Dünyanın bu günü - 18.05.2021

II NİKOLAY

(1868-1918)

 

Romanovlar sülaləsinin sonuncu varisi, Çar Rusiyasının sonuncu hökmdarı Nikolay Aleksandroviç Romanov 1868-ci il mayın 18-də Sankt-Peterburq quberniyasında anadan olub. Atası Rusiya çarı III Aleksandr, anası Mariya Fyodorovnadır. İlk təhsilini 1885-1890-cı illərdə xüsusi hazırlanmış proqram çərçivəsində imperiyanın tanınmış akademiklərindən alıb. Hərbi və siyasi karyerasının ilk iki ilində zabit kimi orduda xidmət edib. Sonrakı iki ildə isə süvari polkunda eskadron komandiri vəzifəsini icra edib. 1896-cı il mayın 14-də atasının ölümündən sonra II Nikolay adı ilə taxta çıxıb. Rus-yapon müharibəsində və Birinci Dünya müharibəsində Rusiyanın uğradığı məğlubiyyət birbaşa onun adı ilə bağlıdır. 1917-ci il fevralında Sankt-Peterburqda başlayan üsyandan sonra martın 15-də Pskovda qardaşı Mixail Romanovun lehinə taxtdan əl çəkib. Ancaq Mixailin taxt-tacdan imtina etməsi ilə Rusiyada monarxiya dövrü başa çatıb. Fevral inqilabından sonra Çarskoye Seloda və Tobolskda nəzarətdə saxlanılan II Nikolay və ailəsi 1917-ci ilin oktyabrında bolşevik inqilabı baş verdikdən sonra çar və ailəsinin başı üstünü qara buludlar alıb. 1918-ci ilin aprelində Yekaterinburqa gətirilən çar və ailə üzvləri iyulun 16-dan 17-nə keçən gecə saxlanıldıqları evdə qətlə yetirilib. Daha sonra cəsədlər meşəyə aparılaraq basdırılıb. Sovet İttifaqının süqutundan sonra 1998-ci ildə keçirilən dövlət mərasimi ilə II Nikolayın və ailə üzvlərinin nəşi Peterburqda dəfn edilib. Çar ailəsi 2000-ci ildə Rusiya Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan olunub.

 

 

SÜLEYMAN STALSKİ

(1869-1937)

 

XX əsr Dağıstan ədəbiyyatının ən məşhur nümayəndələrindən biri, aşıq-şair Süleyman Stalski 1869-cu ilin bu günü Dağıstanın Kürə vilayətinin Aşağı Stal kəndində yoxsul kəndli ailəsində anadan olub. Uşaq yaşlarında yetim qaldığından, uzun illər çörək qazanmaq üçün qürbətdə - Bakıda neft mədənlərində, Səmərqənddə dəmir yolunda işləyib. Şeir yazmağa orta yaşlarında başlayıb. İlk dəfə “Bülbül” şerini 1900-cü ildə yazıb. Azərbaycan və ləzgi dillərində yazdığı şeirləri qəzetlərdə çap olunub, 1927-ci ildə şeirləri Moskvada nəşr olunan “Ləzgi şairlərinin seçilmiş əsərləri” kitabına daxil edilib. İlk kitabı olan “Seçilmiş əsərləri” 1934-cü ildə çıxıb. Bundan sonra o, Dağıstanın xalq şairi adına və “Lenin” ordeninə layiq görülüb. Süleyman Stalski 23 noyabr 1937-ci ildə Mahaçqalada vəfat edib. 1957-ci ildə “Bakı” kinostudiyasında Rza Təhmasib və Mikayıl Mikayılovun çəkdikləri "Mahnı belə yaranır" filmi Süleyman Stalskinin həyat və yaradıcılığından, ictimai fəaliyyətindən bəhs edir.

 

 

II İOHANN PAVEL

(1920-2005)

 

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmiş Roma Papası II İohann Pavel 1920-ci ilin bu günü Polşada anadan olub. 1938-1939-cu illərdə Krakovdakı Yagellon Universitetinin fəlsəfə fakültəsində oxuyub. Alman işğalı dövründə zavodda işləyib və gizli katolik seminariyasında oxuyub. 1946-cı ildə keşiş rütbəsi alıb. Yagellon Universitetinin ilahiyyat fakültəsini və Romadakı Dominikçilər Universitetini bitirib. Krakov və Lyublinin seminariya və universitetlərində dərs deyib. 1958-ci ildə yepiskop rütbəsi alıb, 1963-cü ildə Krakov arxiyepiskopu təyin edilib. 1967-ci ildə kardinal rütbəsi alıb, 1978-ci ildən isə ömrünün sonunadək Roma Papası olub. 1981-ci ildə Mehmet Əli Ağca tərəfindən sui-qəsdə məruz qalsa da, yaralanmaqla xilas olub. 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papası olan II İohann Pavel 2005-ci il aprelin 2-də dünyasını dəyişib.

 

 

MİRMƏMMƏD CAVADZADƏ

(1927-2008)

 

Dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycanda uroloji məktəbin yaradıcısı, akademik Mirməmməd Cavad oğlu Cavadzadə 1927-ci il mayın 18-də Lənkəran şəhərində anadan olub. 1943-cü ildə 1№-li Lənkəran şəhər orta məktəbini, 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1951-ci ildə II Moskva Dövlət Tibb İnstitutunun aspiranturasında oxuyub. 1954-1957-ci illərdə Krım vilayətinin baş uroloqu işləyib. 1963-cü ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrasına müdir seçilib. 1974-cü ildə görkəmli alim həmin institutun rektoru təyin olunub və ömrünün sonunadək bu instituta rəhbərlik edib. “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülən Mirməmməd Cavadzadə 2008-ci il avqust ayının 7-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Respublika Kliniki Uroloji Xəstəxanası onun adını daşıyır.

 

 

RUDOLF İVANOV

(1931-2019)

 

18 may eyni zamanda rusiyalı tarixçi, yazıçı-publisist, professor Rudolf Nikolayeviç İvanovun doğum günüdür. O, 1931-ci il mayın 18-də Pyatiqorskda anadan olub. 27 kitabın, 200-dən çox məqalə və oçerkin müəllifidir. Bu əsərlərin böyük bir qismi Rusiya imperiyasının və Qafqazın tarixinə həsr edilib. Onun qələminin məhsulları arasında “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” kitabı xüsusi yer tutur. “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər” kitabı da böyük maraqla qarşılanıb. O, Rusiya Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin, Moskva Jurnalistlər İttifaqının üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun və Naxçıvan Dövlət Universitetinin fəxri doktoru olub. Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilən Rudolf İvanov 2019-cu il yanvarın 23-də Moskvada dünyasını dəyişib.

 

 

TOFİQ RÜSTƏMOV

(1936-1998)

 

Tanınmış jurnalist, Azərbaycanın əməkdar mədəniyyət işçisi, alim, tərcüməçi və ictimai xadim Tofiq Tağı oğlu Rüstəmov 1936-cı il mayın 18-də Quba şəhərində anadan olub. 1953-cü ildə 1 nömrəli şəhər beynəlmiləl orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsinə qəbul olub. Ali təhsilini başa vurduqdan sonra 1958-1960-cı illərdə dövrünün nüfuzlu qəzetlərindən sayılan "Uçitelskaya qazeta"nın Azərbaycan SSR üzrə xüsusi müxbiri işləyib. 1967-ci ildən Azərbaycan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlayıb, müəllim və baş müəllim işləyib. 1960-1970-ci illərdə Azərbaycan Televiziyasında tərcüməçilikdən baş redaktor vəzifəsinədək uzun bir yol keçib. 1979-cu ildən Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, 1987-ci ildən tərcümə, televiziya və radio jurnalistikası kafedrasının professoru, 1988-1989-cu illərdə partiya komitəsinin katibi, 1989-1990-cı illərdə Azərbaycan SSR KP MK ideologiya şöbəsi müdirinin birinci müavini və Ali Sovetin deputatı olub. 1990-1995-cı illərdə "Kommunist" qəzetinin redaktoru və "Xalq qəzeti"nin baş redaktoru kimi çalışıb. Kütləvi informasiya vasitələri işçiləri üçün hazırladığı "Ədəbi redaktənin əsasları" və "Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi" dərs vəsaitləri çap olunub. Tofiq Rüstəmov 1998-ci il yanvarın 20-də Bakıda vəfat edib.

 

 

OLJAS SÜLEYMENOV

(1936)

 

Qazaxıstanın görkəmli ictimai-siyasi xadimi, şair, yazıçı və ədəbiyyatşünas Oljas Ömər oğlu Süleymenov 18 may 1936-cı ildə Almatı şəhərində anadan olub. 1954-1959-cu illərdə Qazaxıstan Dövlət Universitetinin Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. Təhsilini bitirdikdən sonra ixtisası üzrə işləməyə başlayıb. 1959-cu ilin iyununda “Literaturnaya qazeta”da dərc olunan seçilmiş şeirləri şairin mərkəzi mətbuatda çap olunan ilk mətbu əsəri hesab olunur. 1961-1962-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. 1962-ci ildə Qazaxıstan Dövlət Universitetinin aspiranturasına daxil olub, elə həmin il Yazıçılar İttifaqına üzvlüyə qəbul olunub. 1962-1971-ci illərdə “Kazaxskaya pravda” qəzetində ədəbiyyat məsələləri üzrə əməkdaş və “Qazaxfilm” kinostudiyasında baş redaktor, 1971-1981-ci illərdə Qazaxıstan Yazıçılar İttifaqının katibi, 1972-ci ildən Asiya və Afrika ölkələri yazıçıları ilə Qazaxıstan əlaqə komitəsinin, 1981-83-cü illərdə isə Qazaxıstan SSR Kinematoqrafiya Komitəsinin sədri olub. 1983-cü ildə Qazaxıstan Yazıçılar İttifaqının birinci katibi seçilib. 1975-ci ildə ona dünya şöhrəti gətirən “Az-Ya” əsərini yazıb. 1991-ci ilə qədər bir neçə çağırış Qazaxıstan və SSRİ Ali Sovetinin deputatı olub. 1991-ci ildə Qazaxıstan müstəqillik əldə etdikdən sonra ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edib, UNESCO-da ölkənin səlahiyyətli nümayəndəsi olub. Oljas Süleymenov 2011-ci ildə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.

 

 

ELDAR NƏSİB

(1952-2010)

 

Şair-publisist Eldar Nəsib Sibirel 1952-ci il mayın 18-də Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub.  Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Uşaq yaşlarından şeir yazmağa başlayıb. "Elm və həyat" jurnalında məsul katib, "Mərhəmət" jurnalında baş redaktoru, "Azərbaycan" qəzetində bölgə müxbiri vəzifələrində çalışıb. 1982-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilib. 1986-1987-ci illərdə Filarmoniyada yaradıcılıq gecəsi keçirilən üç gənc şairdən biri olub. Bir neçə kitabın müəllifidir. Bir çox şeirlərinə musiqi bəstələnib. Eldar Nəsib Sibirel 11 oktyabr 2010-cu ildə Qazaxda baş verən avtomobil qəzasında həlak olub.

 

 

BƏXTİYAR BƏKİROV

(1981-2020)

 

Şəhid Bəxtiyar Yavər oğlu Bəkirov 1981-ci ilin bu günü Yevlax rayonunun Xaldan kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Bəxtiyar Bəkirov sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Şücaətə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

 

 

TƏHMASİB QARAYEV

(1996-2020)

 

Şəhid Təhmasib Hikmət oğlu Qarayev 1996-cı il mayın 18-də  Ağcabədi rayonunun Kəbirli kəndində anadan olub. Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində təhsil alıb. 2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Təhmasib Qarayev oktyabrın 22-də Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

ASLAN VƏZİROV

(1910-1988)

 

Sovet İttifaqı Qəhrəmanı, qvardiya polkovniki Aslan Fərhad oğlu Vəzirovun anım günüdür. O, 1910-cu il dekabrın 13-də Bərdə rayonunun Zümürxan kəndində anadan olub. 1928-1930-cu illərdə Leninqrad və Moskvada hərbi mühəndislik məktəblərində oxuyub. İkinci Dünya müharibəsində müxtəlif cəbhələrdə mühəndis-istehkam briqadalarının komandiri olub. 1947-ci ildə ordudan tərxis edildikdən sonra Kaunas, Voronej və Bakıda müxtəlif vəzifələrdə çalışıb. 1965-ci ildən Azərbaycan Müharibə Veteranları Komitəsinin sədri olub. Aslan Vəzirov 1988-ci ilin 18 mayında Bakıda dünyasını dəyişib.

 

 

GÜLLÜ MUSTAFAYEVA

(1919-1994)

 

Bu gün Azərbaycan xalq rəssamı Güllü Hacı Naim Mustafa qızı Mustafayevanın xatirə günüdür. O, 29 noyabr 1919-cu il tarixində Türkmənistanın Türkmənabad şəhərində dünyaya göz açıb. 1927-ci ildə ailəsi ilə Bakıya gəlib, 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. O, “Leyli və Məcnun məktəbdə”, “Paris. Rəssamlar meydanı”, "Bizim uşaqlar" silsiləsi əsərlərin müəllifidir. İki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın, oftalmoloq, tibb elmləri doktoru Umnisə Musabəyovanın, nevropatoloq, tibb elmləri doktoru Zəhra Salayevanın, xalq rəssamı Səttar Bəhlulzadənin portretlərinin yaradıcısı olan rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında saxlanılır. Güllü Mustafayeva 1994-cü ilin mayında Bakıda vəfat edib.

 

 

ROZA CƏFƏRXANOVA 

(1927-2010)

 

Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü Roza Heydər qızı Cəfərxanova da bu gün xatırlanır. O, 23 fevral 1927-ci ildə Ordubad rayonunda anadan olub. On dörd yaşından dram dərnəyində çıxış edib. Orta məktəbi bitirdikdən sonra o vaxt yenicə açılmış Ordubad Dövlət Dram Teatrında aktrisa vəzifəsinə işə götürülüb, daha sonra Naxçıvan Dövlət Dram Teatrında işləyib. Xalq artisti Əkbər Qardaşbəyovun həyat yoldaşı olan Roza Cəfərxanova 2010-cu il mayın 18-də Naxçıvan şəhərində vəfat edib.

 

 

OFELİYA ASLAN

(1939-2010)

 

Azərbaycanın tanınmış aktrisası Ofeliya Aslanın anım günüdür. 27 yanvar 1939-cu ildə Bakıda xalq artisti Rza Əfqanlının ailəsində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. İlk rolu “Durna” komediyasında Lalə obrazı olub. Bundan sonra “Beşmanatlıq gəlin”, “Arşın mal alan”, “Hicran”, “Axırı yaxşı olar”, “Bankir adaxlı” və s. tamaşalarda müxtəlif rolları ifa edərək, tamaşaçıların rəğbətini qazanıb. Uzun müddətli fasilədən sonra 1997-ci ildə yenidən teatra qayıdıb. Azərbaycanın xalq artisti Siyavuş Aslanın həyat yoldaşı olan Ofeliya Aslan 2010-cu ilin 18 mayında dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Apa.tv