Dünyanın bu günü - 18.06.2021

KEÇƏÇİOĞLU MƏHƏMMƏD

(1864-1940)

 

Azərbaycan xanəndəsi Keçəçioğlu Məhəmmədin doğum günüdür. Məhəmməd Məşədi Xəlil oğlu 18 iyun 1864-cü ildə Şuşa şəhərində doğulub. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənib. Xanəndəliklə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. 1926-cı ildə Üzeyir Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Filarmoniyasına dəvət olunub və gənc xanəndələr yetişdirib. Onun repertuarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tutub. Cabbar Qaryağdıoğlu ilə birgə Füzulinin "Leyli və Məcnun" poemasından səhnələri duet şəklində oxuması çox məşhur idi. Onun ifasında bir sıra muğam, təsnif və xalq mahnıları "Sport-rekord" və "Ekstrafon" şirkətləri tərəfindən qrammofon valına yazılıb. Keçəçioğlu Məhəmməd 20 noyabr 1940-cı ildə Qubada vəfat edib.

 

 

CÖVDƏT HACIYEV

(1917-2002)

 

Azərbaycanın xalq artisti Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev 1917-ci il iyunun 18-də Şəki şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında, Moskva Konservatoriyasında oxuyub və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə dahi bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Bakı Musiqi Akademiyasında dərs deyib, 1957-1969-cu illərdə isə bu təhsil ocağının rektoru vəzifəsində çalışıb. Səkkiz simfoniyanın, həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifidir. İki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən "Şöhrət" ordeni ilə təltif olunub. Rəqqasə Əminə Dilbazinin həyat yoldaşı olan Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

LEX KAÇİNSKİ

(1949-2010)

 

Polşanın dövlət və siyasi xadimi Lex Aleksandr Kaçinski 1949-cu ilin bu günü Varşavada anadan olub. Varşava Universitetində təhsil alıb. 1977-ci ildən Fəhlələri Müdafiə Komitəsi, 1978-ci ildən Qdansk Azad Həmkarlar İttifaqlarının Təsis Komitəsi ilə əməkdaşlıq edib. "Həmrəylik" hərəkatının gizli Müvəqqəti Koordinasiya Komissiyasının katibi, senator, Polşa Seyminin deputatı, Ali Nəzarət Palatasının sədri və ədliyyə naziri vəzifələrində çalışıb. 2002-ci ildə Varşavanın meri, 2005-ci ildə Polşa Prezidenti seçilib. Prezident Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində Lex Kaçinski xanımı və Polşanın dövlət rəsmiləri ilə birlikdə həlak olub.

 

 

SƏRXAN SƏRXAN

(1952)

 

Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Sərxan Rəşid oğlu Qurbanbəyov 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olub. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin gitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi Məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. 2012-ci ildə "Humay" mükafatına, 2018-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

 

 

SƏFİYAR BEHBUDOV

(1967-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Abuzər oğlu Behbudov 1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olub. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra sovet ordusu sıralarına çağırılıb. Ordudan tərxis olunduqdan sonra zabitlik kursunu kiçik leytenant rütbəsi ilə bitirib. 1988-ci ildə başlayan milli azadlıq hərəkatının fəal iştirakçılarından olub. Bərdədə "Soy" Demokratik Gənclər Təşkilatını yaradaraq, gəncləri öz ətrafında toplayıb. Qarabağ savaşı başlayandan sonra bölmə komandiri təyin edilib. 1992-ci il martın 11-də Əsgəran yaxınlığındakı döyüşdə düşmən tərəfindən mühasirəyə alınaraq əsir götürülüb. On gün davam edən dəhşətli işgəncələrdən sonra üzərinə neft tökülməklə yandırılıb. Düşməndən çətinliklə alınan cəsədi Bərdə rayonunun Mollalı kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Səfiyar Behbudova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Təhsil aldığı orta məktəb onun adını daşıyır.

 

 

SƏRVAN CƏFƏROV

(1972-1993)

 

Şəhid Sərvan Qüdrət oğlu Cəfərov 1972-ci ilin bu günü Zəngilan şəhərində anadan olub. 1989-cu ildə 3 saylı şəhər orta məktəbini bitirib. 1991-ci ildə sovet ordusu sıralarına çağırılıb. Ordudan qayıtdıqdan sonra daxili işlər orqanlarında xidmətə başlayıb. Bir neçə dəfə rayonun döyüş zonalarında, Şayıflı və Şatarız kəndlərindəki döyüşlərdə iştirak edib. Sərvan Cəfərov 1993-cü il aprelin 10-da Kolluqışlaq kəndi uğrunda döyüşdə şəhid olub və Zəngilanda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

 

CANLAR CAVADOV

(1980-2020)

 

Şəhid Canlar Aqil oğlu Cavadov 1980-ci il iyunun 18-də Gəncə şəhərində anadan olub. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Canlar Cavadov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub və Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

BƏHRUZ ABUŞOV

(1983-2020)

 

Şəhid Bəhruz Zabit oğlu Abuşov 1983-cü ilin bu günü Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Mayor Bəhruz Abuşov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

AŞUR CƏMİYEV

(1989-2020)

 

Şəhid Aşur Bəybala oğlu Cəmiyev 18 iyun 1989-cu ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Kapitan Aşur Cəmiyev oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub və Naxçıvan şəhərində dəfn edilib. Ölümündən sonra "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

RAMAZAN VƏLİYEV

(1995-2020)

 

Şəhid Ramazan Hilal oğlu Vəliyev 1995-ci il iyunun 18-də Türkmənistanın Aşqabad şəhərində anadan olub. Altı yaşı olanda ailəsi ilə birlikdə Masallı rayonunun Şərəfə kəndinə köçüb. Bakı Dənizçilik Kollecini bitirib. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2019-cu ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində iştirak edib. Daxili Qoşunların çavuşu Ramazan Vəliyev noyabrın 29-da Şuşa istiqamətində şəhid olub və Masallı rayonunun Şərəfə kəndində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

MAKSİM QORKİ

(1868-1936)

 

Rus-sovet yazıçısı Maksim Qorkinin anım günüdür. Aleksey Maksimoviç Peşkov 28 mart 1868-ci ildə Nijni Novqorodda anadan olub. 11 yaşında tamamilə yetim qalıb. Həştərxanda böyüdülən Maksim yalnız bir neçə ay məktəbə gedə bilib, 8 yaşından işləməyə başlayıb. Üst-üstə 15 ildən artıq mühacir həyatı yaşayan yazıçı 1915-ci ildə "Letopis" adlı jurnalın təsisçisi və rəhbəri olub. Publisistik yazılarının, eləcə də məktublarının böyük qismi “sosialist mədəniyyətinin canlı təcəssümü”, “sosialist realizminin banisi” stereotipinə, bütünlükdə götürəndə sovet ideya-siyasi məfkurəsinə xələl gətirə bilər deyə yetmiş il tədqiqat müstəvisindən kənar saxlanılıb. 1910-cu ildə 100-dən çox kitabın müəllifi kimi Avropa ölkələrində də görkəmli yazıçı və ictimai xadim kimi populyarlıq qazanıb. Bir dəqiqədə dörd min söz oxumağı bacaran Maksim Qorki 1936-cı ilin 17 iyununda Moskva vilayətində vəfat edib.

 

 

GEORGİ JUKOV

(1896-1974)

 

Sovet İttifaqı Marşalı Georgi Konstantinoviç Jukov da bu gün xatırlanır. O, 1896-cı il dekabrın 1-də Rusiyanın Kalujsk vilayətinin Strelkova kəndində anadan olub. İlk təhsilini kilsə məktəbində alıb. 1915-ci ildə orduya çağırılıb, I Dünya Müharibəsi zamanı Cənub-qərb cəbhəsinə 10-cu Novqorod draqun polkuna göndərilib. 1918-ci ilin avqustundan Qırmızı Ordu sıralarında Rusiyada vətəndaş müharibəsində iştirak edib. İkinci Dünya müharibəsi illərində SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Xalq Müdafiə komissarının müavini, Ali Baş Komandanın müavini olub. Almaniyanın şərtsiz kapitulyasiyasını və Moskvada Qələbə paradını şəxsən qəbul edib. 1955-57-ci illərdə SSRİ-nin müdafiə naziri vəzifəsində işləyib. Kremldaxili hakimiyyət çəkişmələri zamanı Lavrenti Beriyanın həbsi əməliyyatına rəhbərlik edib. Dörd dəfə Sovet İttifaqı Qəhrəmanı, iki dəfə "Qələbə" ordeni, çoxlu sayda orden və medallara layiq görülüb. Xalq arasında "Qələbə marşalı" ləqəbi alan Georgi Jukov 1974-cü ilin 17 iyununda dünyasını dəyişib. Nəşi krematoriyada yandırılıb və külü Kreml divarları yanında dəfn olunub.

 

 

ƏLİ ŞƏRİƏTİ

(1933-1977)

 

İranlı ilahiyyatçı, sosioloq, tarixçi Əli Şəriəti Məzinaninin xatirə günüdür. O, 23 noyabr 1933-cü ildə İranın Xorasan əyalətinin Kahək qəsəbəsində dünyaya gəlib. Pedaqoji məktəbdə, Məşhəddə Ədəbiyyat İnstitutunda və Parisin Sarbonna Universitetində təhsil alıb. Orta məktəbdə müəllimlik edib, tələbələrin Ədəbi Məclisinə sədrlik edib. 16 yaşından siyasətə ilk dəfə atılıb. 1960-cı illərin ikinci yarısından başlayaraq bir sıra ərəb ölkələrində baş verən inqilab və çevrilişlərin ideoloji bazasını məhz onun “Sol İslam” nəzəriyyəsi təşkil edib. Dəfələrlə həbs olunub. 1970-ci illərdən başlayaraq gücə qarşı “İslam terroru” anlayışını ortaya atıb. İngiltərəyə sürgün olunduqdan sonra 1977-ci ilin 17 iyununda evində ölü tapılıb. Rəsmi şəkildə onun ürək tutmasından vəfat etdiyi elan olunub.

 

 

ŞİRİN MİRZƏYEV

(1947-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyevin anım günüdür. O, 1947-ci il yanvarın 5-də Xankəndidə doğulub. Əslən Şuşanın Mirzələr kəndindəndir. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-1971-ci illərdə Leninqrad şəhərindəki Ali Siyasi Hərbi məktəbdə təhsil alıb. Təhsilini müvəffəqiyyətlə başa vuraraq, təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra Bakıya qayıdıb. 1988-ci ildə Hərbi Siyasi Akademiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib. 1992-ci il martın 28-də respublikada ilk tabor olan Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçilib. Şirin Mirzəyev 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı içində olduğu avtomobilin minaya düşməsi nəticəsində həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

 

MÜBARİZ İBRAHİMOV

(1988-2010)

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov da bu gün xatırlanır. O, 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Orta məktəbi 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirdiyi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə gizir təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, Ermənistan silahlı qüvvələrinin çoxlu sayda əsgər və zabitini məhv edib, son gülləsinə qədər 5 saat təkbətək döyüşərək qəhrəmancasına şəhid olub. Şəhidin nəşi həmin il noyabrın 6-da qarşı tərəfdən alınıb. Azərbaycan Prezidentinin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Biləsuvar şəhərindəki lisey-məktəb kompleksi onun adını daşıyır.

 

 

ELTUN İSGƏNDƏROV

(1990-2009)

 

Azərbaycanın Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun xatirə günüdür. O, 1990-cı il oktyabrın 21-də Samux rayonunun Əhmədbəyli kəndində anadan olub. Kənd tam orta məktəbini bitirdikdən sonra 2008-ci ildən Milli Ordunun Sərhəd Xidmətində qulluq edib. 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atılan zaman əsgər və zabitlərimizin həyatını xilas etmək məqsədilə özünü qumbaranın üzərinə atıb və qəhrəmancasına həlak olub. Samux rayonunun Əhmədbəyli kənd qəbiristanlığında dəfn edilib. Azərbaycan Prezidentinin 25 iyun 2009-cu il tarixli fərmanı ilə Eltun İsgəndərova "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Təhsil aldığı orta məktəbə adı verilib və qarşısında büstü qoyulub.

Müəllif | Apa.Tv
Apa.tv