin medallarla təltif olunub. Ənvər Behbudov 1993-cü il martın 18-də Moskvada vəfat edib. O, xanəndə Məcid Behbudovun oğlu, SSRİ xalq artisti, müğənni Rəşid Behbudovun və aktrisa Nəcibə Behbudovanın qardaşı, müğənni Cəfər Behbudovun dayısıdır.

 

 

CAHİDƏ SONKU

(1919-1981)

 

Türk kinosunun ilk qadın ulduzu, ilk qadın kinorejissoru və ilk qadın prodüseri Cahidə Sonku da bu gün xatırlanır. O, 1919-cu il dekabrın 27-də Yəməndə anadan olub. Əsl adı Cahidə Sərabdır. 1933-cü ildə ekranlara çıxan "Söz bir, Allah bir" filmi ilə kinoda ilk addımlarını atıb. 1950-ci ildə "Sonkufilm" şirkətini yaradıb. 1951-ci ildə "Ulduz" jurnalının keçirdiyi müsabiqədə həmin əsər "Ən yaxşı film", Cahidə isə "Ən yaxşı aktrisa" seçilib. Ömrünü İstanbul küçələrində səfil bir qadın olaraq başa vuran Cahidə Sonku 18 mart 1981-ci ildə dünyasını dəyişib.

 

 

YUSİF VƏLİYEV

(1917-1980)

 

Azərbaycanın xalq artisti, aktyor Yusif Abdulla oğlu Vəliyevin anım günüdür. O, 22 mart 1917-ci ildə Dərbənddə doğulub. Bakı Teatr Texnikumunda təhsil alıb. Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə, sözsüz rollara çıxıb, eyni zamanda Yəhudi Dövlət Dram Teatrında, yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa Dövlət Dram Teatrında və Rus Dram Teatrında aktyorluq edib. 1949-cu ilin sonlarından ömrünün sonunadək isə Gənc Tamaşaçılar Teatrında çalışıb. "Zirvə", "Nəsimi", "Qatır Məmməd", "Tütək səsi", "Arxadan vurulan zərbə", "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində" və digər filmlərdə çəkilib. Yusif Vəliyev 1980-ci il martın 18-də Bakıda vəfat edib.

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın